Məhkəmə qərarları › İş №2(103)-574/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-574/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-574/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin (bundan sonra – ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2020-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı ASC-nin nümayəndəsi X1 açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin buna səlahiyyəti olan nümayəndəsi cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla (əvvəlki hüququ rejimi və adı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti) borcalan (mərhum) X2 arasında bağlanmış 26.11.2013-ci il tarixli, 683/13/PB/YF №-li "xxxx" üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 24.350,11 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 26.267,72 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Ə.Muxtarovun "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Ə.Muxtarova məxsus olmuş, lakin onun ölümündən sonra vərəsəlik qaydasında cavabdehlər (mərhumun arvadı) Cavabdeh1, (mərhumun övladı; zamin) Cavabdeh2 və (mərhum övladı) Cavabdeh3 bərabər paylar ilə mülkiyyətlərinə keçmiş və Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina № 2 “A”-da yerləşən 3 otaqlı 27 №-li mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiyməti 52.000 manat müəyyən edilməklə açıq hərraca çıxarılaraq satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; mənzil satıldığı halda mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bir ay ərzində mənzili boşaltmadıqları halda, cavabdehlərin mənzildən məcburi çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26.11.2013-cü il tarixdə Ə.Muxtarov ASC ilə bağladığı “Kredit müqaviləsinə” əsasən illik 28 faizlə, 36 ay müddətinə 63.000 ABŞ dolları məbləğində pulu ASC-dən borc almışdır. Müqavilənin şərtlərinə əsasən Ə.Muxtarov üzərinə öhdəlik götürmüşdür ki, ASC-dən aldığı kredit borcunu və kredit məbləğinə hesablanacaq faizləri 36 ay müddətində, aybaay, hissə-hissə ASC-yə tam olaraq ödəyəcək. "xxxx" üzrə üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq Ə.Muxtarov özünə məxsus mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq onunla ASC arasında 26.11.2013-cü il tarixdə “01.09.2009-cü il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə müqavilə” notarial qaydada bağlanmış və “Əlavə” “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Tərəflərin razılığı ilə mənzilin ilkin satış qiyməti 52.000 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa "xxxx" üzrə Ə.Muxtarovun ASC qarşısında üzərinə götürdüyü öhdəlin icrasına onun övladı, iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 zəmanət vermiş və bununla bağlı olaraq Ə.Muxtarov, Cavabdeh2 və ASC arasında 26.11.2013-cü il tarixdə 683/13/PB/YF-Z saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. 11.02.2015-ci il tarixdə Ə.Muxtarov vəfat etmişdir. İpoteka predmeti olan mənzil Ə.Muxatrovun ölümündən sonra bərabər paylar ilə mərhumun arvadı Cavabdeh1 və onların övladları Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə keçmiş, bu barədə 03.05.2016-cı il tarixdə “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə” verilmişdir. Ə.Muxtarovun ölümündən sonra onun vərəsələri, o cümlədən zamin olan vərəsəsi (Cavabdeh2) mərhumun ASC-yə olan borcunu ödəməmişlər. İddia ərizəsi məhkəməyə verilən ana, yəni 22.06.2017-ci il tarixə borcun məbləği cəmi 79.857,47 ABŞ dolları təşkil etmişdir (əsas kredit borcu 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcu 24.350,11 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) 26.267,72 ABŞ dolları). ASC, qeyd edilən borcun ödənilməsini cavabdehlərdən tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, ASC, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.06.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, "xxxx" ASC (hazırda İddiaçı BOKT ASC) ilə borcalan (mərhum) Ə.Muxtarov arasında bağlanmış 26.11.2013-ci il tarixli, 683/13/PB/YF №-li "xxxx" üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.051,79 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.000 ABŞ dolları, cəmi 35.291,43 ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Ə.Muxtarovun "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 ASC-nin xeyrinə tutulmasını; tutmanın ipoteka predmetinə - Ə.Muxtarova məxsus olmuş, lakin onun ölümündən sonra vərəsəlik qaydasında cavabdehlər (mərhumun arvadı) Cavabdeh1, (mərhumun övladı; zamin) Cavabdeh2 və (mərhum övladı) Cavabdeh3 bərabər paylar ilə mülkiyyətlərinə keçmiş və Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina № 2 “A”-da yerləşən 3 otaqlı 27 №-li mənzilə yönəldilməsini; mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini; bundan sonra artıq qala biləcək pul vəsaitinin cavabdehlərə ödənilməsini; mənzil satıldığı halda mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bir aydan sonra mənzildən çıxarılmalarını və mənzilin boşaldılmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəllər Cavabdeh2 mərhum atasının kredit borcu üzrə ödənişləri vaxtında etmiş və borcun ödənilməsindən yayınmamışdır. Borcun ödənilməsinin gecikməsi “COVİD-19” virusunun yayılmasının qarşısının alınması ilə bağlı ölkədə həyata keçirilmiş karantin tədbirləri ilə bağlı olmuş, karantin tədbirləri Cavabdeh2 maliyyə vəziyyətinə mənfi təsir göstərmiş və o, borcu ödəyə bilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, tutmanın yönləndildiyi mənzil onların yeganə yaşayış yeridir və mənzildən çıxarıldığı halda onlar küçədə yaşamaq məcburiyyətində qalacaqlar. Cavabdehlər, o cümlədən apellyator olan Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir hissəsini təmin etməsə də iddiaçı ASC qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsindən apellyasiya şikayəti verməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Rayon Məhkəməsinin qətnaməsi ilə “ipoteka predmeti olan mənzil satıldığı halda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 da bir aydan sonra mənzildən çıxarılmaları” qət edilsə də, onlar qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayətini yalnız Cavabdeh2 vermiş və o, qətnaməni tam həcmdə, o cümlədən digər cavabdehlərə münasibətdə də mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 digər cavabdehin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. Cavabdeh2 digər cavabdehlərin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Odur ki, bunları nəzərə alan Məhkəmə mübahisələndirilməyəm hissələrdə qətnamənin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla belə Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin bazar qiyməti ilə müəyyən edilməsi hissəsində ləğv edilməli və ipoteka predmetinin ilkin satış qiyməti likvid qiymətlə müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx" ASC ilə X2 arasında 26.11.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Ə.Muxtarov həmin müqaviləyə əsasən illik 28 faizlə, 36 ay müddətinə 63.000 ABŞ dolları məbləğində pulu ASC-dən borc almışdır. Müqavilənin şərtlərinə əsasən Ə.Muxtarov üzərinə öhdəlik götürmüşdür ki, ASCdən aldığı kredit borcunu və kredit məbləğinə hesablanacaq faizləri 36 ay müddətində, aybaay, hissə-hissə ASC-yə tam olaraq ödəyəcək. Ə.Muxtarov ilə həmin ASC arasında 26.11.2013-cü il tarixdə notarial qaydada bağlanmış “01.09.2009-cü il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Ə.Muxtarov "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq özünə məxsus mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü etmiş və “Əlavə” “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Tərəflərin razılığı ilə mənzilin ilkin satış qiyməti 52.000 manat məbləğində müəyyən edilmişdir. Ə.Muxtarov, Cavabdeh2 və ASC arasında 26.11.2013-cü il tarixdə bağlanmış "xxxx" görünür ki, Cavabdeh2 atası olan Ə.Muxtarovun ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İşdə olan sənədlərdən görünür ki, Ə.Muxtarov 11.02.2015-ci il tarixdə vəfat etmişdir. "xxxx" ASC isə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini 22.06.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş, həmin Məhkəmənin 31.08.2016-cı il tarixli qərarına əsasən isə İddiaçı BOKT ASC-yə çevrilmişdir. İpoteka predmeti olan mənzil Ə.Muxatrovun ölümündən sonra bərabər paylar ilə mərhumun arvadı Cavabdeh1 və onların övladları Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə keçmiş, bu barədə 03.05.2016cı il tarixdə “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə” verilmişdir. Ə.Muxtarovun ölümündən sonra zamin olan vərəsə - Cavabdeh2 mərhumun ASC-yə olan borcunu ödəməmişdir. ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş hesablamalardan görünür ki, iddia ərizəsi məhkəməyə verilən ana, yəni 22.06.2017-ci il tarixə borcun məbləği cəmi 79.857,47 ABŞ dolları təşkil etmişdir ki, əsas kredit borcu 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcu 24.350,11 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 26.267,72 ABŞ dolları məbləğindədir. İşdə olan məktublardan görünür ki, ASC, qeyd edilən borcun ödənilməsini Cavabdeh2 tələb etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin ASC-yə ünvanladığı 07.04.2017-ci il tarixli məktubdan görünür ki, ipoteka predmeti olan mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş 31.10.2019-cu il tarixli rəydən görünür ki, ipoteka predmeti olan mənzilin 19.05.2018-ci il tarixinə olan bazar dəyəri 60.000 manatdır. Göstərilənləri nəzərə alan Məhkəmə, apellyasiya baxışının həddində mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətində yuxarıda qeyd edilən "xxxx" üzrə borcun olmadığını iddia etmir. O bildirir ki, o, mərhum atasının kredit borcu üzrə ödənişləri əvvəllər vaxtında etmiş və borcun ödənilməsindən yayınmamışdır. Lakin “COVİD-19” virusunun yayılmasının qarşısının alınması ilə bağlı ölkədə həyata keçirilmiş karantin tədbirləri ilə bağlı ödənişləri davam etdirə bilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsində” və yaxud “Zaminlik müqaviləsində” ölkədə hər hansı virusunun yayılmasının qarşısının alınması ilə bağlı karantin tədbirlərinin həyata keçirilməsi “fors major” halı kimi qiymətləndirilməsi və nəzərə alınması şərti nəzərdə tutulmamışdır. Belə olan halda bu kimi halın baş verməsi Cavabdeh2 bir zamin kimi üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir və o, ASC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızıdır; Rayon Məhkəməsi kredit borcunun zamin olan Cavabdeh2 ASC-nin xeyrinə tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş ASC, Ə.Muxtarov ilə bağlanmış 26.11.2013-ci il tarixli "xxxx" üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 24.350,11 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 26.267,72 ABŞ dolları məbləğində pulun Cavabdeh2 onun xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iddia ərizəsi ilə tutulması tələb olunan məbləğlərin düzün hesablanıb-hesablanmamasını araşdırmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21280 saylı, 20.02.2018-ci il tarixli rəyini almışdır. Həmin rəydən görünür ki, ASC ilə Ə.Muxtarov arasında bağlanmış 26.11.2013-cü il tarixli "xxxx" üzrə yaranmış əsas kredit borcu 29.775,49 ABŞ dolları, faiz borcu isə 5.051,79 ABŞ dolları məbləğindədir. Bunu nəzərə almış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.06.2020-ci il tarixli qətnamə ilə rəyə əsaslanaraq hesab etmişdir ki, Cavabdeh2 iddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas kredit borcunun məbləği 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği isə 5.051,79 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa Rayon Məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd edilmiş 467-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.000 ABŞ dolları məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı ASC-yə ödənilməlidir. Qeyd edilən məbləğlərin daha aşağı olması üçün əsas apellyasiya baxışı ilə müəyyən edilmədiyindən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi əsaslı və işin hallarına uyğundur. Qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin digər bir dəlili ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlıdır. Cavabdeh2 apellyasiya şikayətində bildirir ki, mənzil onların yeganə yaşayış yeridir və tutma mənzilə yönəldiyi halda onlar küçədə yaşamaq məcburiyyətində qalacaqlar. Məhkəmə ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi ilə əlaqədar bildirir ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, ipoteka və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Qanununun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin apellyasiya şikayətinin müzakirə edilən dəlili ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli Qərarında fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı təsbit edilmişdir. Həmin “Siyahının” 1-ci bəndinə görə, bu “Siyahının” qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Bununla yanaşı, “Siyahının” qeyd hissəsində göstərilir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, Cavabdeh2 yuxarıda göstərilən “Siyahının” qeyd hissəsini nəzərə almamışdır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, zamin olan Cavabdeh2 iddiaçı ASC qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, ASC tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşlar. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti ilə əlaqədar tərəflər arasında mübahisə yoxdur, apellyator apellyasiya şikayətində ilkin satış qiymətini mübahisələndirməmişdir, bununla belə Məhkəmə bildirir ki, “İpoteka haqqında” Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 38.2.2-ci maddəsinin mənasına görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Qanunun 1.0.9-ci maddəsinə görə isə, ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə qəbul etdiyi 29.03.2018-ci il tarixli qərardad ilə qiymətləndirmə ekspertizası təyin etmiş, qiymətləndirmənin keçirilməsini "xxxx" MMC-yə tapşırmış və bu zaman qiymətləndirici qarşısında qoyduğu sualda mənzilin likvid qiymətinin müəyyən edilməsi ilə bağlı deyil, real bazar qiymətinin müəyyən edilməsi ilə bağlı sual qoymuşdur. Təbii olaraq da, həmin MMC qarşısında qoyulmuş suala uyğun qiymətləndirmə aparmış və verdiyi 19.05.2018-ci il tarixli, 155-M saylı rəydə qeyd etmişdir ki, ipoteka predmeti olan mənzilin bazar dəyəri 60.000 manatdır. İşə baxmış Rayon Məhkəməsi də iş üzrə qəbul etdiyi qətnamə ilə mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını qət etmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi tərəfindən işin baxılması zamanı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinin tələbi pozulmuş, ilkin satış qiyməti kimi likvid qiymət deyil bazar qiyməti araşdırılmışdır. Bu halı aradan qaldırılması məqsədi ilə Məhkəmə tərəfindən mənzilin likvid qiymətinin müəyyən edilməsi məqsədi ilə müvafiq qiymətləndiricilərin rəyi alınmışdır. "xxxx" MMC-nin tərəfindən 29.01.2021-ci il tarixdə verilmiş rəydə qeyd edilmişdir ki, mənzilin likvid dəyəri 80.000 manatdır. "xxxx" MMC tərəfindən verilmiş 21.09.20210-ci il tarixli, 06 saylı rəydən isə görünür ki, mənzilin likvid dəyəri 73.000 manatdır. Bu rəylərdə göstərilən məbləğlərdəki fərqi nəzərə alan Məhkəmə bildirir ki, bazar iqtisadiyyatı dövründə hər hansı əmlakın qiyməti təklif və tələblər nəticəsində formalaşır və əmlakın qiymətində müəyyən fərqin olması təbiidir. Buna baxmayaraq Məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan mənzilin likvid qiyməti hər iki qiymətləndirici Şirkət tərəfindən verilmiş rəylərdə göstərilən məbləğlər nəzərə alınmaqla ortalanma qaydasında ((80.000 +73.000) : 2=) 76.500 manat məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməməli, lakin Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 76.500 manat məbləğdə müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan və Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina № 2 “A”-da yerləşən 3 otaqlı 27 №-li mənzilin ilkin satış qiyməti 73.000 (yetmiş üç min) manat məbləğində müəyyən edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni "xxxx" ASC (hazırda İddiaçı BOKT ASC) ilə borcalan (mərhum) X2 arasında bağlanmış 26.11.2013-ci il tarixli, 683/13/PB/YF №-li "xxxx" üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 29.239 (iyirmi doqquz min iki yüz otuz doqquz) ABŞ dolları 64 (altmış dörd) sent, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.051 (beş min əlli bir) ABŞ dolları 79 (yetmiş doqquz) sent, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.000 (bir min) ABŞ dolları, cəmi 35.291 (otuz beş min iki yüz doxsan bir) ABŞ dolları 43 (qırx üç) sent məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, Ə.Muxtarovun "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina № 2 “A”-da yerləşən 3 otaqlı 27 №li mənzilə yönəldilməsi; mənzilin açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; mənzil satıldığı halda mənzildə yaşayan Cavabdeh2 bir aydan sonra mənzildən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2020-ci il tarixli qətnamənin qalan hissəsi, yəni "xxxx" ASC (hazırda İddiaçı BOKT ASC) ilə borcalan (mərhum) X2 arasında bağlanmış 26.11.2013-ci il tarixli, 683/13/PB/YF №-li "xxxx" üzrə tutulmalı olan əsas kredit borcuna hesablanmış faiz borcu və kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) ilə bağlı tələblərin bir qisminin təmin edilməməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmeti olan mənzilin satışdan əldə oluna biləcək pul vəsaiti hesabından kredit borcu ödənildikdən sonra artıq qala biləcək pul vəsaitinin cavabdehlərə ödənilməsi; mənzil satıldığı halda mənzildə yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bir aydan sonra mənzildən çıxarılmaları barədə hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayətin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş qiymətləndirilmələrin xərci İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinə və Cavabdeh2 bərabər hissələr ilə aid edilsin. Bu məqsədlə onların hər birindən 200 (iki yüz) manat (cəmi 400 manat) məbləğində pul "xxxx" MMC-nin və hər birindən 125 (yüz iyirmi beş) manat (cəmi 250 manat) məbləğində pul isə "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar