Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5741/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2 və Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “cavabdeh hüquqi şəxslərin hərəkətsizliyi və verilmiş sorğuya cavab verilməsinin cavabdehlərə həvalə edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 avqust 2020-ci il tarixli sorğuların - Cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edildiyi 01 sentyabr 2020-ci il tarixdən üç ay yarımdan (115 gündən), Cavabdeh2 MMC tərəfindən rəsmi qaydada qəbul edildiyi 14 sentyabr 2020-ci il tarixdən isə üç aydan (90 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də cavabdehlər tərəfindən sorğulara rəsmi cavab verilmədiyi üçün cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin etdiyi hərəkətsizliklərin qanunsuz hesab edilməsi, 26 avqust 2020-ci il tarixli sorğuların - məzmununda göstərildiyi kimi, onun və övladı X6 rəsmi qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən yaşayış evi söküldükdən sonra, onun yerində cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən inşa edilən hündürmətbəli binadakı müvafiq mənzilə dair müqavilənin təsdiq olunmuş surətinin verilməsi vəzifəsi cavabdehlərin öhdəsinə qoyulması, 26 avqust 2020-ci il tarixli sorğunun - Cavabdeh1 MMC tərəfindən rəsmi qaydada qəbul edildiyi 01 sentyabr 2020-ci iltarixdən üç ay yarımdan (115 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də cavabdeh tərəfindən sorğuya rəsmi cavab verilmədiyi üçün Cavabdeh1 MMC-nin etdiyi hərəkətsizlik nəticəsində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl (hərəkətsizlik) kimi vurduğu ziyana görə 5.000 (beş min) manat məbləğində təzminat pulunun Cavabdeh1 MMC-dən onun xeyrinə tutulması, 26 avqust 2020-ci il tarixli sorğunun - Cavabdeh2 MMC tərəfindən rəsmi qaydada qəbul edildiyi 14 sentyabr 2020-ci il tarixdən üç aydan (90 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də cavabdeh tərəfindən sorğuya rəsmi cavab verilmədiyi üçün Cavabdeh2 MMC-nin etdiyi hərəkətsizlik nəticəsində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğuna və qanunla zərərin əvəzini ödəmək vəzifəsinin zərəri vurmayan şəxsin öhdəsinə qoyula bildiyinə görə 5.000 (beş min) manat məbləğində təzminat pulunun Cavabdeh2 MMC-dən onun xeyrinə tutulması, onun tərəfindən məhkəmə üçün ödənilən 30,80 (otuz manat səksən qəpik) manat məbləğində olan dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş №2(005)-1279/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun və övladı X6 rəsmi qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən yaşayış evi söküldükdən sonra yerində cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən inşa edilən hündürmətbəli binadakı müvafiq mənzilə dair müqavilə bağlanmışdır. Həmin müqavilə onların hüquqlarının gələcək təminatı ilə bağlı olduğundan onlar məsələ ilə bağlı sorğu verilməsi üçün “Hüquqi yardımın göstərilməsi haqqında” 19 avqust 2020-ci il tarixli 1213 nömrəli müqavilə bağlanmış, o cümlədən bu müqavilə əsasında, bütün dövlət və qeyri-dövlət orqanlarına sorğu verilməsinə dair hüquqi hərəkətlərin edilməsi ilə bağlı alınmış 19 avqust 2020-ci il tarixli ******* nömrəli order alınmışdır. Qeyd olunan 19 avqust 2020-ci il tarixli ******* nömrəli orderin təsdiq olunmuş surəti də əlavə olunmaqla, 26 avqust 2020-ci il tarixli 110 nömrəli vəkil sorğusuna əsasən, Cavabdeh1 MMC İddiaçı rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yaşayış evi söküldükdən sonra yerində Cavabdeh1 MMC tərəfindən inşa edilən hündürmətbəli binadakı müvafiq mənzilə dair bağlanmış müqavilənin surətinin təqdim olunması barədə sorğu göndərilmişdir. Sözügedən sorğunun poçt vasitəsilə Cavabdeh1 MMC-yə rəsmi qaydada göndərilməsi 26 avqust 2020-ci il tarixli qəbzlə sübut olunur. Sözügedən sorğunun poçt vasitəsilə Cavabdeh1 tərəfindən 01 sentyabr 2020-ci il tarixdə rəsmi qaydada qəbul olunması xəbərnamə ilə sübuta yetirilir. Bundan başqa, adıgedən 19 avqust 2020-ci il tarixli ******* nömrəli orderin təsdiq olunmuş surəti də əlavə olunmaqla, 26 avqust 2020-ci il tarixli 112 nömrəli vəkil sorğusuna əsasən, Cavabdeh2 MMC-yə İddiaçı rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən ev söküldükdən sonra yerində Cavabdeh2 MMC tərəfindən inşa edilən hündürmətbəli binadakı müvafiq mənzilə dair bağlanmış müqavilənin surətinin təqdim olunması barədə Sorğu verilmiş və həmin Sorğu 14 sentyabr 2020-ci il tarixdə Cavabdeh2 MMC tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, adıkeçən sorğunun – Cavabdeh1 MMC tərəfindən rəsmi qaydada qəbul edildiyi 01 sentyabr 2020-ci il tarixdən üç ay yarımdan (115 gündən), Cavabdeh2 MMC tərəfindən rəsmi qaydada qəbul edildiyi 14 sentyabr 2020-ci il tarixdən isə üç aydan (90 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, hələ dəcavabdehlər tərəfindən sorğulara rəsmi cavab verilməmiş və bununla da, hərəkətsizlik edilmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərkən iddianı qəbul etməmiş və Cavabdeh2 MMC ilə X7 arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin bir surətini iddiaçı şəxsin nümayəndəsi və vəkili olan şəxsə təqdim edərək, iddia tələbinin təmin edilməsi üçün mövcud olan hüquqi əsaslar aradan qalxdığından, həmçinin müvafiq müqavilə üzrə tərəf İddiaçı olmadığından onun tərəfindən irəli sürülmüş iddia ərizəsi heç bir hüquqi əsasa söykənmədiyindən onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, X8 və hazırkı iş üzrə İddiaçı 15 fevral 2018-ci il tarixdə notariat kontoruna ərizə ilə müraciət edərək X3 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsində yerləşən 26 nömrəli evin "xxxx" MMC tərəfindən sökülməsinə və əvəzində tikiləcək evdə yeni mənzilin verilməsinə etiraz etmədiklərini, razı olduqlarını bildirmişlər. Elə həmin gün, yəni 15 fevral 2018-ci il tarixdə "xxxx" Mmc ilə X7 müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 MMC Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 26 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 10 noyabr 1989-cu il tarixdə X4 verilmiş 113 nömrəli qərara əsasən mülkiyyətçiyə istifadə hüququ üzrə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirirək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş istifadəsində olan iki otaqlı 29,3 kv.metr (faktiki 88 kv.metr) mənzilin ümumi sahəsinə əlavə etməklə: 1-ci giriş, 14-cü mərtəbədə, tam təmirli, iki otaqlı, 60 kv.metr; 2-ci giriş, 9-cu mərtəbədə, orta təmirli, iki otaqlı, 60 kv.metr və 1-ci giriş, 10-cu mərtəbədə, orta təmirli, bir otaqlı, 44 kv.metr mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntü üçün Cavabdeh2 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür (1.2-ci bənd). İddiaçının nümayəndəsi və vəkili Vəkil1 26 avqust 2020-ci il tarixdə Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə məktub göndərərək İddiaçı həyat yoldaşı olan X9 ilə bağlanmış, o cümlədən ünvan 1 ünvanında yerləşən evin söküldükdən sonra qarşılığında veriləcək məzillə bağlı bağlanmış müqavilənin surətinin verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin Vəkil1 ünvanladığı 10 mart 2021-ci il tarixli ***-**-** nömrəli məktubda müqavilənin sürətinin yalnız müqavilə tərəfinə təqdim edilməsinin mümkünlüyü bildirilmişdir. Sorğulara cavab verilmədiyini əsas gətirən və bunun nəticəsində maddi və mənəvi zərərə məruz qaldığını bildirən İddiaçı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Onun tələbi verilmiş sorğuya cavab verilməsinin cavabdehlərə həvalə edilməsi, cavabdehlərin hərəkətsizliyi nəticəsində məruz qaldığı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 390.1, 390.5, 1096.1, 1097.1-ci və MPM-nin 14.2, 77, 78, 80, 88, 217-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının sorğu üzrə tələb etdiyi müvafiq müqavilənin surəti Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən məhkəmə baxaışı zamanı ona təqdim edilmiş və bununla da iddia tələbinin qismən təmin edilməsi üçün müəyyən edilmiş əsaslar aradan qalxmışdır. Məhkəmənin qənaətinə görə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyinə görə iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən olunmuş, işin müəyyən edilən hallarına maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçı cavabdehlərdən tələb etdiyi müqavilədə tərəf deyildir. Müqavilə tərəfləri "xxxx" MMC və X5r. Müqaviləni təsdiq edən və əslini özündə saxlayan orqan isə Bakı şəhəri 38 saylı notariat kontorudur. İddiaçı müqavilə tərəfi olan Əli Vəliyevin onun əri olduğunu bildirsə də, iş materiallarında bunu təsdiq edən heç bir sübut (nikah haqqında şəhadətnamənin surəti) yoxdur. X14 həqiqətən də iddiaçının əridirsə, onda iddiaçı müqavilənin surətini ilk növbədə öz ərindən tələb edə bilərdi. Digər tərəfdən, müqavilənin əsli notariat kontorunda saxlanıldığından iddiaçı nikah şəhadətnaməsini təqdim etməklə müqavilənin surətinin ona təqdim olunmasını notariat kontorundan xahiş edə bilərdi. İddiaçının müqavilənin surətini nəyə görə öz ərindən və notariat kontorundan deyil, müqavilənin digər tərəfi olan "xxxx" MMCdən və qeyrisindən tələb etməsi işdən aydın deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun tələbinə əsasən informasiya, informasiya sahibindən əldə edilə bilər. Hazırkı işdə informasiya sahibi dövlət orqanı olan notariat kontorudur. İddiaçının cavabdeh kimi qoyduğu hüquqi şəxslər nə dövlət orqanı, nə də informasiya sahibi deyillər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5741/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5741/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver