Məhkəmə qərarları › İş №2(103)-5741/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5741/2024

18.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5741/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dairmülki iş üzrə Açar sözlər:(birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6232/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər- İddiaçı və Cavabdeh xx.xx.1999-cu il tarixdə birgə nikaha daxil olmuş, xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzində AZ-İ № 299256 saylı aktla onlar arasında olan nikah pozulmuşdur. 2.İddiaçı birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Salatın Əsgərova 141 ünvanında yerləşən 01 mərtəbəli binada 59,5 kv metr ümumi sahəsi olan 3 otaqlı, 8 saylı mənzili əldə etdiklərini bildirərək, payların müəyyən edilməsini xahiş etmiş, cavabdeh tərəf iddianı etiraf etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Salatın Əsgərova 141 ünvanında yerləşən 01 mərtəbəli binada 59,5 kv metr ümumi sahəsi olan 3 otaqlı, 8 saylı mənzilə (№0045310 seriyalı **********77-05101-093002 reyestr nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli) 1/2 hissəsində İddiaçı payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.1993-cü il tarixində nikaha daxil olmuş, xx.xx.2018-ci ildə tarixdə 01 saylı Bakı Asan Xidmət Mərkəzində AZ-İ№299256 saylı akt ilə nikahları ləğv etmişlər. Nikah dövründə tərəfindən Cavabdeh ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil almışdır. Həmin mənzilin 1/2 hissəsinə onun payının tanınması və mülkiyyət hüquqlarının ƏMDK yanında DƏDRX-də qeydiyyat alınmasını tələb edirdi. Mübadilə məsələ ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq Mediasiya Şurasının müraciət etmiş lakin tərəf mediator tərəfindən sessiyada iştirak boyun qaçırdığı üçün mediator tərəfindən imtina nəzərə alınmışdır. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X2 iddia tələbini qəbul etmiş və bildirmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan əmlak bölgüsü aparılmasına etiraz etmir və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 oktyabr 2021-cü il tarixli, 2(006)-6232/2021 saylı qətnaməsi ilə (sədrlik edən-Natavan Tağıyeva) iddia təmin edilərək, Bakı şəhəri, Salatın Əsgərova 141 ünvanında yerləşən 01 mərtəbəli binada 59.5 kv metr ümumi sahəsi olan 3 otaqlı 8 saylı mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan:

7. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadədə olan 0,055 ha torpaq sahəsindəyerləşən 141 nömrəli, 01 mərtəbəli binada 59,5 kv.m ümumi, 50,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 263 nömrəli reyestr kitabının 25559 nömrəli vərəqində xx.xx.2006-cı ildə qeydiyyata alınmışdır.

8. 01 saylı Bakı Asan Xidmət X4 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh aralarında nikah pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə, 133 №-ilə qeyd edilmişdir. 9.Məhkəmə iddia tələbini əsaslı hesab edərəkə qeyd etmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadə olan 0,055 ha torpaq sahəsində yerləşən 141 nömrəli, 01 mərtəbəli binada 59,5 kv.m ümumi, 50,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 263 nömrəli reyestr kitabının 25559 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə tərəflərin xx.xx.2018-ci ildə tarixdə rəsmi nikaha daxil olduqlarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, əmlak tərəflərin birgə nikah dövründə əldə edilmişdir. 10.Tərəflər xx.xx.1993-cü il tarixdə birgə nikaha daxil olmuşlar, xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzində AZ-İ № 299256 saylı aktla onlar arasında olan nikah pozulmuşdur. Birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Salatın Əsgərova 141 ünvanında yerləşən 01 mərtəbəli binada 59.5 kv metr ümumi sahəsi olan 3 otaqlı, 8 №li mənzili əldə etmişlər. 11.Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyi üçün mübahisəli mənzilə tərəflərin hər birinin 1/2 hissədə payları müəyyən edilməlidir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2 və 225.1ci;Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 36.1, 36.3 və 37.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 14.2, 77.1, 119.1, 217.4 və 216-220-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi 141 saylı evin, 8 saylımənzili cavabdehin mülkiyyətidir. Bu evi o, 1991-1992-ci illərdə əldə etmişdir. Bu evi əldə edərkən iddiaçı ilə nikahda olmamışdır. Yəni ev iddiaçı ilə onun birgə nikahından deyil, nikahdan əvvəl əldə edilmişdir. İddiaçı həmin vaxtı başqa bir qadınla ailəli olmuşdur. Cavabdehlə nikaha o, 1999-cu ildə daxil olmuşdur. Yəni nikahdan əvvəl əldə edilən evin birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi və onun üzərində başqasının mülkiyyət hüququnun tanınması məhkəmənin böyük bir səhvi hesab etmək olar. Bu cavabdehin birbaşa olaraq mülkiyyət hüququnun pozulmasıdır. Bununla da məhkəmə tərəfindən onun mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə tərəfindən Azərbaycan RespublikasıKonstitusiyasının 13,24,25,26,29, AR MM-nin 152-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə işi birtərəfli araşdırmışdır. Belə ki, iş materiallarından da görünür ki, məhkəmə nikaha daxil olma tarixini dəqiqləşdirməmiş, araşdırmamışdır. Daha sonra məhkəmənin araşdırmadığı digər məsələlərdən də biri evin əldə edilmə tarixi olmuşdur. Həmin ev 1991-1992-ci illərdə cavabdehə məxsus olmuşdur. Bununla bağlı hər hansı bir sənəd iş materiallarına təqdim edilməmişdir. Məhkəmə bu 2 əsas məsələni araşdırmamışdır. Bununla da, Məhkəmə tərəfindən AR MPM-nin 8,9-cu maddələrinin tələbləri pozulmuşdur. Onu da qeyd edir ki, cavabdeh vəkil Nurlanaya onun adından torpaq məsələsinin həll edilməsi üçün etibarnamə vermişdir. O, isə özbaşına olaraq məhkəməyə çıxmış, məhkəmədə cavabdehi təmsil etmişdir. Halbuki, etibarnaməni cavabdeh başqa məqsədlə verib Azərbaycandan çıxıb getmişdir. O, isə məhkəməyə getmiş, adından çıxış etmiş, hətta əmlakın bölünməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd edir ki, cavabdeh bu məsələnin araşdırılmasına artıq çıxmışdır. İddiaçı iddiada 1993-cü ildə nikaha daxil olmasını bildirir, bununla bağlı bir sübut da məhkəməyə təqdim etməmişdir.Bununla bağlı hər hansı bir sübut da yoxdur. Heç təqdim edədə bilməzdi, çünki iddiaçı həmin vaxtı başqa bir qadınla nikahda olmuşdur. Ev əldə edilən vaxtı cavabdehlə nikahda olmamışdır. Lakin sübut olmaya-olmaya bu mövcud olmayan faktı əsas kimi götürmüşdür. Qeyd edir ki, cavabdeh nikaha daxil olmağı və evin əldə edilməsi tarixini əks etdirən sübutları apellyasiya məhkəməsində təqdim edəcəkdir. Hazırda bununla bağlı sorğular vermişdir. Məhkəmə gedən vaxtı o, Bakıda olmamışdır. Torpaq məsələsinin həlli ilə bağlı vəkil Nurlana Quliyevaya etibarnamə vermişdir. Lakin o, cavabdehin icazəsi və tapşırığı olmadan, tamam başqa, hazırkı bu məsələ ilə bağlı məhkəmədə iştirak etmiş, hələ bir iddianın təmin edilməsinə etiraz etməmişdir. Bununla da cavabdehin hüquqları istər öz vəkili tərəfindən, istərsədə məhkəmə tərəfindən tam pozulmuşdur. Cavabdeh Bakı şəhərində olmadığından, məhkəmədə şəxsən iştirak etmədiyindən bu məsələnin mövcudluğundan bixəbər olmuşdur. Ən azından izahatını verə, hakimi məlumatdıra bilərdi. Lakin Bakı şəhərində olmadığından, məhkəmədə iştirak etmədiyindən yeni sübutları verə bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şiayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər, verilən suallara cavab olaraq qeyd etdilər ki, mənzildə hal-hazırda da, iddiaçı yaşayır. 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, evi o, almış, cavabdehin adına rəsmiləşdirilmişdir. O, həmin vaxtlar zərgər işləmişdir. Onların arasında razılaşma olub ki, ev aralarında bərabər bölünsün. Cavabdehin bundan xəbəri olub. Cavabdeh 2021-ci ilin qətnaməsindən məlumatlı olduğu halda, indi bu qətnaməni əsassız olaraq mübahisələndirir. Mənzildə bu gün də cavabdeh yox, özü yaşayır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 18.Maddə 362.1.Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 19.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 20.Maddə 52.2.Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 21.Maddə 52.5.İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 22.Maddə 69.1.Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 23.Maddə 69.1-1.Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 24.Maddə 191.3.Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 25.Maddə 220.4.Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 26.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29.Məhkəmə kollegiyasıtərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 30.Belə ki, işin araşdırılmış halları ondan ibarətdir ki, tərəflər xx.xx.1999-cu il tarixdə birgə nikaha daxil olmuşlar,xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzində AZ-İ № 299256 saylı aktla onlar arasında olan nikah pozulmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadədə olan 0,055 ha torpaq sahəsində yerləşən 141 nömrəli, 01 mərtəbəli binada 59,5 kv.m ümumi, 50,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 263 nömrəli reyestr kitabının 25559 nömrəli vərəqində xx.xx.2006-cı ildə qeydiyyata alınmışdır. 31.Cavabdehin hazırda apellyasiya şikayətinə əlavə etdiyi 2 saylı Bakı “Asan xidmət” X4nin xx.xx.2024-cü il tarixli, 3-16-5/7-M-11xx-xx/2024 saylı arayışına əsasən tərəflər 12 mart 1999-cu il tarixdə nikah qeyd etdirmişlər. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-11217/2024 saylı arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadədə olan 0,055 ha torpaq sahəsində yerləşən 141 nömrəli, 01 mərtəbəli binada 59,5 kv.m ümumi, 50,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 8 nömrəli mənzili xx.xx.1992-ci ildə alğı-satqı müqaviləsinə əsasən əldə olunmuş və xx.xx.1993-cü ildə Dəmirova (Məhərrəmova) Yeganə Əsdər qızının adına qeydiyyatdan keçmişdir. 32.Kollegiya apellyatorun nümayəndəyə (vəkil) yalnız topaq sahəsi ilə bağlı hüquqların həyata keçirilməsi ilə əlaqədar etibarnamə verməsi, hazırkı iddia üzrə onu təmsil etmək üçün etibarnamə verməməsi ilə bağlı dəlilini əsasız hesab edərək qeyd edir ki, iş materiallarında olan etibarnəmədən görünür ki, cavabdeh tərəfindən nümayəndəsinə nümayəndəliklə bağlı bütün hüquqların həyata keçirilməsi üçün (etibarnamədə konkret torpaq sahəsi ilə bağlı hər hansı göstəriş yoxdur) səlahiyyətlər verilmiş, həmçinin birinci instansiya məhkəməsində hazırki işə baxılarkən vəkilə nümayəndəlik institutundan yararlanmaq üçün order verilmişdir. 33.Məhkəmə araşdırması zamanı nümayəndənin (vəkilin) öz səlahiyyət həddini aşması halları müəyyən olunmamış, bunun əksi cavabdeh tərəfindən sübut olunmamışdır. 34.Belə ki, məhkəmədə işə baxılarkən, təqdim olunmuş sənədlərə əsasən, mənzil birgə nikah dövründə əldə olunmuş, başqa 3-cü şəxslərin paylı mülkiyyətlərində olmamışdır. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili iddianı etiraf edərək, təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Bu isə qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə iddianı təmin etmişdir. 35.Digər tərəfdən cavabdehin öz nümayəndəsinə mübahisəli mənzillə bağlı hər hansı səlahiyyət verməməsi, nümayəndənin onun adından özbaşına hərəkət etməsi ilə bağlı dəlili əsaslı görünmür. Belə ki, tərəflərin xx.xx.2018-ci ildə nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclası zalında özünün də etiraf etdiyi kimi, mənzil bu gün də iddiaçıda olmaqla, sonuncu həmin mənzildə yaşayır. 36.Kollegiya apellyatorun maddi hüquq normalarının pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu dəlilə qiymət verilməsinə zərurət yaranmır. Belə ki, cavabdeh nümayəndəsi (vəkili) tərəfindən iddianın etiraf edilməsi halında bu zərurət aradan qalxır, yəni məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.(MPM 191.3, 220.4 maddələri) 37.Kollegiya hesab edir ki, mənzilin birgə nikah dövründə əldə olunmaması halında belə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qətnamənin ləğvi üçün əsas yaratmır. 38.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 39.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 41.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 42.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6232/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar