Məhkəmə qərarları › İş №2(103)-5746/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5746/2023

12.12.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5746/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4, maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilənin hüquqi nəticələri aradan qaldırılmaqla digər müqavilələrin ləğv olunması, dövlət reyestrindən çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2019cu il tarixli, 2(007)-1814/2019 nömrəli qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 05 avqust 2013-cü il tarixdə bağlanmış “müəssisədəki payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, onun hüquqi nəticələri aradan qaldırılmaqla, Cavabdeh1 ilə X3 arasında 18 dekabr 2013-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” Cavabdeh1 ilə Cavabdeh3 arasında 05 fevral 2014-cü il tarixdə bağlanmış “Nizamnamə kapitalındakı payın alqı-satqı müqaviləsi”nin, Cavabdeh1 adına Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin dövlət reyestrindən verilmiş 12 avqust 2013-cü tarixli, Cavabdeh3 adına verilmiş 11 fevral 2014-cü il tarixli çıxarışların ləğv olunması və "xxxx" Kiçik Müəssisəsinə müəssisənin əmlakına onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(007)- 1814/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

5. 13 oktyabr 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 20 fevral 2014-cü il tarixdə vəfat etmişdir.

6. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 öldüyündən və hazırkı barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən ona münasibətdə qətnamə həmin hissədə ləğv edilməli, hazırkı iş üzrə icraata Cavabdeh3 aid hissədə xitam verilməlidir.

7. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(007)- 1814/2019 nömrəli qətnaməsi qismən – Cavabdeh3 aid hissədə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilənin hüquqi nəticələri aradan qaldırılmaqla digər müqavilələrin ləğv olunması, dövlət reyestrindən çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iş üzrə icraata Cavabdeh3 aid hissədə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar