Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5775/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçının nümayəndəsi K.X3, Cavabdeh1, Cavabdeh2 MTK-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019 saylı, 11.12.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə 45235,69 ABŞ dolları əsas, 13018,75 ABŞ dolları faiz, 5480,37 ABŞ dolları cərimə, cəmi 63734,81 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh1 sahiblik və istifadəsində olan, ünvan 1 ünvanında yerləşən 37 nömrəli, ümumi sahəsi 55,39 kv.m olan 1 otaqdan ibarət mənzilinə (bundan sonra Mənzil) dair Cavabdeh2ndə olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracdan satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 02.03.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 47360 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 24%-i məbləğində Borc verənə dəbbə pulu ödəməlidir. İddiaçı ASC ilə Cavabdeh2 arasında 23 aprel 2014-cü il tarixində bağlanan müqavilənin 5.4-cü maddəsinə qeyd edilmişdir ki, sözügedən müqavilənin 2.1 -ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka hesablanmış 45235,69 ABŞ dolları əsas, 13018,75 ABŞ dolları faiz 5480,37 ABŞ dolları cərimə, cəmi 63734,81 ABŞ dolları borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019 saylı, 11.12.2019-cu tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 45235,69 ABŞ dolları əsas, 12760 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, olmaqla cəmi 58195,69 ABŞ dolları məbləğində və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış xərcin 12 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 138 manat hissəsi isə Cavabdeh1 və Cavabdeh2ndən tutularaq dövlət büdcəsinə ödənilməsi, mənzilin qiymətləndirilməsi üçün çəkilmiş xərcin 20 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 230 manat hissəsi isə Cavabdeh1 və Cavabdeh2ndən tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. (sədrlik edən: Pərviz Zamanlı). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019 saylı, 11.12.2019-cu tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MTK Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçasi 152, giriş 4 ünvanda yerləşən 37 nömrəli, ümumi sahəsi 55.39 kv.m olan 1 otaqlı mənzili satarkən Cavabdeh1 həmin mənzilin gələcəkdə çıxarışla təmin edilərək bankda ipoteka ilə yüklü edilməsinə dair öhdəlik götürmüşdür. Həmin öhdəlik əsasında bank tərəfindən Cavabdeh1 kredit verilmişdir. Lakin Cavabdeh1 həmin öhdəliyi pozaraq mənzilin ipoteka ilə yüklü edilməsindən imtina etmiş, "İddiaçı" ASC-yə olan borcunu isə ödəməmişdir. Həmin borc məbləğinin "Cavabdeh2” MTK tərəfindən ödənilməsinə dair hər hansı qarantiya verilməmişdir. İddiaçının iddia tələbindən də göründüyü kimi, borcun ödənilməsini mübahisə predmeti olan mənzilə yönəldilməsi yolu ilə satışdan əldə ediləcək vəsait hesabına təmin edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə həmin hissədə iddia tələbini təmin etməmişdir. iddia tələbi ilə əlaqədar "Cavabdeh2” MTK-dan pul tutulması MTK-nın hüquqlarını ciddi şəkildə pozur. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlarla Cavabdeh1 öhdəliyinə MTK-nın cavabdehlik daşıması təsdiqlənmir. MTK bank qarşısında bununla bağlı har hansı öhdəlik götürməmişdir. İddiaçının tələb etdiyi məbləğin MTK-ya aidiyyatı olmadığını nəzərə alaraq, həmin pulun tutulması Cavabdeh1 aid edilməli idi. Hazırki vəziyyətdə MTK da öz növbəsində tələb edilən məbləğin təhvil verilmiş mənzilə yönəldilməsinə etiraz etmir. Cavabdeh "Cavabdeh2” MTK Xatai Rayon Məkməsinin 2(011)-3389/2019 saylı 11.12.2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilərək, Ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən "Cavabdeh2” Mənzil Tikinti Kooperativindən pul tələb edilməsi hissəsində iddia təlöəbinin rədd edilməsinə dair yeni qətnama qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi A.İsmayılov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh1 hesablanmış faizlərin silinməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Ü.K.Səfərli apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədan saxlanılmalıdır. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh "Cavabdeh2” MTK arasında bağlanmış 23.04.2014-cü il tarixli müqaviləyə əsasən müqavilənin predmetini ünvan 3 ünvanında tikintisi aparılan “Bakikhanov Residence” çoxmərtəbəli yaşayış və ticarət kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin, illik 12% olmaqla, 3 aydan 60 ayadək Kooperativin rəhbərliyinin müraciəti əsasında və istisna hallarda isə 120 ayadək müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. İş materiallarında olan Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 02.03.2015-ci il tarixli, 1807/15 saylı təminatlı kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 120 ay müddətinə, illik 12% olmaqla, 47360 (qırx yeddi min üç yüz altmış) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 14.05.2018-ci il tarixli, **********382 saylı arayışa əsasən Cavabdeh1 11.05.2018-ci il tarixinə, 45235,69 ABŞ dolları əsas, 13018,75 ABŞ dolları faiz, 5480,37 ABŞ dolları cərimə, cəmi 63734,81 ABŞ dolları məbləğində kredit borcu vardır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan raşqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədəvəya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Kollegiya iş materiallarına, apellyasiya şikayətlərinin dəlillərinə əsasən, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutub, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı ASC tərəflər arasında olan müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqvilədə nəzərdə tutulmuş kredit məbləğini borcluya versə də, borclu Cavabdeh1 İddiaçı ASC ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməmiş, bununla da həm müqavilənin, həm də Mülki Məcəllənin tələblərini pozmuşdur. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, Cavabdeh1 ilə iddiaçı arasında 02.03.2015-ci il tarixdə 1807/15 saylı təminatlı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə görə Cavabdeh1 Mənzilin alınması üçün 47360 (qırx yeddi min üç yüz altmış) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 5.3 və 5.4-cü bəndlərinə, eləcə də ödəniş cədvəlinə əsasən Cavabdeh1 aldığı krediti aylıq 679,48 ABŞ dolları olmaqla, 120 ay müddətinə, 02.03.2025-ci ilədək ödəməyi öhdəsinə götürmüşüdür. Həmçinin, iddiaçı ilə Cavabdeh2 MTK arasında 23.04.2014-cü il tarixdə bağlanmış müqavilənin 5.4-cü bəndində qeyd edilir ki, müqavilənin 2.1-ci bəndinə (müqvilənin predmeti) əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürür. Göründüyü kimi, Cavabdeh1 iddiaçıdan aldığı kreditin qaytarılmamasına görə Cavabdeh2 MTK da öz üzərinə öhdəlik götürdüyündən, öhdəliyin yerinə yetirilməməsinə görə cavabdehlər bərabər məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi haqlı olaraq borcun cavabdehlərdən müştərək qaydada tutulmasını qət etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın faiz və cərimə borcunun tutulması hissəsində qismən təmin edilməsi ilə bağlı mövqeyi qanuni və əsaslıdır. Belə ki, iddiaçı 45235,69 ABŞ dolları əsas, 13018,75 ABŞ dolları faiz, 5480,37 ABŞ dolları cərimə, cəmi 63734,81 ABŞ dolları borcun tutulması barədə iddia tələbi irəli sürsə də iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 04.11.2019-cu il tarixli, 11721 saylı rəyinə əsasən Cavabdeh1 iddiaçıya 11.05.2018-ci il tarixə əsas borc üzrə 45.302,77 ABŞ dolları, faiz borcu üzrə 12.760,00 ABŞ dolları borcu qalmışdır. Birinci instansiya məhkəməsinin ekspert rəyinə əsasən faiz borcunun 12.760,00 ABŞ dolları məbləğində tutlulması ilə bağlı mövqeyi əsaslıdır. İddia ərizəsində tələb edilən cərimə borcu əsas borca mütənasib olmadığından birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulu azaldılmışdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiya bqeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı mövqeyi əsaslıdır. Belə ki, Cavabdeh1 ilə iddiaçı arasında 02.03.2015-ci il tarixdə bağlanmış 1807/15 saylı təminatlı kredit müqaviləsinin 4.1-ci bəndinə görə, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq Mənzilin ipotekasıdır. Lakin Cavabdeh1 ilə iddiaçı arasında Mənzilə dair ipoteka müqaviləsi bağlanmamışdır. İddiaçı iddia ərizəsində tələbinin hüquqi əsası kimi girov və ipoteka müqaviləsinə aid ümumi müddəalara istinad etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MM-nin 269.3 və 269.4-cü maddələrinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa), ipoteka isə daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Qanunvericiliyin qeyd edilən imperativ normasının tələbindən də göründüyü kimi, Mənzillə bağlı yalnız ipoteka müqaviləsi, bağlanmalı və notarial qaydada təsdiqlənməli idi (MM-nin 307.7-ci maddəsi). İddiaçı ilə Cavabdeh1 arasında Mənzilə dair ipoteka müqaviləsi bağlanmadığından iddiaçı tutmanın Mənzilə dair pay hüququna yönəldilməsi və s. tələbi barədə iddia irəli sürməkdə haqlı deyil. Kollegiya ipoteka predmeti ilə bağlı Mülki Məcəllənin müvafiq maddələrinə və “İpoteka haqqında” Qanuna istinad edilməsini zəruri hesab edir. Həmin qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Beləliklə, kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini və işin hallarını nəzərə alaraq, Ödəniş gününə qüvvədə olan məzənnə ilə 45235,69 ABŞ dolları əsas, 12760 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, olmaqla cəmi 58195,69 ABŞ dolları məbləğində və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini əsaslı hesab edir.. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019 saylı, 11.12.2019-cu il tarixli ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5775/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5775/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver