Məhkəmə qərarları › İş №2(103)-5791/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5791/2021

24.06.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5791/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(006)-391/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 20 noyabr 2018ci il tarixli, 3M-1397 reyestr nömrəli kredit müqaviləsi və 20 noyabr 2018-ci il tarixli, reyestr nömrəsi 3M-1398 olan ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin noyabr ayında iddiaçının oğlu Aydın Əhmədov iddiaçıya zəng edərək 14 saylı notariat kontoruna gəlməyini xahiş etmişdir. İddiaçı və onun digər oğlu qeyd olunun notariat kontoruna getmişdilər. X6 işi ilə əlaqədar təcili 680.000 manat pul lazım olduğunu və həmin məbləğin müqabilində əmlak qoyulmasını xahiş etmişdir. 20 noyabr 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 230.000 manat pulun borca verilməsi ilə bağlı reyestr nömrəsi 3M-1397 olan kredit müqaviləsi və həmin kredit müqaviləsinin təminatı kimi 20 noyabr 2018-ci il tarixli, 3M- 1398 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 327,5 kv.m olan evi ipoteka ilə yüklü etmişdir. Bundan sonra iddiaçının oğlu Aydın Əhmədov tərəfindən 20 noyabr 2018-ci il tarixli 3M-1397 reyestr nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ 140.000 ABŞ dolları olmaqla, onun 120.000 ABŞ dolları Arif Kiçikbəyov, 20.000 ABŞ dolları isə oğlu Elman Əhmədov vasitəsilə Cavabdeh ödənilmişdir. Bu fakt Bakı şəhəri, BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 fevral 2019-cu il tarixli qərarı ilə də sübut olunur. Həmçinin whatsapp danışmalarında da cavabdeh ona 140.000 ABŞ dolları məbləğində pulun verilməsini etiraf edir. Göründüyü kimi 20 noyabr 2018-ci il tarixli, 3M- 1397 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuşdur. Belə olan halda 20 noyabr 2018-ci il tarixli, 3M-1397 reyestr nömrəli kredit və 20 noyabr 2018-ci il tarixli, 3M-1398 reyestr nömrəli ipoteka müqavilələri üzrə öhdəliyə xitam verilməli və İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ev ipoteka yüklülüyündən azad olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-391/2021 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri 14 Saylı Notariat Konturu, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Suraxanı rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərin xitam olunması və s." tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-391/2021 saylı iş üzrə 15.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamədə onun qəbul edilməsinin əsası kimi qeyd edilmişdir ki, iddiaçının hazırkı tələbinin əsası kimi irəli sürdüyü hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş, iddiaçı tələbini yalnız iddia ərizəsində göstərdikləri ilə əsaslandırmaqla kifayətlənmiş və tələbini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, Bakı şəhəri, BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 fevral 2019-cu il tarixli qərarı ilə də sübut olunur ki, kredit müqavilələri üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Göründüyü kimi, İddiaçı oğlu Aydın Əhmədov tərəfindən 20.11.2018-ci il tarixli 3M-1397 reyestr nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ 140.000 ABŞ dolları olmaqla 120.000 ABŞ dollarını Akif Kiçikbəyov, 20.000 ABŞ dollarını isə oğlu Elman Əhmədov vasitəsi ilə Cavabdeh ödənilmişdir. Göründüyü kimi, 20.11.2018-ci il tarixli 3M-1397 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuşdur. Belə olan halda iddia tələbi təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında imzalanmış 20 noyabr 2018-ci il tarixli, 3M-1397 reyestr nömrəli kredit müqaviləsi və 20 noyabr 2018-ci il tarixli, reyestr nömrəsi 3M-1398 olan ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməli idi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanmış 20.11.2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, borc verən 230000 manat məbləğində pulu borc alana verməyi, borc alan isə krediti 26.11.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. (Reyestrdə 3M-1397 № ilə qeyd edilib). İş materiallarında olan, Cavabdeh (ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış 20.11.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 327.5 kv.m olan fərdi yaşayış evi 20.11.2018-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasınının təminatı kimi Cavabdeh ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 500000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23.02.2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı girov müqaviləsi əsasında iki evini və bir torpaq sahəsini girov qoymaqla Cavabdeh borc pul götürməsi və götürdüyü pulu qaytara bilmədiyindən mülklərinin girovda qalması ilə bağlı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 294.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Qeyd olunan Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, tərəflər arasında kredit müqavilələri və həmin müqavilələrin təminatı olaraq ipoteka müqavilələri bağlanmışdır. İddiaçı 20 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə borcu ödədiyini əsas gətirərək, cavabdeh ilə aralarında bağlanmış 20 noyabr 2018-ci il tarixli kredit və ipoteka müqavilələrinə xitam verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, öhdəlik institutunun tələblərinə görə müqavilənin hər iki tərəfi öz üzərinə düşən öhdəliklərini tam şəkildə vicdanla yerinə yetirməlidir. Hal-hazırda isə iddiaçının cavabdeh qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirdiyini təsdiq edə biləcək hər hansı bir hala rast gəlinmir. İddiaçı tələbinin əsası kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23.02.2019-cu il tarixli qərarda Cavabdeh verdiyi izahata istinad edərək, onun borcun ödənildiyini etiraf etdiyini bildirir. Lakin qeyd edilən qərarda cavabdehin 20 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənildiyini təsdiq edən dair hər hansı ifadəsi müəyyən edilməmişdir. Beləliklə, iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23.02.2019-cu il tarixli qərarda onun dedikləri öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçının iş materiallarına əlavə etdiyi sosial şəbəkə çıxarışlarinı məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, həmin yazışmaların sübut kimi qiymətləndirildiyi halda belə, yazışmalarda iddia tələbində qeyd olunan hallar təsdiq edilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə borcun qaytarılması üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbinin əsası kimi irəli sürdüyü hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş, iddiaçı tələbini yalnız iddia ərizəsində göstərdikləri ilə əsaslandırmaqla kifayətlənmiş və tələbini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri 14 Saylı Notariat Konturu, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Suraxanı rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərin xitam olunması və s." tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki, şikayət iddia tələbi ilə eyni məzmunlu olmaqla yuxarıda həmin dəlillərə qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(006)-391/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar