Məhkəmə qərarları › İş №2(103)-5797/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5797/2022

26.10.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5797/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, 4 saylı Bakı Cavabdeh1 notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X10 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı, müstəqil iddia irəli sürən üçüncü şəxs X7 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5797/2022 (Açar sözlər: vərəsəlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X8, nümayəndəsi-vəkili Nümayəndə3, cavabdehlər Cavabdeh4, Cavabdeh3, onun vəkili Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, 4 saylı Bakı Cavabdeh1 notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması, mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X10 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması, mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X7 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(008)-7900/2021 saylı qətnaməsindən İddiaçın, onun nümayəndəsi-vəkili Nümayəndə3, mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxslər X18 və X15 tərəfindən verilmiş apelyasiya şikayətlərinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X13 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,1316 ha torpaq sahəsinin mülkiyyətçisi olmuşdur (xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarış, əmlakın reyestr nömrəsi **********00-10301, Çıxarışın qeydiyyat nömrəsi **********).

2. X1 Balacaxanım Abzər qızı ilə xx.xx.1949-cu il tarixdə evlənmiş, Hüseynov Həsən (sonradan – miras qoyan) xx.xx.1999-cu il tarixdə, X5 (miras qoyanın arvadı) xx.xx.1992-ci il tarixdə ölmüşdülər (Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydindən verilmiş 135 №-li Çıxarış, 345851 №-li ölüm haqqında şəhadətnamə və akt qeydindən verilmiş 136 №-li Çıxarış ).

3. Abdullayeva (Hüseynova) Zenfira Həsən qızı xx.xx.1951-ci il tarixdə doğulmuş, xx.xx.1971-ci il tarixdə evlənmiş, xx.xx.2018-ci il tarixdə tarixdə ölmüşdür (0825654 №-li doğum haqqında Şəhadətnamə, 258710 №li nikahın bağlanması haqqında Şəhadətnamə, 997677 №-li ölüm haqqında şəhadətnamə).

4. X19 xx.xx.1953-cü il tarixdə doğulmuş, xx.xx.1991-ci il tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydindən verilmiş 94 №-li Çıxarış, 326725 №-li ölüm haqqında şəhadətnamə)

5. Əhmədova (Hüseynova) Esmira Həsən qızı, hazırki iş üzrə iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, xx.xx.1978-ci il tarixdə evlənmişdir (316810 №-li doğum haqqında şəhadətnamə, 494210 №-li nikahın bağlanması haqqında Şəhadətnamə).

6. Hazırki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 miras qoyanın oğlu X11 uşaqlarıdır (notariat işinin içində olan doğum və nikahın bağlanması haqqında şəhadətnamələr).

7. Üçüncü şəxs X18 miras qoyanın qızı Abdullayeva Zenfiranın qızı, yəni miras qoyanın nəvəsidir (340068 №-li doğum və 150476 №-li nikahın bağlanması haqqında şəhadətnamələr).

8. X2 miras qoyanın qızı Abdullayeva Zenfiranın qızı, yəni miras qoyanın nəvəsidir (286266 №-li doğum haqqında şəhadətnamə).

9. Beləliklə, iddiaçı miras qoyananın qızı, üçüncü şəxslər miras qoyanın ölmüş qızından olan nəvələri və cavabdehlər miras qoyanın ölmüş oğlundan olan nəvələridir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı Cavabdeh1 notariat ofisi tərəfindən cavabdehlərə verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, atası X4 miras qalmış ünvan 1 (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 4 saylı Bakı Cavabdeh1 notariat ofisinin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X13 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev16 (yeni qaydalarla: AZ1039 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m olan fərdi yaşayış evi və 0.1316 ha torpaq sahəsi olmuşdur. Atasının 3 övladı olmuşdur – xx.xx.1953-cü il təvəllüdlü X19, xx.xx.1951-ci il təvəllüdlü X14 və iddiaçı, xx.xx.1955-ci il təvəllüdlü X16. X3 xx.xx.1991-ci il tarixdə, daha sonra isə bacısı X14 rəhmətə getmişdilər. X11 övladları Hicran, Sevda, Elnarə və Könülə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu haldan iddiaçının xəbəri olmamışdır. Xəbəri olan kimi 2021-ci ilin avqust ayında 4 Saylı Bakı Cavabdeh1 Notariat ofisinə muraciət etmiş, lakin imtina almışdır. Atasından miras qalan fərdi yaşayış evindən o, vəfat etdikdən sonrada daimi istifadə etmiş, evin açarı onda olmuşdur, evdə iddiaçıya məxsus əmlak və şəxsi istifadəsinə aid əşyaları vardır və halhazırda da orda qalmaqdadır. Atası rəhmətə getdikdən sonra rəsmi olaraq vərəsəlik üçün müraciət etməsə də faktiki olaraq mirası qəbul edib ondan indiyə kimi istifadə etmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 3026 saylı arayışda qeyd edilir ki, mərhumun qızı İddiaçı yaşayış evinə faktiki sahiblik edir. Cavabdehlər isə həmin ünvanda qeydiyyatdadırlar.

12. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 iddia ərizəsinə etiraz vermişlər və etirazı onunla əsaslandırmışlar ki, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin miras əmlaka iddiaçının sahiblik edib-etməməsi ilə bağlı arayış vermək səlahiyyəti yoxdur. Belə ki, inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə Yerli İcra Hakimiyyəti Başçısı Nümayəndələrinin vəzifə və səlahiyyətləri xx.xx.2012-ci il tarixli Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə ilə təsdiq olunmuşdur. Sözügedən Əsasnamənin 5-ci maddəsinə əsasən, ərazidə olan yaşayış evləri, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar vermək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin səlahiyyətlərindən biri kimi nəzərdən keçirilmişdir. Göründüyü kimi sözügedən nümayəndəliklər yalnız şəxslərin yaşayış evlərində yaşayıbyaşamaması ilə bağlı arayışlar verə bilərlər və onların şəxsin miras əmlaka faktiki sahiblik etməsini təsdiq edən arayışların verilməsi səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Çünki qeyd olunan məsələ məhkəmə mübahisəsinin predmeti olmaqla ətraflı araşdırma tələb edir. İddiaçı ailə qurduqdan sonra - xx.xx.1979-cu ildən həmin evdən çıxmış və Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, ev 32A ünvanında yaşamışdır. Vərəsəlik işi açılan zaman miras evində İddiaçı qeydiyyatda olmadığı və mirası faktiki olaraq qəbul etmədiyi üçün notarius tərəfindən dəvət edilməmişdir. Göründüyü kimi notariat ofisinin cavab məktubunda da İddiaçı miras əmlakı faktiki olaraq qəbul etmədiyi və əmlaka faktiki sahiblik etmədiyi öz əksini tapmışdır. Bu halı qonşular və Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi də təsdiq etmişdilər.

13. Eyni cavabdehlərə qarşı eyni tələblərlə mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxslər X18 və X15 iddia irəli sürmüşdülər.

14. Üçüncü şəxslər iddia tələblərini eyni hallarla əsaslandırmışdılar.

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7900/2021 nömrəli 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) İddiaçı iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X10 iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs X7 iddiasının rədd edilməsi qət edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, bütün vərəsələr 6 aylıq müddəti xeyli ötürməklə notariat ofisinə müraciət etmişdilər. Bundan başqa iddiaçı və üçüncü şəxslər həmin evdə qeydiyyatda olmamış, evləndikləri gündən oradan çıxıb başqa ünvanlarda yaşamışdılar. Onların həmin evə vaxtaşırı gəlmələrini məhkəmə faktiki sahiblik hesab etmir, belə ki, onlar o evə qonaq kimi gəlib getmişdilər.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1243.3, 1246, 1276-1, 1262, 1263-cü və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, mülki iş materiallarına əlavə edilmiş notariat işindən də aydın olur ki, Cavabdeh4 17 fevral 2020-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək babasından miras qalmış fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Həmin ərizənin verilməsindən 1 il 3 ay müddət keçdikdən sonra Cavabdeh4 xx.xx.2021-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək digər cavabdehlər olan Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 da mirası qəbul etmələrinə və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yazılmasına razılıq vermişdir. Həmin tarixdə (xx.xx.2021) sözügedən 3 cavabdeh də (Könül, Elnarə, Sevda) notariat ofisinə ərizə ilə müraciət edərək babalarından miras qalmış əmlaka onlara düşən pay hissəsi üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Atasıanın İ növbə vərəsələri rəhmətə getmiş qardaşının 4 övladından başqa, o və bacısı X14 olmuşdur. Cavabdeh olan notariat ofisi isə miras əmlaka dair vərəsəlik işini açarkən vərəsələrin dairəsini dəqiq müəyyən etməmiş, digər vərəsələrin çağırılması üçün tədbirlər görməmişdir.

20. Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxslər Elmira Piriyeva və Samirə Məmmədova apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

21. Apellyasiya şikayətlərini iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olan dəlillərlə əsaslandırılmışlar.

34. Proses iştirakçılarının izahatı

22. Məhkəmə baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkilləri verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər.

23. Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxslər verilmiş apellyasiya şikayətlərini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər.

24. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, onun nümayəndəsi-vəkili apellyasiya şikayətlərinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişlər.

25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (şəxslər) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq xx.xx.2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

27. Maddə 561. 1-ci hissəsi Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.

28. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

29. Maddə 533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.

Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 1243.1 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

31. Maddə 1243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (MPM-nin 217.2-ci maddəsi).

40. İş materialları ilə müəyyən olunur ki, miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,1316 ha torpaq sahəsinin mülkiyyətçisi olan X13 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Belə olan halda kollegiya hesab edir ki, hazırki mübahisə həll edilərkən ilk növbədə mirasın açıldığı vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi hazırki mübahisəyə xx.xx.2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552 və s. maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməli idi.

41. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir.

42. Belə olduğu təqdirdə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

43. Məhkəmə araşdırması və işin halları ilə müəyyən edilir ki, İddiaçı miras əmlak olan evdən 1978-ci ildə evlənəndən çıxıb, başqa evdə qeydiyyatda olmaqla yaşayır. Lakin, o, vaxtaşırı həmin evə gəlib gedib, həyətdən meyvə dərib.

44. Üçüncü şəxslərin anaları X9 miras əmlak olan evdən 1971-ci ildə evlənəndən çıxıb, başqa evdə qeydiyyatda olmaqla yaşayıb, orada qızlarını evləndirib, həmin evdə ölüb.

45. Üçüncü şəxslər başqa evlərdə qeydiyyatda olmaqla yaşayırlar. Onlar da mütəmadi olaraq baba evinə gəlib gediblər.

46. Cavabdehlərin dördü də miras əmlak olan evdə qeydiyyatdadılar, lakin onlardan üçün evləndikləri gündən həmin evdən çıxaraq başqa evlərdə yaşamış, bir tək Cavabdeh3 2-3 il bundan öncəyə qədər miras əmlak olan evdə yaşamış, sonradan orada oğurluq halı baş vermiş və hazırda o, kirayədə yaşayır (Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 802 №-li, xx.xx.2020-ci il tarixli arayış və «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemindən Çıxarış).

47. belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid X20 bildirmişdir ki, onun evinin pəncərələri mübahisəli evin həyətinə baxır. Əvvəldən həmin evdə hamı birlikdə yaşayıb, lakin sonradan bütün qızlar ərə getdikcə oranı tərk ediblər, o evdə yalnız Sevda qalırdı, amma o, da son 2-3 ildir ki, orada yaşamır. Hazırda ev boşdur. İddiaçı isə yoldaşı ilə birlikdə oraya 1-2 saatlıq həyətdən əncir yığmaq üçün gəlirdi, daimi orada yaşadığını görməyib.

47. Cavabdeh4 xx.xx.2020-ci il, cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə ərizəylə müraciət edərək, onlara düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər.

48. 4 saylı Bakı Cavabdeh1 notariat ofisinin notariusu Sidqi Həbibbəyli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə xx.xx.2020-ci il tarixdə müraciət edərək miras qoyan X6 adına vərəsəlik işinin hər hansı notariat ofisində açılıb-açılmaması barədə məlumatın verilməsini xahiş etmişdir.

49. Açılmış vərəsəlik işinin aşkar edilməməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2020-ci il tarixdə cavab məktubu verilmişdir.

50. 4 saylı Bakı Cavabdeh1 notariat ofisi tərəfindən hər bir cavabdehə 1/4 hissədə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (reyestrdə 2V-467, 2V-468, 2V-469, 2V-470 nömrə ilə qeyd edilmişdir).

51. Cavabdehlər həmin şəhadətnamələr əsasında ¼ payla Çıxarış almışdılar (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat).

52. Sonradan İddiaçı və üçüncü şəxslər X18 və X15 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, notariat ofisi tərəfindən onlara verilmiş xx.xx.2021-ci il tarixli məktubda miras əmlaka dair Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 ¼ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verildiyi və onlara şəhadətnamənin verilməsinin mümkün olmaması barədə məlumat verilmişdir.

53. Miras əmlak olan evdə cavabdehlərin yaşamaları, iddiaçının və üçüncü şəxslərin uzun illər bundan əvvəl qeydiyyatdan çıxaraq başqa yerə köçmələri barədə qonşular tərəfindən ərizələr verilmişdir (imzaları notarius tərəfindən təsdiq edilmişdir). 54.İşin hallarından göründüyü kimi, bütün vərəsələr qanunvericiliklə müəyyən olunmuş müddəti xeyli ötürməklə notariat ofisinə müraciət etmişdilər.

55. İş materialları müəyyən olunur ki, cavabdehlər həmin ünvanda qeydiyyatda olduqlarından notarius tərəfindən onların əmlaka faktiki sahibliyi qəbul edilmiş və onlara qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir.

56. Kollegiya qeyd edir ki, iddiaçı və üçüncü şəxslər həmin evdə qeydiyyatda olmamış, evləndikləri gündən oradan çıxıb başqa ünvanlarda yaşamışdılar. Onların həmin evə vaxtaşırı gəlmələri, müəyyən sənədlərin onlarda olmaları onların miras əmlakına faktiki sahiblik etmələri anlamına gəlmir.

57. Belə ki, xx.xx.2014-cü il tarixli, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin plenum qərarında faktiki sahibklik aşağıdakı kimi əsaslandırılmışdır: Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

58. İddiaçı və üçüncü şəxslər miras əmlaka faktiki sahiblik və ya faktiki idarə etməklərini sübut edə bilməmişlər.

59. Məhkəmə kollegiyası Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş İddiaçı miras əmlak olan evə faktik sahiblik etməsi barədə xx.xx.2016-cı il tarixli, 3026 №-li arayışa münasibətdə qeyd edir ki, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçının miras əmlak olan evə faktik sahiblik etməsi barədə arayış verməkdə səlahiyyətli olmamış, arayışda 1999-cu ildə açılmış miras üzrə hansı halların əsasında qəsəbə nümayəndəliyinin bu qənaətə gəlməsi müəyyən olunmur.

59. Beləliklə, kollegiyanın qənaətinə görə, iddiaçı və üçüncü şəxslərin irəli sürdükləri faktiki hallar onların tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.

60. Həmçinin, məhkəmə kollegiyası cavabdehlərin iş üzrə cinayət əlamətləri olduğu üçün xüsusi qərardad çıxarılması ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə müvafiq qərarı qəbul etməsi mümkündür. Hazırkı apellyasiya baxışı zamanı isə, iş üzrə cinayət əlamətləri aşkar edilməmişdir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7900/2021 saylı iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı iddiası təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxslər X18 və X7 tələbləri təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar