Məhkəmə qərarları › İş №2(103)-580/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-580/2022

06.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-580/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma, bağ sahəsinin boşaldılaraq təhvil verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiaları üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1785/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi № 1455 ünvanında yerləşən bağ sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılmasını, Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin bağ sahəsindən çıxarılmasını və bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsində göstərilən tələblər saxlanılmaqla, həmçinin Cavabdeh zərərin əvəzi kimi 112.500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, 2006-cı ildən 2021-ci ilədək müddətə (15 il) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin abadlaşmasına, yaşayış üçün tikilinin əsaslı təmirinə, mətbəx, hamam və sanuzelin inşasına, eləcə də qaz, su, işığın çəkilməsi zamanı sərf edilmiş 2300 manat, eləcə də təbii qazın çəkilməsi zamanı 350 manat, içməli suyun çəkilməsi zamanı 150 manat və işığın çəkilməsi zamanı sərf edilmiş 250 manat, cəmi 750 manat, 15 il bağbanlıq-gözətçilik xərci-ayda 200 manat olmaqla cəmi 36000 manat, mənəvi ziyana görə 15000 manat, ümumilikdə yuvarlaq 54000 manat cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-1785/2021 saylı qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsindən çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1455 saylı bağ sahəsinin İddiaçı qanuni istifadəsinə qaytarılması, İddiaçı 2300 manat alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ilkin iddianın təmin edilməyən hissədə, qarşılıqlı iddianın isə təmin edilən hissədə ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın isə tam olaraq rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)-10400/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-10400/2021 saylı mülki iş üzrə icraat, mərhum ilkin iddia üzrə Cavabdeh hüquq varisi müəyyən edilənə qədər dayandırılmışdır. Məhkəmə kollegiyasının 01 avqust 2022-ci il tarixli, 2(103)-580/2022 saylı qərardadı ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşlıqlı iddiaları üzrə mülki işin icraatı təzələnmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən iş üzrə icraat hüquq varisi müəyyən edilənə qədər dayandırılmışdır. Lakin, Elektron Məhkəmə İnformasiya Sistemi və Ədliyyə Nazirliyinin Elektron Xidmətlər Portalı vasitəsilə əldə edilmiş sorğulara cavablardan Cavabdeh öldüyü gündən 6 aydan keçdikdən sonra hüquq varisinin müəyyən edilmədiyi aşkar edilmişdir. Məhkəmə icraatı təzələnmiş və Cavabdeh hüquq varisinin müəyyən edilibedilməməsi məsələsinin məhkəmə iclasında həll edilməsi zərurəti yaranmışdır. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı vəkilinümayəndəsi Nümayəndə məhkəməyə Cavabdeh qızı Fatimə Kərimli tərəfindən notariat qaydada təsdiq edilmiş ərizəni təqdim edərək, X8 Kərimovanın prosessual hüquq varisi qismində işə cəlb edilməsini və qarşılıqlı iddia tələbləri üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclas protokolu ilə X1 Zeynəb Qara qızının prosessual hüquq varisi qismində işə cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəfərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin məhkəmə iclasında iştiraklarının təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, X3 xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanladığı ərizənin məzmunu aşağıdakı kimi olmuşdur: “Bildirirəm ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “bağ sahəsinin boşaldılması” tələbinə dair 2(103)-10400/2021 saylı mülki iş sizin icraatınızdadır. Hamin işdə anam X7 xərclərlə “bağlı vəsaitin tutulması və mənəvi ziyanın” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Anamın ölümündən sonra məni prosessual hüquq varisi kimi tanımağınızı xahiş edirəm. İddiaçı iddiasını qəbul edirəm və bağdan çıxmağımı və bağın boşaldılmasını dərhal öhdəmə götürürəm. Eyni zamanda anamın qaldırdığı iddiadan imtina edirəm və xahiş edirəm ki, iş üzrə icraata xitam verəsiniz. Xitam verilmənin hüququ nəticələri mənə aydındır, bu ərizə mənim tərəfimdən könüllü olaraq imzalanır və gələcəkdə İddiaçı qarşı hər hansı iddiam olmayacaq.” Belə olan halda kollegiya qeyd edir ki, Cavabdeh vəfat etdiyindən, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, bağ sahəsindən çıxarılma” tələbləri üzrə hüquq münasibətləri hüquq varisliyinə yol vermədiyindən və Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsinə” dair qarşılıqlı iddiası üzrə mərhumun prosessual hüquqi varisi iddiadan imtina etdiyinən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə görə iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 261, 387, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1785/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma, bağ sahəsinin boşaldılaraq təhvil verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiaları üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar