Məhkəmə qərarları › İş №2(103)-582/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-582/2024

24.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-582/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (“X10” Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mülkiyyət və digər əşya hüquqlarının, sahibliyin müdafiəsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” Şirkətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1975/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarının və qərara əlavə edilmiş cizginin surətinə əsasən, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir.

2. Torpaqların alqı-satqına dair aktına əsasən iddiaçı Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı əsasında ona ayrılmış Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsi üçün 672 manat haqq ödəmişdir.

3. Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 25 oktyabr 2019-cu il tarixli arayışın surətindən görünür ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarına əsasən iddiaçıya Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadə etdiyi fərdi yaşayış evinin tikintisi üçün 300 m2 (hər m2 üçün 2 manat 24 qəpik, cəmi 672 manat ödəməklə) torpaq sahəsi ayrılmışdır.

4. Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5710/2022 saylı qərardadı ilə iddiaçı “X10” Şirkətinin cavabdeh Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı Binəqədi rayon Xocasən Bələdiyyəsinin İddiaçı istifadəsinə 300 kv.m torpaq sahəsinin ayrılması haqqında 32/02 saylı, 10 dekabr 2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması tələbinə dair iddiası mümkün sayılmamış, qeyd olunan qərardad 22 aprel 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh qarşı (X10” Şirkəti mübahisə predmeti barəsndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Xocəsən Bələdiyyənin 10 dekabr 2007-ci il tarixli qərarı ilə Xocəsən Bələdiyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş, göstərilən ölçü və ünvana uyğun olaraq cizgi təqdim edilmişdir. Torpağın satış qiymətinə uyğun məbləğ bələdiyyə büdcəsinə ödənilmişdir. Bu günə qədər Xocasən Bələdiyyəsinə torpaq vergisi ödənilir, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 17 sentyabr 2019-cu il məktubundan görünür ki, sözügedən torpaq sahəsinin ayrılması Dövlət Arxivinin Bakı filialında mövcuddur. Torpaq sahəsinin bir hissəsi hasara alınmış, maddi imkan olmadığından tikinti işləri aparılmamışdır. 2019-cu il tarixdə, müəyyən işlərin görülməsi ilə əlaqədar torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, Cavabdeh həmin torpaq sahəsində razılıq olmadan iddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikililər inşa etmiş, yarı qalmış hasarı tamamlayaraq torpağı zəbt etmişdir. Cavabdeh cizgi-planı üzrə koordinatları və sərhədləri naturada təyin edilmiş 3 sot torpaq sahəsinə giriş-çıxış yollarını bağlamış, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən çıxmır və qanunsuz tikilini sökmür. Qeyd edilən hal ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət olunmuş, araşdırılma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh torpaq sahəsini mülkiyyətçinin razılığı olmadan ələ keçirib özbaşına tutmuş, həmin torpaq sahəsində qanunsuz tikinti işləri apararaq onun torpaq üzərində sahiblik, istifadə, mülkiyyət hüququnu pozmuşdur.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(001)- 1975/2020 qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Məhəmməd Rüstəmli).

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsi sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aiddir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının qeyd olunan torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olduğu iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan sənayə təyinatlı torpaq kateqoriyasına aiddir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin tələbi torpaq sahəsinin mülkiyyətçisi və ya ona qanuni əsaslarla sahiblik edən şəxs irəli sürə bilər, iddiaçının isə belə subyektiv hüququ mövcud deyil.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.2, 152.1, 152.5 157.8-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə çıxarılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-988/2021 nömrəli, 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ş.Məhərrəmova sədrlik edən və məruzəçi, M.Məmmədov və R.Həsənov)

Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2021-ci il tarixli, 2(102)- 5385/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakimlər V.Həsənov - sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Şəfiyev) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 may 2023-cü il tarixli, 2(103)- 110/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə fərdi ev tikmək üçün ayrılmış 300 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş hasar, o cümlədən darvaza Cavabdeh hesabına sökülməsi, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdiyev və F.H.Qasımov)

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

18. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2023cü il tarixli, 2(102)-3003/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-110/2023 saylı iş üzrə 3 may 2023-cü il tarixli qətnaməsinin ləğv eedilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi tələbin qanuni əsası kimi Mülki Məcəllənin həm mülkiyyətin, həm də sahibliyin müdafiəsinə dair normalarına istinad etsə də, konkret normanın dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğa (uyğunsuzluğa) dair təhlil aparmamış, iddianın məhz hansı norma əsasında təmin edildiyi konkret göstərilməmişdir. Belə olan halda iddia tələbinin qanuni əsası kimi həm əşya hüquqlarının, həm də sahibliyin müdafiəsinə dair normalar nəzərdən keçirilə bilər. Apellyasiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 157.2, 157.4, 157.8 və 158.4-cü maddələrinə istinad etmişdir. Həmin normalara əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü sadalanan normaların tətbiq edilməsi üçün birinci dispozisiya şərti iddiaçının əşya üzərində müəlkiyyət və digər əşya hüququna malik olmasıdır. Bu həm də sözügedən normalarla tələb irəli sürülməsi üçün iddiaçının subyektiv hüququna dəlalət edir. Belə olan halda, bu qərarın 65-ci maddəsində qeyd olunan normaların hazırkı işə hansı əsasla təbiq edilməsi apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Həmin məhkəmə iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hazırkı tələbi irəli sürməyə subyektiv hüquqa malik olmasını Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə izah etmişdir. Bununla belə, işdə olan və qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5710/2022 saylı qərardadında açıqca qeyd olunmuşdur ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 32/02 saylı, 10 dekabr 2007-ci il tarixli qərarı öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Belə olan halda, apellyasiya məhkəməsinin qüvvədə olmadığı məhkəmə aktı ilə təsdiq edilmiş bələdiyyə qərarına istinadən iddiaçının hazırkı tələblərini irəli sürmək üçün subyektiv hüququa malik olması barədə qənaəti iş materiallarına və qanunvericiliyə uyğun bir yanaşma hesab edilə bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi bu qənaətə gəlir ki, iddiaçının tələbinin mülkiyyət və digər əşya hüququ ilə haqlı olması apellyasiya məhkəməsi tərəfindən düzgün əsaslandırılmamışdır. Məhkəmə tərkibi bildirir ki, əgər iddia apellyasiya məhkəməsinin istinad etdiyi MM-in 165.1-ci maddəsi baxımından təmin edilə biləndirsə, o zaman işin faktiki halları üzrə yuxarıda qeyd olunan normalar çərçivəsində hüquqi dəyərləndirmə aparılmalı idi. Belə bir əsaslandırma isə aparılmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” Şirkətinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 45. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159-ci maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin tam ləğv olunmasını və iddiasının təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Kollegiya ilk növbədə qeyd ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin ləğv edilən hissə ilə bağlı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

30. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

31. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsinə tərəflərdən heç birinin mülkiyyət və ya digər əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh faktiki olaraq torpaq sahəsinə sahiblik edir. İddiaçı isə Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarına əsasən ona fərdi ev tikmək üçün ayrılmış 300 kv.m torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsini və cavabdehin sahədən çıxarılmasını tələb edir.

32. Qeyd edilməlidir ki, iddia tələbinə qiymət verilməsi ilə bağlı yuxarıda qeyd edilən sadalanan normaların tətbiq edilməsi üçün birinci dispozisiya şərti iddiaçının əşya üzərində müəlkiyyət və digər əşya hüququna malik olmasıdır. Bu həm də sözügedən normalarla tələb irəli sürülməsi üçün iddiaçının subyektiv hüququna dəlalət edir. Qanuna əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İddianın obyekti olan torpaq sahəsinin dövlət reyestrində mülkiyyət və ya digər əşya hüququ ilə qeydə alınmadığı hazırkı işdə mübahisəsizdir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında da öz əksini tapmışdır.

35. Qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

36. İşin faktiki hallarına əsasən isə mübahisəli torpaq sahəsinə tərəflərdən heç birinin mülkiyyət və ya digər əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh faktiki olaraq torpaq sahəsinə sahiblik edir. Hazırki halda iddiaçı isə mübahisəli torpaq sahəsi ilə bağlı hazırkı tələbi irəli sürməyə subyektiv hüquqa malik olmasını Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə izah edir və həmin qərara əsasən ev tikmək üçün ona ayrılmış 300 kv.m torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsini və cavabdehin sahədən çıxarılmasını tələb edir. Halbuki, işdə olan və qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5710/2022 saylı qərardadında açıqca qeyd olunmuşdur ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 32/02 saylı, 10 dekabr 2007-ci il tarixli qərarı öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir.

37. Belə olan halda, kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qüvvədə olmadığı məhkəmə aktı ilə təsdiq edilmiş bələdiyyə qərarına istinadən iddiaçının hazırkı tələblərini irəli sürmək üçün subyektiv hüququa malik olması (iddiaçının tələbinin mülkiyyət və digər əşya hüququ ilə haqlı olması) barədə qənaətinə gəlinməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə olan halda iddiaçı hazırki iddia tələbini irəli sürməkçün müvafiq sübyektiv hüququn sahibi kimi qiymətlələndirilə bilməz.

38. Əlavə olaraq kollegiya qeyd edir ki, hazırki iddia tələbinə sahibliyin müdafiəsi baxımından da qiymət verildiyi halda belə, iş üzrə cavabdehin sözügedən mübahisəli sahəyə qanuni sahibliyi müəyyən edilməsə də, iddiaçının bu tələblə çıxış edə bilməsi üçün sahibliyin müdafiəsi baxımından zəruri olan şərtlərin (iddiaçı əvvəlki sahib olmalı; iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; sahiblik iddiasını istisna edən hallar olmamalı) ödənilməsi mütləqdir. Hazırki halda isə hımin şərlə ödənilmir. Həmçinin, qeyd edilməlidir ki, bu şərtlərdən hər hansı birinin müəyyən edilməməsi belə sahibliyin müdafiəsi çərçivəsində iddianın təmin olunmasını istisna edir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.

39. Beləliklə, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aiddir. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisə edilən torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının qeyd olunan torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olduğu təsdiq olunmur. Əksinə, iş materialları ilə müəyyən olnur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan sənayə təyinatlı torpaq kateqoriyasına aiddir. Bu baxımdan da, iddiaçı hazırki iddia tələbini irəli sürməkçün müvafiq sübyektiv hüququn sahibi olmadığından iddia tələbi təmin edilə bilməz.

40. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla, baxımdan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 402.1-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1975/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar