Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5821/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4331/2024 saylı, 29 avqust 2024ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi, Maraqlı şəxs cəlb edilməklə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs ilə onun arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/18/2024-00586 saylı barışıq sazişinin təsdiq edilməsinə və 300 manat həcmində mediasiya xərclərinin Maraqlı şəxs tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini etmişdir. Maraqlı şəxs icraatın dayandırılmasına dair vəsatətlə məhkəməyə müraciət edərək, 2(010)-4331/2024 saylı müki iş üzrə icraatın dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, bu barışıq sazişi bağlanarkən Ərizəçi tərəfindən aldadılıb. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Ərizəçi nikah dövründə aldığı 6 növ daşınmaz əmlakı aşkar olunmuşdur. Bundan sonra ona qarşı Barışıq Sazişinin etibarsız hesab edərək ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bərabər bölünməsi, yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün alimentin tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır və cavabdeh Ərizəçi qeydiyyatda olduğu yer üzrə iddia ərizəsinin verilməsi tövsiyə olunmuşdir. Bundan sonra, o, xx.xx.2024-cü il tarixdə eyni iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4311/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi əlavə edilmiş sənədləri ilə birlikdə geri qaytarılıb. Məhkəmə qərardadında iddia ərizəsində müvafiq sazişin iddiaçının hüquqları pozulmaqla bağlanılmasına istinad edilsə də, iddia tələbində həmin sazişin etibarsız hesab edilməsi ilə bağlı heç bir tələbinin olmaması ilə əsaslandırmışdır. Eyni zamanda məlum olmuşdur ki, Ərizəçi 2024-cü ilin avqust ayının 22-də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qeyd olunan Barışıq Sazişinin təsdiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin, o, hazırda sözügedən Barışıq Sazişini mübahisələndirir və onu aldatma yolu ilə bağlanmış hesab edir. Bununla əlaqədar, xx.xx.2024-cü il tarixdə Bakı 18 saylı Mediasiya Təşkilatında onunla Ərizəçi arasında bağlanılmış Barışıq Sazişinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə yenə də məhkəməyə müraciət edir. Hal-hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında onun cavabdeh Ərizəçi qarşı xx.xx.2024cü il tarixdə Bakı 18 Mediasiya Təşkilatında bağlanılmış Barışıq Sazişinin ləğv edilməsi barədə iddia ərizəsi vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 4331/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair e-2(010)-4331/2024 nömrəli mülki iş üzrə icraatın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair e- 2(010)-4383/2024 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət ververərək onun ləğv edilməsini xahş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qərardadın qəbul edilməsi qanuni deyildir, ona görə də həmin qərardadın ləğv edilməsi barədə şikayətin qəbul edilməsi zəruridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 01/2024 saylı, 23 fevral 2024-cü il tarixli qərardadının 47-ci bəndində birbaşa qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin xüsusi icraatda və 10 gün müddətində baxması proseduru onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Yəni, məhkəmə hazırkı iş üzrə icraatın dayandırılmasını digər işin baxılmasından asılı etməməlidir. Çünki, sözügedən kollegiya qərardadında da barışıq sazişinin təsdiq edilməsi haqqında ümumi məzmun bundan ibarətdir ki, təsdiqetmə prosessual tələbin yerinə yetirilməsi məqsədini daşıyır. Ortada bir saziş var və qanun sazişin təsdiq edilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Məhkəmə isə sırf bu prosessual tələbi yerinə yetirmək funksiyası daşıyır. Yəni, sazişin xüsusi icraat qaydasında məhkəmə təsdiqi onun mahiyyət etibarı ilə tərkibinə müdaxilə etməyə imkan vermir. Bununla əlaqədar cavabdehin mövqeyi və iddiası məlumdur və bu barədə müvafiq iddia tələbi hər bir halda məhkəmədə baxılacaqdır ki, əqd kimi həmin saziş etibarlı hesab edilməlidir və ya etibarsız hesab edilməlidir. Məhkəmənin iş üzrə icraatın dayandırılmasına dair mövqeyi hazırda mübahisələndirilən qərardadda əks olunmuşdur. Lakin, məhkəmə tərəfindən sözügedən “dayandırılma zərurəti”nin nədən ibarət olması və nədə ehtiva olunması heç bir arqumentlə əsaslandırılmamışdır. Yəni, məhkəmə icraatında digər mülki işin getməsi ilə hazırkı tələb heç bir şəkildə biri digərinə maneəçilik törətmir. Yekun etibarı ilə, mülki qanunvericilikdə “məhkəmə qaydasında təsdiq edilmiş barışıq sazişinin mülki iddia qaydasında mübahisələndirilməsi” anlayışı mövcuddur və qanun bu institutu nəzərdə tutumuşdur. Barışıq sazişinin təsdiqlənməsi isə sırf prosessual tələbdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4331/2024 saylı, 10 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər hakim iş üzrə icraatı dayandırmalıdır (254.1.4, 256.0.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarını müəyyən edərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarının siyahısı Mülki- Prosessual Məcəllənin 254.1-ci maddəsində verilmişdir. Həmin məcburiliyi şərtləndirən əsaslardan biri də mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan, iş üzrə preyudisial əhəmiyyət kəsb edən məsələnin nizamlananasınadək həmin işə baxılmasının ümumiyyətlə mümkün olmamasından ibarətdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Ərizəçi tərəf olduğu “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə nəticənin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair 2(010)-4383/2024 saylı mülki işin nəticəsindən asılılığının mövcudluğu aşkardır. Belə ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin etibarlılığı (şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının araşdırılmasının maddi hüquq əsasları) müəyyən edilmədən hazırki iddianın qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinin olub-olmamasını (barışıq sazişinin icrasının məcburiliyi) yoxlamaq mümkün olmayacaqdır. Mövcud qanunvericiliyə görə də, tərəflər arasında müstəqil əqd olaraq bağlanmış barışıq sazişinin etibarsızlığına dair maddi hüquqi əsaslarla ayrıca iddia qaldırmaq hüququ istisna edilmir. Məhkəmə tərkibi onu da qeyd edir ki, barışıq sazişinin etibarsız sayılması barədə iddianın qaldırılması, həmin sazişi təsdiqləyən məhkəmə qərardadı əsasında verilmiş icra sənədinin icrasının dayandırılmasına əsas vermir. Halbuki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi “İcra haqqında” Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş icra sənədlərinin siyahısına aid deyildir və yalnız məhkəmə qaydasında təsdiq edildikdən sonra icrası məcburi olan sənədlər statusunu almaqla icraya yönəldilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4331/2024 saylı 29 avqust 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-5821/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5821/2024
08.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver