Məhkəmə qərarları › İş №2(103)-5826/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5826/2025

18.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5826/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmmədemin oğluna qarşı “cavabdehlərin mübahisəli yaşayış sahəsindən çıxarılmaları və iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli qətnamədən Cavabdeh2 Məhəmmədemin oğlunun verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh2 Məhəmmədemin oğlunun özünün və vəkili (nümayəndəsi) Vəkil, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 6-cı döngədə yerləşən 6 saylı evin, sahəsi 16,4 kv.m. təşkil edən 1 otaqlı yaşayış sahəsindən cavabdehlərin əmlakları ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin ona təhvil verilməsi və onu həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda yerləşən və ümumi sahəsi 32,8 kv.m. təşkil edən 2 otaqlı fərdi yaşayış sahəsinin bir otağı (16,4 kv.m.) iddiaçının digər bir otağı (16,4 kv.m.) Cavabdeh1 xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış sahələri üzrə payları müəyyən edilərək mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli “Çıxarış” verilmişdir. İddiaçı özünə məxsus yaşayış sahəsində qeydiyyatında olsa da, başqa ünvanda yaşayır. Bir müddət əvvəl, iddiaçı, özünə məxsus həmin yaşayış sahəsinə gələrkən özünə məxsus otaqda Cavabdeh2 yaşadığını görmüş və bunun səbəblərini Cavabdeh2 soruşduqda sonuncu iddiaçıya demişdir ki, o, hər ki otağı Cavabdeh1 almışdır. İddiaçı, bunun qeyri-mümkün olduğunu Cavabdeh2 bildirərək, otağın boşaldılmasını tələb etdikdə, Cavabdeh2 bundan imtina etmişdir. İddiaçı bu məsələ ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktubları ilə iddiaçıya izah edilmişdir ki, aralarında yaranmış mübahisə mülki xarakterli olduğundan o, aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də, iddiaçı, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdehlərin hərəkətləri onun mülkiyyət hüququnu pozduğu üçün iddiası təmin edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh2 iddiaçıya məxsus yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmasını, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsini, iddia tələbinin Cavabdeh1 qarşı yönəlmiş hissəsinin təmin edilməməsini, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsi – evin bir otağı iddiaçının xüsusi mülkiyyətindədir və bu hal “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınıb. Cavabdeh2 mülkiyyətində olan yaşayış sahəsi isə qonşu otaqdır. Cavabdeh2 iddiaçıya məxsus otaqdan istifadə etməsinin hüquqi əsası yoxdur. Cavabdeh2 iddiaçıya məxsus otaqdan istifadə etməklə iddiaçının mülkiyyət hüququnu pozur. Bu yolverilməzdir. Buna görə də, Cavabdeh2 iddiaçıya məxsus otaqdan əşyaları ilə birlikdə çıxarılmalı və həmin otaq iddiaçının sahibliyinə qaytarılmalıdır. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, digər Cavabdeh1 nəinki iddiaçıya məxsus otaqda, o, ümumiyyətlə həmin ünvanda yaşamır. Buna görə də, iddia tələbinin Cavabdeh1 aid hissəsi təmin edilməməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda yerləşən evin bir otağı iddiaçının, digər otağı isə Cavabdeh1 adına “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Cavabdeh2 Cavabdeh1 ilə 2011-ci ildə “Alğı-satqı müqaviləsi” bağlayaraq hər iki otağı almış və Cavabdeh1 75.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Düzdür, müqavilədə yalnız Cavabdeh1 məxsus 1 otaq qeyd edilsə də, Cavabdeh1 Cavabdeh2 bildirmişdir ki, ikinci otaq da ona məxsusdur, lakin formal olaraq başqa şəxsin adınadır. Cavabdeh2 vicdanlı alıcıdır. Buna görə də, ona qarşı yönəlmiş iddia rədd edilməli idi. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, iş üzrə səhv nəticəyə gəlmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. Cavabdeh2 və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.

8. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı şikayətin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.

9. İş üzrə digər Cavabdeh1 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat

10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, iddia tələbinin ona aid hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir.

12. Odur ki, götərilənləri və mübahisə predmetinin bölünməz olmadığı nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamışdır. Çünki MPM-in 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışın” surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hər birinin sahəsi 16,4 kv.metr olan 2 yaşayış otağından ibarətdir. Yaşayış otaqlarından biri iddiaçının, digər otaq isə Cavabdeh1 xüsusi mülkiyyətini təşkil edir.

15. Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh1 özünə məxsus həmin 1 otağı Cavabdeh2 12.000 manata satmışdır.

16. Bundan sonra “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 6-cı döngə, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsi 16,4 kv.metr olan 1 yaşayış otağı iddiaçının mülkiyyətində olan daşınmaz əmlak kimi, sahəsi 16,4 kv.metr olan digər 1 otağı isə Cavabdeh2 mülkiyyətində olan daşınmaz əmlak kimi reyestrdə qeydiyyata alınmışdır.

17. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 6-cı döngə, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsi 16,4 kv.metr olan 1 yaşayış otağı iddiaçının, sahəsi 16,4 kv.metr olan digər 1 otağı isə Cavabdeh2 mülkiyyətini təşkil edir. Cavabdeh2 özünə məxsus otağı 2011-ci ildə Cavabdeh1 satın alsa da, iddiaçıya məxsus otaq Cavabdeh2 satılmamış, iddiaçının mülkiyyətində qalmaqda davam edir. Buna baxmayaraq Cavabdeh2 iddiaçının razılığı olmadan və bunun umun hər hansı əsas olmadan iddiaçıya məxsus otaqdan sahiblik edir.

18. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.).

20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

21. Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Cavabdeh2 iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etməsinin hüquqi əsası yoxdur. Cavabdeh2 iddiaçıya məxsus otaqdan istifadə etməklə iddiaçının mülkiyyət hüququnu pozur. Bu yolverilməzdir.

22. Buna görə də, qəbul edilməlidir ki, Rayon Məhkəməsinin Cavabdeh2 iddiaçıya məxsus otaqdan əşyaları ilə birlikdə çıxarılması və həmin otaq iddiaçının sahibliyinə qaytarılması ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızıdır.

23. Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətində həmçinin bildirir ki, o, Cavabdeh1 ilə 2011-ci ildə “Alğı-satqı müqaviləsi” bağlayaraq hər iki, o cümlədən iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış otağı Cavabdeh1 satın almışdır. O vicdanlı alıcıdır. Belə ki, Cavabdeh1 ona bildirmişdir ki, ikinci otaq da ona məxsusdur, lakin formal olaraq iddiaçının adına qeydə alınmışdır.

24. Məhkəmə Cavabdeh2 bu dəlilini də əsassız sayır. Çünki Cavabdeh2 özünün də bildirdiklərindən bəlli olur ki, o, Cavabdeh1 ilə 2011-ci ildə “Alğı-satqı müqaviləsi” bağlayarkən bilirdi ki, mübahisəli otaq “Daşınmaz əmlakın dövlət reyestrində” iddiaçının adına qeydiyyata alınmışdır. g) apellyasiya baxışının nəticəsi

25. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

28. Məhkəmə həmçinin bildirir ki, apellyasiya baxışının predmeti olan hissədə qətnamə dəyişdirilmədən saxlanıldığından iddiaçı və Cavabdeh1 hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

29. Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh2 Məhəmmədemin oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh2 Məhəmmədemin oğlu hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar