Məhkəmə qərarları › İş №2(103)-5829/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5829/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5829/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiаçı Cümşüdova (Həsənova) Arzu Sabir qızının Cavabdeh qarşı ilkin, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Cümşüdova (Həsənova) Arzu Sabir qızına qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏTNAMƏ İş № 2(103)-5829/2024 (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü, mənzildən çıxarılma və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X11 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Cümşüdova (Həsənova) Arzu Sabir qızının Cavabdeh qarşı “evin təhvil verilməsi, cavabdehin evdən çıxarılması, evə köçürülmə, əmlak bölgüsü” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh Cümşüdova (Həsənova) Arzu Sabir qızına qarşı “əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-135/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İlkin iddia üzrə iddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızı Cavabdeh qarşı “evin təhvil verilməsi, cavabdehin evdən çıxarılması, evə köçürülmə, əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilmədən öz mülkiyyətçisi İddiaçı təhvil verilməsi, Cavabdeh həmin mənzildən əşyaları (şəxsi geyim) ilə birlikdə çıxarılması, İddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinə köçürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlkin iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları 5 saylı Bakı “ASAN Xidmət” X2 akt qeydləri kitabında 2501 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X17 adlı övladları dünyaya gəlmişdir. Cavabdehin ailəyə laqeyd münasibət göstərməsi səbəbindən münasibətləri korlanmışdır. Belə ki, iddiaçı cavabdehin ailəyə olan laqeyd münasibətinin zamanla düzələcəyinə ümid etdiyindən və ailənin qorunub saxlanılmasına çalışdığından dözmüş, lakin müəyyən zaman keçdikdən sonra əmin olmuşdur ki, cavabdehin münasibəti düzəltmək fikri yoxdur. Hətta məsələ o həddə çatmışdır ki, cavabdeh, iddiaçı özünə məxsus olan evdən çıxıb yaxınlıqda yaşayan atası evinə getdikdən sonra qapının açarını dəyişərək, öz mənzilinə də buraxmamışdır. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. İddiaçı artıq yanıldığını bilmiş və buna görə də nikah münasibətlərinə birdəfəlik son vermək qərarına gəlmişdir. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin qeyd edildiyi kimi, cavabdeh iddiaçını öz şəxsi mülkiyyətinə buraxmamış, həmin mənzilin açarını dəyişdirərək, iddiaçının öz mənzilindən istifadəsinə maneə yaratmışdır. Həmin mənzil iddiaçının atası X1 vəsaiti hesabına əldə edilmiş, lakin yaxın qohum olduqları və heç vaxt qohumluq əlaqələrinin pozulmayacağı qənaətində olduğuna görə öz adına deyil, qızı, yəni İddiaçı adına alınmışdır. Belə ki, iddiaçının atası X3 xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə bağlanmış müqavilə əsasında kredit limiti açılmış, 1 saylı razılaşmaya əsasən 24 faiz dərəcəsi ilə, xx.xx.2022-ci il tarixinədək 20.000 manat məbləğində “digər istehlak tələblərinin ödənilməsi” məqsədilə kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən 36 ay ərzində hər ay 788 manat olmaqla kredit geri qaytarmağı öhdəsinə götürmüş, iddiaçının anası, yəni X8 zaminlik müqaviləsi əsasında həmin borc məbləğində zamin olmuşdur. Belə ki, o, mülkiyyətində olan Bakı şəhəri, Vunq Tau küçəsi, istifadədə olan 0.1959 ha torpaq sahəsinin üzərində yerləşən 6a nömrəli, 9 mərtəbəli binada 46.73 m2 yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 51 saylı mənzilini həmin kredit müqaviləsində göstərilən borc məbləğində görə ipoteka ilə yüklü etmişdir. Bundan sonra həmin pulun üzərinə 2.000 manat əlavə edərək, 22.000 manat ödəməklə xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evini qızı İddiaçı adına almışdır. Həmin alğı-satqı əsasında İddiaçı hüquqları AR ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Ümumi yaşayış sahəsi 59.5 m2 sahədən ibarət olan həmin birmərtəbəli fərdi yaşayış evinin iki yaşayış otağı, bir mətbəxi və 1 bağlı eyvanı olmuşdur. Göründüyü kimi, cavabdehin həmin fərdi yaşayış evinin əldə edilməsində heç bir rolu olmamış, lakin iddiaçını əsassız olaraq hələ də mülkiyyətinə buraxmamaqda davam edir. Odur ki, həmin fərdi yaşayış evindən Cavabdeh mənzilin öz mülkiyyətçisinə təhvil verilməsi, Cavabdeh həmin mənzildən əşyaları (şəxsi geyim) ilə birlikdə çıxarılması, İddiaçı öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinə köçürülməsinə zərurət vardır. Tərəflər arasında razılıq olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Sonradan ilkin iddia üzrə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd edilən tələblərdən əlavə, birgə nikah dövründə əldə edilmiş, iddiaçının razılığı olmadan özgəninkiləşdirilmiş **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Cruze” markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı, “Kia Rio” markalı nəqliyyat vasitələrinin qiymətinin yarısının cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinin aralarında naturada bölünməsi, indiki bazar qiyməti ilə qiymətləndirilməsi və ona çatası pul məbləğinin cavabdeh tərəfindən ona ödənilməsi, bu mümkün olmadıqda isə açıq hərracdan satılması və satışdan əldə olunacaq pul məbləğinin aralarında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan qarşılıqlı iddiaçı Cavabdeh iddianın predmetinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinin ½ hissəsi üzərində payının müəyyən edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinə dair AR ƏMDK yanında DƏDRX-a cavabdehin adına çıxarış verilmişdir. O, cavabdehə əmlakla bağlı məsələnin öz aralarında həll edilməsinə çalışsa da, bu mümkün olmamışdır. O, problemin həlli ilə bağlı Mediasiya Şurasına müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-135/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cümşüdova (Həsənova) Arzu Sabir qızının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, birgə nikah dövründə əldə edilmiş “Chevrolet Cruz” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 7000 manat, “Kia Rio minik” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 13000 manat, cəmi 20000 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızına verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində 1/2 hissədə qarşılıqlı iddiaçı Cavabdeh, 1/2 hissədə ilk İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəricəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələri, Mülki Məcəllənin 152.1, 152.3, 157.1, 225.1, 225.2, 225.4-cü maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2, 32.2.1, 32.2.2, 32.3, 34.1, 36.1, 36.3, 36.4, 37.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək qətnamənin mübahisələndirilənhissədə(qarşılıql iddianın təmin edilməsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayı evinin üzərində ½ hissədə qarşılıqlı iddiaçı Cavabdeh, ½ hissədə ilk İddiaçı paylarını müəyyən edilməsi) ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı atasının vəsaiti hesabına mülkiyyət sahibi olmuş, həmin mülkiyyətin əldə edilməsində cavabdehin heç bir rolu olmamışdır. Göründüyü kimi cavabdeh qarşılıqlı iddia verdikdə ilkin olaraq iddiaçıdan pul tələb etmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, bu ev tərəflərin birgə nikahı dövründə əldə edilmiş olsa da, xx.xx.2019-cu il tarixdə ilk iddiaçı Arzu Cümşüdova (Həsənova) tərəfindən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə edilmişdir. Əmlak onun atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edilmişdir. İddiaçının atası Sabir Cümşüdov, həqiqətən, mübahisəli evin alqı-satqısına dair müqavilənin bağlandığı gündən bir gün əvvəl – xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən 20000 manat məbləğində kredit götürmüşdür. İlk iddiaçının anası Şaxanım Cümşüdova isə həm bu öhdəliyin lazımınca icrasına zamin durmuş, həm də öhdəliyin icrasının təmini üçün özünə məxsus mənzili ipoteka ilə yüklü etmişdir. Bundan bir gün sonra isə ilk iddiaçı Arzu Cümşüdova mübahisəli evi 22000 manata almışdır. Məhkəmə isə hesab etmişdir ki, bu iki hadisənin bir gün fərqlə baş verməsi bu hadisələr arasında mütləq səbəbli əlaqə olmasının birbaşa göstərici deyil. Yəni ilk iddiaçının atasının alqı-satqıdan bir gün əvvəl bankdan kredit götürməsi mübahisəli evin başqa vəsait hesabına əldə edilməsi ehtimalını birmənalı şəkildə istisna etmir. Bununla belə, bu hal işin həqiqi halı kimi qəbul edilsə idi belə, yəni mübahisəli evin məhz ilk iddiaçının atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, hazırkı işin halları baxımından bu, həmin evin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün əngəl təşkil etməzdi. İddiaçının atasının həmin pulu məhz Arzuya bağışlamasını sübut etməlidir. İddiaçı isə hesab edir ki, hamıya bəlli olan halın sübuta ehtiyacı yoxdur. Belə ki, iddiaçının atası həmin məbləği, təbiidir ki, öz qızına hədiyyə edəcəkdir. Cavabdehə hədiyyə etməsi ağlabatan sayılmır.

11. Qətnamədən həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən, yəni təmin olunan “birgə nikah dövründə əldə edilmiş “Chevrolet Cruz” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 7000 manat, “Kia Rio minik” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 13000 manat, cəmi 20000 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızın verilməsi” hissəsində ləğv olunması və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Həsənov Cavabdeh Arzu Sabir qızı ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurana kimi avtomobillərin alqı-satqısı ilə məşğul olmuş və 3 ədəd avtomobili olmuşdur. Həmin avtomobillərin həmin dövrdə bazar qiyməti 32 000 manat olmuşdur. Sonrakı vaxtlarda da həmin pulla avtomobil alıb satmışdır. DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin məlumatlarına əsasən 1) Cavabdeh adına xx.xx.2013-cü il tarixdə ** DB *** qeydiyyat nişanlı MERS EDECS200 markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2017-ci il tarixdə başqa bir şəxsə satılmışdır (xx.xx.2017-ci il tarixli etibarnamə); 2) Cavabdeh adına xx.xx.2017-ci il tarixdə ** LA *** qeydiyyat nişanlı BMW 330MİNİK markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2017-ci il tarixdə başqa bir şəxsə satılmışdır (xx.xx.2017-ci il tarixli etibarnamə); 3) Cavabdeh adına xx.xx.2017-ci il tarixdə ** RB *** qeydiyyat nişanlı BMW 528 MİNİK markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2020-ci il tarixdə başqa bir şəxsə satılmışdır (xx.xx.2020-ci il tarixli etibarnamə); 4) Cavabdeh adına xx.xx.2020-ci il tarixdə ** VJ *** qeydiyyat nişanlı CHEVROLET CRUZE Minik markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2020-ci il tarixdə başqa bir şəxsə satılmışdır (xx.xx.2020-ci il tarixli etibarnamə); 5) Cavabdeh adına xx.xx.2020-ci il tarixdə adına ** KY *** qeydiyyat nişanlı CHEVROLET CRUZE MİNİK markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2022-ci il tarixdə başqa bir şəxsə satılmışdır; 6) Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ** VY *** qeydiyyat nişanlı CHEVROLET CRUZE MİNİK markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2021-ci il tarixdə başqa bir şəxsə satılmışdır (xx.xx.2021-ci il tarixli etibarnamə). 7) Cavabdeh adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan ** MA *** qeydiyyat nişanlı KİA RİO MİNİK markalı avtomobil bacısı X6 məxsus olmuşdur. “Kia Rio” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh bacısı X6 məxsus olmuşdur. Məhkəmədə şahid kimi dindirilən X12 ** MA *** qeydiyyat nişanlı KİA RİO MİNİK markalı avtomobilin ona məxsus olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, avtomobili şəxsən özü tapıb, satıcı ilə özü görüşüb və həmin tarixdə öz şəxsi bank hesabındakı vəsaitləri nağdlaşdırıb satıcıya ödəniş edib. X4 təqdim etdiyi bank sənədlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə bank hesabından nağd pul çıxarır. Lakin məhkəmə qətnaməsində səhv olaraq həmin məbləğin X4 avtomobilin alınması ərəfəsində bankdan kredit götürməsi kimi qeyd edilmişdir. ** MA *** qeydiyyat nişanlı KİA RİO MİNİK markalı avtomobilinin əvvəlki sahibi X14 xx.xx.2022-ci il tarixdə X4 adına həmin avtomobilə dair etibarnamə vermişdir. X7 verildiyi üçün o, avtomobili öz adına sənədləşdirə bilməmişdir. Ona görə də həmin avtomobil Cavabdeh adına xx.xx.2022-ci il tarixdə sənədləşdirilmiş və həmin gün də Cavabdeh ** MA *** qeydiyyat nişanlı KİA RİO MİNİK markalı avtomobilinə dair X6 etibarnamə vermişdir. ** MA *** qeydiyyat nişanlı KİA RİO MİNİK markalı avtomobilin alınması zamanı Həsənova Lamiyənin qardaşı Cavabdehla və avtomobilin sahibi X16 danışıqları vardır. Həmin danışıqların kserosurətini apellyasiya şikayətinə əlavə etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında mübahisələndirilən avtomobillərə dair alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2022-ci il tarixdə faktiki ailə münasibətləri davam etmişdir. Aralarında mübahisə olsa da, mütəmadi olaraq görüşmüşlər. İddiaçı həmin avtomobillərin başqa şəxsə satılması barədə məlumatı olmuşdur. xx.xx.2023-cü il tarixdə mediasiya keçirilərkən və məhkəmədə iddia qaldırılarkən avtomobillər barədə tələb olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia verdikdən sonra, xx.xx.2023-cü il tarixdə İddiaçı qıznı ın nümayəndəsi tərəfindən avtomobillərlə əlaqədar tələb irəli sürülmüşdür. Hazırkı mübahisədə “Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil və ** MA *** qeydiyyat nişanlı KİA RİO MİNİK markalı avtomobil Cavabdeh adına nikah dövründə rəsmiləşdirilsə də, birgə nikah dövründə onların ümumi gəliri hesabına əldə edilməsi İddiaçı tərəfindən sübut olunmur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 onlar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onlar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 onlar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

20. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

21. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

22. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

23. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.

24. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

25. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir.

26. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

27. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki apelyasiya baxışının predmetini qətnamənin bütövlükdə əsaslılığının və qanunuliyinin yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

38. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

39. Kollegiya ilk növbədə hər iki tərəfin qətnamədən apellyasiya şikayəti verməsini nəzərə alaraq qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini ilkin və qarşılıqlı iddianın əsaslılığına dair 2 istiqamət üzrə araşdırma təşkil etməlidir: 1) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə və birgə vəsait hesabına əldə edilmiş əmlak hesab edilirmi – bunun nəticəsinə uyğun olaraq ilkin iddianın mənzilə köçürülmə, mənzilin təhvil verilməsi və mənzildən çıxarılma ilə bağlı tələblərinin əsaslılığına da qiymət verilməsi üçün zəmin yaranmış olur; 2) “Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil və “Kia Rio” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə və birgə vəsait hesabına əldə etdikləri əmlakdırmı.

40. Məhkəmə kollegiyası ilk növbədə mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasına dair məsələyə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

41. Belə ki, iş materiallarında olan "xxxx" ASC (Kreditverən) və X9 (Borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19001- S061512/717471 nömrəli kredit limiti müqaviləsindən görünür ki, bu müqaviləyə görə “Kreditverən” “Borcalan”a 250.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2029-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir.

42. xx.xx.2019-cu il tarixli, 19001-S061512/717471 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşmadan görünür ki, “Kreditverən” 19001- S061512/717471 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 24 faiz dərəcəsi ilə, xx.xx.2022-ci il tarixinədək 0 ay güzəşt müddəti olmaqla, 20.000 manat məbləğində borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə verir.

43. X10 (Satıcı) və İddiaçı (Alıcı) arasında notariat qaydasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini (tam hissə, 59.5 m2) “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə “Satıcı”dan satdığı tam hissəni ondan 22.000 manat qiymətinə alır.

44. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

45. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 218522 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X15 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2501 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

47. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

48. Göstərilən Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

49. Beləliklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225-ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.

50. Adı çəkilən iş materiallarından da göründüyü kimi mübahisə predmeti olan əmlak: ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evi tərəflərin arasında nikahlarının bağlandığı və qüvvədə olduğu dövrdə əldə olunmuşdur.

51. Kollegiya hesab edir ki, birgə nikah dövründə əldə edilən əmlakların tərəflərin ümumi gəlirləri hesabına əldə edilib-edilməməsi məsələsi isə artıq onun əksini iddia edən tərəflərin sübutetmə yükü ilə bağlı olmalıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin əmlakın tərəflərin birgə gəlirləri əsasında deyil, onun atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edildiyini, sonuncnun həmin məbləği cavabdehə deyil, öz qızına hədiyyə etməsinin təbii hal olduğunu və əksinin ağlabatan olmadığını bildirmişdir.

52. Göstərilənlərə münasibətdə kollegiya qeyd edir ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər.

53. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da göstərilmişdir ki, daşınar əşya olaraq pul vəsaitinin bağışlanması zamanı müqavilə hədiyyə verənin pul vəsaitini hədiyyə alana verməsi və hədiyyə alan tərəfindən həmin vəsaitin qəbul edilməsi anında bağlanmış hesab olunur və bununla bağlı hər hansı forma tələbi nəzərdə tutulmamışdır. Lakin Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.

54. Vurğulanmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. Buna görə də kollegiya hesab edir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailə-nikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir. Əks yanaşma, yəni tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların (yazılı müqavilə və s.) olmaması halında əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti kimi qiymətləndirilməsi Ailə Məcəlləsi ilə müəyyən edilən ər-arvadın əmlakının qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlməməklə yanaşı, ərin və ya arvadın öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər.

55. Həmçinin “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında da qeyd edilmişdir ki, məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır.

56. Hazırki işin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilin tərəflərin birgə gəlirləri hesabına deyil, onun atasının bankdan götürdüyü kredit hesabına əldə edildiyini və sonuncnun həmin məbləği öz qızı kimi iddiaçıya hədiyyə etdiyini bildirsə də, buna dair iş materiallarında hər hansı mötəbər sübut, xüsusilə də yazılı əqd aşkar edilməmişdir. Bundan əlavə ilkin iddia üzrə iddiaçı atası tərəfindən kreditin götürülməsi tarixi ilə mübahisəli mənzilin alqı-satqısı arasında 1 gün fərqin olmasını da bu halın sübutu olaraq göstərsə də, kollegiya hesab edir ki, həmin əqdlərin arasında bu cür qısa zamanın olması mənzilin əldə edilməsinə xərcələnən pulun məhz götürülən kredit hesabına formalaşmasını deməyə yetərli olmamaqla birlikdə, həmçinin bağışlamanın baş tutması halında belə hədiyyə qəbul edənin yalnız İddiaçı olması da sadəcə bir ehtimal olmaqla heç bir mötəbər dəlilə söykənməmişdir.

57. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı adına ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan və bunu təkzib edən hər hansı mötəbər dəlil iş materiallarında mövcud olmadığından, həmin əmlak qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı və cavabdehin ümumi birgə mülkiyyəti hesab edilir. Bu halda sözügedən mənzil həm də ½ hissədə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyəti olduğundan, ilkin iddianın əlaqəli hissəsi olan cavabdehin evdən çıxarılması və evin birgə mülkiyyət hesab edilmədən ilkin iddiaçıya təhvil verilməsi hissəsi əsassız, ilkin iddia üzrə iddiaçının həmin evə köçürülməsi hissəsi isə əsaslı hesab edilməlidir.

58. Kollegiya ilkin iddianın **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Cruze” markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı, “Kia Rio” markalı nəqliyyat vasitələrinin birgı nikah dövründə əldə edilən əmlak olması və dəyərinin yarısının ödənilməsinə dair hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir.

59. İş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh adına xx.xx.2020-ci il tarixdə “Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2022-ci il tarixdə “Kia Rio” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Həmin avtomobillər xx.xx.2022-ci il tarixdə cavabdehin adından qeydiyyatdan çıxmışdır.

60. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış 2501 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X13 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2019- cu il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

61. Qeyd edilənlərdən də göründüyü kimi mübahisəli avtomobillər tərəflərin arasında nikahlarının bağlandığı və qüvvədə olduğu dövrdə əldə olunmuşdur. Lakin ilkin iddia üzrə cavabdeh qeyd etmişdir ki, mübahisəli avtomobillərdən “Chevrolet Cruze” markalı olanı nikaha daxil olmazdan əvvəl aldığı avtomobili satıb, onun puluna yenisini alaraq, bir neçə alqı-satqıdan sonra əldə etmiş, yəni bu avtomobil onun nikah dövründə əldə etdiyi vəsait hesabına alınmamışdır. Digər avtomobil isə, ümumiyyətlə, qarşılıqlı iddiaçıya yox, onun bacısı Lamiyə Həsənovaya məxsus olmuş, avtomobili aldığı gün bacısına etibarnamə vermişdir.

62. İlk növbədə “Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə kollegiya qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh həmin avtomobilin daha öncə öz şəxsi vəsaiti hesabına əldə etdiyi “Chevrolet Cruze minik” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə etdiyi gəlirlə alındığını bildirmişdir. Lakin iş materiallarında olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məlumatlardan (kompüter çıxarışından) görünür ki, sözügedən avtomobilin rəsmi alqı-satqısı xx.xx.2023-cü il tarixdə aparılmışdır və bu halda gələcəkdə satılacaq əmlakdan əldə ediləcək gəlirlə keçmişdə alqı-satqının aparılması qeyri-mümkündür. İlkin iddia üzrə Cavabdeh isə bu halı onunla izah etmişdir, ki, “Chevrolet Cruze minik” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmi alqı-satqısı xx.xx.2023-cü il tarixdə olsa da, avtomobilin faktiki (etibarnamə əsasında) “alqı-satqısı” xx.xx.2020-ci il tarixdə baş tutmuş, həmin “alqısatqı”dan 1 həftə sonra – xx.xx.2020-ci il tarixdə tərəflər arasında mübahisəli olan avtomobil (“Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı) əldə edilmişdir. Lakin Cavabdeh qeyd edilən halı təsdiq edən mötəbər dəlilləri məhkəməyə təqdim etməmiş, bununla da alqı-satqının, həqiqətən, rəsmiləşdirilmə tarixində deyil, daha öncə aparıldığını sübut edə bilməmişdir. Bu faktın mötəbər sübutlarla təsdiq edilmədiyi istənilən halda isə avtomobilin alqı-satqı tarixi elə avtomobilin rəsmi olaraq özgəninkiləşdirildiyi tarix hesab olunmalı, qarşılıqlı iddiaçının bu avtomobilin nikahdan əvvəlki dövrdə ona məxsus olmuş avtomobilin satışından əldə edilmiş gəlir hesabına əldə edilməsi ilə bağlı mülahizəsi əsassız hesab edilməlidir.

63. Mübahisəli avtomobilin birgə nikah dövründə əldə edilməsi göstərilənlərə əsasən işin mübahisəsiz halı olsa da, onun satıldığı tarix olan xx.xx.2022-ci il tarixin də tərəflərin nikahda olduqları dövrə təsadüf etdiyi görünür. Bu zaman həmin dövrdə tərəflərin, həqiqətən, faktiki nikah münasibətlərinin davam edib-etməməsi və gəlirin ailəyə sərf edilmə ehtimalının mövcudluğu aydınlaşdırılmalıdır.

64. Belə ki, ilkin iddia üzrə iddiaçı artıq 2022-ci ilin noyabr ayından etibarən eyni evdə yaşamadıqlarını, cavabdeh isə 2022-ci ilin noyabr ayında mübahisə etdiklərini, bu səbəbdən ilk iddiaçının atası evinə getdiyini, lakin bir müddət sonra – 2023-cü ilin may ayından barışaraq birlikdə yaşadıqlarını və satışlardan xəbərdar olduğunu bildirmişdir.

65. İş materiallarında olan ilkin iddiaçı Arzu Cümşüdovanın istifadəsində olan mobil telefon nömrələrinin anten dairəsi məlumatlarının olduğu CD-yə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə qədər Arzu Cümşüdovanın demək olar ki, bütün telefon danışıqları Suraxanı rayonu, Əmircan qəsəbəsindəki ünvanda (tərəflərin birlikdə yaşadıqları ünvan) baş tutsa da, həmin tarixdən sonra Arzu Cümşüdovanın bir dəfə belə həmin ünvanda telefon danışığı olmamış, bütün danışıqlar başqa ünvanlarda baş tutmuşdur. Həmçinin iş materiallarında olan Cavabdeh arvadı Arzu Cümşüdovanın şikayəti əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə verdiyi 2023-cü ilin iyun ayına aid izahatda arvadı İddiaçı (Cümşüdova) ilə 8 aya yaxındır ki, birgə yaşamadıqlarını, bu səbəbdən evin qapısının kilidini dəyişdirdiyini bildirmişdir.

66. Qeyd edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli avtomobilin satıldığı xx.xx.2022-ci il tarixdə tərəflər arasındakı nikah pozulmasa da, onlar faktiki olaraq ayrı olmuş, ailə kimi birlikdə yaşamamaqla bərabər birgə təsərrüfat aparmamışlar. Bununla da kollegiya hesab edir ki, mübahisəli “Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə və birgə gəlir hesabına əldə etdikləri əmlak hesab olunmalıdır.

67. Kollegiya “Kia Rio” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə isə qeyd edir ki, yuxarıda göstərildiyi kimi həmin avtomobilin də əldə olunması tərəflərin birgə nikah dövrünə təsadüf edir. İlkin iddia üzrə Cavabdeh avtomobil ümumiyyətlə ona yox, bacısı Lamiyə Həsənovaya məxsus olmuşdur. Qarşılıqlı iddiaçı öz mövqeyini belə əsaslandırmışdır ki, o, bu avtomobili elə aldığı gün – xx.xx.2022-ci il tarixdə avtomobillə bağlı bacısına etibarnamə vermişdir. Həmçinin bacısı Lamiyə Həsənovanın bu avtomobilin alınmasından əvvəl bankdan kredit götürməsi və alqı-satqı dövründə hesabından böyük məbləğlərdə pul məxaric etməsi barədə iş materiallarında sübutlar mövcuddur.

68. Göstərilənlərə münasibətdə kollegiya ilk növbədə bildirir ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsindəki icraat zamanı ilkin iddia tələbinin həcmi artırıldıqdan, yəni mübahisəli avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək bölünməsi ilə bağlı tələb ünvanlandıqdan sonra baş tutmuş məhkəmə iclaslarının əksəriyyətində ilkin iddia üzrə Cavabdeh həmin iddianın əsassızlığını yalnız əmlakların satıldığı zaman tərəflərin hələ də evli olması və satışdan əldə edilən gəlirin ailəyə sərf olunması ilə bağlamış, sonuncu avtomobilin ona deyil, bacısına məxsusluğuna dair hansısa fikri olmamış, hətta məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizasının keçirilməsi məsələsini də məhkəmənin mülahizəsinə buraxaraq yenə də öz mülkiyyəti ilə bağlı hər hansı təkzibi olmamış, sadəcə son iclaslarda bacısını şahid qismində dəvət edərək avtomobilin sonuncuya məxsus olduğunu bildirmişdir. Bu halda kollegiya qeyd edilən faktın həqiqiliyinə şübhə ilə yanaşaraq bu cür etirazın sadəcə məhkəməni düzgün nəticədən yayındırmaq xarakteri daşıdığını hesab edir.

69. Həmçinin ilkin iddia üzrə Cavabdeh avtomobilin alınmasından əvvəl bacısının bankdan kredit götürməsi və alqı-satqı dövründə hesabından böyük məbləğlərdə pul məxaric etməsini əsas gətirmişdir. Kollegiya hazırki iddianın predmetlərindən olan yuxarıda adı çəkilən mənzilin ilkin iddiaçının atasının götürdüyü kredit üzrə əldə edilən pulun hesabına alınması və bu hadisələrin arasında bir gün vaxt olmasının həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasını istisna etmədiyini bildirdiyi kimi, hazırda da qarşılıqlı iddiaçının bacısının bu avtomobilin alınması ərəfəsində bankdan kredit götürməsi və həmin vəsait hesabına alınması arasında da mütləq səbəbli əlaqənin olmaması qənaətinə gəlir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışlarda Cavabdeh bacısı L.Həsənovanın avtomobilin alındığı ərəfələrdə, daha dəqiq desək, ondan iki gün əvvəl hesabından bir sıra məbləğlərdə pul məxaric etdiyi görünsə də, avtomobilin məhz həmin vəsait hesabına alınmasına və ya həmin vəsaitin Cavabdeh özünə avtomobil alması üçün bağışlanmasına dair hər hansı mötəbər sübutlar iş materiallarında mövcud olmamış, sadəcə L.Həsənova bu halı öz şahid ifadəsində təsdiqləmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

70. Qeyd olunanlara əsasən kollegiya qeyd edilən avtomobilin də tərəflərin birgə nikahı dövründə qazanılmış ümumi gəlir hesabına əldə edilməsini istisna edən əsaslı dəlilin olmaması qənaətinə gəlir. İş materiallarından göründüyü kimi həmin avtomobil də xx.xx.2022-ci il tarixdə satıldığından məhkəmə həmin dövrün tərəflərin artıq faktiki nikah münasibətlərində olmadığı vaxta təsadüf etməsi ilə bağlı əsaslandırmanı təkrar etməyə lüzum görməyərək qeyd edir ki, “Kia Rio” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil də birgə nikah dövründə və birgə gəlir hesabına əldə edilmiş əmlak hesab olunmalıdır.

71. Kollegiya ilkin iddia tələbinin iddiaçının razılığı olmadan özgəninkiləşdirilmiş **- KY-*** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Cruze” markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı, “Kia Rio” markalı nəqliyyat vasitələrinin qiymətinin yarısının cavabdehdən tutulub iddiaçıya ödənilməsi ilə bağlı hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir.

72. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər.

73. Hazırki işin hallarından da göründüyü kimi ilkin iddia üzrə iddiaçı mübahisəli avtomobillərin özgəninkiləşdirilməsi ilə bağlı əqdləri mübahisələndirməmiş, yalnız həmin əmlakın satışından əldə edilən gəlirin tərəflər arasında bölünməsini xahiş etmişdir. Bu halda kollegiya yuxarıda qeyd edilən qərardakı mövqe nəzərə alınmaqla həmin əqdlərin sonradan bəyənilmiş hesab edilməsi və avtomobillərin bazar dəyərinin yox, məhz satış qiymətinin paya mütənasib formada bölünməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

74. Belə ki, iş materiallarından göründüyü kimi mübahisə predmeti olan avtomobillərdən “Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil 14000 manata, “Kia Rio” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil isə 26000 manata satılmışdır. Bu isə onu deməyə əsas verir ki, həmin avtomobillərin satışından əldə edilmiş müvafiq olaraq 7000 manat və 13000 manat, cəmi 20000 manat pulun ilkin iddia üzrə cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı olmaqla apellyasiya şikayətinin dəlilləri qətnamənin qeyd edilən hissədə də ləğvinə və ya dəyişdirilməsinə hər hansı əsas təşkil etməmişdir.

75. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, hər iki apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

76. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

77. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

78. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

79. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

80. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği onu ödəmiş tərəflərin özünə aid edilməlidir.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri ayrı-ayrılıqda təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-135/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği onu ödəmiş şəxslərin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar