Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5849/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X6 və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Mirzəyeva (Hüseynova) İradə Rahib qızına qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(010)- 1605/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Mirzəyeva (Hüseynova) İradə Rahib qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, heç bir hüquqi əsas olmadan onun vəsaiti hesabına varlanmış Cavabdeh Rahib oğlunun adına alınmış “xxxx” Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasında 1 otaqlı, ümumi sahəsi 66,82 kv.m olan 62 nömrəli mənzilinin Cavabdeh Rahib oğlundan alınaraq ona geri qaytarılması və Mirzəyeva (Hüseynova) İradə Rahib qızı ilə nikah dövründə əldə etdikləri həmin mənzilə ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mirzəyeva (Hüseynova) İradə Rahib qızı ilə 1996-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ailə qurduqdan sonra uzun müddət Rusiya Federasiyasında yaşamışlar. O, 2000-ci ildə İradənin adına Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi, 54 sayı evin, 57 saylı mənzilini almışdır. Həmin mənzilə dair çıxarışı isə 2001-ci il tarixdə almışdır. 2005-cı ildə İradə uşaqları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışdır və qayıdarkən o, işləyərək yığdığı 25000 ABŞ dolları məbləğində pulu saxlaması üçün İradəyə vermişdir. 2011-ci ildə onun avtomobil təmiri ilə məşğul olduğu müəssisə yandığından müştərilərinə dəymiş ziyanı ödəmək üçün Azərbaycan Respublikasına gələrək İradədən ona saxlaması üçün vaxtilə verdiyi 25000 ABŞ dolları pulu geri istəmişdir. Lakin müəyyən olunmuşdur ki, İradə həmin pula qardaşı Cavabdeh adına “xxxx” Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasında 1 otaqlı, ümumi sahəsi 66,82 kv.m olan 62 nömrəli mənzilini almışdır. O, Astara rayonuna gedərək Cavabdeh ilə razılığa gəlmiş və Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin, 62 saylı mənzilə dair alqı-satqı aparmaq üçün etibarnamə almışdır. Lakin həmin mənzilinə dair alqı-satqı müqaviləsi olmadığından mənzili sata bilməmişdir. Bu səbəbdən də o, həmin mənzili alqı-satqı müqaviləsi olmadan X1na 43000 ABŞ dollarına satmışdır, bu zaman arvadı İradə etiraz etməmişdir. O, satılan mənzilin pulunun bir hissəsini İradəyə verib, digər hissəsini isə götürərək Rusiya Federasiyasına qayıtmışdır. Sonradan İradə ilə arasında olan nikah müəyyən səbəblərdən 2016-cı ildə pozulmuşdur. Bu səbəbdən Cavabdeh ona Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin, 62 saylı mənzilinə dair alqı-satqı aparmaq üçün verdiyi etibarnaməni ləğv etmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsü aparılarkən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin, 62 saylı mənzili Cavabdeh adında olduğundan həmin mənzil İradədə qalmışdır. X1 ona zəng vuraraq bildirmişdir ki, İradə ilə Vüqar onu mənzilinə buraxmırlar. Bu səbəbdən də, X6 onu və Cavabdeh məhkəməyə vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.08.2016-cı il tarixli qətnaməsi ilə ondan və Cavabdeh 43000 ABŞ dolları və 22005 manat məbləğində pul vəsaiti müştərək qaydada X4 xeyrinə tutulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.12.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12.08.2016-cı il tarixli qətnaməsi üzrə verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. Sonradan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə qismən dəyişdirilərək ondan və Cavabdeh 43000 ABŞ dolları məbləğində pulun tutulması hissəsi Cavabdeh münasibətdə ləğv edilmişdir. Hazırda o, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin, 62 saylı mənzil üçün 43000 ABŞ dolları və 19578 manat məbləğində pul vəsaitini X5 ödəməlidir. Bundan əlavə cavabdehlər onun pulu hesabına alınmış Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin, 62 saylı mənzilə onu buraxmırlar. Belə olan halda o, hər iki tərəfdən maddi ziyan çəkmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(010)- 1605/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi” tələbinə dair iddia rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(010)- 1605/2020 saylı qərardadı ilə mülki iş üzrə cavabdeh Mirzəyeva (Hüseynova) İradə Rahib qızı vəfat etdiyindən ona münasibətdə iş üzrə icraata xitam verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(103)-8235/2020 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(010)-1605/2020 saylı qərardadı ləğv edilmiş və mülki iş Mirzəyeva (Hüseynova) İradə Rahib qızına münasibətdə hüquqi varislərin olub-olmamasının müəyyən edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmiş, məhkəmənin 15 fevral 2021-ci il tarixli 2(010)- 1605/2020 saylı qərardadı ilə mülki iş üzrə İddiaçı cavabdeh Mirzəyeva (Hüseynova) İradə Rahib qızına qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi” tələbinin ayrıca icraata ayrılıb baxılması qərara alınmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi-vəkili qeyd etdi ki, 2011-ci ildə evi iddiaçı öz bacısına satmış, həmin vaxtdan 2016-cı ilə qədər həmin evə nə iddiaçı, nə mərhum İradə Mirzəyeva, nə də Cavabdeh gəlməmişdir, iddiaçının bacısı evi təmir etdirmiş, həmin illər ərzində kommunal xərclər onun tərəfindən ödənilmişdir. İddiaçının nümayəndəsi də apelyasiya şikayətinin təmin edilməsini xahiş edərək, bildirdi ki, iddiaçı, yəni qardaşı həqiqətən evi ona satmış, bu mübahisələr baş verdikdən sonra isə qardaşı pulunu ona qaytarmışdır, lakin sonuncunun hazırda yaşamağa yeri yoxdur, ona görə də iddia təmin edilməli, iddiaçıya çatası pay verilməlidir. Cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, mərhum bacısı evi almaq üçün ona pul versə də, həmin pulu sonradan iddiaçıya hissə-hissə qaytarmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı faktili hallar müəyyən edilir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 023193 saylı, 20.08.2007-ci il tarixli Orderin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin, 62 saylı mənzil Cavabdeh məxsusdur. İş materiallarına əlavə edilmiş 15.07.2011-ci il tarixli Etibarnamənin kserosurətindən görünür ki, Cavabdeh ona məxsus olan, Bakı şəhəri, E.Süleymanov küçəsində yerləşən 49 nömrəli evin 1 otaqdan ibarət 62 nömrəli mənzilinin kommunal xidmətlərini ödəməyi, aidiyyəti orqanlarda adından ərizə verməyi, həmin mənzilin orderini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim etməyi, adından ərizə verməyi, sənədlərdə imza etməyi, rüsum və sair ödənişləri ödəməyi, ona çatası Çıxarışı və texniki pasportu almağı, həmin mənzilə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, bununla əlaqədar yüklülük bərədə arayış almağı, buna dair müqavilə bağlamağı, bütün idarələrdə onu təmsil etməyi, adından ərizə verməyi, sənədlərdə imza etməyi və bu tapşırığın yerinə yetirməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir. 15.07.2021-ci il tarixə qədər qüvvədədir. İş materiallarına əlavə edilmiş 23.07.2011-ci il tarixli Etibarnamənin kserosurətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq; satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağışlamağı, adımdan imza etməyi, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan) o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də, sənədləri almağı, imza etməyi, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, imza etməyi qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi X5 etibar etmişdir. Etibarnamə 15 il müddətinə verilmişdir və 23.07.2026-cı il tarixə kimi qüvvədədir. İş materiallarına əlavə edilmiş 17.01.2017-ci il tarixli Etibarnamənin kserosurətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq; satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağışlamağı, adımdan imza etməyi, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan) o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də, sənədləri almağı, imza etməyi, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, imza etməyi qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X5 etibar etmişdir. Etibarnamə 20 il müddətinə verilmişdir və 17.01.2037-ci il tarixə kimi qüvvədədir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3172/2016 saylı 12.08.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdehlər İddiaçı və Cavabdeh qarşı alqı-satqının baş tutmuş sayılması və əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və Cavabdeh 43.000 ABŞ dollarının qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və 22005 manat pul və 30 manat dövlət rüsumu müştərək qaydada iddiaçı X4 xeyrinə tutulması qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9844/2016 saylı 22.12.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 12.08.2016-cı il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3582/2017 saylı 20.06.2017-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.12.2016-cı il tarixli 2(103)-9844/2016 saylı qətnaməsi ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1552/2018 saylı 30.10.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli 2(006)-2149/2018 saylı qətnaməsi qismən, yəni “Cavabdeh 43000 ABŞ dollarının qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla iddiaçı X4 xeyrinə tutulsun” hissədə ləğv edilməsi, həmin hissədə iddia Cavabdeh münasibətdə təmin olunmaması qət edilmişdir. Eyni zamanda, qətnamə “cavabdehlər İddiaçı və Cavabdeh 22005 manat pulun müştərək qaydada iddiaçı X4 xeyrinə tutulması” hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 19578 manat müəyyən olunması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3127/2019 saylı 01.05.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3285/2019 saylı 01.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı “xxxx” MTK ilə Cavabdeh arasında ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 68 kv.m olan 1 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış müqavilənin və həmin müqavilənin əsasında qeyd edilən mənzilə Bakı şəhər icra Hakimiyyəti Başçısının 03.08.2007-ci il tarixli, 360 nömrəli Sərəncamına əsasən Cavabdeh verilmiş 023193 nömrəli Orderin ləğv edilməsi, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 68 kv.m olan 1 otaqlı mənzilin alqı-satqısına dair müqavilənin onunla bağlanması vəzifəsinin cavabdeh “xxxx” MTKnın üzərinə qoyulması və müqavilə üzrə mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışında göstərilmiş məbləğ pulun onun tərəfindən ödənilmiş hesab edilməsi, həmin paya onun mülkiyyət hüququnun tanınması, həmin payın cavabdehin qanunsuz istifadəsindən alınaraq onun istifadəsinə verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1444/2020 saylı 28.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli 2(007)-3285/2019 saylı qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.10.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X10 arasında 09 aprel 1996-cı ildə bağlanmış və Astara rayonu Suparibağ Kənd İcra Nümayəndəliyi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 9 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 11.05.2001-ci il tarixdə anadan olmuş X2 anası X7 yanında qalması, İddiaçı 22 sentyabr 2016-cı il tarixdən başlayaraq, 11 may 2001-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat alimenin tutularaq X8 verilməsi, Hüseynova (Mirzəyeva) İradə Rahib qızının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, 2-ci mikrorayon, Cavadxan küçəsi, 54 saylı evin 57 saylı mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bölünməsi, həmin əmlak üzərində Hüseynova (Mirzəyeva) İradə Rahib qızının 2/3 pay hüququ və İddiaçı 1/3 pay hüququ üzrə mülkiyyət hüquqları tanınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1795/2018 saylı 13.02.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7052/2017 saylı mülki iş üzrə qəbul etdiyi 13.10.2017-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4474/2018 saylı 06.07.2018-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh X10 və vəkili Mustafayev Soyanxan İsrafil oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı ilə Hüseynova (Mirzəyeva) İradə Rahib qızı 1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Sonradan tərəflər arasında münasibətlər pisləşdiyindən Nəsimi Rayon Məhkəməsinin 18.10.2016-cı il tarixli qətnaməsi ilə nikaha xitam verilmişdir. Tərəflər arasında münasibətlərə son qoyulduğundan aralarında əmlak mübahisələri yaranmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 023193 saylı, 20.08.2007-ci il tarixli orderin surətindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin, 62 saylı mənzili Cavabdeh məxsusdur. İddiaçı Hüseynov X3 Vüqar Raqib oğluna, Hüseynova (Mirzəyeva) İradə Rahib qızına, “xxxx” MTK-ya və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı müqavilənin və həmin müqavilənin əsasında verilmiş orderin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, orderin verilməsinə əsas olmuş “xxxx” MTK üzvlərinin ümumi iclasının 10.07.2007-ci il tarixli qərarı və orderin verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 03.08.2007-ci il tarixli sərəncamı qüvvədədir, mübahisələndirilməmişdir və orderin ləğvinə əsas olacaq hər hansı hal məhkəmə tədqiqi zamanı müəyyən edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, mübahisəli mənzil order əsasında Cavabdeh məxsusdur və ona məxsus olan order ləğv olunmamışdır, hal-hazırda qüvvədədir. Qüvvədə olan məhkəmə aktları ilə o da müəyyən olunmuşdur ki, mübahisəli mənzil Cavabdeh adına alınsa da, həmin mənzilin əldə olunması üçün tələb olunan vəsait iddiaçıya məxsus olmuşdur. Göstərilən xüsusatı Cavabdeh «müqavilənin və orderin ləğvi tələbinə dair» mülki işə Bakı Apelyasiya Məhkəməsində baxılarkən verdiyi izahatında da təsdiq etmişdir (28.01.2020-ci il tarixli 2(103)-1444/2020 saylı qətnamə). Cavabdeh mübahisəli mənzilin pulunun (25.000 ABŞ dolları) bacısı – iddiaçının keçmiş arvadı mərhum İradə Mirzəyeva (Hüseynova) tərəfindən verilməsini hazırki apelyasiya baxışında da təsdiq etmiş, bununla belə, həmin vəsaiti sonradan iddiaçıya hissə-hissə qaytardığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiyanın qənaətinə görə, nə qədər ki, mübahisəli mənzilə dair MTK ilə cavabdeh V.Rzayev arasında bağlanmış müqavilə və həmin müqavilə əsasında sonuncuya verilmiş order qüvvədədir, deməli həmin mənzilin əsassız varlanma səbəbilə ondan alınaraq iddiaçıya qaytarılması mümkün deyildir. Digər tərəfdən, «qaytarılma» dedikdə, daha əvvəl iddiaçıya məxsus olmuş əmlakın qaytarılması başa düşülür ki, mübahisəli mənzil də heç vaxt iddiaçıya məxsus olmamışdır. Həmin mənzilin iddiaçının vəsaiti hesabına əldə edilməsi isə mənzilin özünün yox, məhz mənzilin alınmasına sərf olunmuş iddiaçıya məxsus vəsaitin qaytarılması üçün əsas ola bilər və bunun üçün müstəqil iddia qaldırılmalıdır, həmin vəsaitin sonradan qaytarılması barədə cavabdehin dəlillərinə də həmin işin icraatı çərçivəsində baxılmalıdır. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5849/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5849/2021
21.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver