Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5849/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4459/2024 saylı, 19 avqust 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4459/2024 saylı, 19 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasda məcburi payın müəyyən edilməsi, natura bölgü, bu mümkün olmadıqda hərracda satılması və s. tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, eləcə də dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manatın iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərir ki, iddia tələbinin “xahiş edirəm” hissəsindən də aydın görünür ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Belə ki, iddiaçı “xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum anası X1 miras qalmış və faktiki qəbul edilmiş ünvan 1 ünvanında yerləşən mənzilindən ona qanun üzrə vərəsəlik zamanı çatası məcburi payının müəyyən edilməsi” tələbi ilə “payın naturada ayrılması, bu mümkün olmadıqda həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə mənzilin açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti vəsiyyət üzrə Cavabdeh2, məcburi pay hüququ olan Cavabdeh1 və onun aralarında paylara uyğun olaraq bölünməsi” iddialarını bir-biri ilə birləşdirmişdir. Həmin qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək ləğv edilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmiş, şikayətini bununla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə tam əsassızdır. Ona görə ki, iddia tələbinin predmeti məhz vərəsələrin paylar məlum olmayan ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçilər arasında payların müəyyən edilməsi və bölünməsindən ibarətdir. Bu səbəbdən məhkəmənin qərardadında ayrı-ayrı tələblərin birləşdirilməsi fikri tam əsassızdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4459/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən gəldiyi nəticə düzgün olmuşdur. Lakin iddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanı aradan qaldıraraq yenidən iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək əvəzinə qərardaddan şikayət verərək nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Belə ki, iddia ərizəsindən də görünür ki, tələblər bir-biri ilə əlaqədar deyildir, yəni məcburi payın və onun həcminin müəyyən edilməsi bitmədən əmlakın naturada bölünməsi və ondan sonrakı tələblərin təmin edilməsi mümkün deyil. Ona görə də mübahisələndirilən qərardad mahiyyət etibarı ilə düzgün olduğundan onun ləğv edilməsi üçün məhkəmə tərkibi əsas görmür. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4459/2024 saylı, 19 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4459/2024 saylı, 19 avqust 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5849/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5849/2024
14.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver