Məhkəmə qərarları › İş №2(103)-5854/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5854/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5854/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh1 MMC-dən tutulmuş 650..018,85 manat əsas, 225590,06 manat faiz borcunun, cəmi 875.608,91 manat kredit borcunun, 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 90 manat rüsumun Cavabdeh1 MMC ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 96411 №li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, digər Cavabdeh2 məxsus olan Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.4 ha torpaq sahəsinə; Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.3031 ha torpaq sahəsinə; Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 3.7005 ha torpaq sahəsinə; ünvan 1i ünvanında yerləşən 7.954 ha torpaq sahəsinə yönəldilərək, qeyd edilən həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmetlərinin satıldıqdan sonra bir ay müddətində boşaldılması, əmlakın satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada “Cavabdeh1" MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1337/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 MMC-dən tutulmuş 650.018,85 manat əsas, 225.590,06 manat faiz borcu, cəmi 875.608,91 manat kredit borcu, 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 90 manat rüsumun Cavabdeh1 MMC ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 96411 №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, digər Cavabdeh2 məxsus olan, Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.4 ha torpaq sahəsinə, ilkin satış qiyməti 87.500 manat; Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.3031 ha torpaq sahəsinə, ilkin satış qiyməti 81.450 manat; Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 3.7005 ha torpaq sahəsinə, ilkin satış qiyməti 231.000 manat və ünvan 1i ünvanında yerləşən 7.954 ha torpaq sahəsinə, ilkin satış qiyməti 541.700 manat müəyyən edilməklə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması, və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satıldıqdan sonra bir ay müddətinə boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulması, ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh1 MMC, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki,birinci instansiya məhkəməsi cavabdehlərin iştirakı olmadan məhkəmə iclasları keçirmiş və iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Eyni zamanda, tutmanın Cavabdeh1 MMC-dən deyil, X8, X3 müştərək qaydada tutulması qət edilmişdir. Kredit müqaviləsi isə MMC ilə Bank arasında bağlanmışdır. Belə olan halda, qeyd olunan şəxslər ipoteka etdikləri əmlaka görə məsuliyyət daşıya bilərlər, çünki onlar qohumlarına görə ipoteka etdikləri əmlaka görə proses iştirakçısıdır. Cavabdeh1 MMC-nin aldığı kreditə görə məsuliyyət daşıya bilməzlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onlarınn iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, sonuncuya 24 ay müddətinə illik 16% hesablanmaqla 1.500.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsi ilə Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.4 ha torpaq sahəsi (87.500 manat məbləğində qiymətləndirilmişdir), Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.3031 ha torpaq sahəsi (81.450 manat məbləğində qiymətləndirilmişdir), Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 3.7005 ha torpaq sahəsi (231.300 manat məbləğində qiymətləndirilmişdir), ünvan 1i ünvanında yerləşən 7.954 ha torpaq sahəsini (541.700 manat məbləğində qiymətləndirilmişdir) bank qarşısında ipoteka ilə yüklü edərək, İddiaçı ASC-nin tələb hüququna təminat vermişdir. Cavabdeh1 MMC, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı ASCnin iddiası qismən təmin edilərək, Cavabdeh1 MMC-dən 650.018,85 manat əsas, 225.590,06 manat faiz, cəmi 875608,91 manat kredit borcu, 30 manat dövlət rüsumu, 90 manat bildirişin qeydə alınması rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ilk növbədə ipoteka predmeti olan X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 31 ünvanında yerləşən, 1 mərtəbəli qeyri yaşayış binasına (9 saylı mağaza) ilkin satış qiyməti 70.000 manat; ünvan 4 ünvanında yerləşən, 1 mərtəbəli qeyri yaşayış binasına (10 saylı mağaza) ilkin satış qiyməti 35.000 manat; X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 88 nömrəli evin, 44 nömrəli mənzilinə ilkin satış qiyməti 111.500 manat müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə tutulması qət edilmiş borcun Cavabdeh2 məxsus ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Cavabdeh1 MMC, apellyasiya şikayətində məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsini bildirsə də, işdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə iş materiallarında olan ünvanları üzrə bildirişlər göndərilmiş, cavabdehlər isə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya, şikayətin X8 və X5 cavabdehin aldığı kreditə görə məsuliyyət daşımalı olmaması barədə dəlillərinə münasibətdə isə bildirir ki, qeyd olunanlar hazırkı mülki işin predmetini təşkil etmir. Odur ki, apellyasiya şikayəti həmin hissədə də əsassız olmaqla təmin edilməməlidir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-365/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 MMC-yə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar