Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5865/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Hüseyn Həsənovun iştirakı ilə, İddiaçı cavabdeh xxxxxxxxxxxxxx qarşı “əmlak bölgüsü” tələbinə dair 2(007)-41/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh xxxxxxxxxxxxxx qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, 1 nömrəli Zeytun savxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində icarə hüquqlarının ½ hissədə ona verilməsi, həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ½ hissəsinə pay hüququnun tanınması, birgə nikah dövründə aldığı əmlakların - 5000 min manat dəyərində qızıl saat, 1200 manat dəyərində nişan üzüyü, 2000 manat dəyərində beht üzüyü və boyunbağı, “diamond” firmasına məxsus 1700 manat dəyərində ağ qızıldan ibarət sırğa və boyunbağı, 1 ədəd “Yakut” brilyantı olan 250 manat dəyərində boyunbağı, 1500 manat dəyərində ona məxsus beht üzüyü, 1 metr uzunluğunda təbii daşlardan ibarət 800 manat dəyərində boyunbağlar, 3 ədəd (Dubay şəhərindən alınmış) hər biri 300 manat dəyərində qızıl sırğalar, 1650 manat dəyərində qızıl saat, 750 manat dəyərində qızıl sep, 5 ədəd hər biri 200 manat dəyərində qızıl qolbağlar, fransa istehsalı olan 350 manat dəyərində qol saatı, gepas markalı 150 manat dəyərində saat, 1 ədəd 650 manat dəyərində notebook, 2 ədəd (qara və ağ rənglərdə) hər biri 300 manat dəyərində “ASUS” markalı balaca formada netbooklar, 1 ədəd "htc” firmasına məxsus 628 manat dəyərində telefon, 2500 manat dəyərində şuba, 6500 manat dəyərində mebel dəsti, 750 manat dəyərində soyuducu, 2000 manat dəyərində mətbəx mebeli (əlavə olaraq 600 manat dəyərində mətbəx üçün 1 stol və 6 stul), 1800 manat dəyərində divan və kreslo dəsti, 2 ədəd 2600 manat dəyərində kamod, 650 manat dəyərində ayaqqabı-paltar şkafı. 6 ədəd ümumilikdə 390 manat dəyərində stullar, “LG” markalı 450 manat dəyərində televizor, 850 manat dəyərində (75 kv.m olan) “LG” markalı kondisioner, 650 manat dəyərində moydadır (mavi və ağ rəngli olan), "LG” firmasına məxsus 690 manat dəyərində paltaryuyan maşın, ümumilikdə 680 manat dəyərində 3 ədəd çilçıraq (yataq-170 manat, qonaq-360 manat, mətbəx-150 manat), cavabdeh Əsədova (Şabanova) Elnurə İdris qızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, Şabanova (nikahdan sonra Əsədova) Elnurə İdris qızı ilə xx xxxx 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2013-cü il tarixdə Məryəm, xx xxxx 2016-cı il tarixdə Günəş adlı qız övladları dünyaya gəlmişdir. Ailə qurarkən sağlam insan olsa da, həyat yoldaşı və onun ailə üzvlərinin ona qarşı etdikləri haqsızlıqlar və planlaşdırılmış əmlaklarımı ələ keçirməklə bağlı hərəkətləri nəticəsində insult keçirmiş, hazırda ikinci qrup əlildir. Belə ki, ailə qurmamışdan çox əvvəl, xx xxxx 2004-cü il tarixdə “xxxxxxxx” MTK-dan kooperativin tikdiyi ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzili almışdır. Ailə qurduqdan sonra da orda yaşamışlar. Toydan sonra qonaqların verdiyi hədiyyədən 8.000 manat pul qalmışdı. Bir müddət sonra həmin pulu yoldaşından istədikdə ona bildirdi ki, pulun 6.000 manatını anasına borc vermişdir. Ondan icazəsiz verməsinə əsəbləşsə də, bu hadisəni dərinləşdirməmişdir. Digər 2000 manat pulu da anasına verməsini bildirmişdir. Ona görə ki, toyda gəlinə alınmış qızıllardan qalan 2000 manat borcu qaytarsın. Bir müddət sonra müəyyən etdi ki, həyat yoldaşı “xxxxxxxxxxxx” ASC-dən 1000 manat, “Unibankdan” 2000 manat kredit götürərək anasında vermişdir. Bunların səbəbini soruşduqda ona anasının borcu olduğu üçün kömək etdiyini bildirdi. Atasının bundan xəbərdar olmadığını, ondan da bildirməməyini xahiş etdi. Götürülən 3.000 manat borcu da banklara faizləri ilə birlikdə o, ödəməli olmuşdur. 2013-cü ildə həyat yoldaşı ona bildirdi ki, anası FHN-də işləyən qadından 18000 manat götürüb Sabir adında tanışına verib. Sonradan ona məlum oldu ki, Sabir qayınanasının münasibətdə olduğu şəxsdir. Həyat yoldaşı ona yalvardı ki, bankdan pul götürüb anasına borcunu qaytarmağa kömək edək. ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzili ipoteka etdirərək “Nikoyl” Bankdan 20.000 manat kredit götürüb anasına vermişlər ki, borcunu qaytarsın. Bu krediti də tam olaraq o ödəmək məcburiyyətində qalmışdır. Lakin, qayınanasının borcları bununla da bitmədi. Belə ki, bir ay sonra Qara Qarayevdə yerləşən evlərini ipoteka etdirərək 22.000 manat kredit götürmüşlər. Atasını da aldatmışlar ki, güya krediti onun üçün götürülər. 2015-ci ildə maddi vəziyyət pisləşdiyindən ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzili satmağa razılaşdı, belə ki, qayınanası söz verdi ki, Qara Qarayevdəki evi onlara verəcək, evi satıb bu borcları bağlasınlar. Alqı-satqı müqaviləsi ilə mənzili 135.000 manata satmışdır. Dərhal ondan 18.000 manat aldılar ki, anasının FHN-də işləyən qadına borcunu qaytarırlar. Bu borcun kredit götürülərək qaytarıldığını bildirib etiraz etdikdə ona bildirdilər ki, o pulu faizlərə ödəyiblər. 135.000 manatdan 18.000 manatı qayınanasına vermiş, 2000 manat maklerin xidmət haqqını, 14.500 manat isə banka (mənzil ipotekada ola-ola Bankın razılığı ilə satılıb) qalan borcu ödəmişdir. Əlində qalan 95.000 manat pulu dollara çevirib (dollar 1.02 olan vaxtda) evdə saxlamışdır. Bütün bu hadisələr zamanı ona görə arxayın idi ki, ödədiyi pulların əvəzi ona qaytarılacaq, yəni Qara Qarayevdəki mənzil onlara veriləcək. Evi satdıqdan sonra da həmin mənzildə yaşamışlar. Həmin ərəfədə qaynı Elçin Ukrayna Respublikasına getmiş, həyat yoldaşı israr etmişdir ki, o da qaynının yanına getsin, iş qurmaqda kömək etsin. Bununla razılaşmışdır ki, orda iş qurub pul qazanar. Gedərkən özü ilə 15.000 dollar pul aparmışdır. 14.000 dollarını Elçin ondan aldı ki guya kafe açır. Bir müddət sonra heç bir iş görülmədiyini görüb geri qayıtdı. O, gedərkən də evdəki puldan Abşeron rayonu 1 nömrəli Zeytun sovxozu ərazisindən 4 sot torpaq almışdır ki, ev tiksinlər. Bu evi satdığı evin əvəzinə tikmək istəyirdi. Onun 80.000 dolları həmin torpaqda iki mərtəbəli evin tikintisinə sərf olundu. Tikintinin aparılmasına da qayınatası başçılıq edirdi. Ukraynadan qayıtdıqdan sonra münasibətlərin ona qarşı mənfiyə doğru dəyişdiyini müşahidə etmişdir. Lakin, ailə həyatı olduğu üçün keçiçi olduğunu düşünmüşdür. Lakin, bir müddət sonra onu Qara Qarayevdəki mənzildən də qovmuşlar. Onu həmin mənzildən döyərək qovlayan qayınanası barəsində hal-hazırda cinayət işi başlanılıb və araşdırılır. Bu azmış kimi, onu Suraxanı rayonunda tikdirdiyi mənzilinə də buraxmamışlar. Həyat yoldaşı da Səbail Rayon Məhkəməsinə müraciət edərək aramızdaki nikahın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə nikah pozularaq uşaqları analarının himayəsində saxlanılmışdır. O, isə əlillik pensiyasından hər ay 300 manatdan çox məbləği ödəmək məcburiyyətindədir. Hal-hazırda qohumlarının və dostlarının köməyi ilə yaşayır. Hərəkət məhdudiyyəti olduğu üçün əlavə hər hansı əlavə iş də görə bilmir. Hal-hazırda kirayədə yaşayır. Dəfələrlə həyat yoldaşına və valideynlərinə müraciət edərək onun Suraxınadakı evini boşaltmalarını və borclarını qaytarmalarını xahiş etsə də hər dəfə təhqir olunmuşdur. Keçmiş həyat yoldaşı ona məxsus Abşeron rayonu 1 nömrəli Zeytun savxozu ərazisində yerləşən 4 sot torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli evinə girişini qadağan edib. Halbuki, həmin torpaq sahəsinin icarə hüquqları onun nikahdan əvvəl eldə etdiyi mənzilin satışındn əldə edilən pulu ilə alınıb, üzərindəki mənzil də həmin pulla tikilib. Belə olan halda keçmiş həyat yoldaşının birgə nikaha istinad edərək həmin torpaq sahəsinə və fərdi yaşayış evinə yiyələnməsi qanunsuzdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 130.000 manat xərcinin 2/5 (40 faiz) hissəsinə İddiaçı, 3/5 (60 faiz) hissəsinə isə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququnun tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin olunmaması hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli evin yerləşdiyi 0.04 ha torpaq sahəsi üzərində iddiaçının hüququnu tanımamaqla maddi hüquq normalarının tələbini pozub. İddiaçı hesab edir ki, bu qanunsuzdur və bu halda icarə hüququ da birgə nikah dövründə əldə edilmiş mülkiyyət kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmənin özünün də istinad etdiyi cavabdeh Əsədova (Şabanova) Elnurə İdris qızı ilə X3 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli alqı satqı müqaviləsindən də görünür ki, torpaq sahəsi ilə bağlı icarə hüququnu alqı-satqı əsasında cavabdeh əldə edib. Yəni birbaşa mübahisəli torpaq sahəsindən istifadə və sahibliyi alqı-satqı yolu ilə əldə edib və o həmin hüququ başqa bir şəxsə də satmaq hüququna malikdir. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsi üzərində icarə hüququ nikah dövründə və iddiaçının vəsaiti hesabına əldə edilib. Yəni cavabdeh nikah dövründə əldə etdiyi əmlak hüququdur, bu hüquq nikah dövründə və iddiaçının vəsaiti hesabına əldə edildiyi üçün bu hüquq iddiaçıya da şamil edilir. İddiaçı iddia tələbində göstərdiyi qızıl-zinət əşyalarını və digər əmlakları öz vəsaiti hesabına alıb və cavabdehin bu əmlakların alınmasında hər hansı rolu olmayıb. Məhkəmə bu hissədə iddianı rədd edərkən mötəbər sübutun olmamasını bildirib. Baxmayaraq ki, iddiaçı bununla bağlı məhkəmədə ətraflı izahat vermiş və müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Şahidlərin dindirilməsi ilə bağlı məsələ qaldırsa da, məhkəmə bunu rədd etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin təmsilçisi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə X1 xx xxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. X3 ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli müqaviləyə əsasən, X3 onun icarəsində olan Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin xx xxx 2008-ci ildən başlayaraq (doxsan doqquz il) icarə hüquqlarından 0.04 ha torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh 4 000 manata satmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində Şabanova (Əsədova) Elnurə İdris qızının adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-316/2018 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan olan xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2016-cı il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması, xx xxxxxx 2013cü il təvəllüdlü X4 və xx xxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin 1/3 məbləğdə alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx xxx 2018-ci il tarixdə ləğv edilmişdir. “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli 0241/19/Mİ nömrəli qiymətləndirmə hesabatına əsasən, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fəedi yaşayış evinin dəyəri 70.000 manat təşkil edir. “xxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli LP-112/19 nömrəli qiymətləndirmə hesabatına əsasən, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri 130.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 23949 nömrəli ekspert rəyinə əsasən, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 60284,7 manat məbləğində müəyyən olunmuşdur. Birinci instyansiya məhkəməsi işin tədqiq edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsini tətbiq etməklə iddianı qismən təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrıayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlakdakı payları bölünərkən, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2016-cı il təvəllüdlü X5 anası Əsədova (Şabanova) Elnurə İdris qızının yanında saxlanılmışdır. Belə olan halda məhkəmə azyaşlılar Məryəm və Günəş Əsədovaların mənafeyini nəzərə alaraq hesab edir ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş 130000,00 (yüz otuz min) manat xərcin (evin hazırki bazar dəyərinin) 2/5 (40 faiz) hissəsinə İddiaçı, 3/5 (60 faiz) hissəsinə isə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququ tanınmalı, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razı deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş 130000 manat dəyərində xərcin, yeni evin hazırki bazar dəyərinin 2/5 (40 faiz) hissəsinə İddiaçı, 3/5 (60 faiz) hissəsinə isə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququnun tanınması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, tərəflərin birgə nikah dövründə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin ev onların birgə nikah dövründə birgə əldə etdikləri vəsaitlər hesabına tikildiyindən bu evin hazırki bazar dəyərinə, yəni evin tikintisinə çəklmiş xərcə onların payı müəyyən olunmalıdır. Lakin həmin payların birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən qaydada müəyyən edilməsi üçün əsas olan hallar sübuta yetirilməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələrini tətbiq etməklə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş 130000 manat dəyərində xərcin, yeni evin hazırki bazar dəyərinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququ tanınmalıdır. Bununla yanaşı, İddiaçı cavabdeh xxxxxxxxxxxxxx qarşı “əmlak bölgüsü” tələbinə iddiası qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ərarvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bundan başqa, cavabdeh Əsədova (Şabanova) Elnurə İdris qızının müqavilə əsasında Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin 0.04 ha torpaq sahəsi hissəsinin icarə hüquqlarını alması birgə nikah dövründə əldə olunmuş ümumi birgə mülkiyyət hesab edilə bilməz. Belə ki, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Buna görə icarə hüquqlarının ½ hissədə iddiaçıya verilməsinə dair hissədə iddia təmin edilə bilməz. Bununla yanaşı, iddiaçının birgə nikah dövründə aldığı əmlakların - 5000 min manat dəyərində qızıl saat, 1200 manat dəyərində nişan üzüyü, 2000 manat dəyərində beht üzüyü və boyunbağı, “diamond” firmasına məxsus 1700 manat dəyərində ağ qızıldan ibarət sırğa və boyunbağı, 1 ədəd “Yakut” brilyantı olan 250 manat dəyərində boyunbağı, 1500 manat dəyərində ona məxsus beht üzüyü, 1 metr uzunluğunda təbii daşlardan ibarət 800 manat dəyərində boyunbağlar, 3 ədəd (Dubay şəhərindən alınmış) hər biri 300 manat dəyərində qızıl sırğalar, 1650 manat dəyərində qızıl saat, 750 manat dəyərində qızıl sep, 5 ədəd hər biri 200 manat dəyərində qızıl qolbağlar, fransa istehsalı olan 350 manat dəyərində qol saatı, gepas markalı 150 manat dəyərində saat, 1 ədəd 650 manat dəyərində notebook, 2 ədəd (qara və ağ rənglərdə) hər biri 300 manat dəyərində “ASUS” markalı balaca formada netbooklar, 1 ədəd "htc” firmasına məxsus 628 manat dəyərində telefon, 2500 manat dəyərində şuba, 6500 manat dəyərində mebel dəsti, 750 manat dəyərində soyuducu, 2000 manat dəyərində mətbəx mebeli (əlavə olaraq 600 manat dəyərində mətbəx üçün 1 stol və 6 stul), 1800 manat dəyərində divan və kreslo dəsti, 2 ədəd 2600 manat dəyərində kamod, 650 manat dəyərində ayaqqabı-paltar şkafı. 6 ədəd ümumilikdə 390 manat dəyərində stullar, “LG” markalı 450 manat dəyərində televizor, 850 manat dəyərində (75 kv.m olan) “LG” markalı kondisioner, 650 manat dəyərində moydadır (mavi və ağ rəngli olan), "LG” firmasına məxsus 690 manat dəyərində paltaryuyan maşın, ümumilikdə 680 manat dəyərində 3 ədəd çilçıraq (yataq-170 manat, qonaq-360 manat, mətbəx-150 manat), cavabdeh Əsədova (Şabanova) Elnurə İdris qızından alınaraq ona verilməsi hissəsində iddianın qanuni və əsaslı olması sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə xərclərinə aid olan məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 100 manat və qiymətləndirmənin keçirilməsi üçün sərf olunmuş 200 manatın 100 manatı hissəsi iddiaçıdan, qalan 100 manat hissəsi isə cavabdehdən tutularaq dövlət nəfinə alınmalıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-41/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 130.000,00 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququ tanınsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Birinci instansiya məhkəməsindəki icraat zamanı iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 (yüz) manatı İddiaçı tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Birinci instansiya məhkəməsindəki icraat zamanı iş üzrə əmlakın qiymətləndirilməsi xərci qismində 200 manat pulun 100 manatı İddiaçı, qalan 100 manat hissəsi isə Əsədova (Şabanova) Elnurə İdris qızından tutularaq “xxxxxxxxxxxxxxx” MMC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5865/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5865/2020
27.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver