Məhkəmə qərarları › İş №2(103)-5907/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5907/2020

08.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5907/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan qızıl-zinət əşyalarının - qızıl nişan üzüyünün (gül formalı, 5,3 qram 750 əyarlı - 600 manat), qızıl boyunbağının (zəncir formalı 8.5 qram 750 əyyarlı - 1800 manat), qızıl qolbağının (zəncir formalı, 4.5 qram, 750 əyarlı - 1200 manat), qızıl 1 cüt sırğanın (paxlava formalı, 4 qram, 750 əyarlı - 450 manat), qızıl üzüyün (paxlava formalı, 5.5 qr, 750 əyarlı - 400 manat) Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və ya əgər həmin əşyalar yoxdursa, cəmi dəyərinin 4.450 manat və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(025)-2533/2016 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixdə Qəbələ rayonu, Kürd kəndi X2 rəsmiləşdirilmiş nikah pozulmuşdur. Həmin qətnamə ilə xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 onun himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 80 (səksən) manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Toy ərəfəsində cavabdeh tərəfindən ona qızıl nişan üzüyü, qızıl boyunbağı, qızıl qolbağ, qızıl 1 cüt sırğa, qızıl üzük alınmış və ona hədiyyə verilmişdir. 2013-cü ildə onunla cavabdeh arasında ailə münaqişəsi baş vermiş və cavabdeh onu vurmuşdur. Bununla əlaqədar olaraq o rayona valideynlərinin yanına qayıtmışdır. Onun boşanmaq fikri olmamış, ümid etmişdir ki, ailə münasibətləri bərpa olunacaqdır. Lakin aralarında baş vermiş münaqişə nəticəsində onların münasibətləri düzəlmədiyindən Qəbələ rayon məhkəməsində nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra ona məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfindən qaytarılmamışdır. Həmin qızıllar ona toy hədiyyəsi olaraq verilmişdirr O, dəfələrlə Cavabdeh həmin qızılların ona geri qaytarmasını tələb etsə də, cavabdeh hələ də ona məxsus qızıl-zinət əşyalarını (boyunbağı, qolbağ və sırğa dəstinin və nişan üzüyü və 1 ədəd üzük) geri qaytarmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən tələbi təmin edilərək, Cavabdeh qızıl-zinət əşyaları - 1 ədəd nişan üzüyü (750 əyyarlı, gül formalı, 5.3 qram), 1 ədəd qızıl boyunbağı (750 əyyarlı, zəncir formalı,8.5 qram),1ədəd qızıl qolbaq (750 əyyarlı, zəncir formalı 4.5 qram), 1cüt sırğa (750 əyyarlı, paxlava formalı, 4 qram), 1ədəd qızıl üzük (750 əyyarlı, paxlava formalı, 3.5 qram) alınıb İddiaçı verilməsi, qətnamə icra olunan zaman əmlakın naturada mövcud olmadığı aşkar olunarsa onun dəyəri - 2064 (iki min altmış dörd) manat pul və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının eləyəri - 120 (yüz iyirmi) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Ona görə də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 2(025)-2533/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında xx xxxxxx 2012-ci il tarixdə Qəbələ rayonu Kürd kənd X2 bağlanaraq 01 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X5 anası X1 himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Cavabdeh xx xxxxxxxx 2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 80 (səksən) manat aliment alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 104 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 5 adda qızıl-zinət əşyalarının (750 əyyarlı, gül formalı qızıl nişan üzüyü 5.3 qram (adi və brilyant qaşlarla), 750 əyyarlı zəncir formalı qızıl boyunbağı 8.5 qram, 750 əyyarlı zəncir formalı qızıl qolbaq 4.5 qram, 750 əyyarlı, paxlava formalı qızıl bir cüt sırğa 4 qram ( adi və brilyant qaşlarla), 750 əyyarlı paxlava formalı qızıl üzük 3.5 qram (adi və brilyant qaşlarla) hazırkı bazar qiyməti 2064 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, qaşların sayını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 2533/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə X4 arasında xx xxxxxx 2012-ci il tarixdə Qəbələ rayonu Kürd kənd X2 bağlanaraq, 01 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçıya məxsus olan qızılzinət əşyaları cavabdehdə qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan ona məxsus qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını bildirsə də, qeyd olunan hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası iddiaçının ər evindən gedərkən qızıl-zinət əşyalarını cavabdehin yaşadığı ünvandan özü ilə aparılması ehtimalını inandırıcı hesab etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarında olan fotoşəkillərə baxış keçirilərkən və tərəflərin verdikləri izahatlardan müəyyən olunur ki, iddiaçının toy mərasimində üzərində həqiqətən qızıl-zinət əşyalarının olduğu müəyyən edilmişdir.Məhkəmə iclasında tədqiq olunmuş izahatlardan, iddiaçının evdən hansı şəraitdə getməsi halından təsdiq olunur ki, iddiaçı evdə mübahisə yarandığından məcbur olaraq valideynlərinin evinə qonaq qismində getmiş və özü ilə qızılzinət əşyalarını aparmamış, həmin qızıl-zinət əşyaları cavabdehin yaşadığı mənzildə qalmışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar