Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5911/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-237/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə 1623,27 ABŞ dolları əsas, 4918,27 ABŞ dolları faiz, 196,85 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 67,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 6805,74 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pulun və 20 manat xidmət haqqının Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 7 saylı evin 56 nömrəli mənzilinə (bundan sonra – Mənzil) yönəldilməsi, həmin Mənzilin açıq hərracdan satılması və borcun Mənzilin hərracdan satışından əldə olunmuş vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin Mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin Mənzildən çıxarılmaları, Mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçının “MXM” filialından illik 21% olmaqla, 36 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit almışdır. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Mənzil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydiyyata alınmışdır. Kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə görə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36%-lə cərimə hesablanmalıdır. xx.xx.2019-cu il tarixinə Cavabdeh1 1623,27 ABŞ dolları əsas, 4918,27 ABŞ dolları faiz, 196,85 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 6738,39 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcunu ödəməkdən boyun qaçırır. Bu səbəbdən də cavabdehə qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş verilmiş, reyestr orqanına ərizə göndərilmiş və qeydiyyata alınmışdır. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş, bu səbəbdən də hesablanmış faiz də cavabdeh tərəfindən ödənilməlidir. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına müvafiq olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz tələb etmək hüququna malikdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-237/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə əsas borc görə 1423,27 (min dörd yüz iyirmi üç dollar, iyirmi yeddi sent) ABŞ dolları, faiz borcuna görə 4918,27 (dörd min doqquz yüz on səkkiz dollar, iyirmi yeddi sent) ABŞ dolları, dəbbə pulu 20 (iyirmi) ABŞ dolları, 67,35 (altmış yeddi dollar, otuz beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 6428,89 (altı min səkkiz yüz iyirmi səkkiz dollar, səksən doqquz sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası manatı ilə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı Cavabdeh1 alınaraq «xxxxxxxxx» ASC -yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 7 saylı evin 56 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 7 saylı evin 56 saylı mənzilinin ilkin satış qiyməti 105.000 (yüz beş min) manat məbləğində olmaqla açıq hərracdan satılmasını və həmin mənzilin satılmasından əldə edilən vəsaitdən «xxxxxxxxx» ASC-yə olan borcun ödənilməsini, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 7 saylı evin 56 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-237/2020 nömrəli qətnaməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,onun banka ödənişləri olsa da iddiaçı bank həmin ödənişləri maliyyə arayışında göstərməmişdir və bunun nəticəsində məhkəmə-mühasibatlıq ekspertizasının rəyi düzgün hesablanmamışdır. Bundan başqa məhkəmə prosessinin səthi və birtərəfli aparılaraq onun konstitutsion hüquqlarını pozan bir qətnamə qəbul olunduğunu hesab edir. Bildirir ki, iddiaçının məhkəmə baxışı zamanı istinad etdikləri və məhkəmənin yekun qərarı ilə narazıdır. Çünki qətnamə qəbul edilərəkən onun maddi vəziyyəti nəzərə alınmamışdır. Beləki, o, hal-hazırda dollarla borcu ödəyə bilmir. Maddi vəziyyəti çox ağırdır. Həmçinin ağır xəstəlikdən əziyyət çəkir. Bank onun borcunu 1 faizlə resturuktirizasiya edərsə o zaman borcu ödəyə bildiyini, və ya borcunun hissə-hissə ödənilməsi barədə qərar olarsa ödəyə bildiyini qeyd etmişdir. Çünki həmin borcu bütöv ödəməyə heç cür imkanının olmadığını bildirmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1izahatında bildirmişdir ki, xx.xx.2015-ci ildə 2 otaqlı mənzilini girov qoyaraq “xxxxxxxxx” ASC-nin baş ofisindən 15000 ABŞ dolları pul götürmüş, vatlı-vaxtında ödəniş etmiş. Devolivasiya ilə əlaqədar artımdan yığılan borc Xətai rayon məhkəməsinin 2(011)-237/2020-ci il tarixli qətnaməsi və bank tərəfindən 6428,89 ABŞ dolları onların ailəsindən nəğd şəkildə tələb olunur. Bu məbləğdən xx.xx.2020-ci ildə 1428,89 ABŞ dolları daha sonra 1000 ABŞ dolları ödəniş etmiş. Qalan 4000 ABŞ dolları imkanı olmadığı üçün bu məbləğin 20 aya bölüşdürülməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə Kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq, həmin cavabdehə məxsus Mənzilə dair eyni tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 isə müqavilə üzrə götürdüyü öhdəliyini tam icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə, habelə tutmanın ipoteka predmeti olan Mənzilə yönəldilməsi, həmin Mənzilin açıq hərracdan satılmaqla, əldə edilmiş vəsaitin borca yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində tam, əsas borcun tutulması hissəsində isə qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2020-ci il tarixli, 25620 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixə Cavabdeh1 iddiaçıya 1623,27 ABŞ dolları əsas, 5192,99 ABŞ dolları məbləğində faiz borcu vardır. Həmçinin, ekspert rəydə qeyd etmişdir ki, borcun xx.xx.2019-cu il tarixədək hesablanması barədə sual qoyulduğundan, lakin Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə 200 ABŞ dolları məbləğində pul ödənildiyindən, həmin vəsait rəydə nəzərə alınmamışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi xx.xx.2015 – xx.xx.2019-cu illəri əhatə edən hesabdan çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən ödənilmiş 200 ABŞ dolları Kredit müqaviləsi üzrə əsas borcdan çıxılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Kredit müqaviləsi üzrə əsas borca görə 1423,27 ABŞ dolları, faiz borcuna görə 4918,27 ABŞ dolları məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin, iddianın 196,85 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu tələb olunan əsas və faiz borcuna qeri-mütənasibdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə kollegiyası iddia ərizəsində göstərilən dəbbə pulunun 196,85 ABŞ dolları məbləğində deyil, 20 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə kollegiyası həmçinin, iddianın kredit müqaviləsi üzrə əldən çıxmış faydaya görə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 67,35 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kollegiya həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin, tələbin ipoteka qoyulmuş Mənzilə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş Mənzilə yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş Mənzilə yönəldilməlidir. Məhkəmə kollegiyası tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş həmin Mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 105.000 manat müəyyən edilməlidir. Belə ki, “Buta” Qiymətləndirmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, 83 saylı ekspert rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Mənzilin bazar dəyəri 105.000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya, iddia tələbinin “tutmanın Mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların Mənzildən çıxarılmaları, Mənzilin boşaldılması və Banka təhvil verilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Kollegiya həmçinin, hesab edir ki, iddia tələbi “cavabdehlərin qeyd olunan daşınmaz əmlaka istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin iddiaçıya təhvil verilməsi”nə dair hissədə əsassızdır. Belə ki, cavabdehin istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehin qeyd olunan daşınmaz əmlaklara istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. İpoteka qoyanın və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin mənzil satıldıqdan sonra mənzilin mülkiyyətçi iddiaçı olmaya da bilər. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır (MM-nin 414.1-ci maddəsi). Buna görə də iddiaçı cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin ona təhvil verilməsini tələb etməsi əsassızdır. Məhkəmə kollegiyası iddianın “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməsi”na dair iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsdə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-237/2020 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5911/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5911/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver