Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5915/2025 31.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Məhəmməd Rüstəmlidən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı “hotel tipli tikili üzərində hüquqların bərpası və s. barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-3290/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində Nizami rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əşya ilə bağlı bir neçə tələb irəli sürülüb. 2.Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş səndlər geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərazi aidiyyətinə görə iddia ərizəsinə Nizami Rayon Məhkəməsində baxılmalı deyil. Belə ki, hazırkı iddia ərizəsi cavabdehlərin ünvanının olduğu yerin məhkəməsinə verilməlidir, lakin cavabdehlərdən heç birinin ünvanı Nizami rayonunda yerləşmir. Hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad olunub. Həmin maddəyə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 3.Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və iddia ərizəsi icraata qəbul edilsin. Şikayət onunla əsaslandırılıb ki, daşınmaz əmlak Nizami rayonunun ərazisində yerləşdiyinə görə, iddia ərizəsinə MPM-in 39-cu maddəsində müəyyən edilmiş müstəsna aidiyyət qaydasında uyğun olaraq Nizami Rayon Məhkəməsində baxılmalıdır. 4.Birinci instansiyası məhkəməsi şikayəti təmin etməyib və onu baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 5.MPM-in 39.1-ci maddəsinə görə, müstəsna aidiyyətin şamil olunduğu iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Lakin müstəsna aidiyyət daşınmaz əşya ilə bağlı bütün iddialara deyil, yalnız göstərilən 3 iddiaya şamil olunur: 1) daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması barədə iddia; 2) daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə iddia; 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia. 6.İddia ərizəsində 1-ci tələb belə göstərilib: “ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1.200 kv.m olan və 30 mənzildən ibarət hotel tipli tikili ilə üzrə iddiaçının əvvəlki hüquqi vəziyyətinin bərpası təmin edilsin”. Belə məzmunlu tələb həddindən artıq ümumi olmaqla qeyri-müəyyəndir. Yəni iddiaçı “əvvəlki hüquqi vəziyyət” deyiləndə hansı vəziyyəti nəzərdə tutduğunu, habelə nəzərdə tutduğu vəziyyətin bərpa edilməsi üçün cavabdehlərdən hansı hərəkəti və ya hərəkətsizliyi tələb etdiyini açıqlamayıb. Odur ki, belə məzmunlu tələb MPM-in 39.1-ci maddəsindəki 3 iddiadan heç birinə uyğun gəlmir. 7.İddia ərizəsində 2-ci tələb belə göstərilib: “Cavabdeh1 QSC-nin qeyd olunan əmlaka subyektiv hüququ aşkarlanmadığı əsaslarla, cavabdehin qanunsuz müdaxiləsi sair şəxslərə icarə. sökülməsi istifadə mənfəət götürmə cəhdləri dayandırılsın və həmin müdaxilələr hüquqi cəhətdən etibarsız hesab edilsin”. Bu tələbdəki fikir aydın deyil, çünki cümləyə aid qaydalar pozulub. Belə ki, cümlə - sözlərin bitmiş fikir ifadə edən birləşməsidir. Cümlə biri-biri ilə məna və qramatik cəhətdən bağlı olan sözlərdən və söz birləşmələrinən təşkil olunur. Odur ki, belə məzmunlu tələb MPM-in 39.1-ci maddəsindəki 3 iddiadan heç birinə uyğun gəlmir. 8.İddia ərizəsində 3-cü tələb belə göstərilib: “İddiaçıya məxsus əmlakdan istifadəyə qoyulmuş bütün maneələrin aradan qaldırılması təmin edilsin”. Belə məzmunlu tələb qeyrimüəyyəndir. Yəni iddiaçı “meneələr” deyiləndə hansı maneələri nəzərdə tutduğunu, habelə nəzərdə tutduğu maneələrin aradan qaldırılması üçün cavabdehlərdən hansı hərəkəti və ya hərəkətsizliyi tələb etdiyini açıqlamayıb. Odur ki, belə məzmunlu tələb MPM-in 39.1-ci maddəsindəki 3 iddiadan heç birinə uyğun gəlmir. 9.İddia ərizəsindəki 4-cü tələb belə göstərilib: “İddiaçının istifadədən məhrum edilməsi nəticəsində çəkdiyi zərərə görə indeksləşdirilmiş kompensasiyanın cavabdehdən tələb hüququ iş icraatında əsaslandırmaq hüququ tanınsın”. Zərər çəkən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bu hüququn həyata keçirilməsi üçün zərər çəkən ona zərərin vurulduğunu əsaslandırmalı və zərərin əvəzi kimi tələb etdiyi məbləği iddia ərizəsində göstərməlidir. Qanunvericilikdə “zərərə görə indeksləşdirilmiş kompensasiyanı tələb hüququnun iş icraatında əsaslandırmaq hüququ” deyilən hüquq yoxdur. Belə məzmunlu tələb MPM-in 39.1-ci maddəsindəki 3 iddiadan heç birinə uyğun gəlmir. 10.İddia ərizəsindəki 5-ci tələb belə göstərilib: “İşdə ikinci cavabdeh kimi göstərilən "xxxx" MMC-nin prosesdə iştirakı təmin edilərək, onun rəsmi arayaşında əks olunmuş (hərracda nə 0.09842 ha torpaq sahəsinin, nə də 1200 kv.m hotel kompleksinin və 30 mənzilin satılmadığı barədə) məlumatın məhkəmə qətnaməsində qeyd olunmasına qərar verilsin”. Məhkəmə qeyd edir ki, “məlumatın qətnamədə qeyd olunması barədə qərar qəbul edilməsi barədə tələb” iddia tələbi hesab olunmur, çünki qətnamə - işi mahiyyəti üzrə həll edən məhkəmə aktıdır (MPM, maddə 216.1), qətnamədə hansısa məlumatın yazılması barədə ayrıca qərar qəbul edilə bilməz. Belə məzmunlu tələb MPM-in 39.1-ci maddəsindəki 3 iddiadan heç birinə uyğun gəlmir. 11.Göründüyü kimi, iddia ərizəsinə MPM-in 39.1-ci maddəsində müəyyən edilmiş müstəsna aidiyyət tətbiq oluna oluna bilməz. 12.Bundan başqa, elektron qaydada verilən iddia ərizəsinin giriş hissəsində iddiaçı kimi yalnız İddiaçı göstərilsə də, daha sonra iddia ərizəsinin məzmununda iddiaçı kimi 2 şəxs - İddiaçı və "xxxx" MMC göstərilib, lakin iddia ərizəsini fiziki şəxs kimi İddiaçı imzalayıb. Bununla yanaşı, iddia ərizəsinin giriş hissəsində cavabdeh kimi 2 şəxs - Cavabdeh1 QSC və "xxxx" MMC göstərilsə də, daha sonra iddia ərizəsinin məzmununda cavabdeh kimi 3 şəxs - Cavabdeh1 QSC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC göstərilib. 13.Beləliklə, MPM-in 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Cavabdeh kimi göstərilmiş hüquqi şəxslərin heç birinin hüquqi ünvanı Nizami rayonunda yerləşmir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin geri qaytarılmasını qərara alıb. Əgər iddiaçı müstəsna aidiyyət qaydasından istinfadə etmək istəyirsə, iddia ərizəsinin məzmununda müstəsna aidiyyətə uyğun gələn tələbləri göstərməlidir. Bununla yanaşı, iddiaçı yenidən məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair göstərişlərinə əməl etməlidir. 14.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-3290/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5915/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5915/2025
31.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver