Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5924/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə qarşı ("xxxx" KB ASC-nin və X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi) “hərracın nəticələrinin, hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Yardımlı Rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilərək Mirişov Firudin Şahverdi oğlundan xx.xx.2014-cü il tarixli 51KD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 51KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 61 789 (altmış bir min yeddi yüz səksən doqquz) ABŞ dolları 94 (doxsan dörd) sent əsas, 9711 (doqquz min yeddi yüz on bir) ABŞ dolları 43 (qırx üç) sent faiz, 2854 (iki min səkkiz yüz əlli dörd) ABŞ dolları 77 (yetmiş yeddi) sent cərimə borcu olmaqla cəmi 74 356 (yetmiş dörd min üç yüz əlli altı) ABŞ dolları 14 (on dörd) sent məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın "xxxx" KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan X2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Mirişov Firudin Şahverdi oğlunun kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 70 000 manat məbləğində müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0215 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Mirişov Firudin Şahverdi oğlunun və X2 çıxarılması qət edilmişdir.
2. Həmin qətnamədən Mirişov Firudin Şahverdi oğlunun verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə Mirişov Firudin Şahverdi oğlundan 9711,43 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilərək faiz borcu 9049,52 (doqquz min qırx doqquz) ABŞ dolları 52 (əlli iki) sent müəyyən olunmuş, Mirişov Firudin Şahverdi oğlundan xx.xx.2014-cü il tarixli 51KD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 51KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 61 789 (altmış bir min yeddi yüz səksən doqquz) ABŞ dolları 94 (doxsan dörd) sent əsas, 9049,52 (doqquz min qırx doqquz) ABŞ dolları 52 (əlli iki) sent faiz, 2854 (iki min səkkiz yüz əlli dörd) ABŞ dolları 77 (yetmiş yeddi) sent cərimə borcu olmaqla cəmi 73 694 (yetmiş üç min altı yüz doxsan dörd) ABŞ dolları 23 (iyirmi üç) sent məbləğində borcun (qətnamənin icra edildiyi günə olan Azərbaycan manatınin məzənnəsi ilə) "xxxx" KB ASCnin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
3. Şirvan Apellyasiya Məhkəməsinin 10 avqust 2018-ci il tarixdə icraya yönəldilmiş, xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinin hərracda satılması ilə bağlı sifariş məktubu göndərilmişdir.
4. "xxxx" MMC tərəfindən tərəfindən hərraclar keçirilmiş, əmlak hərracda satılmadığından tələbkar banka təklif olunmuş, xx.xx.2019-cu il tarixdə bankla hərrac təşkilatı arasında hərracın yekunları barədə protokol imzalanmış və əmlak bankın mülkiyyətinə keçirilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC tərəfindən xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərracın və həmin hərracın yekunları barədə tərtib edilmiş 49/04 saylı protokolun, həmçinin qeyd edilən protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, kirayədə yaşadığından 2015-ci ildə ev almaq məqsədi olduğu üçün ev-alqı satqısı üzrə mütəxəssislər vasitəsilə Mirişov Firudin Şahverdi oğlu ilə tanış olmuş, sonuncu ona oğlu Rəşad Mirişliyə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 135 000 manata satmaq istədiyini bildirmiş, evə baxıb bəyənmiş və 500 manat da beh vermişdir. Lakin sonradan tələb edilən məbləği ödəyə bilməyəcəyini və ən uzağı 80 000-90 000 manatlıq ev almaq istədiyini Firudinə bildirmiş, Firudin isə öz növbəsində heç bir problem və sıxıntı olmadığını, evi ondan yaxşı adama satmayacağını deməklə onu evi almağa şirnikləndirmiş, oğluna toy edəcəyi, təcili pula ehtiyacı olduğu üçün evi bir az daha ucuz qiymətə, yəni 115 000 manata sata biləcəyini söyləmişdir. Bundan sonra aralarındakı razılaşmaya əsasən ilkin olaraq öz yaxını - Klos adlı vətən müharibəsi qazisi olan qohumu ilə Firudinə 55 000 manat vermiş, bunun müqabilində Firudin evin texniki pasportunu və açarlarını ona təqdim edərək “artıq ev sənindir, get yaşa və evin pulu tam ödənildikdən sonra rəsmi sənədləşmə aparılacaq” demişdir. Ailəsi ilə köçüb həmin evdə yaşamağa başlamış, eyni zamanda bu müddət ərzində müxtəlif vaxtlarda istər Firudin, istərsə də onun oğlu (evin sahibi) Rəşada 100 000 (bir yüz min) manatdan artıq pul ödəmişdir. Lakin hər dəfə Firudinə evin artıq sənədləşdirilməsinin zəruri olduğunu bildirdikdə o bundan yayınmış, müxtəlif bəhanələrlə evin sənədləşdirilməsindən boyun qaçırmışdır. Firudinin və oğlunun bir dələduz olduğu ona məlum olandan sonra onunla qəti məsələni həll etmək qərarına gəlmiş, lakin 2020-ci ilin sonları, 2021-ci ilin əvvəllərində Firudin avtoqəza nəticəsində vəfat etmişdir. Ailəsi ilə birlikdə fərdi yaşayış evində yaşayır. Bu müddət ərzində evlə bağlı heç kimlə mübahisəsi, həmçinin evlə bağlı məhkəmə icraatının getməsindən məlumatı olmamışdır. Lakin 2021-ci ilin ilin noyabr ayında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən yaşadığı ünvana daxil olmuş, bildirişdə evdə X1 qeydiyyatda olduğu, evin boşaldılması ilə bağlı “Unibank" ASC-nin tələbinin mtəhkəmə tərəfindən təmin edildiyi barədə məlumat əldə etmiş, bundan sonra Firudin və onun oğlu Rəşad tərəfindən ona satılmış evin əslində bankda girovda olduğu, evin "xxxx" KB ASC tərəfindən hərrac yolu ilə alındığı və artıq bankın mülkiyyətində olduğu məlum olmuşdur. Evin bankda girovda olduğunu bilməyərək 6 (altı) ildən artıqdır ki, ailəsi ilə birlikdə orada yaşayır, vergi və digər kommunal xərcləri ödəyir. xx.xx.2019-cu il tarixdə keçirilmiş hərrac və tərtib edilmiş 49/04 saylı protokol bir sıra qanun pozuntuları ilə müşayət olunur. Protokoldan göründüyü kimi hərrac bankın istəyilə, yalnız onun nümayəndəsinin iştirakı ilə keçirilmiş və maraqlı şəxs olaraq nə satılan əmlakın sahibinin, nə onun, həmçinin hər hansı hərracda iştirak etmək istəyən şəxsin iştirakı təmin edilməmişdir. Ən azından yaşadığı evi itirməmək üçün onu protokolda göstərilən qiymətə almağa razı olardı.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, X3 məxsus Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində yerləşən 0,0215 ha torpaq sahəsi və üzərində yerləşən 1A saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər öz təsdiqini tapmamışdır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, Zamanov X4 rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində yerləşən 0,0215 ha torpaq sahəsi və üzərində yerləşən 1A saylı fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir.
10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcələlnin 415.2-ci, 416-cı, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.3, 46.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir.
11. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış "xxxx" MMC-nin, habelə iddiaçı tərəfindən üçüncü şəxs qismində göstərilmiş "xxxx" KB ASC-nin nümayəndələri və X5 məhkəməyə gəlməmişlər.
13. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı gələ bilmədiyini göstərməklə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də iddiaçının özünün prosesdə iştirak etdiyi və şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
15. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
16. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
17. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
18. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddiasına ilk növbədə onun, müvafiq tələbləri irəli sürməyə subyektiv hüququnun olub-olmadığı kontekstində qiymət verilməlidir.
26. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
27. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
28. İşin hallarından aydın olur ki, iddiaçının mübahisəsi gedən əmlaka (hərraca çıxarılmış evə) hər hansı hüququ olmamış, ümumiyyətlə o, icra icraatında iştirak etməmişdir; bu isə o deməkdir ki, iddiaçını müvafiq iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir.
29. Digər tərəfdən iş materiallarından aydın olur ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında hərrac proseduruna başlayan "xxxx" MMC, xx.xx.2019-cu il tarixdə icra icraatının tərəflərinə Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində yerləşən 0,0215 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1A saylı fərdi yaşayış evinin 70 000 manat ilkin satış qiyməti ilə xx.xx.2019-cu il tarixdə saat 11:00-da hərraca çıxarılacağı barədə bildiriş göndərilmiş, bu barədə “Birja yenilikləri” qəzetində elan verilmiş, ilkin hərracı baş tutmadığından təkrar hərrac xx.xx.2019-cu il tarixə təyin olunaraq əmlakın 59 500 manata təkrar hərraca çıxarıldığı barədə icra icraatının tərəflərinə bildiriş ünvanlanmış və “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir.
30. Göründüyü kimi, əmlakın satılması ilə bağlı hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, icra icraatının tərəfləri hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə lazımi qaydada məlumatlandırılmışlar.
31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-810/2022 saylı iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov