Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5943/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-106/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat baxaraq müəyyən etdi : Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(002)- 106/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Abdullovnaya qarşı «paylı mülkiyyətdə olan mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsi» tələbinə dair iddiası təmin edilmiş, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinin açıq hərracdan satılması; mənzilin satışından əldə olunan pul vəsaitinin paylı mülkiyyətçilərin payına mütənasib, yəni 1/2 hissədə Cavabdeh Abdullovnaya, 1/2 hissədə İddiaçı Vlaçeslavovnaya verilməsi; ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinin ilkin satış qiymətinin 56.700 manat müəyyən olunması; iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi; iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin Cavabdeh Abdullovnadan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh Abdullovnanın nümayəndəsi və vəkili Vəkil1 həmin qətnamədən apellyasiya şikayəti, eləcə də, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-106/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh Abdullovnaya qarşı «paylı mülkiyyətdə olan mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(002)- 106/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə Cavabdeh Abdullovnanın nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(002)-106/2023 saylı qətnaməsindən Cavabdeh Abdullovna tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə buraxılmış prosessual müddət bərpa edilmiş, ekspertiza xərci olan 127 manatın Cavabdeh Abdullovnadan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməsi qərara alınmışdır. İddiaçı vəkili Vəkil2 vasitəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(002)- 106/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddət bərpa edilməsi barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-106/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-106/2023 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(002)- 106/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh Abdullovnanın prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Birinci instansiya məhkəməsi müddətin bərpa edilməsi barədə ərizəni təmin edərkən onunla əsaslanmışdır ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddəti üzürlü səbəbdən, qətnamə rəsmi şəkildə cavabdehə təqdim edilmədiyi üçün buraxılmışdır. İş materiallarında olan iddiaçı Cavabdeh Abdullovnanın cavabdehlər Qaradağ rayon İcra şöbəsinə və Azərbaycan Respublikası ixtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı iddia ərizəsinin surətindən görünür ki, həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan iddia ərizəsindən görünür ki, Cavabdeh Abdullovna həmin tarixdə artıq məhkəmə qətnaməsindən xəbərdar olmuşdur. Kollegiya qeyd edir ki, müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, şikayət vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qəraradı ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-nin 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: «qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, birinci instansiya məhkəməsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(002)- 106/2023 saylı qətnaməsindən Cavabdeh Abdullovnanın nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin müddətinin bərpa edilməsinə dair ərizəsini təmin etməkdə haqlı olmamışdır. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-106/2023 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(002)- 106/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə Cavabdeh Abdullovnanın nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-106/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(002)- 106/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə Cavabdeh Abdullovnanın nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5943/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5943/2024
16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver