Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5944/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - “X2 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi X1 iştirakı ilə “X2 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X2 Edilməsi Agentliyi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9448,77 ABŞ dolları əsas, 526,32 ABŞ dolları faiz borcu olmaqla cəmi 9975,09 ABŞ dolları kredit borcunun və dövlət rüsumunun əvəzi qismində 30 manatın İddiaçı QSCnin xeyrinə tutulması, tələbin Cavabdeh mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobilə yönəldilərək avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsi”nə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmiş, İddiaçı QSC ilə “X2 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirməyə başlamışdır. Qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər “X2 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2013cü il tarixdə 0925 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh illik 18% tətbiq edilməklə, 48 ay müddətinə 18 317 ABŞ dolları kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq ona məxsus “Hyundai Elantra” markalı avtomobil ipotekaya qoyulmuşdur. Cavabdeh üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və əsas borc üzrə 9448,77 ABŞ dolları, faiz borcu üzrə 526,32 ABŞ dolları borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə ona dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 9161,60 ABŞ dolları əsas, 471,75 ABŞ dolları faiz borcu olmaqla cəmi 9633,35 (doqquz min altı yüz otuz üç dollar otuz beş sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş, Cavabdeh məxsus “Hyundai Elantra” markalı ** VM *** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək onun açıq hərracda satılması və satışdan əldə edilmiş məbləğ hesabına borcun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin ekspert rəyinə istinad etməklə borc məbləğlərini düzgün hesablamadığı, faiz tələbini tam təmin etməməklə Kostitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının müddəalarını düzgün tətbiq etmədiyi, cərimə tələbini heç bir əsas göstərmədən təmin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlillərini müdafiə etməklə onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddiaçıya münasibətdə və onun iddiasının təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq qətnamə mübahisələndirilən hissədə və onu mübahisələndirən tərəfə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında xx xxxxx 2013-cü il tarixdə kredit müqaviləsi bağlanaraq adı çəkilən şəxsə 48 ay müddətinə, illik 18 % ödəməsi şərtilə 18 317 ABŞ dolları kredit verilmiş, onun öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan “Hyundai Elanrta” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyi əsasında müəyyən etmişdir ki, xx xxxx 2019-cu il tarixinə Cavabdeh əsas kredit borcu 9161,60 ABŞ dolları, faiz borcu isə 471,75 ABŞ dolları təşkil etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və apellyatorun “borc məbləğlərinin düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud deyildir və məhkəmə həmin rəylə müəyyənləşdirilən rəqəmləri əsas götürməkdə haqlı olmuşdur. Apellyatorun “cərimə tələbinin heç bir əsas göstərilmədən təmin edilmədiyi” arqumentinə isə kollegiya ümumiyyətlə münasibət bildirməyi zəruri hesab etmir; çünkü iddiaçı tərəfindən belə bir tələb ümumiyyətlə irəli sürülməmişdir və apellyasiya şikayətini imzalayan şəxsin diqqətinə çatdırılmalıdır ki, məhkəmə yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası həmçinin, şikayətin dəlillərindən asılı olmadan münasibət bildirilməsi zəruri olan hal kimi qiymətləndirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, hazırkı halda bununla bağlı qərar qəbul edilməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Tərəflər bununla bağlı hər hansı razılmaşlarını məhkəməyə təqdim etməmişlər; belə olan halda isə avtomobilin texniki vəziyyəti barədə məlumat olmadığından onun təxmini bazar qiymətinin müəyyənləşdirilməsi də qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir.Bu baxımdan, tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz.Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə isə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı öz həllini tapmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3655/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə və onu mübahisələndirən tərəfə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5944/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5944/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver