Məhkəmə qərarları › İş №2(103)-5944/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5944/2025

03.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5944/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6460/2025 saylı, 23 sentyabr 2025-ci il tarixli qərardadından Ərizəçi şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6460/2025 saylı, 23 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakim İlkin Əliyev) ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması və ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5258/2025 saylı qərardadı ilə ərizə geri qaytarılarkən ölüm haqqında tibbi şəhadətnamənin alınmasının mümkünsüzlüyü ilə bağlı sənədi əlavə etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin yenidən məhkəməyə müraciət edilərkən 3 nömrəli Uşaq Poliklinikasının məktubu ərizəyə əlavə edilmişdir, hansı ki, həmin məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov 12 ünvanı 3 nömrəli uşaq poliklinikasının xidməti ərazisinə aid deyil. Göründüyü kimi ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınmasının mümkünsüzlüyü ilə bağlı mahiyyəti üzrə sənəd təqdim etməmişdir, dolayısı ilə nöqsanlar aradan qaldırılaraq məhkəməyə müraciət edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8- ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərardaddan Ərizəçi şikayət verərək ləğv, iddia ərizəsinin isə icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş edib şikayətində göstərib ki, X4 rəhmətə gedərkən ünvan 2 ünvanın da ərazi poliklinkası məhz 3 saylı Uşaq Polikilinkası olmuşdur. Eyni zamanda, onun tərəfindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Bakı Baş Səhiyyə Mərkəzi” X8 3 nömrəli uşaq poliklinikasına vəkil sorğusu ünvanlanmış və təqdim edilmiş cavabdan aydın olur ki, xx.xx.1979-cu il təvəllüdlü X3 ölüm faktı barədə poliklinikada heç bir məlumat mövcud deyil. Ərizəçinin lazımi sənədləri ala bilməməsi səlahiyyətli orqanlarda məlumatların olmamasıdır. Lakin X1 rayonu ikinci Şahsevən kənd qəbiristanlığında dəfn edildiyindən Beyləqan rayonu İHB-nın İkinci Şahsevən kənd İƏD üzrə nümayəndəsinə müraciət edilmiş və nümayəndə tərəfindən ölüm faktını təsdiq edən xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş imzalarla və möhürlə təsdiq edilmişdir. Göründüyü kimi, aidiyyəti orqanlardan bütün sənədlər toplandıqdan sonra sənədlər məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6460/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətində göstərib ki, iddia ərizəsinin geri qaytarılmasına səbəb ölüm haqqında tibbi şəhadətnamənin alınmasının mümkünsüzlüyünə dair mahiyyəti üzrə sənədin təqdim edilməməsi olmuşdur. Çünki iddiaçının bununla bağlı təqdim etdiyi arayış ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı barədə yox, ölən şəxsin yaşadığı ünvanın 3 nömrəli uşaq poliklinikasının xidməti ərazisinə aid olmaması barədə olmuşdur. Bu səbəbdən də hesab edir ki, şikayət əsassızdır və baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilməlidir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310.1-ci əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni geri qaytarmaqla gəldiyi qənaət düzgün olub. Çünki ərizənin geri qaytarılmasına səbəb ölüm haqqında tibbi şəhadətnamənin alınmasının mümkünsüzlüyünə dair sübutların təqdim edilməməsi olmuşdur. Demək ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 9-cu bəndinin tələblərinə əsasən də, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması səhv olmayıb. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6460/2025 saylı, 23 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6460/2025 saylı, 23 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar