Məhkəmə qərarları › İş №2(103)-596/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-596/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-596/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Nofəl qızına və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4 Nofəl qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit öhdəliyi üzrə qalan 41.144,37 (qırx bir min bir yüz qırx dörd manat otuz yeddi qəpik) manat əsas borcu, müqavilə müddəti bitən tarixə 15.903,10 (on beş min doqquz yüz üç manat on qəpik) manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.433,94 (bir min dörd yüz otuz üç manat doxsan dörd qəpik) manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixi qərarına əsasən hesablanan 366,65 (üç yüz altmış altı manat altmış beş qəpik) manat olmaqla, ümumilikdə 58.848,06 (əlli səkkiz min səkkiz yüz qırx səkkiz manat altı qəpik) manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi ev 10/1 mənzil 7, Cavabdeh4 Nofəl qızının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 68 mənzil 16 və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlaklara tutmanın yönəldilməsi, həmin ünvanlarda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək açıq hərrac yolu ilə satılması, hərracdan satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 134/20 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli, 243/13 nömrəli kredit müqaviləsinə əsasən 39.257,18 (otuz doqquz min iki yüz əlli yeddi manat on səkkiz qəpik) manat məbləğində əsas, 2.167,87 (iki min bir yüz altmış yeddi manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə borcu və iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləği üzrə 196,28 (bir yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat olmaqla, ümumilikdə 41.921,33 manat (qırx bir min doqquz yüz iyirmi bir manat otuz üç qəpik) məbləğində borc vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 10/1 nömrəli evin 7 nömrəli mənzilinə və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 89 nömrəli evin 40 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərrac yolu ilə realizə edilməsi, mənzillərin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait müvafiq olaraq hər birinə ayrı-ayrılıqda mülkiyyətlərinə münasibətdə Cavabdeh2 və Cavabdeh3 verilməsi, ipoteka predmetləri olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi 10/1 nömrəli evin 7 nömrəli mənzilinin ilkin satış qiymətinin 46.300 (qırx altı min üç yüz) manat və Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 89 nömrəli evin 40 nömrəli mənzilinin ilkin satış qiymətinin 125.500 (bir yüz iyirmi beş min beş yüz) manat müəyyən olunması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi 10/1 nömrəli evin 7 nömrəli mənzilin və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 89 nömrəli evin 40 nömrəli mənzilin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması qərara alınmaqla, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat pulun Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manat (üç əmlak hər biri ayrılıqda 300 (üç yüz) manat olmaqla) pulun Cavabdeh1 tutulub “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 134/20 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İddiaçı LPO “xxxx” ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən kredit üzrə borc məbləği, həmçinin cərimə məbləği və borcun geciekməsinə görə hesablanmış 5% məbləğ düzgün müəyyən edilməmişdir. Hesab edirlər ki, bu səbəbdən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borcun real məbləği müəyyən edilməlidir. Bundan başqa, məhkəmə tərəfindən əmlakın ilkin satış qiyməti də düzgün müəyyən edilməmişdir. Belə ki, onların araşdırmasına görə, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi 10/1 nömrəli evin 7 nömrəli mənzilinin satış qiymətinin 46.300 manat, Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 89 nömrəli evin 40 nömrəli mənzilinin satış qiymətinin isə 91.000 manat müəyyən olunması müəyyən edilmişdir. Hesab edirlər ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən faiz və cərimə borcu artıq hesablanmışdır. Cavabdeh hesab edir ki, onun 1000 manat civarında faiz borcu qalmışdır, hesablanmış 300 manat cərimə borcu isə ümumiyyətlə silinməlidir. Bundan başqa, ipoteka predmeti olan mənzillər satıldıqdan sonra onun 1 ay müddətində boşaldılması hissəsində iddianın təmin edilməsi də düzgün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməklə ddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 243/13 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya illik 7% (vaxtı keçmiş kredit üzrə 14%) olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 115.000 (bir yüz on beş min) manat məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 10/1, mənzil 7 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1120 nömrəli reyestr kitabının 101456 nömrəli vərəqində xx xxxxx 2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3159, Həsənbəy Zərdabi prospekti, ev 89, mənzil 40 tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 1436 nömrəli reyestr kitabının 131542 nömrəli vərəqində xx xxxx 2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 243/13/1 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, xx xxxxxx 2013-cü il tarixli, 243/13 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 30.000 (otuz min) manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 10/1, mənzil 7 ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 243/13/2 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, xx xxxxxx 2013-cü il tarixli, 243/13 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh4 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən qiymətləndirilməyən (belə ki, ipoteka qoyan ipoteka saxlayanın razılığı olmadan ipoteka predmetinin dəyərinin artmasına səbəb olmuş əsaslı tikintiquraşdırma işləri apardığı halda ipoteka ipoteka hüququ sonradan yaradılmış tikililərə də şamil olunur) Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 68, mənzil 16 ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 243/13/3 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, xx xxxxxx 2013-cü il tarixli, 243/13 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən qiymətləndirilməyən (belə ki, ipoteka qoyan ipoteka saxlayanın razılığı olmadan ipoteka predmetinin dəyərinin artmasına səbəb olmuş əsaslı tikinti-quraşdırma işləri apardığı halda ipoteka hüququ sonradan yaradılmış tikililərə də şamil olunur) Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 89, mənzil 40 ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 10/1, mənzil 7 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 1120 nömrəli reyestr kitabının 101456 nömrəli vərəqində xx xxxxxx 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 89, mənzil 40 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 1436 nömrəli reyestr kitabının 131542 nömrəli vərəqində xx xxxxxx 2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 68, mənzil 16 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 2032 nömrəli reyestr kitabının 187828 nömrəli vərəqində xx xxxxxx 2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh1 ünvanladığı xx xxxx 2017-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, müvafiq kredit müqaviləsi əsasında hesablanmış əsas və faiz borcunun 5 (beş gün) müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə tələb olunan əsas və faiz borcu ilə yanaşı, gecikdirilmiş faiz və cərimə məbləğinin ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir; Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Qaraça oğluna ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair bildirişdən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə digər cavabdehlər olan ipoteka qoyanlar xəbərdar edilmişlər. İş materiallarında olan Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizələrin məzmunundan görünür ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 89, 40 nömrəli mənzilə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 10/1, 7 nömrəli mənzilə borcun tutulmasının yönəldilməsinin qeydiyyata alınması xahiş olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli, **********14 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 89, 40 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2013-cü il tarixli, 243/13 nömrəli kredit müqaviləsi üzrə xx xxx 2019-cu il tarixə əsas borcu 41.144,37 (qırx bir min bir yüz qırx dörd manat otuz yeddi) manat, faiz borcu 15.903,10 (on beş min doqquz yüz üç manat on qəpik) manat, cərimə borcu 1.433,94 (bir min dörd yüz otuz üç manat doxsan dörd) manat, gecikdirilmiş vaxt üçün hesablanmış 5% borc 949,52 (doqquz yüz qırx doqquz manat əlli iki qəpik) manat olmaqla, cəmi 59.430,93 (əlli doqquz min dörd yüz otuz manat doxsan üç qəpik) manat təşkil edir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2013-cü il tarixli, 243/13nömrəli kreditimüqaviləsi üzrə xx xxxxxxx 2019-cu il tarixə əsas borcu 41.144,37 (qırx bir min bir yüz qırx dörd manat otuz yeddi) manat, faiz borcu 15.903,10 (on beş min doqquz yüz üç manat on qəpik) manat, cərimə borcu 2.657,98 (iki min altı yüz əlli yeddi manat doxsan səkkiz) manat, gecikdirilmiş vaxt üçün hesablanmış 5% borc 1.838,62 (bir min səkkiz yüz otuz səkkiz manat altmış iki qəpik) manat olmaqla, cəmi 61.544,07 (altmış bir min beş yüz qırx dörd manat yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 27172 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 qızı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 243/13 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2018-ci il tarixə olan cəmi borcu 41.425,05 (qırx bir min dörd yüz iyirmi beş manat beş qəpik) manat məbləğində müəyyən olunmuşdur ki, həmin məbləğin 39.257,18 (otuz doqquz min iki yüz əlli yeddi manat on səkkiz qəpik) manat hissəsi əsas borc üzrə, 2.167,87 (iki min bir yüz altmış yeddi manat səksən yeddi qəpik) manat hissəsi faiz borcu üzrə hesablanmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat müəyyən edilmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş əlavə məhkəmə mühasibətlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/5394 saylı rəyindən görünür ki, kredit müqaviləsinin bitdiyi xx.xx.2018-ci il tarixə olan əsas borc 39257,18 manat, faiz borcu üzrə 2167,87 manat təşkil etmişdir. Bundan əlavə qeyd olunur ki, Cavabdeh1 tərəfindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə xx.xx.2018-ci il tarixindən sonra da xx.xx.2019-cu il tarixində 3705,63 manat məbləğində ödənişin aparıldığı və həmin ödənişin cavabdehin gecikdirilmiş əsas borcundan silindiyi müəyyən olunmuşdur. Bundan başqa, qeyd edilmişdir ki, ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2013-cü il tarixli, 243/13 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh1 cərimə borcu hesablanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli **********56 nömrəli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi ev 68, 16 nömrəli mənzil 5 saylı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx xxx 2018-ci il tarixli 4Ə-720 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 89, 40 nömrəli mənzil 012660 nömrəli xx xxxx 2006-cı il tarixli orderə, forma-2 arayışına, maliyyə arayışına əsasən xx xxxx 2011-ci il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli 114/LBC nömrəli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 68 nömrəli evin 16 nömrəli mənzilinin hazırki dövrə olan orta bazar qiyməti 89.500 (səksən doqquz min beş yüz) manat müəyyən olunmuşdur. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli 115/LBC nömrəli rəyinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 10/1 nömrəli evin 7 nömrəli mənzilinin hazırki dövrə olan orta bazar qiyməti 46.300 (qırx altı min üç yüz) manat müəyyən olunmuşdur. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli 116/LBC nömrəli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 89 nömrəli evin 40 nömrəli mənzilinin hazırki dövrə olan orta bazar qiyməti 125.500 (bir yüz iyirmi beş min beş yüz) manat müəyyən olunmuşdur. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh4 ünvan 5 ünvanda qeydiyyatdadır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin xx.xx.2020-ci il tarixinə olan bazar dəyəri 112000 manat, likvid dəyərinin isə 104,000 manat təşkil etdiyi qeyd olunmuşdur. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı LPO xxxx ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcverən Bank tərəfindən borcalan Cavabdeh1 illik 7% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 115.000 (bir yüz on beş min) manat məbləğində krediti verilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Bankla digər cavabdehlər Cavabdeh2 arasında onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi ev 10/1 mənzil 7 evin, Cavabdeh4 Nofəl qızı arasında onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 68-də yerləşən 16 saylı mənzilin və Cavabdeh3 arasında onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin ipoteka ilə yüklü edilməsinə dair müqavilələr bağlanmışdır. Borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş və nəticədə onun bank qarşısında borcu yaranmışdır. İpoteka predmeti olan əmlaklardan biri - Cavabdeh4 Nofəl qızı arasında onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 68-də yerləşən 16 saylı mənzil 2018-ci ildə alqı-satqı müqaviləsinə əsasən başqa şəxsin adına özgəninkiləşdirilmişdir. İddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun məbləği, həmçinin hesablanmış faiz və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 5% məbləğ işə baxan birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. İddiaçının bu dəlilini yoxlamaq üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, tərtib edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğlə eynilik təşkil edir (əsas borc 39.257,18 manat, faiz borcu 2.167,87 manat). İddiaçı həmin borc məbləğinin düzgün hesablanmadığını iddia etsə də, bunu təsdiq edəcək, həmçinin ekspert rəyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı öz apellyasiya şikayətində cərimənin və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 5% məbləğin düzgün müəyyən edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiyanın qənaətinə görə, iddia tələbində göstərilən 1433,94 manat cərimə borcu işin faktiki halları və tərəflərin əmlak mənafeyi baxımından tünasübsüz surətdə yüksək olmuşdur və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 300 manat cərimə məbləği işin həqiqi hallarına uyğundur. İddiaçının borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinad edərək tələb etdiyi 5% hesablanmış məbləğlə bağlı məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi qeyd edilən məbləği qismən təmin edərkən işin o halına əsaslanmışdır ki, həmin məbləğ iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğinə hesablanmış məbləğ olduğundan və əsas borc məbləği qismən təmin edildiyindən, gecikməyə görə hesablanmış 5% borcun məbləği də qismən təmin edilməlidir. Bu əsasla məhkəmə həmin məbləği azaldaraq 196,28 manat həddində müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, borc məbləğinin gecikdirilməsinə görə tələb edilən 5% məbləğin əsas borcun qismən təmin edilmiş hissəsinə mütənasib olaraq azaldılması düzgün olmuşdur və apellyasiya şikayətinin bu dəlili əsassızdır. Bundan başqa, iddiaçı ipoteka predmeti olan mənzillərin ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğinin işin həqiqi hallarına uyğun olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyini nəzərə almaqla, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi ev 10/1 mənzil 7 evin ilkin satış qiymətini 46.300 manat, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiymətini isə 125.000 manat müəyyən etmişdir. İddiaçı bu məbləğlərə etiraz etsə də, apellyasiya şikayətində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi ev 10/1 mənzil 7 evin ilkin satış qiymətinin 46.300 manat olmasını özü də təsdiq etmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi ev 10/1 mənzil 7 evin ilkin satış qiymətinin müəyyən edilməsinə münasibətdə əsassız hesab edir. İpoteka predmeti olan digər mənzilin ilkin satış qiyməti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin mənzilin ilkin satış qiymətini müəyyən edərkən əmlakın qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə istinad etmişdir. Qeyd edilən rəydən isə müəyyən olunur ki, qiymətləndirici tərəfindən əmlakın likvid qiyməti deyil, orta bazar dəyəri müəyyən edilmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli Qərardadının 20-ci bəndində göstərilir ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni tərəflər arasında həmin ipoteka predmeti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan başqa mülki işlə bağlı həmin əmlakın satış qiymətinin müəyyən edilməsi məqsədilə əmlakın qiymətləndirilməsi keçirilmişdir. Həmin iş üzrə «xxxx» MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən əmlakın bazar dəyəri 112.000 manat, likvid dəyəri isə 104.000 manat təşkil edir. Tərəflər qeyd edilən qiymətləndirmə rəyində müəyyən edilmiş ilkin satış qiymətinin məbləğinə etiraz etmədiklərini bildirmişlər. Əmlakın açıq hərracdan satılması məqsədi ilə onun orta bazar qiymətinin deyil, likvid qiymətinin müəyyən edilməsinin zəruri olduğunu nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ünvan 1 ünvanda yerləşən əmlakın birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiyməti işin həqiqi hallarına uyğun olmamışdır. Ona görə də, qətnamə qeyd edilən mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və 104.000 manat həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilini ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsaslı hesab edir və bu nəticəyə gəlir ki, ünvan 1 ünvanda yerləşən mənzilin açıq hərracdan ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İddiaçı öz apellyasiya şikayətinin məzmununda ipoteka predmeti olan mənzillər açıq hərracdan satıldıqdan sonra orada yaşayan şəxslərin istifadə hüquqlarına xitam verilməsi və onların qeydiyyatdan çıxarılmalarına dair hissədə iddia tələbinin təmin edilməməsini mübahisləndirməsə də, ümumilikdə qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edilən tələblə bağlı məhkəmənin gəldiyi nəticənin yoxlanılmasını zəruri bilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi özlüyündə həmin əşyanın alqı-satqı yolu ilə özgəninkiləşdirilməsini ehtiva edir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən maddələrin dispozisiya şərtlərinin təhlili bu qənaətə gəlməyə əsas verir ki, əşyanın alqı-satqı yolu ilə özgəninkiləşdirilməsi həmin əşyaya dair mülkiyyət hüququnu, yəni dövlət tərəfindən tanınan və qorunan sahiblik, istifadə və sərəncam hüquqlarının satıcıdan alıcıya keçməsini nəzərdə tutur. Başqa sözlə, mülkiyyətçinin satılan əşyaya dair istifadə hüququna əmlakın özgəninkiləşdirilməsi ilə xitam verilir. Bu hüquqla bağlı yaranan mübahisə isə əmlakı əldə etmiş şəxslə həmin əmlakda istifadə hüququ olan şəxslər arasında həll edilməlidir. Belə ki, ipoteka predmeti olan əmlak açıq hərrac vasitəsilə realizə edildiyindən, onun alıcısının iddiaçı bank və ya başqa şəxs olması yalnız hərrac baş tutduqdan sonra müəyyən olacaqdır. Bundan başqa, iddiaçının hazırkı iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublkası Mülki Məcəlləsinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları təşkil edir. Lakin nə Mülki Məcəllədə, nə də «İpoteka haqqında» qanunda ipoteka saxlayanın ipoteka predmeti olan mənzildə yaşayan şəxslərin istifadə hüquqlarına xitam verilməsini tələb etmək hüququ nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin məsələ ilə bağlı dəlillərini əsassız hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Belə ki, cavabdeh işə baxmış birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə faiz borcunun düzgün hesablanmadığını, cərimənin isə ümumiyyətlə silinməli olduğunu bildirmişdir. Lakin iş materiallarında cavabdehin bu dəlillərini təsdiq edə biləcək hər hansı sübut müəyyən edilməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində ipoteka predmeti olan mənzillər satıldıqdan sonra onların bir ay müddətində boşaldılması hissəsində iddianın təmin edilməsini düzgün hesab etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və ya digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq edərək iddia tələbini həmin hissədə təmin etməklə, düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ünvan 1 ünvanda yerləşən mənzilin açıq hərracdan ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməli, apellyasiya şikayətləri qalan hissədə təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.3 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO xxxx ASC-nin lşğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 134/20 saylı qətnaməsi ünvan 1 ünvanında yerləşən ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Həmin mənzilin ilkin satış qiyməti 104.000 (yüz dörd min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xərci hesabına İddiaçı 72,50 manat (yetmiş iki manat əlli qəpik), Cavabdeh1 72,50 manat (yetmiş iki manat əlli qəpik) məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar