Məhkəmə qərarları › İş №2(103)-5966/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5966/2023

31.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5966/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil, İddiaçı özünün iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və boşaldılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən 0,025 ha mübahisəli torpaq sahəsi daxil olmaqla qeyd edilən ünvanda yerləşən 0,06 ha torpaq sahəsi əvvəllər X2 məxsus olmuşdur. Faiq Yaqubov iddiaçı ilə və hazırki iş üzrə tərəf olmayan X4 ilə notarial qaydada xx.xx.2004-cü il tarixdə bağladığı “Alğı-satqı müqaviləsinə” əsasən torpaq sahəsinin 0,025 ha hissəsini iddiaçıya, 0,035 ha hissəsini isə Azər Əliyevə satmışdır. Alğı-satqıdan sonra iddiaçı ona Faiq Yaqubov tərəfindən göstərilən sahədə özünə fərdi yaşayış evi tikərək orada yaşamağa başlamışdır. Hətta torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə almışdır. Sonradan məlum olmuşdur ki, tikdiyi fərdi yaşayış evini torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən yerdə deyil, həmin ərazi ilə həmsərhəd hissədə tikmişdir. Halbuki, ərazi iddiaçıya həmin şəxslər tərəfindən göstərilmişdir. Hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işləri aparılır. İddiaçı dəfələrlə buna öz etirazını bildirsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh qeyri-qanuni tikinti işləri aparmaqla iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı, hüquqlarının qorunması məqsədi ilə rəsmi qaydada Sabunçu Rayon Polis İdarəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə şikayət etmişdir. Həmin İdarənin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə faktiki yaşayış evi inşa etdiyi torpaq sahəsi fərqli sahələrdir və həmin sahə hal-hazırda digər şəxs tərəfindən istifadə olunur. Cavabdehin istifadəsində olan torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı mübahisəli torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixdə JN10723H KOD 00500016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əldə etmişdir. Cavabdeh isə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt edərək torpaq sahəsindən çıxmaq istəmir, hətta torpaq sahəsində qanunsuz tikinti işləri aparır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) Cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə iclasında iştirak edən cavabdeh, iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı özünə məxsus torpaq sahəsində ev inşa etdirmişdir. Mübahisəli torpaq sahəsi iddiaçıya məxsus deyil. Cavabdeh mübahisəli torpaq sahəsini başqa şəxslərdən sənədsiz almışdır. Bu səbəbdən iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24 iyul 2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi rəyə əsasən müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması halı mövcuddur, cavabdeh tərəfindən həmin torpaq sahəsində tikili inşa edilmişdir, həmin tikilinin bir hissəsi elektron kadastr baza məlumatlarına əsasən iddiaçının adına verilmiş JN-10723 №-li şəhadətnamədə göstərilən sahəyə düşür. Cavabdehin torpaq sahəsinə dair hər hansı sənədi mövcud deyil. Belə olan halda torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının hazırki iddia tələbi əsaslı hesab edilir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iddiaçının müqavilə üzrə almaq niyyəti olan torpaq sahəsinin harada yerləşməsini müəyyən etməmiş, sübutlara düzgün qiymət verməmiş, bu səbəbdən də iddianın sübuta yetdiyi qənaətinə gəlmişdir. Belə ki, iddiaçı ona göstərilən torpaq sahəsini almış və orada ev tikmişdir. Onun göstərdiyi həmin torpaq sahəsinə baxış keçirilərək mülkiyyət sənədi verilmişdir. Halbuki iddiaçıya mülkiyyət şəhadətnaməsi verilən zaman cavabdehin istifadəsində olan torpaq sahəsi hasara alınmış ayrıca torpaq sahəsi olmuşdur. Əgər iddiaçının aldığı torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşsəydi iddiaçıya başqasının faktiki istifadəsində olan torpaq sahəsinə görə şəhadətnamə verilməsindən imtina edilərdi. Bundan əlavə, iddiaçı özü bildirir ki, Faiq Yusubov ona məxsus 0,06 ha sahəsi olan torpaq sahəsinin 0,025 ha sahəsi olan hissəsini iddiaçıya, 0,035 ha sahəsi olan hissəsini isə Azər Əliyevə satmışdır. Torpaq sahələrinin yerləşmə sxemi nəzərə alındıqda, əgər iddiaçının aldığı torpaq sahəsi cavabdehin torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşürsə, Azər Əliyevin aldığı torpaq sahəsinin də bir hissəsi cavabdehin torpaq sahəsinin digər hissəsi ilə üst-üstə düşməli idi. Torpaq sahəsinin Azər Əliyevə məxsus hissəsinin alındığı yerdə yerləşməsi, iddiaçıya məxsus hissəsinin isə ayrı yerdə yerləşməsi texniki cəhətdən mümkün deyil. Çünki bu iki torpaq sahəsi satılmazdan əvvəl bir torpaq sahəsi olmuş, sonra iki yerə bölünərək satılmış, lakin yerləşdiyi yerlər dəyişməmişdir. Bundan başqa, cavabdeh tərəfindən torpaq sahəsi başqa şəxsdən alınmışdır və həmin vaxt torpaq sahəsi ayrıca hasarın daxilində olmuşdur. Cavabdeh özbaşına tikilmiş fərdi yaşayış evlərinin istismarına icazə veriləcəyinin gözləntisindədir. Belə olacağı halda özünün inşa etdiyi tikiliyə mülkiyyət sənədi ala biləcəkdir. Cavabdeh hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən hallarla bağlı araşdırma aparmamış, yalnız iddiaçının mülkiyyət sənədində olan torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə üst-üstə düşməsi barədə ekspert rəyinə istinad etməklə iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin və yeni cəlb edilmiş üçüncü şəxsin iştirakı və izahatları barədə məlumat

8. Cavabdeh özü və vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.

10. İddiaçı apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

11. Apellyasiya baxışı zamanı cavabdeh tərəfin vəsatəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi üçüncü şəxs qismində işə cəlb edilmişdir.

12. İş üzrə üçüncü şəxs işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə xx.xx.2004-cü il tarixdə JN-10723H KOD 00500016 saylı Torpağın mülkiyyət verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 2 küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir.

15. İddiaçı iddia edir ki, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və qanunsuz tikili inşa etmişdir.

16. Cavabdeh isə buna etiraz edərək, iddiaçının onun sahibliyində olan torpaq sahəsini almadığını və iddiaçının mülkiyyət sənədində olan torpaq sahəsi ilə onun faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsinin üst-üstə düşməsinin texniki cəhətdən mümkün olmadığını bildirir.

17. Mübahisənin həlli məqsədilə Rayon Məhkəməsi tərəfindən iş üzrə məhkəmətikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 10/4365 №-li ekspert rəyinə əsasən, iddiaçının mülkiyyətində olan 0,025 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunma halının mövcud olduğu, cavabdeh tərəfindən həmin torpaq sahəsində tikili inşa edildiyi, həmin tikilinin bir hissəsinin elektron kadastr baza məlumatlarına əsasən JN-10723 №-li şəhadətnamənin yerləşdiyi sahəyə düşdüyü müəyyən edilmişdir.

18. Göründüyü kimi iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin bir hissəsinin cavabdehin sahibliyində olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikilinin bir hissəsi ilə üst-üstə düşdüyü iş materialları ilə sübuta yetmişdir. Cavabdehin mübahisəli torpaq sahəsinə və onun üzərində inşa etdiyi tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil.

19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.). Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1; cümlə 2.).

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddə 67; bəndlər 1, 3, 4.) . Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68.).

22. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyindən cavabdeh torpaq sahəsindən çıxarılmalı, onun tərəfindən inşa edilmiş tikililər sökülməli, daşınmalı və torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillər Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. g) apelyasiya baxışının nəticəsi

23. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqtəyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

24. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar