Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5973/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3, Üçüncü şəxs Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Səhiyyə Nazirliyi 5 nömrəli X8 Xəstəxanasına (Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, onun Səhiyyə Nazirliyi 5 nömrəli X8 Xəstəxanasının Fizioterapiya və tibbi bərpa kabinbetinin “Müalicə bədən tərbiyəsi üzrə təlimatçı” vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonunda yerləşən 5 X5 işləyirdi. Xəstəxananın baş həkim vəzifəsini icra edən Güllü Əhmədovanın xəstəxanaya məxsus torpaq sahəsini qanunsuz satdığını xəbər verdiyi üçün baş həkim ona əsassız yerə töhmət vermişdir. Bundan sonra işçiləri öyrədərək ona şər-böhtan atmağa başlamışlar. G.Əhmədova onun işlədiyi şöbənin 7000 manat olduğunu bildirməklə ondan 3000 manat alaraq, yanvar ayında təsdiq olunanda iddiaçını öz qanuni ştatına keçirdəcəyini bildirmişdir. G.Əhmədova, iddiaçının kirayədə yaşadığını, 2 övladı olduğunu, yoldaşından ayrıldığını bilə-bilə onunla razılığa gələrək 3000 manatı almış, lakin onu ştata keçirməmişdir. İddiaçı, ştata keçirtməyi tələb etdikdə isə, onunla pis rəftar etməyə başlamış, Z.Qədimova ilə işçiləri zala yığaraq onun haqqında hər gün iclaslar keçirmişlər. İddiaçı son zamanlar iclaslarda iştirak etmirdi, çünki ona şər-böhtanlar ataraq səbəbsiz yerə töhmətlər verilirdi. O, nətöhmət ərizəsi yazıb, nə də ki imza edib, onun əvəzindən imza ediblər. Çünki baş həkimin arxasında X10 müəllim dururdu deyə, elə Mamed müəllimin göstərişi ilə G.Əhmədova və Z.Qədimova onu 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad etmişlər. Dekabr ayının 30-u 13-cü bölmədən kapitan polis Rüstəm Məmmədov iş vaxtı kabinetinə gələrək, onu işdən qovmuş və həmin 1 günü barəsində işəgəlməmək kimi yazaraq 70-ci maddəni vermişlər. Axı necə ola bilər ki, o, həmin ayın maaşını almışdı. İddiaçı, hər gün işinə məsuliyyətlə yanaşmış, vaxtlı-vaxtında işində olmuş, dekabr ayının 26-sı sertifikasiya imtahanında yüksək bal toplayaraq uğurla imtahandan keçmişdir. Dekabr ayının 29-u isə Z.Qədimova Mətanət adlı kiçik tibb bacısını öyrədərək, onun kabinetinə yollamışdır ki, iclasa gəlsin. Mətanət onu çağıranda iddiaçı bilirdi ki, ona nəsə deyiləcək, buna görə də telefonu bu zaman diktofona qoymuş və iclasa getməmişdir. Bu zaman Mətanət əxlaqsız söz deyərək onu təhqir etmişdir. Onlar 13-cü polis bölməsinə gedərək bildiriblər ki, guya iddiaçı qıza söymüşdür və 60 nəfər də buna şahiddir. Rüstəm müəllim iddiaçıda olan səsə qulaq asandan sonra qızın ona söydüyünü demişdir. İddiaçı onu təhqir etdiklərinə görə Sabunçu Rayon Məhkəməsinə iddia vermiş və hakim səsə qulaq asaraq qarşı tərəfə bildirmişdir ki, Mətanət Pərvanəyə söyüb. Buna baxmayaraq, məhkəmə qərar verəndə baş həkim hakimi razı salmış və qətnamədə onu günahkar çıxarmışlar. Ədalətsiz iş getdiyini bildiyindən yenidən apellyasiya məhkəməsinə verməmişdir. G.Əhmədova və Z.Qədimova əlbir olaraq adlarını qeyd etdiyi (Həvva, Leyla, Ətrabə, Almaz, Mətanət) işçilərə təzyiq göstərərək, ona qarşı şər-böhtanlar atmışlar. İddiaçıda işçilərin whatsapp səs yazıları var, hansı ki hər kəs bildirir ki, Z.Qədimova hədəqorxu gələrək onun işdən çıxmağı barədə hər kəsə imza atdırıb və məhkəmə prosesində labarotoriyanın şöbə həkimi Həvva həkimi və bacısı Leyla həkimi öyrədərək, ona qarşı yalançı şahidlər gətirmişdir. Hakim isə onun təqdim etdiyi sübutları, yəni səs yazılarını dinləməmişdir. Əlavə olaraq hakimə bildirmişdir ki, xəstəxanada olan kameralara baxış keçirilsin. Məhkəmə isə işə baxarkən faktları deyil, hər hansı bir sübutlara əsaslanmayan şəxsi mülahizəsini əsas götürmüşdür. Bu hal məhkəmənin işə qərəzli yanaşmasını göstərir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi də, şikayətə etiraz edərək, təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı cavabdeh Səhiyyə Nazirliyi 5 nömrəli X8 Xəstəxanası ilə xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlayaraq həmin tarixli, 83-K nömrəli əmrlə Fizioterapiya və tibbi bərpa kabinbetinin “Müalicə bədən tərbiyəsi üzrə təlimatçı” vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra, İddiaçı, iş yerində nizam-intizamı pozaraq səs-küy yaratmış, həmçinin əmək vəzifələrini kobud şəkildə pozaraq yaş həddinə uyğun olmayan (uşaq olmayan) xəstələri də qəbul edərək, onlara xidmət göstərmişdir. Bu hallarla bağlı ona xx.xx.2019-cu il tarixdə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən qeyd olunan pozuntular təkrarlandığından xx.xx.2019-cu il tarixdə töhmət, xx.xx.2019-cu il tarixdə isə şiddətli töhmət verilməklə intizam məsuliyyətinə cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı xx.xx.2019-cu il tarixdə saat 08:45-də qeydiyyat tabelinin işə gəlmək və işdən getməyə dair qeyd hissəsində imza ataraq iş yerini icazəsiz, xx.xx.2019-cu il tarixdə isə saat 09:30-dan sonra heç kəsə məlumat vermədən tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq, Xəstəxananın baş həkimi Güllü Əhmədova xx.xx.2019-cu il tarixdə Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət edərək, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və əmək müqaviləsi öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsini xahiş etdmişdir. X2 Komitəsi xx.xx.2019-cu il tarixli rəylə İddiaçı qeyd olunan əsasla işdən azad edilməsinə etiraz etməmişdir. xx.xx.2019-cu il tarixli, 490-K nömrəli əmrlə İddiaçı ilə bağlanmış 350 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, şahid ifadələri, xx.xx.2019-cu il tarixli, 350 nömrəli əmək müqaviləsi, xx.xx.2019-cu il tarixli, 83-K nömrəli, xx.xx.2019-cu il tarixli, 300-K nömrəli əmrlər, əmək müqaviləsi bildirişləri, ******* nömrəli əmək kitabçasının surəti, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli aktlar, 5 nömrəli X8 X1 Komitəsinin xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli iclas protokolları, xx.xx.2019-cu il tarixli, 145 nömrəli təqdimat, xx.xx.2019-cu il tarixli, 393 K nömrəli, xx.xx.2019-cu il tarixli, 488 K nömrəli, xx.xx.2019-cu il tarixli, 490-K nömrəli əmrlər və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, baş həkim dəyişildikdən sonra rəhbərlik tərəfindən ona qarşı qərəzli münasibət göstərildiyini, səbəbsiz yerə töhmətlər verildiyini, əmək vəzifələrini laiyiqincə yerinə yetirməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixdə polis çağırılmaqla iş yerindən qovulduğunu və həmin tarixin də guya icazəsiz iş buraxma kimi qeyd olunduğunu bildirərək, ƏM-in 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin qanunsuz olduğundan ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək bildirir ki, iddiaçı əmək intizamını və əmək vəzifələrini kobud şəkildə pozmuş, xəstəxanada subordinasiya qaydalarını pozmaqla dəfələrlə səs-küy yaratmış, yaş həddinə uyğun olmayan xəstələri qəbul etmiş, icazəsiz olaraq bütün bir iş günü iş yerində olmamışdır. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qeyd edilən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasının yerinə yetirməməsi, habelə qeyd edilən halın müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. Baxılan işin hallarından görünür ki, İddiaçı 5 nömrəli X8 Xəstəxanasının Fizioterapiya və tibbi bərpa kabinbetinin “Müalicə bədən tərbiyəsi üzrə təlimatçı” vəzifəsinə işə qəbul olunmuş, əmək funksiyasının icrası müddətində bir neçə dəfə pozuntuya yol vermiş, həmin pozuntulara görə müvafiq olaraq ona xx.xx.2019-cu ildə xəbərdarlıq edilmiş, xx.xx.2019-cu il tarixdə töhmət, xx.xx.2019-cu il tarixdə şiddətli töhmət verilmiş, xx.xx.2019-cu il tarixdə isə işdən azad edilmişdir. Beləliklə, İddiaçı bir neçə dəfə müəssisədə əmək intizamını, əmək vəzifələrini kobud şəkildə pozmuş, əmək funksiyasının icrasından yayınmaqla əmək funksiyasını və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Kollegiya, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəaları hazırkı mülki işə tətbiq edərək qeyd edir ki, adından da məlum olduğu kimi 5 nömrəli X8 Xəstəxanasında yalnız uşaqların yoluxucu xəstəliklərdən müayinə və müalicəsinin aparılması həyata keçirilir. Lakin iddiaçı tərəfindən müxtəlif vaxtlarda xəstəxanaya yaş həddinə uyğun olmayan xəstələr də qəbul edilərək, onlara xidmət göstərilmişdir. Bu hal xəstəxanada müalicə olunan xəstəliklərin xarakteri və xəstələrin uşaq olduğu nəzərə alındıqda, ciddi təhlükə və risklər daşıdığından xəstəxananın digər həkim kollektivinin haqlı narazılığına səbəb olmuşdur. Eyni zamanda, iddiaçı bir neçə dəfə əmək intizamını pozaraq xəstəxanada səs-küy yaratmış və xx.xx.2019-cu il tarixdə bütün iş günü ərzində heç bir üzrlü səbəb olmadan iş yerində olmamışdır. Qeyd olunanlar iş materiallarında olan sənədlərlə sübut olunur. Göstərilənlər isə özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamnın normal ahənginin pozulmasıdır. Qeyd edilənlər ona dəlalət edir ki, 5 nömrəli X8 Xəstəxanası tərəfindən İddiaçı işdən azad edilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Kollegiya bu qənaətə gələrkən onu da qeyd edir ki, apellyasiya şikayətinin cavabdeh tərəfindən iddiaçıya böhtan atılması, təhqir olunması ilə bağlı dəlilləri hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2004/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5973/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5973/2020
29.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver