Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6038/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “kreditin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-960/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinəəsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2015-ci il tarixli 077 saylı kredit müqaviləsi üzrə 6215,56 ABŞ dolları əsas borc, 2385,58 ABŞ dolları faiz borcu, 3502,06 ABŞ dolları cərimə borcu, kredit üzrə müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 912,46 ABŞ dolları olmaqla, cəmi 13015,66 ABŞ dolları kredit borcunun müştərək qaydada tutulması, bundan əlavə Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 076 saylı kredit müqaviləsi üzrə 4371,45 ABŞ dolları əsas, 1677,49 ABŞ dolları faiz, 2462,98 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 647,21 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 9159,13 ABŞ dolları məbləğində kredit borcunun və ödənilən 30 manat dövlət rüsümunun tutulması, tutmanın ipoteka predmeti olan “Mercedes Benz c180” markalı, ağ rəngli, buraxılış ili 2007-ci il olan, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “xxxxxxxxx” ASC-nin “Uğur” filialı arasında xx.xx.2015-ci il tarixli 076 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 4.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1 Mislixan oğlu ilə xx.xx.2015-ci il tarixli 076 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus Mercedes Benz C-180minik markalı, ağ rəngli, buraxılış ili 2007-ci il, **-GO-*** dövlət nömrə nişanlı avtomobil ləğv prosesində olan “xxxxxxxxx” ASC-də ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, Cavabdeh1 ilə “xxxxxxxxx” ASC-nin “Uğur” filialı arasında xx.xx.2015-ci il tarixli 077 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 6.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə 077 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zaminlər borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyət daşıyırlar. Cavabdehlər müqavilə üzrə üzərinə düşən vəzifələri lazımınca icra etməmişlər, tərəflər arasında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə Bank tərəfindən Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıq olunmuş, lakin sonuncu tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 960/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 076 saylı kredit müqaviləsi üzrə 4371,45 ABŞ dolları məbləğində əsas, 1677,49 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və 647,21 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu, ümumiliklə 6896,39 ABŞ dolları ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzə manatla “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Mercedes Benz C-180 minik markalı, ağ rəngli, buraxılış ili 2007-ci il, **-GO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun “xxxxxxxxx” ASC-yə ödənilməsi; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2015-ci il tarixli 077 saylı kredit və zaminlik müqavilələri üzrə 6215,56 ABŞ dolları məbləğində əsas, 2385,58 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə və 912,46 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən hesablanmış faiz borcu, ümumiliklə 9613,60 ABŞ dollarının ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzə manatla və iddianın qaldırılması üçün ödənilmiş 30 manatın “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə şəraitin dəyişməsini nəzərə almamışdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilərək, borcun məbləği müəyyən edilməli idi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qismən – Cavabdeh3 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı və digər digər cavabdehlər mübahisələndirməmişlər.Cavabdeh3 apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, qətnamə yalnız ona aid hissədə yoxlanılır, qətnamənin bütünlüklə yoxlanılması və digər cavabdehlərin şikayəti olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi tərəflərin hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh3 aid hissədə ləğv edilməli, ona aid hissədə iddia tələbi rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, “xxxxxxxxx” ASC-nin “Uğur” filialı Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 077 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 22 faiz olmaqla 6800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq “xxxxxxxxx” ASC-nin “Uğur” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 077 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, sonuncu Cavabdeh1 bank tərəfindən verilmiş 6800 ABŞ dolları krediti üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********536 nömrəli maliyyə arayışından məzmunundan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 077 saylı digər kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 6215,56 ABŞ dolları, faiz borcu 2385,58 ABŞ dolları, cərimə borcu 3502,06 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 912,46 ABŞ dolları olmaqla, cəmi 13015,66 ABŞ dolları borcu vardır. Göründüyü kimi, xx.xx.2015-ci il tarixli 077 nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Bu kredit üzrə Cavabdeh3 iş üzrə digər borclu Cavabdeh1 bank tərəfindən verilmiş kredit üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli 077 nömrəli kredit müqaviləsi üzrə tələb edilən borcun müştərək qaydada cavabdehlərdən tutulması qənaətinə gəlmişdir. Apellyasiya baxışının hədləri kontkesində Kollegiya qeyd edir ki, məhkəmə zamin Cavabdeh3 aid hissədə iddia tələbini qismən təmin etməklə maddi hüquq normasını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin hallarından görünür ki, “xxxxxxxxx” ASC ilə zamin Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti konkret göstərilməmişdir. Zaminlik müqaviləsinin 4.2-ci bəndində qeyd olunmuşdur ki, həmin müqavilə borcalanın bank qarşısında öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Kollegiya qeyd edir ki, belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin konkret vaxtla müəyyənləşdirilmiş müddəti kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Başqa sözlə, zaminlik müqaviləsində müddət qeyri-müəyyəndir. İşin hallarından görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx xxxxxx 2017-ci il tarixində başa çatmış, bankın da, həmin vaxtdan başlayaraq, zamin Cavabdeh3 qarşı tələb etmə hüququ 1 il qüvvədə olmuşdur. Lakin bank tərəfindən hazırki iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Kollegiya hesab edir ki, Qanunun tələbinə görə hazırki halda zaminliyə xitam verilmişdir və zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh3 iddiaçının qarşısında məsuliyyət daşımır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi zamin Cavabdeh3 aid hissədə qanunsuz və əsassızdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hazırki halda qanunvericiliyin tələbinə əsasən cavabdeh (zamin) Cavabdeh3 zaminliyinə xitam verildiyindən və o, iddiaçı qarşısında məsuliyyət daşımadığından, qətnamə ona aid hissədə ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-960/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən - Cavabdeh3 aid hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6038/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6038/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver