Məhkəmə qərarları › İş №2(103)-6044/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6044/2023

13.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6044/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı tələblər üzrə (Açar sözlər: mənzilin boşaldılması və təhvil verilməsi; maneələrin aradan qaldırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birləşdirilmiş hər iki iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Qasımov Fuad Nail oğlunun, Birləşdirilmiş əsas iş üzrə cavabdeh (birləşdirilmiş əlaqəli iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) Cavabdeh2 iştirakı ilə, Birləşdirilmiş əsas iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1645/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı və birləşdirilmiş əlaqəli iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qiyabi qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil "xxxx" MMC tərəfindən İddiaçı satılmışdır.

2. İş materiallarında olan xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş, həmin mənzil xx.xx.2019-cu il tarixdə yenidən Cavabdeh2 satılmışdır.

4. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Müqaviləyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil Cavabdeh2 satılmışdır.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzili almışdır və 2022-ci ilin yanvar ayından etibarən həmin mənzildə yaşayır.

6. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Təmir arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil Cavabdeh2 məxsusdur və təmirə buraxılır.

7. İş materiallarında olan elektron daşıyıcıda olan video görüntülərə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil Cavabdeh2 tərəfindən tam təmir olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birləşdirilmiş əsas iş üzrə birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil iddiaçıya pay kimi verilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən hər kvadrat sahə üçün 900 manat olmaqla ümumilikdə 125010 manat pul ödənilmişdir, bu barədə maliyyə arayışı mövcuddur. Həmin mənzil sonradan "xxxx" MMC tərəfindən digər Cavabdeh2 satılmışdır. Mənzili birinci alan İddiaçı olduğundan Cavabdeh2 mənzildən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1645/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi (Fariz Əlizadə) ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

b) Birləşdirilmiş əlaqəli iş üzrə birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m2 olan 34 saylı mənzilin istifadəsinə "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 noyabr 2017-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərətəbə, ümumi sahəsi 138.9 kv.m olan, 3 otaqdan ibarət olan 34 saylı mənzili əldə etmiş və mənzilin dəyərini isə tam ödəniş ödədiyinə görə isə maliyyə arayışı ilə təmin olunmuşdur. İddiaçı qeyd etdiyi mənzilə dair müqavilə və maliyyə arayışı almağına baxmayaraq mənzilin istifadəsinə görə əsassız maneələrə rast gəlməkdədir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m2 olan 34 saylı mənzilin istifadəsinə "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, digər prosessual hərəkətlər, məhkəmə icraatı iştirakçılarının izahatları a) Birləşdirilmiş əsas iş üzrə apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mülki iş materiallarına əlavə edilmiş sənədləri araşdırmamış, sənədləri təhrif etmiş və eyni zamanda iddianın təmin edilməmə səbəbinin hüquqi tövsifini göstərməmişdir. Belə ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(004)- 2 2 3146/2021 nömrəli xx.xx.2021ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138.9 m olan 34 saylı mənzilin istifadəsinə "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətlər aradan qaldırılması qət edilmişdir. Sonradan "xxxx" MMC tərəfindən qiyabi qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması barədə ərizə ilə müraciəti Yasamal rayon məhkəməsinin 2(004)-3146/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Məhkəmənin sözügedən qərardadından cavabdeh tərəfindən şikayətlə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına müraciət edilmiş olsa da belə apellyasiya instansiya məhkəməsinin 2(103)-4706/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(004)-3146/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qanuni qüvvəsini almış qətnamə Yasamal Rrayon Məhkəməsinin 2(004)- 3146/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi tərtib edilərək Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi icra mərhələsində olduğu zaman icra məmuru və köməkçisi, tələbkar İddiaçı və vəkili ilə birgə mübahisəli mənzilə baxış keçirilmişdir. İcra məmurunun köməkçisi Pərvin müəllim mənzilin dəhlizinə mobil telefonu ilə video çəkilişlə daxil olmuşdur. Mənzilin orta təmir edildiyini, orada bir neçə əşya olduğunu və bu barədə icra şöbəsinə məlumat verildikdən sonra icranın təxirə salınması yerində qərara alınmış və bu barədə tərəflərin iştirakı ilə akt tərtib edilmişdir. Təxminən ay yarım sonra Yasamal rayon İcra şöbəsi tərəfindən Cavabdeh2 mobil telefonunu Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsindən əldə etdikdən sonra onun Yasamal rayon İcra şöbəsinə gəlməsi tələb edilmişdir. Cavabdeh2 Yasamal rayon İcra şöbəsinə gəlmiş və izahatında "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadıldığını bildirmişdir. Lakin sonradan mübahisəli mənzilə gedərək mənzilin giriş qapısının sındırıb, qapısını açıb, mənzilin kilidini dəyişmişdir. Baş vermiş bu hadisə ilə bağlı tərəfindən AR DİN-nin “102” Qaynar xəttinə müraciət edilmiş və DİN-nin Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin təhqiqatçısı Kamran müəllim hadisə barədə şikayət xarakterli ərizəni qəbul etmiş və hadisənin təhqiqatı aparılmışdır. Nəticə etibarı ilə təhqiqatın yekunu barədə məktub ona ünvanlanmış və tərəfindən hakimə təqdim edilmişdir ki, həmin şəxs barəsində qanunla müəyyən edilmiş tədbir görülmüş olsun. Bundan əlavə birinci instansiya məhkəməsində icraatda olan iddia tələbi ilə bağlı Cavabdeh2 tərəfindən "xxxx" MMC ilə ünvan 3 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 8-ci mərtəbəsində, ümumi sahəsi 140.9 m2, 3 (üç) otaqdan ibarət olan 34 saylı mənzilinin satın alınması ilə bağlı bağlanmış xx.xx.2018cu il tarixli müqaviləyə və xx.xx.2018-ci il tarixli mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışına istinad edilmişdir. Məhkəmə tərəfindən sözügedən müqaviləni sübut kimi qəbul etməsi və həmin sübuta istinad edərək iddia ərizəsinin təmin edilməməsində səhv nəticəyə gəlmişdir. Belə ki, sözügedən müqavilə də "xxxx" MMC-nin direktoru Əhmədov Rəsul Süleyman oğlu imzaladığı, lakin Cəmiyyətin möhürü ilə təsdiqlənmədiyi nəzərindən qaçmışdır. İddia ərizəsi "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış ünvan 3 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun, 8-ci mərtəbəsində, ümumi sahəsi 138.9 m2, 3 (üç) otaqdan ibarət olan 34 saylı mənzili üçün 125010 (yüz iyirmi beş min on) manat məbləğində pay haqqının ödəməklə bağlı 23 noyabr 2017-ci il tarixli müqaviləyə istinad etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılmaqdadır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, İddiaçı 23 noyabr 2017-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayıb 125010 manat pul ödəməklə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33-də "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 8-ci mərtəbədə yerləşən 138.9 m ölçüdə, 3 otaqlı, 34 nömrəli mənzili öz adına rəsmiləşdirmişdir. İş materiallarına əsasən həmin mənzil yenidən Cavabdeh2 satıldığı müəyyən edilmiş və istintaqın davam etdirilməsi nəticəsindən asılı olaraq təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət veriləcəyi barədə xx.xx.2023-cü il tarixli məktubla Yasamal rayon məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmışdır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Bundan əlavə məhkəmənin qətnaməsində qeyd etdiyi kimi, guya ki, Cavabdeh2 mübahisəli mənzili digər cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli mənzilin təmirə buraxılmasına barədə arayışına əsasən mənzilin təmirinə 100 000 manat məbləğində xərc çəkildiyinə və iddiaçıya isə dəymiş zərərlə bağlı mülki iddiaçı qismində hüququndan istifadə edə bilməsi barədə izahı sadalanan maddi hüquq normalarının tələbinə zidd və işin halları ilə təkzib edilməkdədir. Belə ki, "xxxx" MMC-nin Cavabdeh2 adına yenidən müqavilə tərtib etməklə imzalaması, lakin Cəmiyyətin möhürü ilə təsdiqləməməsi və eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binası “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası NK-nin 16 sentyabr 2014-cü il tarixli, 309 nömrəli Qərarında təsbit edilən sənədlərin mövcud olmadığı, bina istismara qəbul edilmədiyindən, cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli mənzilin təmirə buraxılmasına barədə arayışı qanunsuz olduğuna hüquqi qiymət verməmiş və həmin arayış əsasında digər Cavabdeh2 İddiaçı məxsus inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 8-ci mərtəbədə yerləşən 138.9 m2 ölçüdə, 3 otaqlı, 34 nömrəli mənzilində aparmış olduğu təmirin dəyərini isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəlicinayət işi üzrə zərər çəkən şəxs qismində tanındıqdan sonra mülki iddia qaydasında təqsirləndirilən şəxsdən tələb etmək hüququnu özündə saxlamasını izah etməmişdir. Birinci instnsiya məhkəməsi tərəfindən İddiaçı cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı “ünvan 3 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun, 8-ci mərtəbəsində, ümumi sahəsi 138.9 m2, 3 (üç) otaqdan ibarət olan 34 saylı mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsinin hüquqi əsası Yasamal Rayon Məhkəməsinin 2(004)-1645/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsində əks olunmadığından qətnamə Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edilmiş yəni, iddianın təmin edilməməsi üçün iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks edilmədiyindən, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilmədiyindən, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığından ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməsinə zəmin yaratmışdır.

b) Birləşdirilmiş əlaqəli iş üzrə apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayəti verərək qiyabi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Halbuki, həmin maddi hüquq normalarımənzil tikinti kooperativləri və kooperativdəki payla bağlı hüquqi münasibətləri tənzimləyir. Hazırki işdə isə, hər hansı bir pay haqqından kooperativdən söhbət getmir. Hazırki iş üzrə cavabdeh təşkilın statusu məhdud məsuliyyətli cəmiyyətdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, sözü gedən mənzil Cavabdeh2 Sərxan qızı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 Sərxan qızının mülkiyyəinə verilmiş, həmin mənzilin dəyərini tam ödəyərək şirkətə 125 min manat məbləğində ödəniş etmiş, həmçinin həmin mənzili əsaslı təmir etdirərək uzun müddətdir orada yaşayır. Biinci instansiya məhkəməsi bu halı araşdırmamış, Cavabdeh2 işdə iştirak etməyə cəlb etmədən, onun mənafeyinə toxunan qiyabi qətnamə çıxarmışdır.

c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Digər prosessual hərəkətlər

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(103)-6044/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair 2(103)- 6044/2023 nömrəli mülki iş əsas iş olmaqla bir icraatda baxılması üçün - İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-5261/2023 nömrəli mülki işlə birləşdirilmişdir.

e) Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş hər iki iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Qasımov Fuad Nail oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verimiş olduğu apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər.

23. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş əsas iş üzrə cavabdeh (birləşdirilmiş əlaqəli iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verimiş olduğu apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş birləşdirilmiş hər iki iddia üzrə cavabdeh "xxxx" MMC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə birləşdirilmiş hər iki iddia üzrə Cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

25. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 389.1. mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

28. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

29. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

32. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

33. Maddə 112.1 mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırki halda, apellyatorlar ayrı-ayrılıqda vermiş olduqları hər iki apellyasiya şikayətinində qətnamələrin ləğv edilməsini və birləşdirilmiş əsas iş üzrə iddianın təmin, birləşdirilmiş əlaqəli iş üzrə isə iddianın rədd edilməsi xahiş edildiyindən hər iki qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1645/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir.

44. Məhkəm kollegiyası iki iddia tələbinin olmasını nəzərə alaraq və birləşdirilmiş əlaqəli iş üzrə iddia tələbinin nəticəsinin birləşdirilmiş əsas iş üzrə iddia tələbinə dair gəlinən nəticədən bilavasitə aslı olduğunu nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilk öncə birləşdirilmiş əsas iş üzrə, daha sonra isə birləşdirilmiş əqaqəli iş üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

45. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Birləşdirilmiş əsas iddia tələbi üzrə;

46. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlıolubolmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olub-olmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir.

47. İşin halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir.

48. Həmin mənzil "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə yenidən Cavabdeh2 satılmışdır. Cavabdeh2 həmin mənzili aldığı vaxtdan etibarən tam təmir etdirmiş və təmirdən dərhal sonra hal-hazıradək olan müddət ərzində ailəsi ilə birlikdə sözügedən mənzildə yaşayır. Nəticə etibarı ilə müəyyən edilir ki, Cavabdeh2 vicdanlı alıcıdır və "xxxx" MMC-dən etibarlı müqavilə münasibətləri əsasında sözügedən mənzili əldə etmişdir. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz hallarıdır.

49. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinin tələbinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

50. Kollegiya qeyd edir ki, İddiaçı və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzili əldə etmələrinin hüquqi əsası sadə yazılı müqavilələrdir. Deməli, hər ikisi sadə yazılı müqavilə olmaqla ikisi də bərabər hüquqi qüvvəyə malikdir, müqavilələrin bağlanması tarixləri istisna olmaqla birinin digərindən hər hansı üstün mövqeyi yoxdur.

51. Lakin, sözügedən mənzil ilk öncə İddiaçı satılmış olsa da, vicdanlı alıcı Cavabdeh2 tərəfindən sözügedən mənzilə xərc qoyulmuş, mənzil tam təmir etdirilmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edilən halı mübahisələndirmiş olsa da, işin halları ilə mənzilin Cavabdeh2 tərəfindən əsaslı təmir etdirilməsi sübut olunur. Həmçinin qeyd olunan xüsusatları xx.xx.2023-cü il tarixdə keçirilmiş birinci instansiya məhkəməsində də İddiaçı tərəfindən etiraf edilmişdir. Deməli, göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır.

52. Apellyasiya icraatı zamanı İddiaçı sözügedən mənzildə Cavabdeh2 hazırda faktiki yaşamadığını bildirmişdir. Həmçinin, İddiaçı iddia tələbi üzrə müdafiəsinin əsasını sözügedən mənzili ilk öncə onun alması, sonradan isə Cavabdeh2 satılmasıdır. Bundan əlavə, binanı tikmiş hüquqi şəxs olan digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi də, birinci instansiya məhkəməsində vermiş olduğu izahatında sözügedən mənzilin Cavabdeh2 məxsus olması, sonuncunun həmin mənzildə bir neçə ildir yaşamasını bildirmişdir.

53. İddiaçı sözügedən mənzilə dair hüquq müəyyən edici sənədləri olsa da, məhkəmə mübahisə üzrə faktiki vəziyyəti nəzərə almalı, münasibətləri qəlizləşdirmədən ədalətli və ağlabatan formada mübahisəni həll etməlidir.

54. Nəzərə almaq lazımdır ki, sözügedən mənzil ilk öncə iddiaçıya satılsa da, Cavabdeh2 həmin mənzildən çıxarılması nəticəsində mənzilin təmirinə xərclənmiş vəsaitinin kompensasiyası münasibətlərini çətinləşdirərək tərəflər arasındakı üç tərəfli (İddiaçı - T.S.Fətullayev - "xxxx" MMC) münasibətlərin həllinə töhvə verməyəcək, məhkəmə qətnaməsinin icrasının mümkünsüz etməklə mübahisəni həll etmək əvəzinə daha da çıxılmaz duruma salacaq və mülki hüquq münasibətlərinin subyekti kimi Cavabdeh2 mənzilə vicdanlı olaraq tam sahiblənməsi xüsusatını diqqətə almayacaqdır.

55. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Lakin, nəzərə alnmalıdır ki, hüquqi baxımdan İddiaçı xx.xx.2017-ci il tarixli etibarlı müqaviləsi mövcuddur. Sözügedən müqavilənin etibarsızlığı xüsusatı sübutetmə yükünün cavabdehlərin üzərində olmasına baxmayaraq sübuta yetirilməmişdir.

56. Eyni zamanda mənzilin özəlləşdirilməsi zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən olunmamış və Cavabdeh2 vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir.

57. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçı tərəf də sözügedən mənzilə münasibətdə Cavabdeh2 vicdanlı alıcı olmamasını sübuta yetirilə bilməmişdir.

58. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair birinci instansiya məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəlmişdir.

Birləşdirilmiş əlaqəli iş üzrə;

59. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üdfi üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

60. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür kf, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən ic’ränh yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

61. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m2 olan 34 saylı mənzilin istifadəsinə "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılmasını xahiş etmişdir.

62. Birinci instansiya məhkəməsi qeyd edilən iddia tələbi üzrə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə yaşayış sahəsindən pay barədə müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək şirkətə 125010 manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq cavabdeh "xxxx" MMC öhdəliklərini pozaraq müqavilə ilə müəyyən edilmiş mənzili iddiaçıya təhvil verməmişdir.

63. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən mövqeyinə əsasən birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edir.

64. Belə ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzilə dair Cavabdeh2 vicdanlı əldə edən olduğundan və iddiaçı tərəfindən sonuncunun vicdanlı alıcı olmaması sübuta yetirilmədiyindən, həmin mənzilə "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətlərin iddiaçının xeyrinə aradan qaldırılması istisna olunur.

65. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları baxımından mübahisə predmeti olan mənzilə dair Cavabdeh2 hüquqları tanındığından və hazırıkı iddia tələbi digər tələbdən asılı olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

67. Həmin Məcəllənin 119.1 -ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Kollegiya hesab edir ki, apellyatorlar tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1645/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar