Məhkəmə qərarları › İş №2(103)-6064/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6064/2023

18.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6064/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğluna qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğluna qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4348/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X8, İddiaçı, X5 müraciətləri əsasında toplanmış material üzrə Cavabdeh1 və Cavabdeh2 Firuddin əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. X8, İddiaçı, X11, Cavabdeh1 mübahisənin mülki mübahisə qaydasında həll edilməsindən ötrü məhkəməyə müraciət olunması hüququ izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Firuddin oğlu öz ifadələrində İddiaçı 16.000 manat verəcəkləri olduğunu bildirmiş və onu hissə-hissə ödəyəcəklərini qeyd etmişlər. Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən İddiaçı ona qarşı qaldırdığı iddianı qəbul edir. Lakin bu məbləği ödəyə bilmədiyi üçün ona iki il müddətinə ödəməyə izn verilməsini xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğluna qarşı "pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğlundan ona məxsus olan 16000 (on altı min) manat pulun, məhkəməyə ödədiyi 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun əvəzinin və hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 400 (dörd yüz) manat pulun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi 36/50 və 25/66 saylı binaların yaxınlığında yeni inşa edilmiş binada 120 m sahəsi olan 3 otaqlı ev almışdı. Həmin mənzil ona məxsus olsa belə, həmin mənzil dostu X6 adına rəsmiləşdirilmişdir. O, həmin mənzili təmir etmək istədiyindən, televiziya vasitəsi ilə evlərin təmiri ilə məşğul olan şirkət barəsində məlumat aldı. O, həmin zaman həmin şirkətlə əlaqə saxladı və xx.xx.2021 -ci il tarixdə həmin şirkətin ünvan 1 ünvanında yerləşən ofisinə getdi. Şirkətin işçiləri özlərini təqdim edən Rövşən və Famil adlı şəxslər onu qarşıladılar. O, onlara özünə məxsus evi təmir etdirmək istədiyini bildirdi. Onlar onun mənzilinə baxdıqdan sonra onunla əlaqə saxlayıb, mənzili 32500 (otuz iki min beş yüz) manata təmir edib 4 ay ərzində təhvil verəcəklərini dedilər. O, onlara öz razılığını verdikdən sonra onlar ilkin olaraq pulun 50 %-ni ödəməyini dedilər. O, həmin zaman onlarla razılaşdı və xx.xx.2021 -ci il tarxində Rövşən və Famil ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində görüşərək onlara danışdıqları kimi 16000 (on altı min) manat nəğd pul verdi. Həmin zaman onlar onunla müqavilə bağlayıb pulun qalan hissəsinin onlara hissəhissə olaraq ödəyəcəyini bildirdilər. Onlar işə başlayaraq mənzilə ilk olaraq sement, torpaq gətirərək, elektrik və suvaq işlərini gördülər. Lakin o, daha sonra mənzilə baxdıqda işlərin zəif getdiyini gördü. O, bu barədə Rövşən və Famildən məlumat almaq istədikdə onlar ona narahat olmamağını və mənzili danışdıqları kimi təmir edib verəcəklərini dedilər. xx.xx.2021ci il tarixdə Rövşən və Famil onunla telefon əlaqəsi saxlayaraq ondan əlavə olaraq 5000 (beş min) manat pul istədilər. O, onlara pulun qalan hissəsini yalnız hissə-hissə olaraq ödəyəcəkləri barədə müqavilə bağladıqlarını xatırlatdı. Onlar cavab olaraq bunu belə izah etdilər ki, onlar İsmayıllı rayonundan onun mənzili üçün parket sifariş edəcəklər və mənzilin digər işlərini gördükləri zaman həmin parket anbarda qalıb tam olaraq qurumalıdır. O, onlarla razılaşdı və xx.xx.2021-ci il tarixdə təmir olunan mənzilində onlara 5000 (beş min) manat pul verdi. Lakin o, yenə də işlərin zəif getdiyini gordükdə Rövşən və Famillə əlaqə saxlamaq istədi. Onlar onun zənglərinə cavab vermədilər. Bundan sonra o, onların ünvan 2 ünvanındakı ofisinə getdi. O, onların orada olmadığını gördükdə, orada onları gözləmək qərarına gəldi. Təxminən 2 saat gözlədikdən Rövşənin şirkətə gəldiyini görüb ona yaxınlaşaraq ondan işin nə yerdə olduğunu xəbər aldı. Bu zaman Rövşən Familin onu aldatdığını və pulun bir hissəsini də özü batırdığnı dedi. Daha sonra Rövşən ona pulun qalan hissəsi olan 11500 (on bir min beç yüz) manat pulu hissə-hissə ödəyəcəyini və təmir işlərini görəcəyini bildirdi. O, onunla razılaşdı və qərara gəldilər ki, təmir üçün ilk olaraq müqavilə bağladıqları məbləğdən artıq məbləğ yaranarsa həmin məbləği Rövşən ona sonra qaytaracaq. O, artıq ona heç bir məbləğ vermədi və təmir üçün lazım olan tikinti materiallarını alan zaman onunla birlikdə mağazaya gedib pulu özü ödəyib. Belə ki, mənzilinin təmiri yekunlaşmaq üzrə idi və onun təmirə 48000 (qırx səkkiz min) manat xərci çıxmışdır. O, Rövşənə evin təmiri üçün 32500 (otuz iki min beş yüz) manata danışıb müqavilə bağladıqlarını deyərək ondan əlavə olaraq verdiyi 16000 (on altı min) manatı geri istədi. Rövşən ona həmin məbləği hissə-hissə ödəyəcəyini bildirdi. Lakin bu günə qədər o puldan heç bir məbləğ geri qaytarmayıb. Daha sonra ona məlum olmuşdur ki, Rövşən və Famil adlı şəxslər eyni şəkildə X1 evini təmir etməmiş və X9 usta kimi onun mənzilində işlədərək onun pulunu verməyiblər. Bundan sonra o, İddiaçı, X10 və X11 xx.xx.2022-ci il tarixində Nəsimi RPİ-nin 20-ci PB-nə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 Firudin oğlunun cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etdilər. 20-ci Polis Bölməsi materialı Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsinə göndərdi. Nəsimi RPİ-nin İstintaq şöbəsində araşdırma getdi və nəticədə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X2 xx.xx.2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarı ilə X3, İddiaçı və X5 müraciətləri əsasında toplanmış HK-1/195 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Onlara mülki qaydada məhkəməyə müraciət etmələri bildirilmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4348/2022 nömrəli qətnaməsi ilə (hakim X7) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğlundan 16000 (on altı min) manat pul, 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumunun əvəzi və hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 400 (dörd yüz) manat müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, mülki iş materiallarında Cavabdeh1 iddianı qəbul etməsi barədə ərizəsi mövcuddur. Həmçinin, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, hər iki cavabdeh iddianı qəbul etmişdir. Göründüyü kimi, cavabdehlər iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir və iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyət daşıyır. İş materiallarında olan qəbzin surətindən göründüyü kimi, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün 400 manat məbləğinə vəsait vəkilin hesabına ödənilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 445-ci, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Belə ki, İddiaçı ilə "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə “təmir xidmətlərinin göstərilməsi”-nə dair müqavilə bağlanmışdır. Həmin müqavilə öhdəliklərinə əsasən icraçı "xxxx" MMC iddiaçıya məxsus evini təmir edib sifarişçiyə təhvil verməli idi. Tərəflər arasında olan müqavilə hüquqi şəxs olan "xxxx" MMC ilə bağlansa da, hüquq və vəzifələr MMC ilə sifarişçi, yəni iddiaçı arasında öhdəlik kimi yaransa da, iddiaçı cavabdehi düzgün seçmədən iddia ərizəsini MMC-nin təsisçisi olan Cavabdeh1 və MMC-nin işçisi olan Cavabdeh2 Firudin oğluna qarşı vermiş və işə baxan məhkəmə bunları nəzərə almadan və qeyd olunan maddi və prosessual məsələləri yoxlamadan iddia ərizəsini təmin etmişdir. Çünki o, "xxxx" MMC-nin direktoru olmamış, MMC-nin təəsisçisi olmuşdur. Hüquqi şəxsin təsisçisi olaraq hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımadığı halda işə baxan məhkəmə qeyd olunan halları nəzərə almadan qətnamə çıxararaq iddiaçının iddia tələbində göstərilən pul məbləğinin ondan tutulmasını qət etmişdir. Hüquqi şəxsin öhdəliklərinin icrası üçün öz əmlakı ilə cavabdehlik daşıyır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, İddiaçı ona qarşı qaldırdığı iddianı qəbul etdiyini bildirmişdir. Lakin bu məbləği ödəyə bilmədiyi üçün ona iki il müddətinə ödəməyə izin verməsini xahiş etmişdir. Bundan əlavə Nəsimi RPİ-nin 20-ci PBnin təhqiqatçısının xx.xx.2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından da görsənir ki, Cavabdeh1 mənə 16000 manat borcunun olduğunu və həmin bocru qaytaracağını bildirmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-e-2(006)-4348/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etməklə əlavə olaraq bildirdi ki, polisdə ifadə verilən vaxt eləcə də, birinci instansiya məhkəməsinin iclasında ərizə verməklə pulun qaytarılması təmin edəcəyini və ona bununla bağlı hissə-hissə ödəməsi üçün vaxt verilməsini istəmişdir. Lakin iddiaçı buna razı olmamışdır pulun hamısını istəmişdir. Hazırda da yene də hissələr şəklində ödənilməsinə razılıq verə bilərdi. Lakin hesab edir ki, iddiaçı razzılaşmadığından pulun qaytarılmasından imtina edir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Cavabdeh1 tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası cavabdehin izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

18. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2018-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi 36/50 və 25/66 saylı binaların yaxınlığında yeni inşa edilmiş binada 120 m sahəsi olan 3 otaqlı evini təmir elətdirmək üçün 32500 manat müqabilində Cavabdeh1la müqavilə bağlamışdır. Rövşən Abbassov müxtəlif vaxtlardan iddiaçıdan təmirlə bağlı müxtəlif məbləğlərdə, müqavilədə nəzərdə tutulan 16000 manat artıq pul almışdır. Cavabdeh həmin pul məbləğini hissə-hissə qaytarcağına söz vermiş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddiaçı hazırda artıq ödədiyi məbləği cavabdehdən geri tələb edir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Digər tərəfdən aparılmış araşdırma zamanı öz izahatında Cavabdeh1 İddiaçı 16.000 manat verməli olduğunu bildirmiş və onu hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən İddiaçı ona qarşı qaldırdığı iddianı qəbul etmişdir. Bununla da hüquqi nəticə etibarı ilə iddia edilən artıq ödənilmiş məbləğin qaytarılmasına dair üzərinə öhdəlik götürmüşdür. Bu da öz növbəsində qeyd edilən məbləğin ondan tutulması üçün hüquqi əsas yaradır.

21. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh iddiaçı qarşısında 16000 məbləği qaytarmalı olduğunu qəbul edib və sonradan iddianı etiraf etməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, ötən dövr ərzində həmin məbləğdən hər hansı ödəniş etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və yaranmış 16000 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır.

22. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin “hüquqi şəxsin təsisçisi olaraq hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımadığı halda işə baxan məhkəmə qeyd olunan halları nəzərə almadan qətnamə çıxararaq iddiaçının iddia tələbində göstərilən pul məbləğinin ondan tutulmasını qət etmişdir” dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh həm məhkəməyə ərizə təqdim edərək, həm də Nəsimi RPİ-nin 20-ci polis bölməsində izahat verərkən ona qarşı qaldırılan iddianı qəbul etdiyini və iddiaçıya olan tələb edilən pulun hissə-hissə qaytaracağını bildirmişdir. Bu qeyd edilənlər öz növbəsində cavabdehin irəli sürdüyü dəlilinin əsassız olduğunu təsdiqləmiş olur. Eyni zamanda məhkəmə kollegiyasının iclasında da həmin məbləğin iddiaçıya hissələr şəklində qaytarılmasına razı olduğunu, lakin iddiaçı qəbul etmədiyindən hazırda qaytarmaqdan imtina etməklə apellyasiya şikayəti verdiyini bildirmişdir.

23. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4348/2022 nömrəli qətnaməsi (həmçinin Cavabdeh1 16000 manat pulun tutulması) hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar