Məhkəmə qərarları › İş №2(103)-921/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-921/2022

10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-921/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı(ilk iddia üzrə cavabdeh) İsmayılova(Əliyeva) Aynurə Kamran qızının iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(005)- 1615/2021 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, əmlakda payın müəyyən edilməsi və pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin evdən götürdüyü 9300 manat pulun və dəyəri 450 manat olan 12 qramlıq qızıl üzüyünün cavabdehdən alınıb ona verilməsinə, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyinə və həmin mənzilə 2/3 (üçdən iki hissəsinə) payının müəyyənləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan “Mercedes Benz 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2101 ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə ½ hissədə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(005)- 1615/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payının müəyyən edilməsi, İddiaçı həmin mənzilə köçürülməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi “Mercedes 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2101” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payının müəyyən edilməsi və onların həmin paya mülkiyyət hüququnun tanınması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı 1/2 hissədə payı, Cavabdeh 1/2 hissədə payı müəyyən edilməsi və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə köçürülməsi hissədə ləğv edilməsinə və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı 1/4 hissədə payının, Cavabdeh 3/4 hissədə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərmişdir ki, ilkin iddiaçı ilə 04.09.1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 2 övladı anadan olmuş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli qətnaməsi ilə nikahının pozulması qət edilmişdir. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 3 otaqlı ev və ünvan 2 ünvanında yerləşən ev alınmışdır. Hal-hazırda qızı və oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı evdə, İddiaçı isə ünvan 3 ünvanında yerləşən evdə yaşayır. ünvan 4 ünvanında yerləşən həyətyanı sahədə birgə nikah dövründə almalarına baxmayaraq İddiaçı tərəfindən avtomobillərə texniki xidmət sexləri tikilmiş və İddiaçı tərəfindən icarəyə verməklə gəlir əldə edir və eyni zamanda həmin ünvanda yerləşən evdə təkbaşına yaşayır. O, isə yetkinlik yaşına çatmış övladları ilə birlikdə Təbriz küçəsi 55 mənzil 18 ünvanında yerləşən 3 otaqlı evdə yaşamaqla, evdə yalnız gəlir gətirən şəxs özüdür. Məhkəmə yetkinlik yaşına çatan övladlarının mənafeyini nəzərə almadan evi bərabər hissələrə bölmüş, ünvan 4 ünvanında yerləşən evin İddiaçı istifadəsində olmasını nəzərə almamışdır. Ailə Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əsasən qeyd olunan ünvan 5 ünvanında yerləşən 3 otaqlı ev onun xeyrinə 3/4 hissədə pay müəyyən edilməli oluduğu halda məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə almayaraq, qeyd olunan daşınmaz əmlakın 1/2 və 1/2 hissələrdə paylara bölünməklə ədalətsizliyə yol vermişdir. Belə ki, hazırda ilkin iddiaçının ünvan 4 ünvanında yerləşən həyət evində təkbaşına yaşaması, həmin əmlakla əlaqədar təkbaşına qərarlar verməsini nəzərə almamış, cavabdehin və onunla birgə yaşayan övladlarının diqqətəlayiq mənafeyini nəzərə almamış və əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı(ilk iddia üzrə cavabdeh) İsmayılova(Əliyeva) Aynurə Kamran qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından aydın olur ki, tərəflər 04.09.1998-ci ildə rəsmi nikaha daxil olmuşlar. 26.10.2006-cı il tarixdən Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzili, 15.12.2009-cu il tarixdən İddiaçı adına “Mercedes 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2101 ” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir.(iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompyuter uçot bazasından çıxarış). ...İlkin iddia tələbi qismən əsaslıdır və ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payı müəyyən edilməli, “Mercedes 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2101” markalı, **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobillərə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə mülkiyyət hüquqları tanınmaqla, bərabər payları müəyyən edilməlidir. Belə ki, qeyd olunan daşınar və daşınmaz əmlaklar birgə nikah dövründə əldə edilmişdir. Məhkəmə bu qənaətə gələrkən ilkin iddiaçı tərəfin iddia tələbi ilə bağlı əsaslandırdığı halları, həmçinin ilkin iddia üzrə cavabdeh tərəfin iddia ilə bağlı etiraz və mülahizələrini nəzərə almışdır. Belə ki, Ailə Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əsasən ilkin iddiaçı qeyd olunan daşınmaz əmlakın onun xeyrinə 2/3 hissədə payının müəyyən edilməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, qeyd olunan daşınmaz əmlakın 2/3 və 1/3 hissədə paylara bölünməsini əsassız hesab edir. Belə ki, hazırda ərin diqqətəlayiq mənafeyi, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar məhkəmə araşdırması zamanı müəyyən edilmir. Ona görə də, məhkəmə iddia tələbinin həmin hissədə (əmlakın qeyri-bərabər bölgüsü hissəsində) qismən təmin edilməsini əsaslı və qanuni hesab edir. Eyni zamanda məhkəmə ilkin iddia tələbinin mənzilə köçürülmə ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.3-cü maddəsinə görə, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payı müəyyən edildiyindən ilkin iddia üzrə iddiaçı həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır və ilk iddia üzrə İddiaçı həmin mənzilə köçürülməlidir. Ailə Məcəlləsinin 22.2 və 22.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. Həmin Məcəllənin 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1. və 37.2-ci maddələrinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 225.1.-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ilk iddianın qismən təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilk iddianın mənzilə köçürülmə və mənzilin bölünməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mənzilə dair hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İlk iddanın mənzilə köçürülmə və mənzilin bölünməsi hissəsində faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ərarvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). İlk iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzili ilə bağlı irəli sürdüyü faktiki hallar maddi hüquq normasının dispozisiya əlamətləri uzlaşır. Çünki, yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı iş üzrə, ilk iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu müəyyən olunmuşdur. Bu işin mübahisəsiz hallarındandır. Mübahisələndirilən və apellyasiya şikayətinin dəlillərindən biri tərəflərin birgə nikah dövründə əldə edilmiş mənzilə onların payının bərabər müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə bu qənaətə gələrkən tərəflərin, o cümlədən ilk iddiaçının hər hansı bir üstün mənafeyinin olmadığını göstərmişdir. Bununla yanaşı, Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən qarşılıqlı iddiaçının hər hansı bir üstün mənafeyinə dair də məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı həmin halların mövcudluğu aşkar edilməmişdir. Uşağın mənafeyinə xidmət etmək və artan qayğılarını qarşılamaq atanın da borcu və vəzifəsidir, hansısa hal onu bu öhdəliklər üzrə məsuliyyətdən azad edə bilməz. Ancaq tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əşyalar üzərinə tərəflərin payının bərabər bölünməsi də uşağın mənafeyinə zidd hal kimi qiymətləndirilə bilməz. Çünki, ən azından uşaqlar yetkinlik yaşına çatmışdır. Göründüyü kimi, uşaqların valideynlərindən hansınınsa yanında qalmasına görə əmlakın qeyri bərabər bölünməsi dayanıqlı və sabit üstün mənafe hesab edilə bilməz. Çünki, uşaqlar, özü də hazırki iş üzrə bəlli bir yaşa çatmışlar, valideynlərindən bu və ya digərinin yanında qalmaları ilə bağlı istənilən vaxt fikirlərini dəyişib digər valideynin yanına qayıda bilərlər. Belə çıxır ki, hazırki vəziyyətdə yetkinlik yaşına çatmış uşaqların ananın yanında olmasına görə əmlak bölgüsü zamanı sonuncunun payının həcmi mütləq artıq olmalıdır. Ancaq qeyd olunduğu kimi hazırki iş üzrə artıq yetkinlik yaşına çatmış uşaqların valideynin birinin yanında qalması həmin tərəfin əmlak payının qeyri-bərabər bölünməsi üçün əsas olmamalıdır. Apellyasiya şikayətinin digər dəlili olan ilk iddiaçının birgə nikah dövründə əldə etdikləri başqa bir qeydə alınmayan evdə tək yaşaması, həmin evin həyətyanı sahəsində birgə nikah dövründə almalarına baxmayaraq avtomobillərə texniki xidmət sexləri tikildiyi və İddiaçı tərəfindən icarəyə verməklə gəlir əldə etməsi təmin edilən hissədə ilk iddianın əsassızlığına dəlalət etmir. Yəni, bu halların həqiqi olması belə mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, bu hallar qarşılıqlı iddiaçıya əvvəldən bəlli idi və bu vəziyyət onu qane etmirdisə qarşılıqlı iddiasında bu hallar üzrə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hər hansı bir maneə mövcud deyildi. İlk iddiaçının mübahisəli məzilə köçürülməsinə də hər hansı bir maneə mövcud ola bilməzdi. Çünki, ilk iddiaçının həmin mənzilə paylı mülkiyyət hüququ vardır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Sadalanan hüquq normalarından göründüyü kimi, ilk iddiaçının qeyd olunan mənzildə mülkiyyət payı bərabər olsa da, bu hal onu həmin mənzilə köçürülməsindən imtina üçün əsas ola bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(005)-1615/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar