Məhkəmə qərarları › İş №2(103)-6124/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6124/2025

19.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6124/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X5 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-4641/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023/ÖM/11074 saylı müqavilədən müəyyən olunur ki, Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi haqqında tərəflər arasında müqavilə bağlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının əməkdaşı X11 ilə İddiaçı arasında tərtib olunmaqla imzalanmış müqavilə əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, əmlak istismara, kəmiyyət və keyfiyyət baxımından yaralı vəziyyətdə əmlakın istifadə ediləcəyi inzibati ərazi ünvan 1 ünvanında İddiaçı tərəfində qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci X13 Səlimə Gülheseyn qızına ünvanladığı xx.xx.2024-cü il tarixli, 49-1/2-T-11942 nömrəli məktubdan müəyyən olunur ki, iddiaçının xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəhbərliyinə ünvanladığı müraciətində Dost xidmətindən heç yerdə işləmədiyi ilə əlaqədar etdiyi müraciət əsasında verdikləri un məmulatları istehsalı üçün lazım olan əşyaları evində yer olmadığı üçün Anaşkin küçəsi 81 ünvanda yaşayan Cavabdeh evinə qoyduğunu, lakin həmin şəxsdən qızı Firuzənin aldığı cehiz əşyalarının pulunu ödəmədiyi üçün onun əşyalarını geri qaytarmadığını qeyd etmiş, aparılan araşdırma zamanı müraciətdə göstərilən xüsusatlar mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də vətəndaşa mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sabunçu RPİ-in 12-ci PŞ-in cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə saat 19:22-də DİN-in 102 xidmətinə zəng edərək, tanışı Zümrüdə un aparatını verməsi və onu geri ala bilməməsi barədə məlumat vermişdir. Aparılan araşdırma zamanı daxil olmuş məlumatla əlaqədar həmin tarixdə əməliyyat qrupunda növbədə olan əməkdaşlarla birgə qeyd edilən hadisə yerinə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsinə gedilmiş, ünvanın dəqiqləşdirilməsi məqsədilə vətəndaşın DİN-nin 102 xidmətinə məlumat verdiyi "***-***-**-**’’ saylı nömrə ilə əlaqə saxlasa da, vətəndaş hazırda həmin ünvanda olmadığını və daha sonra özü PŞ-nə yaxınlaşacağını bildirmişdir. Buna görə də vətəndaşın ərizə və izahatını almaq mümkün olmamışdır. Hadisə yerinə çıxma haqqında tərtib edilmiş protokol və çəkilmiş fotoşəkil təhqiqat materialına əlavə edilmişdir. Araşdırma müddəti ərzində vətəndaş İddiaçı ərizə və izahatının alınması üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin müvafiq əməkdaşlarına tapşırıq və əməliyyat tapşırığı verilsə də, onun qeydiyyatda olduğu ünvana çağırış vərəqələri göndərilsə də, təhqiqat dövrü ərzində müsbət nəticə əldə olunmamışdır. Aparılan təhqiqat araşdırması müddəti ərzində vətəndaş İddiaçı DİN-nin 102 xidmətinə, məlumat verdiyi faktla bağlı Sabunçu RPİ-nin 12-ci PŞ-nə müraciəti daxil olmamışdır. Beləliklə, vətəndaş İddiaçı DİN-nin 102 xidmətinə müraciəti əsasında tam, obyektiv və hərtərəfli araşdırma aparılması və baş vermiş hadisəyə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Odur ki, müraciətdə cinayət tərkibinin əlamətləri aşkar olunmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-2230/2025 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı 3973 manatın, vəkil xərci olaraq 300 manatın, dövlət rüsumu olaraq 60 manatın iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/ÖM/11074 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli aktla özünəməşğulluq fəaliyyəti ilə məşğul olmaq üçün 1. BFE ESD-8A.1 kameralı 4 səviyyəli konveksiya bişirmə sobası: 1 kameralı va 4 mərtəbəli, avadanlıq ölçüsü LxWxH(mm)835x575 mm, 220V/50 Hz, tava miqdarı 4, tava ölçüsü: 40smx60sm – 1 ədəd; 2. EB-EB-1701X. Mikser: həcmi 7 litr, mühərrik surəti 1500-2000 rpm, 220V/50 Hz, 1,5 KW – 1 ədəd;3.BFE WG-6D mayalanma kabinəsi: 6 mərtəbəli, ölçüsü LxGxH (mm) 590x690x910 mm, 220V/50 Hz, güc 1,9 kw, konteyner ölçüsü: 40smx60smx5sm, əlavə - bir avadanlıq üçün 6 ədəd qab – 1 ədəd; 4. BFEW- 17B, kündə qabları ölçü 66smx40smx14sm, poliuretan material – 5 ədəd; 5. ASLANMAKiNA OTD. 18065.125. Vitrin soyuducu (soyuq displey): şüşə (ön tək qat şüşədir) 2 sıra şüşə + 1 sıra paslanmayan polad, Aisi 430, Güc – 220V/50 Hz, ön və 2 yanı sinklənmiş təbəqə, enerji sərfiyyatı 1,5K Wh/24h, soyuducu qaz R134A, həcmi 550L, temperatur diapazonu +4/+10C, kompressor gücü (Hp)-3/8 (Marka –Embraqo, Kompressor Model – FFİ 12 HBK) Diksel Emko3712 – 1 ədəd; 6. SaintFire ZZDT-8, Elektron tərəzi: 40kq-a qədər, LCD displey, dəmir korpus – 1 ədəd; 7. ASLANMAKİNA VCT.10060.90. iş masası, aşağı rəfsiz, üst masa və ayaq materialı – paslanmayan polad, avadanlıq paneli materialı – xam MDF-12 mm, üst-material 0,8 mm, 1000 x 600 x 900/60 – 1 ədəddən ibarət olan un məmulatları istehsalı avadanlığının, habelə dövlət rüsumu kimi ödədiyi 100 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, adı çəkilən avadanlıqlar yararlı vəziyyətdə iddiaçıya təhvil verilsə də, evində yer olmadığı üçün həmin avadanlıqlar X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının əməkdaşı X9 iştirakı ilə qonşu olan Cavabdeh razılığı ilə müvəqqəti onun həyətinə yerləşdirilmişdir. Lakin bir müddət sonra iddiaçı avadanlıqları tələb etmiş, cavabdeh isə müxtəlif bəhanələr gətirməklə avadanlıqları qaytarmaqdan boyun qaçırmışdır. Məhkəmə iclasında İddiaçı iş üzrə izahat verərək, qeyd etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 əməkdaşı Cəfərov Sənan tərəfindən 4 dəfə Cavabdeh məxsus həyətə baxış keçirilmişdir. Bununla bağlı X6 əməkdaşı Cəfərov Sənan tərəfindən müşahidə səfəri üzrə qeydlər tərtib edilmişdir, həmin qeydlərdə iddiaçının ərizəsində adı qeyd olunan avadanlıqların Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən həyətində yerləşdirildiyi təsdiqini tapmışdır. Bundan başqa həmən avadanlıqların Cavabdeh həyətinə yerləşdirilən zaman iddiaçının iş yoldaşı X14 da orda olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iş üzrə izahat verərək qeyd etdi ki, bütün sənəd və sübutları məhkəməyə təqdim edərək iddia tələbinə etiraz edir. İddiaçı ilə öhdəlik münasibətinə girmədiyini bu tələbin yalan və böhtan olduğunu bildirdi. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-4641/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında iddia ərizəsində qeyd olunan əşyaların müvəqqəti yerləşdirilməsinə, o əşyaların sonradan iddiaçıya təhvil verilməsinə dair hər hansı bir razılaşma mövcud olmamışdır. Beləliklə iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmamışdır. Bundan başqa iddiaçı əşyaların cavabdehin həyətinə qoyulduğunu və bu halın watsap yazışmaları və şəkillərlə sübut olunduğunu bildirmiş və bu haqda yazışmaları və əşyaların görüntülərini özündə əks etdirən fotoşəkilləri də məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, yazışmalardan tərəflərin kimliyi məhkəməyə məlum olmur, cavabdeh iddianı və bu halları etiraf etmir, bundan başqa fotoşəkillərdə əşya və avadanlıqlar görünür. Həmin şəkillərlə əşyaların cavabdehin ünvanında olması görünmür. Məhkəmə qeyd edir ki, əşyalar (əmlak) cavabdehin ünvanında olsa belə həmin əmlak cavabdeh tərəfindən təhvil alınmamış və bu haqda hər hansı bir sənəd mövcud deyil. Məşğulluq orqanından verilən əmlaka görə iddiaçı məsuliyyət daşıyır. İddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslandırılması üçün məhkəməyə kifayət qədər və işin hallarını tam sübut edən dəlillər təqdim olunmadığından, iddia tələbi sübutların yetərsiz olması əsası ilə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 76.1, 77.1, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-4641/2025 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/ÖM/11074 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli aktla özünüməşğulluq fəaliyyəti ilə məşğul olmaq üçün 1. BFE ESD-8A.1 kameralı 4 səviyyəli konveksiya bişirmə sobası: 1 kameralı va 4 mərtəbəli, avadanlıq ölçüsü LxWxH (mm)835x575 mm, 220V/50 Hz, tava miqdarı 4, tava ölçüsü: 40smx60sm – 1 ədəd; 2. EB-EB-1701X. Mikser: həcmi 7 litr, mühərrik surəti 1500-2000 rpm, 220V/50 Hz, 1,5 KW – 1ədəd; 3.BFE WG-6D mayalanma kabinəsi: 6 mərtəbəli, ölçüsü LxGxH (mm) 590x690x910 mm, 220V/50 Hz, güc 1,9 kw, konteyner ölçüsü: 40smx60smx5sm, əlavə - bir avadanlıq üçün 6 ədəd qab – 1 ədəd; 4. BFEW- 17B, kündə qabları ölçü 66smx40smx14sm, poliuretan material – 5 ədəd; 5. ASLANMAKiNA OTD. 18065.125. Vitrin soyuducu (soyuq displey): şüşə (ön tək qat şüşədir) 2 sıra şüşə + 1 sıra paslanmayan polad, Aisi 430, Güc – 220V/50 Hz, ön və 2 yanı sinklənmiş təbəqə, enerji sərfiyyatı 1,5K Wh/24h, soyuducu qaz R134A, həcmi 550L, temperatur diapazonu +4/+10C, kompressor gücü (Hp)-3/8 (Marka –Embraqo, Kompressor Model – FFİ 12 HBK) Diksel Emko3712 – 1 ədəd; 6. SaintFire ZZDT-8, Elektron tərəzi: 40kq-a qədər, LCD displey, dəmir korpus – 1 ədəd; 7. ASLANMAKİNA VCT.10060.90. iş masası, aşağı rəfsiz, üst masa və ayaq materialı – paslanmayan polad, avadanlıq paneli materialı – xam MDF-12 mm, üst-material 0,8 mm, 1000 x 600 x 900/60 – 1 ədəddən ibarət olan un məmulatları istehsalı avadanlığının və 100 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2025ci il tarixli, 2(008)-4641/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxmış, təqdim etdiyi sübutlara düzgün qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Aşağıdakı səbəblərə görə iddiaçı hesab edir ki, qəbul edilmiş qətnamə əsassız olduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/ÖM/11074 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli aktla özünəməşğulluq fəaliyyəti ilə məşğul olmaq üçün iddia ərizəsində göstərdiyi un məmulatları istehsalı avadanlığı istifadə üçün iddiaçıya verilmişdir. Həmin avadanlığı qoymağa evində yer olmadığından müvafiq yer hazırlayana qədər müvvəqəti olaraq razılıq ilə cavabdehin evinə qoymuşdur. İddiaçı həmin avadanlığı geri xahiş edəndə qaytaracağına söz vermişdir. Hətta, avadanlığı verən təşkilatın əməkdaşı bir neçə dəfə iddiaçı ilə birlikdə cavabdehin evindəki əmlaka baxış keçirmiş və müvafiq akt tərtib etmişdir. Bundan başqa cavabdeh iddiaçıya yazdığı mesajlar və çəkib göndərdiyi şəkillərlə un məmulatları istehsalı avadanlığının onun evində olduğunu təsdiq etmişdir. Lakin, bu sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən özünəməşğulluq fəaliyyəti ilə məşğul olmağı üçün verilmiş un məmulatları istehsalı avadanlığından istifadə hüququ həmin qanun normasına görə əmlak hüququdur. Məhkəmə qəbul etdiyi qətnamə ilə iddiaçının həmin avadanlıqla bağlı əmlak hüququnu pozmuşdur. O, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. İstifadə etməyi üçün iddiaçıya verilmiş un məmulatları istehsalı avadanlığını qaytarmasını xahiş etdikdə cavabdeh qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Cavabdehin istifadə üçün iddiaçıya verilmiş əmlakı qanunsuz özündə saxlaması əmlak hüququnu pozmaqla yanaşı əsassız varlanmadır. Məhkəmə iddiaçının ona təqdim etdiyi cavabdehə saxlamağa verdiyi avadanlığa dair cavabdehlə olan votsap yazışmalarını, həmin avadanlığın onun evində olmasına dair şəkilləri nəzərə almamışdır. Hansı ki, mesajlarda cavabdehin telefon nömrəsi açıq göstərilib və şəkillərdən də müəyyən etmək olar ki, avadanlıq cavabdehin evindədir. Bundan başqa məhkəmə həmin avadanlığın cavabdehdə olmasını təsdiq edən X6 avadanlığı cavabdehin evində yoxlayıb aktları tərtib edən əməkdaşının və digər şahidin dindirilməsinə şərait yaratmamışdır və yalnız cavabdehin sözləri əsasında iddia tələbini təmin etməmişdir. Ona görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4641/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, 2(103)- 6124/2025 saylı mülki iş üzrə verilmiş apellyasiya şikayətini qəbul etmir və əsassız sayır. X7 əməkdaşı vəzifə təlimatına uyğun olaraq özünün məşğulluq üçün verilən avadanlıqları qohumluq və qonşuluq münasibətlərində olmayan şəxsin evinə, qeyri-yaşayış sahəsinə qoya bilməz. Bu qanunla qadağandır. X7 əməkdaşı iddiaçının dediyi avadanlıqları müvəqqəti olaraq onun evinə nəyə görə qoyduqlarını (xx.xx.2023-cü il tarixdən bugünkü tarixə) sübut etməlidilər. Belə olan halda ÖM/N074 saylı müqavilədə göstərilən avadanlıqların müvəqqəti olaraq onun həyətimə qoyduqlarını təsdiq edən (müvəqqəti saxlanma müqaviləsi) olmalı idi. Belə olan halda o, hər hansı bir cavabdehlik daşımır və öhdəlik münasibətinə girmir. X1 istifadə etmək ücün verildiyindən xx.xx.2023-cü ildən 2025-ci il tarixə qədər onun həyətində və evində saxlanıla bilməzdi. Bu böhdandır və uydurma yalandır. Ümumiyyətlə iddiaçı ilə onun arasında bele bir müqavilə bağlanmamış, şifahi razılaşma olmamışdır. İddiaçının güman etdiyi mallar ona və onun səlahiyyətli nümayəndəsinə təhvil verilməmış və təhvil-təslim aktı tərtib edilməmişdir. Ona görə də iddiaçı X2 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətə qarşı etirazının məzmununa uyğun izahat verib, izahatında əlavə olaraq göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi əşyaların satışı ilə məşğuldur. Ona şəkilləri həmin əşyaları satmaq istədiyi üçün göndərmişdir. Həmin şəkillər iddiaçının anasına məxsus ünvanda çəkilmişdir. O, şahidi tanımır. Şahid birinci instansiya məhkəməsindən çıxarkən onun təqib etdiyindən o, şahidən onu tanıyıb-tanımadığını soruşmuş, şahid həmin vaxt onu tanımadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə iş yoldaşı olmaqla ailəvi dostdur, onun həyat yoldaşını da tanıyır. Cavabdehi isə evinə avadanlıqları aparıb qoyanda tanımışdır. X6 verdiyi avandanlıqları o, 2023-cü ilin yay aylarında “Çinar” plazadan qazelə yükləyərək cavabdehin Anaşkin küçəsində olan, nömrəsini bilmədiyi həyət evinə boşaldılmışdır. Həmin avadanlıqlar soyuducu, soba, stol, yəni şirniyyat avadanlıqları olmuşdur. Həmin vaxta qədər o, cavabdehi tanımamış, cavabdeh həmin vaxt iştirak etdiyindən həmin evi onun evi olaraq tanıyır. Həmin vaxt heç bir sənədləşmə aparılmamışdır. Sənədləşmə ancaq X8 aparılmışdır. Danışıqlar Səlimə ilə X6 nümayəndəsi arasında olmuşdur. Əşyaların cavabdehin ünvanında hansı müddətdə qalması ilə bağlı onun məlumatı yoxdur. X4 verilən avadanlıqlar iddiaçıya şirniyyat işləri ilə məşğul olmaq üçün lazım idi. Halhazırda iddiaçının şirniyyat obyekti açıb-açmadığını o, bilmir. İddiaçı ilə əvvəllər iş yoldaşı olmuş, bir yerdə işləmişlər. İddiaçı ondan avadanlıqların daşınmasını xahiş etmiş, o da həmin avadanlıqları aparıb ünvana boşaltmışdır. Sonra avadanlıqların necə olması barədə onun məlumatı yoxdur. O, məhkəmənin binasından çıxarkən cavabdeh onun video görüntüsünü çəkərək onun arxasınca gəlməsinin səbəbini soruşmuş, o da, cavabdehi təqib etmədiyini, onu tanımadığını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, şahid ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı bağladığı müqaviləyə əsasən onun istifadəsinə verilmiş əmlakın cavabdehə məxsus ünvana yerləşdirilməsini, cavabdehin sahibliyində olmasını bildirsə də, tələbində istinad etdiyi halları sübuta yetirə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlarla bağlı qeyd edir ki, iddia ərizəsində qaytarılması tələb olunan əmlakın cavabdehdə olmasını təsdiq edə biləcək məlumatları özündə əks etdirməyən votsap yazışmaları, çəkildiyi yer, vaxt məlum olmayan şəkillər, qeyd olunduğu ünvanın cavabdehə aid olması məlum olmayan, tərtib olunarkən iştirakı təmin edilməyən, cavabdeh tərəfindən imzalanmayan akt, əmlaklar barədə müfəssəl məlumat verə bilməyən şahidin ifadəsi iddia tələbində qeyd olunan əşyaların cavabdehdə olması qənaətinə gəlinməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə təkzib olunmaz dəlil təqdim etmələri zəruridir. Çünki sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İstinad olunanlara əsasən, kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-4641/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar