Məhkəmə qərarları › İş №2(103)-6150/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6150/2021

16.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6150/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)-3375/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilin özgəsinin qanunsuz sahibliyindən qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Renault Megan e” markalı, 99SG480 dövlət qeydiyyat nişanlı minik avtomobilinin və ya onun dəyərini təşkil edən 10.000 (on min) manat pul vəsaitinin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan “Ford Tranzit” markalı, 99K0711 dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə həbs qoyulması və həmin avtomobilin özgəninkiləşdirilməsinin Cavabdeh qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(004)-3375/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “avtomobilin özgəsinin qanunsuz sahibliyindən qaytarılmasına” dair iddia ərizəsi barədə mülki iş üzrə İddiaçı iddianı təmin etmə tədbirinə dair ərizəsi təmin edilməmişdir. 02.05.2021-ci il tarixdə İddiaçı həmin qərardaddan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)- 3375/2021 nömrəli qərardadı ilə şikayər qismən təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(004)-3375/2021 saylı qərardadı ləğv edilərək, ərizə qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan “Ford Tranzit” markalı, 99KO711 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilməsi, qərardadın icrasının Bakı şəhər Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(004)-3375/2021 saylı qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianı təmin etmə barədə ərizənin təmin olunmaması barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, Ağdam Rayon Məhkəməsinin 06.07.2020-ci il tarixli, 2(013)-636/2020 saylı qətnaməsi ilə onun İddiaçı qarşı "Ford Tranzit” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılmasına dair iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsindən ötrü Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı həmin avtomobili könüllü olaraq geri qaytarmayıb gizlətdiyindən, Binəqədi rayon icra şöbəsi tərəfindən "Ford Tranzit” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilməsinə dair 09.09.2020-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı ona qarşı hazırkı iddia tələbini irəli sürərkən yuxarıda qeyd etdiyi hallar barəsində qəsdən məhkəməyə məlumat verməmişdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)- 3375/2021 nömrəli qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizə rədd edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kolegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)-3375/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olduğundan, eləcə də qeyd edilən əmlakın özgəninkiləşdirilməsi ehtimalı olduğundan, həmin əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Kollegiya eləcə də sözügedən avtomobilin iddiaçıda olması və iddiaçının həmin avtomobili gizlətməsi barədə dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırda avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi hər iki tərəfin maraqlarına uyğun olmaqla, iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların aradan qalxmasına gətirib çıxaracaqdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)-3375/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(004)-3375/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar