Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6158/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Ə.D.Məlikov adına X6" X4rşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X2 Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə2 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh "Ə.D.Məlikov adına X6" X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 25 mart 2025-ci il tarixdə Doğum evi-Doğum şöbəsində vətəndaş X1 qeysəriyyə əməliyyatına hazırlığı zamanı ona qarşı əməkdaşlar (mama) Gülnarə Abdullayeva və İddiaçı tərəfindən göstərilmiş kobud rəftarla bağlı xx.xx.2025-ci il tarixdə “Ə.D.Məlikov adına X6” PHŞ-in əməkdaşları tərəfindən akt tərtib edilmişdir. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Ə.D.Məlikov adına X6” PHŞ-in xx.xx.2025-ci il tarixli, 18-1-18/3-1-354/2025 saylı əmrinə əsasən “Ə.D.Məlikov adına X6” PHŞ-in Doğum evi- Doğum şöbəsinin maması İddiaçı intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla “şiddətli töhmət” verilmişdir.
2. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Ə.D.Məlikov adına X6” PHŞ-in xx.xx.2025-ci il tarixli, 18-1-18/3-1-559/2025 saylı əmri ilə iddiaçı xx.xx.2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli, 272 nömrəli əmək müqaviləsinə xitam verilmiş, işçiyə xx.xx.2024-xx.xx.2025-ci iş ili üzrə cəmi 20 (iyirmi) gün əsas məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "Ə.D.Məlikov adına X6" X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 18-1-18/3-1-559/2025 saylı əmrin ləvğ edilməsi, onun Doğum evi - Doğum şöbəsinin maması vəzifəsinə işə bərpa edilməsi və xx.xx.2025ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmrdə konkret hansı əsasa görə işdən çıxarılması müəyyən deyil. Həmkarlar İttifaqı Komitəsinin protokolu ona təqdim edilməmiş və məzmunu ilə tanış olmamışdır. Həmkarlar İttifaqı Komitəsinin razılığı işəgötürənin işçini işdən azad etməsi üçün əsas deyil, bu hal prosedur qayda kimi nəzərdə tutulub. Təxminən 2025-ci ilin martın sonundan əmrin təqdim olunduğu xx.xx.2025-ci ilədək qeyri-qanuni olaraq işə buraxılmayıb. X5 ilə telefon danışığında ondan şikayətçi olmadığını bildirmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4929/2025 saylı, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim L.Məmmədova) iddia rədd olunmuşdur.
6. Məhkəmə hesab etmişdir ki, PHŞ törədilmiş bir əmələ görə iddiaçıya həm sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş (ƏM 186-cı bəndinin “b” yarımbəndi), həm müvəqqədi olaraq işdən kənarlarşdırılmış, həm də eyni əmələ görə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi (ƏM 186-cı bəndinin “ç” yarımbəndi) ilə ləğv etmişdir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz, işəgötürən hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırmalıdır. Yəni, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Məhkəmə hesab etmişdir ki, əmrin əsasını təşkil edən hallar Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun deyil və əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni hesab edilə bilməz.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 70, 71, 84, 186, 189-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırmanın davamı olaraq müəssisə rəhbərliyinin göstərişi ilə hadisə ilə bağlı xüsusi komissiya təşkil olunmuş, komissiya qərarına əsasən sözü gedən əməkdaşlar araşdırma müddətində əmək funksiyalarından müvəqqəti azad edilmiş, həmin müddət bitdikdən sonra direktorun qəbulunda baş tutan iclasda müəssisənin Həmkarlar İttifaqıKomitəsinin nümayəndələrinin iştirakı ilə məsələ kollektiv şəkildə müzakirə edilmiş və protokol (məktuba əlavə olunur) tərtib olunmuşdur. Komissiya qərarından sonra aparılan qiymətləndirmə nəticəsində əməkdaş G.Abdullayeva törətdiyi hərəkətləri etiraf etmiş, peşmançılıq ifadə etmiş və iş prinsipindəki yanlışlıqları qəbul etmişdir. Bunun nəzərə alınması ilə o, müəssisənin nizamnaməsinə əsasən daxili dəyişikliklə başqa bir şöbəyə təyin edilmiş və barəsində şiddətli töhmət intizam tənbehi tətbiq olunmuşdur. İddiaçı isə törətdiyi hərəkətləri qəbul etməmiş, üstəlik şöbə daxilində digər işçilərə və xəstələrə aid məxfi məlumatları, onların icazəsi olmadan səsyazma vasitəsilə qeydə alaraq yaymış və dinlətmişdir. Bu davranışlar həm hüquqi prinsiplərə, həm də müəssisədaxili intizam qaydalarına zidd olduğu üçün, araşdırmanın tamamlanmasından sonra 1 aylıq müvəqqəti uzaqlaşdırma müddəti bitdikdən sonra o, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. İddiaçı və nümayəndəsi (vəkili) isə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənə, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. - 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. - 189-cu maddəsinin 12-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia tələbi təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.
18. Apellyasiya şikayətinin dəlilləri şiddətli töhmət və əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin fərqli əsaslarla verildiyini və eyni əmələ görə verilmədiyi üzərində qurulsa da, iş materialları bu qənaətə gəlməyə əsas vermir. Belə ki, mübahisələndirilən əmrdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunmasının əsası kimi HİK-in 20 may 2025-ci il tarixli protokolu olmuşdur. Protokoldan görünür ki, əmək müqaviləsininin ləğvinə əsas iddiaçının xəstə ilə kobud rəftarı səbəb olmuşdur. Sonuncu xəbərdarlıqla şiddətli töhmət və müvəqqədi olaraq işdən kənarlarşdırılma barədə əmrlər də eyni əmələ görə verilmişdir.
19. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan bütün əsaslar mövcud olmamışdır.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 04 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.