Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6166/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə qəsdin və maneələrin aradan qaldırılması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 fevral 2022ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin vəkili (nümayəndəsi) Vəkil və iş üzrə tərəflərin özlərinin iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi 34/10 “Q” saylı evə qonşusu olan və həmin küçədə yerləşən 34/9 “V” saylı evdə yaşayan cavabdeh tərəfindən törədilən qəsdə və maneələrə son qoyulması, cavabdehin özbaşına inşa etdirdiyi evdən daha yaxın məsafədən şəxsi mülkiyyət tərəfə açdığı, həmin evin 2 və 3-cü mərtəbələrindəki pəncərələrin sökülərək, həmin sahələrin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan evin qonşuluğunda yaşayan cavabdeh, buna lazımi icazələr almadan, tikinti norma və qaydalarını pozmaqla özbaşına ev inşa etdirmiş, bununla da, iddiaçının şəxsi mülkiyyət hüququnu pozmağa başlamışdır. Belə ki, cavabdehin inşa etdirdiyi üç mərtəbəli ev iddiaçının hasarına faktiki olaraq bitişikdir və evin pəncərələri iddiaçının evinə tərəf yerləşir. Evin İİ mərtəbəsində olan 1, İİİ mərtəbəsində olan 3 pəncərəyə görə iddiaçının ailəsi şəxsi mülkiyyətində sərbəst hərəkət edib lazımi səviyyədə istirahət edə bilmir. Halbuki cavabdehin evin digər hissəsindən pəncərə açmaq imkanı olmuşdur. İddiaçı bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh, qanuna, qonşuluq və milli mentalitetə hörmət etməyərək heç bir tədbir görməmişdir. Buna görə də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə:
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin mübahisələndirilən pəncərələrinin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadəyə maneələrin yaranıb-yaranmaması ilə bağlı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/5166 saylı, xx.xx.2022-ci il tarixli rəydə qeyd edilmişdir ki, cavabdehə məxsus fərdi yaşayış evindən açılan İİ mərtəbədə 1 ədəd və mansard mərtəbədə 3 ədəd pəncərənin iddiaçıya məxsus fərdi yaşayış evinin və həmin evə bitişik talvarın dam örtüyünün göründüyünü, eləcə də “Yaşayış Binaları Tikinti Norma və Qaydalarının” 1.3 bəndinin tələblərini nəzərə alaraq cavabdehə məxsus evdə quraşdırılmış pəncərələrin iddiaçıya məxsus evə hər hansı maneə yaratması müəyyən edilməmişdir. Cavabdehə məxsus evin iddiaçının evinə tərəf pəncərə quraşdırılmış otaqlarında həmin otaqların “Yaşayış binaları Tikinti Norma və Qaydalarının” (SNİP 2.08.01.-89) 1.3-cü bəndinin tələblərinə uyğun olaraq təbii işıqla qidalanması üçün başqa istiqamətdə pəncərə açılmasına şəraitin olmadığı müəyyən edilir.
5. Rəyi nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, nə qədər ki, cavabdehin inşa etdiyi pəncərələrin mövcudluğu iddiaçının öz evindən istifadəsinə maneələr yaratmır, həmçinin cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evində mövcud olan mübahisəli pəncərələrin bağlanması “Yaşayış Binaları Tikinti Norma və Qaydalarının” tələblərinə zidd olaraq evin təbii işıqla qidalanmasının qarşısını alır, bu halda iddiaçının qonşuluq hüququndan irəli gələn vəzifələrinə əməl etmək öhdəliyi var.
c) Apellyasiya şikayəti barədə məlumat:
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
d) Apellyasiya baxışı iclasında tərəflərin iştirakı və izahatları barədə məlumat:
8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi qətnaməsinin məzmununa uyğun izahat verdilər.
e) İşdə olan sübutlar və onların qiymətləndirlməsi:
10. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi 34/10 “Q” saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. 34/9 “V” saylı fərdi ev isə cavabdehin faktiki sahibliyində olmaqla, iddiaçının evinin qonşuluğunda, həmin küçədə yerləşir. Cavabdehin həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır.
11. Qeyd edilənlər iş üzrə tərəflər arasında mübahisə doğurmur və Məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilir.
12. İşdə 2 mütəxəssis rəyi və 1 ekspert rəyi var.
13. “X1” MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2021-ci il tarixli, 48 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və həmin evin pəncərələri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun inşa edilməmişdir. İddiaçıya məxsus ev isə “Yaşayış binaları Tikinti Norma və Qaydalarına” uyğun inşa edilmişdir.
14. Məhkəmə bu rəyi sübut kimi qəbul etmir. Çünki rəy mühəndis tərəfindən imzalansa da, mütəxəssis tərəfindən imzalanmamışdır. Bundan başqa, rəy həmin MMCnin möhürü ilə təsdiqlənməmişdir.
15. “X1” MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2021-ci il tarixli, 134 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, qonşuluqda yerləşən həyətyanı sahələri fərdi yaşayış evlərinin pəncələrinin bir-birinin həyətyanı sahəsinə açılmasının mümkün olubolmaması “İnşaat Norma və Qaydaları” ilə tənzimlənmir – nəzərdə tutulmur. Lakin “Yaşayış binaları Tikinti Norma və Qaydalarının” (SNİP 2.08.01-89) 1.3-cü bəndində yaşayış otaqlarının, mətbəxin və s. təbii işıqla təmin olunması tələb olunur. Cavabdehə məxsus evin mübahisəli pəncərələrin başqa istiqamətdə açılmasına şərait olmadığını nəzərə alaraq, həmin pəncərələrin “Yaşayış Binaları Tikinti Norma və Qaydalarının” 1.3 bəndinin tələblərinə uyğun olduğu müəyyən edilir. 15.1. İddiaçıya və cavabdehə məxsus evlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1., 79 və 80.1-ci maddələrinin tələblərinə uyğun inşa edilmişlər. 15.2. Cavabdehə məxsus fərdi yaşayış evindən açılan İİ mərtəbədə 1 ədəd və mansard mərtəbədə 3 ədəd pəncərənin iddiaçıya məxsus fərdi yaşayış evinin və həmin evə bitişik talvarın dam örtüyünün göründüyünü, eləcə də “Yaşayış Binaları Tikinti Norma və Qaydalarının” 1.3 bəndinin tələblərini nəzərə alaraq cavabdehə məxsus evdə quraşdırılmış pəncərələrin iddiaçıya məxsus evə hər hansı maneə yaratması müəyyən edilmir.
16. Məhkəmə bu mütəxəssis rəyini sübut kimi qəbul edir. Çünki rəy mütəxəssis tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənməmişdir.
17. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş 10/5166 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, cavabdehə məxsus fərdi yaşayış evinin texniki parametləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlandırma icraatı çərçivəsində inşası nəzərdə tutulmuş tikililərə uyğundur. Lakin həmin evə dair “Texniki pasport” və layihə sənədləri təqdim edilmədiyindən mübahisə predmeti olan pəncərələrin “Texniki pasporta” və layihədə nəzərdə tutulub-tutulmamasını müəyyən etmək mümükün olmadı. 17.1. Cavabdehə məxsus evin iddiaçının evinə tərəf pəncərə quraşdırılmış otaqlarında həmin otaqların “Yaşayış binaları Tikinti Norma və Qaydalarının” (SNİP 2.08.01.-89) 1.3-cü bəndinin tələblərinə uyğun olaraq təbii işıqla qidalanması üçün başqa istiqamətdə pəncərə açılmasına şəraitin olmadığı müəyyən edilir. 17.2. Cavabdehə məxsus fərdi yaşayış evindən açılan İİ mərtəbədə 1 ədəd və mansard mərtəbədə 3 ədəd pəncərənin iddiaçıya məxsus fərdi yaşayış evinin və həmin evə bitişik talvarın dam örtüyünün göründüyünü, eləcə də “Yaşayış Binaları Tikinti Norma və Qaydalarının” 1.3 bəndinin tələblərini nəzərə alaraq cavabdehə məxsus evdə quraşdırılmış pəncərələrin iddiaçıya məxsus evə hər hansı maneə yaratması müəyyən edilmir.
18. Məhkəmə ekspert rəyini sübut kimi qəbul edir. Çünki rəy lazımi qaydada təsdiq edilmişdir və işdə olan digər sübutlar və işin araşdırılmış halları ilə təsdiqlənir.
f) Məhkəmənin mövqeyi:
19. Qeyd edilənləri, habelə iş üzrə tərəflərin verdikləri məlumatları nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır (maddə 170.1.). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.2.). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (maddə 171.1.). Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan aid istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.2.). Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin (maddə 172.1.) Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər (maddə 172.2.). Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir (maddə 172.3.) Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir (maddə 172.4.).
20. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdehə məxsus fərdi yaşayış evində quraşdırılmış pəncərələrin iddiaçının hüquq və mənafelərinin pozulmasına səbəb olmur.
22. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi bu kimi mövqedən çıxış edərək iddianı təmin etməməkdə haqlı olmuşdur; iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızıdır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
g) Apellyasiya baxışının nəticəsi:
23. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
27. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 fevral 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.