Məhkəmə qərarları › İş №2(103)-6172/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6172/2021

01.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6172/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndələri (vəkilləri) X1 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, vərəsə kimi tanınma və hüquqi yardım xərcinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (43 saylı notariat kontoru üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17.06.1965-ci il təvəllüdlü qızı Yeganə Ağayevanın 09.01.2008-ci il tarixdə öldüyünü, Bakı şəhəri, 5-ci mkr, 20 yanvar küçəsində yerləşən 40 saylı evin 52 nömrəli mənzilin qızının mülkiyyətində olduğunu, qızı vəfat etdiyi gündən etibarən qızının 2 övladı (Cavabdeh3 və Cavabdeh2) ilə birlikdə həmin mənzildə yaşadığını, 12 ildən artıq müddətdir həm qızının övladlarını saxlayıbböyütdüyünü, həm də ondan qalan həmin miras əmlaka sahiblik etdiyini, qızının vəfatından sonra onun qanun üzrə birinci dərəcə vərəsəsi hesab olunan əri Abidli Hicran Abdulla oğlunun həmin mənzildə yaşamadığını və yenidən ailə quraraq özünə yeni mənzil alıb oraya köçdüyünü, son zamanlar birlikdə yaşadığı nəvələrinin evi öz adlarına keçirmələrindən şübhələndiyini və bu səbəblə Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə ərizə ünvanladığını, ərizəsinə cavab olaraq 13 mart 2020-ci il tarixli məktubda mərhum qızına dair vərəsəlik isinin açılmadığının və notariat ofisinə müraciət etməli olduğunun bildirildiyini, xüsusi karantin rejimi tətbiq edildiyindən dərhal müraciət edə bilmədiyini, iyun ayında yenidən xeyli miqdarda pul vəsaiti qarşılığında evin nəvəsinin adına keçirilməsi barədə xəbərlər eşitdiyini, Ədliyyə Nazirliyinin elektron xidmətləri bölümündən qızı ilə bağlı 14 mart 2020-ci il tarixdə vərəsəlik işi açıldığını öyrəndiyini, 21 iyun 2020-ci il tarixdə vərəsə kimi tanınması üçün 43 saylı notariat ofisinə müraciət etdiyini, notariat ofisindən ona göndərilmiş 24 iyun 2020-ci il tarixli məktubda evə dair 14 mart 2020-ci il tarixdə 2V-24 saylı "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verildiyinin göstərildiyini bildirmiş, buna görə də mirası qəbul etməsi faktının müəyyən olunması, vərəsəlik hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, yeni şəhadətnamənin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi, miras əmlaka faktiki sahiblik etdikləri üçün özünün, Cavabdeh2 və Cavabdeh3 miras əmlakda bərabər paylı vərəsə kimi tanınması, məhkəməyə müraciət üçün çəkdiyi xərc qismində 450 manatın və 10 (on) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 40 saylı evin 52 saylı mənzilindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının və onun, qızı X2 birinci növbədən olan bərabər pay hüquqlu vərəsəsi olması faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik haqqında 14.03.2020-ci il tarixli şəhadətnamənin ləğv edilməklə, yeni şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 43 saylı Notariat ofisinin üzərinə qoyulması, iddianın digər hissədə rədd edilməsi, cavabdehlərdən 5 manatın müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, işin hallarına düzgün hüquqi qiymət vermədiyi, iddiaçının miras əmlakda daimi yaşamadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) X3 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş; İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil isə iddia ərizəsinin məzmununa uyğun izahatlar verməklə şikayətin əsassız olduğunu bildirmişlər. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış ünvan 1 ünvanlayaraq iclasın nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, Cavabdeh1 isə şikayətində qətnamənin ləğvini xahiş etməsinə baxmayaraq, onun iradə ifadəsi də məhz iddianın təmin olunan hissəsinin ləğvinə yönəlmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, X5 09.01.2008-ci il tarixdə vəfat etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəisi tərəfindən iddiaçıya ünvanlanmış 13.03.2020-ci il tarixli məktubda Yeganə Ağayevanın adına Respublikanın notariat ofislərində vərəsəlik işinin açılmadığı bildirilməklə vərəsəlik işinin açılması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə mirasın açıldığı və ya əmlakın yerləşdiyi yer üzrə notariat ofisinə müraciət edilməsi ona tövsiyə olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri 43 saylı Notariat ofisi tərəfindən 14.03.2020-ci il tarixdə Yeganə Ağayevanın mirasına dair “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmiş, şəhadətnamədə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 09.01.2008-ci il tarixdə ölmüş X2 vərəsələri olduqları, onların ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 23,89 kv.m. olan daşınmaz əmlakdan (mirasdan) hər biri bərabər olaraq 1/3 hissədə pay almalı olduqları göstərilmişdir. İş materiallarında olan, Rəşidə Gözəlova, İradə Əliyeva və Firəngiz Məmmədova tərəfindən tərtib edilmiş 21.10.2020-ci il tarixli aktda göstərilmişdir ki, Bakı şəhəri, 5-ci mkr, 20 yanvar küçəsində yerləşən 40 saylı evin 52 nömrəli mənzilinin sahibi, qonşuları X5 09 yanvar 2008-ci il tarixdə vəfat etdikdən sonra onun anası İddiaçı sözügedən evdə yaşayaraq mərhum Yeganə Ağayevanın 2 övladına (Cavabdeh3 və Cavabdeh2) baxmış və əmlaka sahiblik etmiş, mərhumun əri Abildli Hicran Abdulla oğlu isə, o vəfat etdikdən az müddət sonra yenidən ailə quraraq mənzili tərk etmişdir. Nəsimi Rayon İH MKTB 31 saylı MKİS-i tərəfindən verilmiş 02.11.2020-ci il tarixli arayışda da İddiaçı 5-ci mkr, 20 yanvar küçəsində yerləşən 40 saylı evin 52 nömrəli mənzilində qeydiyyatsız yaşadığı göstərilmiş, birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi şahidlər də bu xüsusatı təsdiq etmişlər. Beləliklə işin müəyyən olunan hallarından aydın olur ki, X2 09.01.2008-ci il tarixdə vəfat etməsindən sonra 12 il ərzində miras əmlakın qəbulu ilə bağlı heç bir vərəsə tərəfindən hüquqi addım atılmamış, yalnız mirasın faktiki qəbulu həyata keçirilmiş, Cavabdeh3 (Yeganə Ağayevanın oğlu), Cavabdeh2 (Yeganə Ağayevanın oğlu) və Cavabdeh1 (Yeganə Ağayevanın əri) müraciətlərinə əsasən Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14.03.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə onlar X2 vərəsələri kimi tanınmış və miras əmlakdan hər birinə bərabər pay hüququ verilmişdir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı, 09.01.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmiş qızı Yeganə Ağayevanın ölümündən dərhal sonra miras qoyanın digər vərəsələri hesab edilən və mirasın açıldığı vaxtda azyaşlı olduqlarından kənar şəxslərin qulluğuna ehtiyacı olan Cavabdeh3 və Cavabdeh2 baxmaq məqsədilə Bakı şəhəri, 20 yanvar küçəsi 40 saylı evin 52 saylı mənzilinə köçməklə və orada yaşamaqla faktiki olaraq həmin miras əmlakı qəbul etmiş, Cavabdeh3 da birinci instansiya məhkəməsində verdiyi izahatda bu faktı təsdiqləmişdir. Başqa sözlə İddiaçı, mərhum qzı Yeganə Ağayevadan miras qalan əmlaka sahiblik etdiyi təsbit olunsa da, 43 saylı notariat kontorunun notariusu onun miras əmlaka hüququnu tanımamaqla vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsi istiqamətində səhvə yol vermiş, nəticədə iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirən hissədə ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-620/2021 saylı iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar