Məhkəmə qərarları › İş №2(103)-619/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-619/2022

15.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-619/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər "Yeni Yasamal” MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin , 2(001)-1784/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə; Həmçinin, iddiaçı Cavabdeh2 cavabdeh "Yeni Yasamal” MTK-ya qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2544/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,6 kv.m. olan, 3 otaqlı, 101 saylı mənzilə dair Cavabdeh1 MTK ilə digər Cavabdeh2 arasında 2015-ci ildə verilmiş, 01 iyun 2008-ci il tarixli qeyd edilmiş "xxxx" müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisə predmeti olan mənzilin tikintisinə dair 14.05.2011-ci il tarixdə müqavilə bağlanmış və mənzilin dəyəri 62240 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən tam ödənilmiş və buna dair həmin tarixli maliyyə arayışı verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, dəfələrlə müraciət etməsinə baxmayaraq, mənzili ona təhvil verməmişdir. Eyni zamanda, 2017-ci ilin əvvəllərində mənzilin vəziyyətinə baxmaq üçün gedən zaman orada təmir işləri apardığını görmüş, təmiri dayandıraraq mənzilin klidini dəyişmiş və MTK-nın ofisinə gələrək bu barədə soruşduqda, mənzilin 2015ci il tarixli müqaviləyə 01.06.2008-ci il tarixi qeyd edilməklə digər Cavabdeh2 verildiyini bilmiş və sonuncunun tanışı Namiq Həsənov adlı şəxslə aralarında 101 saylı mübahisəli mənzilinəvəzində həmin binada 189 saylı mənzilin alqı-satqısına dair 29.12.2017-vi il tarixli ilkin müqavilə bağlamış, lakin sonradan həmin mənzilin də Əzizə Rəhimova adlı başqa bir şəxsə məxsus olduğu aşkar olunmuşdur. Cavabdeh MTK-nın direktoru Cahangir Alışov və Habil Fətəliyev barəsində açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Cavabdeh2 dindirmə protokolunda MTK-ya verdiyi 121000 manat dəyərində tikinti materialları və sonradan əlavə ödədiyi 31000 manatın qarşılığında 2015-ci ilin əvvəllərində 101 saylı mənzilə dair MTK ilə aralarında müqavilə bağlanması və maliyyə arayışı verilməsini, mənzilə görə ümumilikdə 154.000 manat ödəməsinə baxmayaraq müqavilədə dəyərinin 198389 manat göstərilməsini və onunla bağlanmış müqavilənin tarixinin 01.06.2008-ci il göstərilməklə daha əvvəl bağlanmış kimi göstərildiyini bildirmişdir. İş üzrə yuxarıda adları çəkilən təqsirləndirilən şəxslər də oxşar məzmunda ifadə vermişlər. Göründüyü kimi, mübahisəli mənzilə dair cavabdehlər arasında müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından etibarsız əqddir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)- 1784/2021 saylı qətnaməsi ilə (Fuad Abdıyev) iddia rədd olunmuşdur. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda əsaslandırılmış, əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən işə səthi yanaşılması, cavabdehin öz izahatında təsdiq etdiyi kimi ona 2015-ci ildə verilmiş 01.06.2008-ci il tarixi qeyd edilmiş müqavilənin saxta olub-olmaması, müqavilədəki imzaların kimə məxsus olması, möhür və imzaların rəngli qurğu ilə çap olunub-olunmaması, müqavilənin əsl olub-olmaması, 2008 və 2011-ci illərdə mənzilin real bazar dəyərinin nə qədər olması, mənzilin dəyəri arasındakı kəskin fərqin nə ilə bağlı olması istiqamətində heç bir araşdırılma aparılmaması, bununla bağlı zəruri məhkəmə ekspertizalarının təyin olunmaması, 2009-cu ilin axırlarınadək sözügedən binada mənzil satışı ilə bağlı kassa mədaxil orderləri verilməsinə və bunun həm də şahid ifadələri ilə təsdiq olunmasına baxmayaraq, cavabdehin 2008-ci il tarixli müqavilə üzrə maliyyə arayışına istinad etməsi və s. göstərilmişdir. Bununla yanaşı, iddiaçı Cavabdeh2 cavabdeh "Yeni Yasamal” MTK-ya qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək (sonradan tələbini dəqiqləşdirməklə), ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən binanın 1-ci giriş, 14-cü mərtəbədə, ümumi sahəsi 155,6 kv.m. olan, 3 otaqlı, 101 saylı mənzillə bağlı manelərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil tərəflər arasında bağlanmış 01.06.2008-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus olmaqla, həmin tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri tam ödənilmişdir və onun MTK-ya borcu yoxdur. Buna baxmayaraq, cavabdeh MTK özünə məxsus mənzilə sahiblik və istifadə hüquqununun həyata keçirilməsinə maneəçilik törətməklə, ondan əlavə haqq tələb edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2544/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin olunmuşdur. Maraqlarına toxunulan şəxs İddiaçı, qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması, mübahisəli mənzilə dair MTK ilə Cavabdeh2 arasında 2015-ci ildə bağlanmış 01.06.2008-ci il tarixli qeyd edilmiş "xxxx" müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 mənzildən çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini eyni dəlillərlə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2(103)-619/2022 saylı qərardadı ilə qeyd olunan mülki işlər bir icraatda birləşdirilmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Şirin Məmmədovun nümayəndəsi (vəkili) tərəflərindən hər iki qətnamədən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətlərin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 isə apellyasiya şikayətlərinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə hər iki iddia üzrə cavabdeh "Yeni Yasamal” MTK-ya rəsmi qaydada məlumat verilsə də, nümayəndəsi, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, hər iki qətnamə şikayətlərə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış "xxxx" 01.06.2008-ci il tarixli müqaviləyə əsasən, MTK, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,6 kv.m. olan, 3 otaqlı, 101 saylı mənzili S.İsayevə verməyi, sonuncu isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixli maliyyə arayışına əsasən, mənzilin dəyəri tam ödənilmişdir. Cavabdeh1 MTK 14.05.2011-ci il tarixdə sözügedən mənzilə dair həm də Şirin Məmmədovla eyni məzmunlu müqavilə bağlamış və MTK tərəfindən verilmiş eyni tarixli maliyyə arayışına əsasən, mənzilin dəyəri tam ödənilmişdir. Göründüyü kimi, Cavabdeh1 MTK tərəfindən mübahisə predmeti olan mənzilə dair həm Cavabdeh2, həm Şirin Məmmədovla evin “yaşayış binasında mənzil tikintisi” barədə podrat müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. X4 yeni iddia, eyni zamanda qeyd edilən qətnamədən apellyasiya şikayəti verməklə, mübahisəli mənzilə dair MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini və sonuncunun mənzildən çıxarılmasını xahiş edir. Ş.Məmmədov tələbinin faktiki əsas kimi, cavabdehlər arasına tikinti materiallarının alqı-satqısına dair münasibətlərin olması və mənzilə dair onlar arasında bağlanmış müqavilənin MTK-nın buna görə yaranmış borcu qarşılığında əslində 2015-ci ildə bağlanması, lakin arxa tarixlə (01.06.2008-ci il) tərtib edilməsi, müqavilədə mənzilin dəyərinin real bazar dəyərindən həddən artıq yüksək göstərilməsi, MTK-nın məsul şəxsləri barədə açılmış cinayət işi (Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-69/2020 saylı iş) üzrə aparılmış istintaq zamanı verilmiş ifadələrdə bu halların təsdiq olunmasına istinad edir. Cavabdeh2, qeyd olunanları təkzib edərək, bildirmişdir ki, MTK ilə aralarında tikinti materiallarının alqı-satqısına dair münasibətlər mövcud olmuş, lakin mübahisəli mənzil ona tikinti materiallarının əvəzi olaraq verilməmiş, o mənzili 01.06.2008-ci il tarixdə dəyərini ödəməklə almış və bununla bağlı MTK tərəfindən ona həmin tarixli maliyyə arayışı verilmişdir. O, mənzili təmir olunmaqla aldığından onun dəyərinə həm də təmir xərci daxil edilmiş, bu səbəbdən də qiymət yüksək göstərilmişdir. Təmir bitdikdən sonra isə o, həmin mənzilə köçmüş və hazırda da ailəsi ilə orada yaşayır. Eyni zamanda, istintaq orqanında yuxarıda qeyd olunan məzmunda izahat verməmiş, həmin izahat onun sözlərinə əsasən yazılmamış, o isə oxumadan imzalamışdır. Cavabdeh1 MTK-nın mübahisəli mənzilə dair müqavilələri bağlamış direktoru Cahangir Alışov isə məhkəməyə təqdim etdiyi mülahizəsində, eyni zamanda birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, 101 saylı mübahisəli mənzil 01.06.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh2 satılmış və o, həmin mənzilin dəyərini ödəmiş və bununla bağlı ona həmin tarixdə pulun ödənilməsini təsdiq edən maliyyə arayışı da verilmişdir. Bundan sonra mənzil ona təhvil verilmiş və hazırda o, ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh2 mənzilə dair hər hansı borcu yoxdur, əksinə, verilmiş tikinti materiallarına görə MTK-nın hələ də ona borcu qalmışdır. Həmin mənzillə bağlı onların arasında məhkəmə mübahisəsi də olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə mənzilin ona məxsus olması bir daha öz təsdiqini tapmışdır. Həmin mənzil İddiaçı satılmamış, X2 adlı şəxs tərəfindən girov kimi verilmişdir. İddiaçı həmin mənzilə görə hər hansı məbləğdə pul ödəməmişdir və MTK-nın ona hər hansı məbləğdə borcu yoxdur. MTK ilə bağlı aparılmış cinayət işi çərçivəsində də iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və ona dəymiş zərərin əvəzinin ödənilməsi "xxxx" MTK-ya həvalə edilmiş, Cavabdeh2 isə əksinə mübahisəli mənzilin sahibi kimi tanınmışdır. Cavabdeh2lə MTK arasında bağlanmış 01.06.2008-ci il tarixli müqavilədə göstərilən qiymətə mənzilin təmiri qiyməti də daxil edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X3 ifadəsində Cavabdeh2 ilə eyni mərtəbədə yaşadığını, yaşadığı mənzili 2010-cu ildə aldıqlarını, həmin vaxtdan da Cavabdeh2 gördüyünü və tanıdığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 ifadəsində Cavabdeh2 ilə bir blokda yaşadığını, yaşadığı mənzili 5 il əvvəl aldıqlarını və 2016-cı ilin mart ayında köçdüklərini, həmin vaxtdan da Cavabdeh2 gördüyünü və tanıdığını bildirmişdir. Məhkəmə kollegiyası, Şirin Məmmədov tərəfindən hər iki qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin eynilik təşkil etdiyini və mübahisənin hüquqi xarakterini nəzərə alaraq, onlara birlikdə hüquqi qiymət verilməsini zəruri hesab edir. İlk olaraq qeyd edilməlidir ki, işdən mübahisəsiz qaydada görünür ki, Cavabdeh1 MTK mübahisə predmeti olan mənzili (eyni əşyanı) müqavilə əsasında bir neçə şəxsə - Cavabdeh2 və Şirin Məmmədova vermək öhdəliyini üzərinə götürmüşdür. Bu halda isə əşyanın kimə məxsusluğu qanunvericilikdə aydın şəkildə tənzimlənmişdir. MM-in 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan, əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqi əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. İşin müəyyən olunmuş hallarından açıq-aydın görünür ki, Cavabdeh2 mübahisəli mənzilə daha əvvəl faktiki sahiblənmiş (Şirin Məmmədov da bu halı inkar etmir, iddia ərizəsində mübahisəli mənzildə təmir işlərinin aparılmasının şahidi olduğunu göstərmişdir), mənzil Cavabdeh2 təhvil verilərək, təmir olunmuşdur. Bununla yanaşı, Cavabdeh2 daha əvvəl (2018-ci ilin əvvəlləri) Cavabdeh1 MTK-ya qarşı iddia qaldıraraq, MTK tərəfindən ona məxsus mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin qadağan edilməsini xahiş etmişdir, hazırda mənzil Cavabdeh2 sahiblik və istifadəsindədir (ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır). Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş şəxslər (qonşular) da ifadələrində mübahisəli mənzilin sahibi kimi yalnız Cavabdeh2 tanıdıqlarını, sonuncunun uzun müddətdir ki, orada yaşadığını təsdiq etmişlər. Belə olan halda, yəni sözügedən əmlak Cavabdeh2 faktiki sahibliyinə verildiyindən qanunvericiliyin tələbinə əsasən mənzilə dair üstünlük müqavilənin hansının daha əvvəl bağlanmasından asılı olmayaraq xeyrinə icra edilmiş kreditorundur. Bu qayda təbii ki, mənzilə dair onunla bağlanmış müqavilənin etibarlı əqd olduğu hallara aiddir. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. O da nəzərə alınmalıdır ki, fərdi müəyyən əşyanın verilməsinə dair bir neçə müqavilə bağlandıqda, yuxarıda qeyd olunan əsaslardan hər hansı birinə uyğun olaraq onlardan birinə üstünlük verilməsi, digər müqavilələrin etibarsızlığı nəticəsini doğurmur. Çünki qanunvericilikdə fərdi müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, əksinə MM-in 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu göstərir. Qısaca belə izah etmək olar ki, normanın mənasına görə, fərdi müəyyən əşyanın başqasına verilməsinə dair bir neçə şəxslə müqavilə bağlanmışsa və onlardan hansının əvvəl bağlandığı müəyyənləşdirilə bilinmirsə, kim bununla bağlı daha əvvəl iddia irəli sürmüşsə üstünlük ona verilir. Əgər ilk müqavilədən sonra bağlanmış müqavilələr etibarsız olsaydı, belə hesab olunardı ki, məhkəmə etibarsız müqaviləyə əsaslanaraq ilk iddia sürənin tələbini təmin etmişdir. Halbuki, müqavilə etibarsızdırsa, onda məhkəmə qərarı ilə təmin olunmalı bir haqq da olmaz. Baxılan işdən görünür ki, Cavabdeh1 MTK tərəfindən mübahisə predmeti olan mənzilə dair 01.06.2008-ci il tarixdə Cavabdeh2lə, 14.05.2011-ci il tarixdə isə Şirin Məmmədovla müqaviləyə bağlanmış, öhdəlik Şəmsədin İsayevin xeyrinə icra edilmişdir (mənzil ona təhvil verilmişdir). X4 mübahisəli mənzilə dair Şirin Məmmədovla bağlanmış müqavilənin etibarsızlığının təsbit olunmasını tələb edərkən, onu arxa tarixlə bağlanmasına, mənzilin tikinti materiallarının alqı-satqısına görə yaranmış borc qarşılığında verilməsinə və mənzilin dəyərinin ödənilmiş məbləğdən və real bazar dəyərindən artıq göstərilməsinə istinad etsə də, məhkəməyə qeyd olunanları təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Hətta, cinayət işinin istintaqı zamanı verilmiş ifadələr baxımından şərti olaraq Cavabdeh2lə müqavilənin Şirin Məmmədovun iddia etdiyi kimi sonradan bağlanması halı qəbul edilsə belə, yenə də işin müəyyən olunmuş faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbləri baxımından öhdəlik Şəmsədin İsayevin xeyrinə daha əvvəl icra edildiyindən və mənzil ona təhvil verildiyindən əmlak üzərində məhz sonuncunun hüquqları qorunmalıdır (üstünlük onun tərəfində olmuş olur). Müqavilənin tarixinin fərqli qeyd olunması (yuxarıda qeyd edildiyi kimi bu halı şərti olaraq qəbul etsək belə) isə özü-özlüyündə əqdin əhəmiyyətsizliyi ilə nəticələnə bilməz. Hazırki vəziyyədə müqavilə tərəfləri də əqdi təsdiq etməklə onu (onun hissələrini) şübhə altına almamışlar. Bununla yanaşı, Şirin Məmmədovun öz iddia ərizəsinin məzmunundan və işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 03 sentyabr 2020-ci il tarixli qərarından aşkar şəkildə görünür ki, 2017-ci il tarixdə onun sözügedən mənzilə dair Cavabdeh2lə müvafiq müqavilə bağlanmasından xəbəri olmuş və o, bu müqaviləni qəbul edərək, həmin binada başqa bir mənzilin (189 saylı mənzil) ona verilməsinə razı olmuş, bu barədə özünün sərbəst iradəsinə əsasən müvafiq müqavilə bağlanmış, hətta məhkəmədə iddia qaldıraraq 189 saylı mənzilin ona təhvil verilməsini tələb etmiş, lakin iddiası təmin olunmamışdır (həmin mənzil üzərində başqa şəxsin əmlak hüquqları mövcud olmuşdur). Bu hal işdə olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Yasamal Rayon Məhkəməsinə ünvanladığı 15 may 2018-ci il tarixli məktubundan da görünür. Orada qeyd edilmişdir ki, mübahisəli mənzilə dair MTK ilə Şirin Məmmədov arasında 14 may 2011-ci il tarixli müqavilə bağlansa da, 2017-ci ilin may ayında sonuncuya həmin mənzilin əvəzinə 189 saylı mənzilin verilməsi barədə 14 may 2011-ci il tarixli müqavilə və maliyyə arayışı təqdim edilmişdir. Göründüyü kimi, Şirin Məmmədov həmin vaxtı mövcud vəziyyətlə razılaşmış (yuxarıda qeyd edildiyi kimi bu hal onun sonrakı hərəkətlərindən görünür), faktiki olaraq mübahisəli mənzildən imtina edərək, onu sahibliyinə qəbul etməmiş (bu istiqamətdə hər hansı mübahisə açmamış) digər mənzilin verilməsini qəbul etmişdir. Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)- 61/2021 saylı hökmündən görünür ki, məhkəmə istintaqının nəticəsinə görə mübahisəli mənzilin Cavabdeh2 məxsus olmasının məhkəmə baxışı zamanı da müəyyən olunması və s. digər halların nəzərə alınması hökm edilmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-in 389, 390 və s. maddələri). MM-in 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Kollegiya, müqavilə azadlığı prinsipindən çıxış edərək qeyd edir ki, Cavabdeh1 MTK və Cavabdeh2 mülki hüququn bərabər hüquqlu subyektləri kimi, qanunvericiliyin müəyyən etdiyi konkret imperativ tələblərə zidd olmayan istənilən şərtlərlə müqavilə bağlamaqda sərbəstdirlər. Mənzil tikintisinə dair müqavilədə nəzərədə tutulmuş öhdəliyin icrası forması, müqavilənin predmeti olan mənzilin dəyərinin müəyyən edilməsi ilə bağlı isə qüvvədə olan qanunvericlikdə hər hansı məhdudiyyətlər nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdehlərin mübahisə predmeti olan mənzilə dair tikinti materialları qarşılığında və ya yüksək qiymətlə razılaşdıqları müəyyən olunarsa belə, bu hal onlar arasında bağlanmış müqavilənin etibarsızlığına birbaşa əsas ola bilməz. Eyni zamanda işin hallarından və Cavabdeh2 izahatından aydın olur ki, o mənzilin dəyərini təmir olunmaq şərti ilə ödəmişdir. Belə olan halda mənzilin dəyəri ilə bağlı apellyasiya şikayətinin dəlilləri (bu istiqamətdə təqdim olunmuş qiymətləndici rəyi) əqdin etibarsızlığına əsas ola bilməz. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, Cavabdeh1 MTK və Cavabdeh2 arasında bağlanmış "xxxx" müqavilə etibarlı əqd olmaqla bağlandığı andan tərəflər üçün haqq və öhdəliklər yaradır və yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən xeyrinə icra edilmiş kreditor kimi mübahisəli mənzilə dair üstünlük məhz S.İsayevə məxsusdur. Belə olan halda, Şirin Məmmədov onun mənzildən çıxarılmasını tələb etməkdə haqsız, Cavabdeh2 isə mənzilə dair maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, işin müəyyən olunmuş faktiki halları, tədqiq olunmuş sübutlar, məhkəmə aktları və qanunvericiliyin qeyd olunan normaları baxımından apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla, qətnamələrin ləğvinə əsas ola bilməz. Hazırki vəziyyətdə Cavabdeh2 mübahisəli mənzil üzərində əmlak hüquqları mövcud olmaqla, qorunur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4). «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası, hesab edir ki, Şirin Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin isə 20 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər "Yeni Yasamal” MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2021 saylı, 30 aprel 2021ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Həmçinin, iddiaçı Cavabdeh2 cavabdeh "Yeni Yasamal” MTK-ya qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2544/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2544/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar