Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6204/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6204/2025 (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2025 nömrəli 10 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2184/2024 nömrəli 05 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, X6 ilə Cavabdeh1 arasında 04 iyul 2023-cü il tarixdə 3 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat Şöbəsində 2009 saylı akt ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 28 iyul 2023-cü il tarixində Bakı şəhərində doğulmuş X7 boşanmadan sonra anası X3 yanında qalması, Cavabdeh1 həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan, yəni 05 iyun 2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə olan hədiyyə şəklində ona verilmiş İtaliya istehsalı 750 əyarlı, qiyməti 4864 manat olan kolye boyunbağı, qolbağı, üzük və sırğalardan ibarət dəstin, Türkiyyə istehsallı 585 əyarlı qiyməti 1100 manat, ümumi çəkisi 11,62 qram olan nazik boyunbağı, sığa və üzükdən ibarət olan dəstin özlərini, özləri olmadıqda isə 5964 manat dəyərini və dövlət rüsumu olaraq ödənilmiş 80 manat, cəmi 6044 manat pulun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sonradan iddiaçı ərizə təqdim edərək cavabdehin anası Cavabdeh2 əlavə cavabdeh kimi cəlb edilməsini xahiş etdiyindən 23 dekabr 2024-cü il tarixdən Cavabdeh2 da cavabdeh kimi mülki işə cəlb edilmişdir
4. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 04 iyul 2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdilər. Birgə nikahdan bir uşaqları anadan olmuşdur. Nikah 05 avqust 2024-cüil tarixdə Qaradağ rayon məhkəməsinin 2(002)- 2180/2024 saylı qətnaməsi ilə xitam olunmuşdur. xx.xx.2023-cü ildə anadan olmuş X9 onun himayəsində saxlanılmaqla aylıq 235 AZN aliment qət edilmişdir. Milli adət ənənəyə uyğun olaraq ailə qurarkən ona hədiyyə olaraq qızıl zinyət əşyaları verilmiş və istifadəmdə olmuşdur. Bu barədə foto şəkillər, xına və toy kasetləri vardır. Həmin kasetləri məhkəmə iclasında təqdim edəcəkdir. Cavabdehin və onun valideynlərinin məqsədi ona hədiyyə şəklində verilmiş qızıl-zinyət əşyalarının qaytarılmasına qəsdən mane olmaq və onları verməməkdir. O, cavabdehin evini tərk edərkən ailə münasibətləri inanılmaz dərəcədə gərgin olduğundan nəinki qızılzinyət əşyalarını götürmək imkanında olmuş, hətta bu barədə belə düşünməmişdir. Evdən qovulsa da sanki bir rahatlıq əldə etmişdir. Çünki elə bir şəraitdə evdən çıxmış ki, qızıl-zinyət əşyaları haqqında düşünmək imkanım olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində cavabdeh evə içkili vəziyyətdə gələrək onu döymüşdür. Saat 18:00-dan saat 20:20-yə kimi evdə dava-dalaşı davam etdirmiş, qızıl-zinyət əşyaları onda olmuşdur. Lakin qaynanası gecə saat 03- 04 arası gizlicə otaqların girərək ona hədiyyə verilmiş bütün qızıl-zinyət əşyalarını, hətta körpə uşağına hədiyyə verilmiş qolbağını belə götürmüşdür. O nə qədər cəhd göstərsə də qızıl-zinyət əşyalarını ala bilmədi. Nəinki qızıl-zinyət əşyalarını, hətta ona məxsus geyim paltarlarını vermədilər, körpə uşağı çılpaq vəziyyətdə xx.xx.2024-cü il tarixdə saat 21-də anasının evinə aparmışdır. O bu vəziyyətdə 3 ay atasının evində qalmışdır. Evdən qovularkən hətta qaynatası üstünə hücum çəkərək qulağımda olan sırğanı çıxartmaq istəmişdir. Halbuki həmin sırğaları ona nənəsi hədiyyə vermişdir. Nişan, xına və toy mərasimlərində hədiyyə olaraq ona aşağıdakı qeyd etdiyi qızıl-zinyət əşyaları verilmişdir. Bildirir ki, həmin qızıl-zinyət əşyaları iki dəst şəklində olmuşdur. Birinci dəst Türkiyə istehsallı 585 əyarlı, qiyməti 1100 AZN. ümumi çəkisi 11,62 qram olan nazik boyunbağı, sırğa və üzükdən ibarət olmuşdur.İkinci dəst isə İtaliya istehsallı brilyant qaşlı ağ qızıl 750 əyarlı, qiyməti 4864 AZN, ümumi çəkisini unutduğu kolye boyunbağı, qolbağı, üzük və sırğadan ibarət olmuşdur. Beləliklə hədiyyə olaraq verilmiş qızıl zinyət əşyalarının ümumi dəyəri 5964 AZN-dir. Dəfələrlə onun və anasının deməsinə baxmayaraq qeyd etdiyi qızılzinyət əşyalarının cavabdeh və onun valideynləri qaytarmır və dava-dalaş salırlar. Halbuki qızıl-zinyət əşyalarımı qaynanası onun xəbəri olmadan gizlin götürmüşdür.
5. X1 məhkəmə iclasında ifadəsində qeyd etmişdir ki, iddiaçının xalasıdır. Tərəflər küsəndə xala kimi onları barışdırmağa getmişdir. Getdi ki, iddiaçı ilə qaynanası birbiri ilə dalaşırlar. İkinci dəfə iddiaçı ər evindən küsüb gedəndə ordakı kamotun gözün açıb gördü ki, qızılları yoxdur, o vaxt qaynana gedib qızılı oradan götürmüşdü. İddiaçı evli ikən mağazaya gedəndə belə qızıllar hər zaman qayınatası yerində olub. O, Qədirə və atasına qızılları vermələrini deyəndə bildirdilər ki, dedilər məhkəmə yolu ilə verəcəklər. Bu barədə onda səsyazma da var. Sonuncu dəfə gedib iddiaçını gətirəndə qızılları istəyən zaman qaynanası bildirdi ki, ancaq məhkəmə yolu ilə verəcəklər. İddiaçının evini elə qaynanası dağıdıb. İddiaçı ikinci dəfə küsəndə xala kimi barışdırmağa getdi, iddiaçı siyirməni açanda gördü ki, qızılı yoxdur, o da taxtın üstündə oturmuşdu. İddiaçı qızılın axtaranda Gülnarə dedi ki, qızıllar komotun altındadır, axtardılar tapmayanda Gülnarə gəlib qızılları oradan götürüb iddiaçıya verdi. İddiaçı əsəbləşdi ki, qızılların hamısı orada deyil, hamısını ver. Onda qaynanası bütün qızılları götürüb otağına apardı. İddiaçı əşyalarını yığanda orada idim. Qaynanası çoxunu gizlədib vermədi.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/176 nömrəli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən qızıl-zinət əşyalarının (dəst) orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1336 manat müəyyən edilir. Qərardadda qeyd edilən digər qızıl dəstin kütləsi barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 2-ci sual üzrə: Ekspert qarşısında qoyulmuş "İş materialına əlavə olunan video görüntüdə qeyd edilən qızıl zinət əşyalarından hansının olması müəyyən edilir və müəyyən edilmiş qızıl zinət əşyasının orta bazar qiyməti hansı məbləğ təşkil edir?" sualı üzrə qərardadda qeyd edilən zərgərlik məmulatları tədqiqata təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan fotoşəkillərə, videogörüntülərə və sair qiymətləndirmə aparmaq mümkün deyil. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.Aparılmış tədqiqatın dəyəri 50(əlli) manat təşkil etmişdir. Həmin rəyin tədqiqi hissəsindən görünür ki, Türkiyə istehsalı 585 əyarlı -ümumi çəkisi 11,62 qram olan nazik boyunbağı, sırğa və üzükdən ibarət dəstin-( çəkisi 11,62 qram olmaqla) orta bazar qiyməti-1336 manat təşkil etmişdir. İtaliya istehsalı 750 əyarlı-kolye boyunbağı, qolbağı, üzük və sırğalardan ibarət dəst təqdim edilmədiyindən qiymətləndirilməsi mümkün olmamışdır.
7. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin CVN/İ 32-190/25 saylı 23 iyun 2025-ci il tarixli rəydən görünür ki, aparılan təhlil və hesablamalara əsasən İtaliya istehsalı 750 əyarlı-kolye boyunbağı, qolbağı, üzük və sırğalardan ibarət dəstin və Türkiyə istehsalı 585 ayarlı-ümumi çəkisi 11,62 qram olan nazik boyunbağı, sırğa və üzükdən ibarət dəstin 23 iyun 2025-ci il tarixinə orta bazar qiyməti 5980 (beş min doqquz yüz səksən) manat təşkil edir. Mütəxəssis rəyindən görünür ki, İtaliya istehsalı 750 əyarlı-kolye boyunbağı, qolbağı, üzük və sırğalardan ibarət dəstin bazar dəyəri- 4650 manat, Türkiyə istehsalı 585 ayarlıümumi çəkisi 11,62 qram olan nazik boyunbağı, sırğa və üzükdən ibarət dəstin dəyəri-1330 manat təşkil edir. Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir.
8. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi (mütəxəssis) X8 izahatında qeyd etmişdir ki, boyunbağı, 1 cüt sırğa-bunları şəkildə müəyyən etdi, çəkisi 27-30 qram idi. 4 karat qaş var idi. Çox qaşı olanlar 750 əyarlıdır, azqaşlı ucuzdur və 585 əyarlıdır. Qarniturda 27-30 qram qızıl var. Zərgərdir, 1992-ci ildən işləyir. Komplekt kolye, 1 cüt sırğa, qolbaqdan ibarətdir. 750 ilə 585-ı qaşların miqdarı ilə müəyyən edilir. 583-qırmızı, 585-sarı, 750-isə sarı və ya ağ rəng olur.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-222/2025 nömrəli 10 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Türkiyə istehsalı 585 əyarlı-ümumi çəkisi 11,62 qram olan nazik boyunbağı, sırğa və üzükdən ibarət qızıl-zinət əşyaları, onlar mövcud olmadıqda isə onların dəyəri – 1100 manat, İtaliya istehsalı 750 əyarlı – kolye boyunbağı, qolbağı, üzük və sırğalardan ibarət qızıl-zinət əşyaları, onlar mövcud olmadıqda isə onların dəyəri – 4650 manat alınaraq İddiaçı verilməsi, 77,50 manat məbləğində dövlət rüsumu Cavabdeh2 İddiaçı xeyrinə tutulması, 50 manat ekspertiza xərci Cavabdeh2 tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməsi, 200 manat mütəxəssis rəyi üçün xidmət haqqı Cavabdeh1, Cavabdeh2 və İddiaçı müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, hər iki dəstin mövcudluğu iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, fotoşəkillər, videogörüntü ilə və şahid ifadəsi ilə təsdiq olunur və onların iddiaçıya hədiyyə edilməsi məhkəmə iclasında cavabdeh tərəfindən inkar edilsə də, etdiklərinə dair heç bir sübut heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının heç birinin onda olmadığın qeyd etsə də, bu hissədə sübut etmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh məhkəməyə bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222.1, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı qızılların onlarda olduğunu sübut etməli olduğu halda (iddia ərizəsində onda olduğunu bildirsə də) bunları etməyə belə çalışmamış, məhkəmə tərəfindən heç bir sübut olmadan qızılların qiymətinin müəyyən edilməsi üçün ekspertizanın və mütəxəssis rəyinin alınmaqla işi sübut etməyə çalışmışdır. İlkin olaraq iddiaçı qızılların onlarda olduğunu sübut etməli olduğu halda məhkəmə ekspertiza təyin edərək qızılların qiymətini müəyyən etməyə çalışmaqla iddiaya münasibətini artıq bildirmişdir. Həmçinin əsassız olaraq Cavabdeh2 da cavabdeh kimi cəlb etmişdir. Halbuki iddiaçı özü etraf edir ki, qızıllar həmişə onun özündə olmuş, guya gecə Cavabdeh2 onların yataq otağına girərək qızılları götürmüşdür. Bütün bunlar heç bir məntiqə sığmır. Əgər onun iddiaçıdan qzılları almaq fikri olsaydı iddiaçıdan aralarında olan dava zamanı ondan qızılları tələb edərdi. Məhkəmə iclasına dəvət edilmiş şahid iddiaçının xalasıdır və hadisənin bilabavitə şahidi deyidir. Yalnız öz bacısı qızının mənafeyinə uyğun və sonradan öyrədilmiş formada ifadə vermişdir. Qızılların qiyəti iddia ərizəsində yazılarkən necə hesablandğını iddiaçıdan soruşsalar da iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını istədiyi üçün yazdığını bildrimişdir. Həmçinin iddiaçı iddia ərizəsində mənim xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində evə içkili vəziyyətdə gələrək onu döydüyümü bildirmişdir. Bununla da ona şər ataraq məhkəmədə evdən zorla çıxarıldğını sübut etməyə çalışmışdır. Halbuki məhkəmə iclasında sübut olundu ki, o, evdən zorla çıxmayıb və hazırlaşaraq evdən getmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
16. Kollegiya iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, 6 aydan sonra o, ikinci dəfə evə qayıdanda yalnız sarı qızılı ona vermişlər. Ağ qızılı verməmişlər. Sonuncu dəfə, yəni 27 mart 2024-cü il tarixdə dava olanda sarı qızıllar onda idi. O, həmin axşam anasıgilə gedəndə qızılları aparmaq istəmiş, lakin cavabdeh tərəf üstünə gəlib qızılları ondan tələb etmiş, demişlər ki, “qızılları verməsən, buraxmayacağıq”. Sonda bir tək uşağının qızılını götürmək istəmiş, ona görə həmin qolbağı qırıb üstlərinə atmışdır. Ağ qızılları toy günündə hədiyyə etmişlər. Ağ qızılları ona baldızı taxmışdır. Toydan 1-2 ay sonra olan müddətdə ağ qızıllar onda idi. Sonradan qayananası qızılları ondan almışdır. Yalnız bir dəfə yığıncağa taxmağı üçün qayınanası ağ qızılları ona vermiş, sonra qızılları görməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 21.Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 22.Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 23.Maddə 668.1.3. Bağışlama daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə etibarlıdır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
24. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 25.Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Qətnamə cavabdehlərin apellyasiya şikayətinə - iddianın təmin edilən hissəsinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
35. İddiaçı qızıl-zinət əşyalarını tələb etmişdir.
36. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
37. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi qızıl-zinət və digər əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir (MPM-nin 14.2, 77.1 m.).
38. Məhkəmə kollegiyası nəzərə alır ki, tələb olunan qızıl-zinət əşyalarının mövcudluğu və iddiaçıya məxsus olması mübahisə doğurmamışdır.
39. Cavabdehlər isə nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı iddiaçının qızıl-zinət əşyalarını evdən gedərkən özü ilə aparmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişlər.
40. Belə olan halda Kollegiya hesab edir ki, məhkəməni gəldiyi nəticə düzgün olmuşdur, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2025 nömrəli iş üzrə 10 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.