Məhkəmə qərarları › İş №2(103)-6207/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6207/2022

19.08.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6207/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «birinci mərtəbədə yaşayış sahəsinin boşaldılması və ikinci mərtəbədəki tikiliyə istifadə hüququnun tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(006)-161/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «birinci mərtəbədə yaşayış sahəsinin boşaldılması və ikinci mərtəbədəki tikiliyə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu İ.Əbilov küçəsi 115 saylı evin 1-ci mərtəbəsində yerləşən 17,5 m2 yaşayış, 9 m2 köməkçi sahənin Cavabdeh Əlpaşa qızı tərəfindən boşaldılması və 2-ci mərtəbəsindəki tikiliyə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(006)-161/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, qətnamə 16 may 2022-ci il tarixdə İddiaçı, eləcə də onun nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. Eyni zamanda işdən görünür ki, iddiaçı 31 may 2022-ci il tarixdə iş materialları ilə də tanış olmuş, bu barədə qəbzi imzalamışdır. Daha sonra, yəni 04 iyul 2022-ci il tarixdə qəbzə imza etməklə iddiaçı qətnaməni yenidən almışdır. Halbuki, MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qətnamə 16 may 2022-ci il tarixdə iddiaçı tərəfə məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Apellyasiya şikayəti isə 02 avqust 2022-ci il tarixdə, yəni qətnamənin rəsmi qaydada verildiyi gündən 2 ay 16 gün keçdikdən sonra verilmiş, lakin birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı tərəf prosessual müddətin bərpasına dair ərizə də verməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Eyni zamanda qeyd edilməlidir ki, qətnamənin iddiaçının müraciəti əsasında qəbzə imza etməklə ona təqdim olunması halı vəziyyəti dəyişdirmir. Belə ki, mülki iş materiallarına əsasən birinci instansiya məhkəməsi yuxarıda qeyd edildiyi kimi iddiaçı və onun nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirmiş, bu isə məhkəmə aktının tərəfə rəsmi qaydada təqdim olunmasıdır. Belə olan halda qətnamənin müraciət əsasında sonradan alınması prosessual müddətin həmin vaxtdan etibarən hesablanması anlamına gələ bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halla diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «birinci mərtəbədə yaşayış sahəsinin boşaldılması və ikinci mərtəbədəki tikiliyə istifadə hüququnun tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(006)-161/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar