Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6208/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini cəlb etməklə cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2nə qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1511/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini cəlb etməklə cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2nə qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə X5 arasında bağlanmış 14.11.2014-cü il tarixli, 5494 F nömrəli kredit müqaviləsinə əsasən sonuncuya şəxsi məqsədlər üçün 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 191000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC ilə X6 arasında bağlanmış 19.06.2015-ci il tarixli, 5947 PK nömrəli kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqaviləyə əsasən kredit alana 12 ay müddətinə, illik 28 faiz hesablanmaqla 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Hər iki kredit öhdəliyinin təminatı olaraq iddiaçıya məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə, - nömrəli binada yerləşən 248 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli, 2(004)-1005/2017 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X3, İddiaçı və X4 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsinə dair iddia ərizəsi təmin edilmiş, 14.11.2014-cü tarixli 5494F saylı kredit müqaviləsi üzrə X1 ümümilikdə 187089 ABŞ dolları kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, 19.06.2015-ci il tarixli, 5947 PK saylı kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilə üzrə X2 11911 ABŞ dolları kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, hər iki cavabdehdən müştərək qaydada 82 manat pul məbləğinin “AtaBank" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllə ünvanında yerləşən 248 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmet bazar qiymətinin 222000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin yuxarıda qeyd olunan borcun ödənilməsinə yönəldilməsi və mənzilin satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Qətnamədən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilsə də, hər iki şikayət təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli 2(004)-1005/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və nəticədə icraya yönəldilmişdir. İddiaçı hesab edir ki, ipotekaya xitam verilməli, ona məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyə dair dövlət qeydiyyatı ləğv edilməli və mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış iddiaçıya qaytarılmalıdır. Belə ki, Cavabdeh2 08.07.2019-cu il tarixli 17/72-239967/4-17565 saylı sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsinin tələbinə uyğun olaraq “Birja yenilikləri” qəzetinin 06.09.2019-cu tarixli nömrəsində bu barədə elan dərc etmiş və həmin qanunun 43.7-ci maddət müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olamayan qiymətlə, yəni 141525 manat olmaqla ipoteka saxlayana - Cavabdeh1 ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının təklifindən 1 (bir) ildən çox müddət keçməsinə baxmayaraq, ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8ci maddəsində birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur: Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi və ipoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka predmetinin əldə edilməməsi. Birinci şərtdə, Cavabdeh1 ASC ipoteka predmetinin əldə edilməsi üçün 30 təqvim gününü ötürmüşdür. Qeyd olunduğu kimi, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabı prospekti, 3153-cü məhəllə ünvanında yerləşən 248 nömrəli mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri" qəzetinin 06.09.2019-cu il tarixli nömrəsində elan dərc etdirilmiş və “AtaBank" ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. İkinci şərtdə, Cavabdeh1 ASC tərəfindən ipoteka predmeti əldə edilməmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş “ipoteka predmetinin əldə edilməsi" termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Bu barədə də qanunverciliyin mövqeyi birmənalıdır və heç bir sual doğurmur. Belə ki, “əldə etmə" termini əmlaka faktiki sahibliyi, ondan istifadəni və ona dair sərəncam verməyi bildirir. “AtaBank" ASC nəinki öz hüququnu reyestr orqanında qeydiyyata aldırmamış, hətta hərrac təşkilatının təklifinə belə heç bir münasibət bildirməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1511/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hərrac Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 141525 manat olmaqla əldə edilməsi üçün Cavabdeh1 ASC-yə 06 sentyabr 2019-cu il tarixli, 01/2535 saylı təklif göndərilmiş və həmin təklifə 23.09.2019-cu il tarixli, İH-06-02035 nömrəli məktubla cavab olaraq Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və məhkəmə qərarına əsasən keçirilmiş hərraclarda satılmamış Bakı şəhəri, Yasamal rayonu. Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə, 7 nömrəli binada yerləşən 248 nömrəli mənzilin 141525 manata alınmasına razılıq verilmiş və hərrac protokollarının “AtaBank" ASC-yə göndərilməsi xahiş edilmişdir. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən ipoteka predmetinin əldə edilməsi üçün Cavabdeh1 ASC-yə 06 sentyabr 2019-cu il tarixli, 01/2535 saylı təklif göndərilmiş və həmin təklifə Cavabdeh1 ASC tərəfindən “İpoteka haqqında” Qanunun tələbinə əsasən 30 təqvim günü ərzində, yəni təkilifin qəbul edildiyi günün 16-cı günündə cavab verilmiş, lakin Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən bu məktuba heç bir münasibət bildirilməmiş və hərrac protokollarının Cavabdeh1 ASC-yə göndərilməsi təmin edilməmişdir. Bildiyimiz kimi hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən ipoteka predmetinin əldə edilməsi üçün Cavabdeh1 ASC-yə 06 sentyabr 2019-cu il tarixli, 01/2535 saylı təklif göndərilmiş və həmin təklifə Cavabdeh1 ASC tərəfindən “İpoteka haqqında” Qanunun tələbinə əsasən 30 təqvim günü ərzində yəni təkilifin qəbul edildiyi günün 16-cı günündə cavab verilmiş, lakin Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən bu məktuba heç bir münasibət bildirilməmiş və hərrac protokollarının Cavabdeh1 ASC-yə göndərilməsi təmin edilməmişdir. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən hərracın nəticələri haqqında yekun protokolun banka göndərilməməsi sonda ipotekanın dövlət qeydiyyatı orqanına qeydə alınması və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsini qeyri mümkün etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi və bildirdi ki, Cavabdeh1 ASC tərəfindən mənzilin satılmasına razılıq verilməsi barədə "xxxx" MMC-yə qanunvericiliklə tələb edilən 1 ay müddət ötürülmədən cavab məktubu ünvanlanmış, məktub həmin müəssisə tərəfindən qəbul edilmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ona etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdeh və üçüncü şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə həmin hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, işdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli, 2(004)-1005/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X3, İddiaçı və X4 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsinə dair iddia ərizəsinin təmin edilməsi, 14.11.2014-cü tarixli, 5494F saylı kredit müqaviləsi üzrə X1 152554 ABŞ dolları əsas borcun, 34535 ABŞ dolları faiz borcunun, ümümilikdə 187089 ABŞ dolları kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, 19.06.2015-ci il tarixli, 5947 PK saylı kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilə üzrə X2 9958 ABŞ dolları əsas borcun, 1953 ABŞ dolları faiz borcunun, ümumilikdə 11911 ABŞ dolları məbləğində kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, ümumilikdə 199000 ABŞ dolları və 82 manat məbləğində tutmanın Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə istifadədə olan 0,198 ha torpaq sahəsində yerləşən, 18 mərtəbəli binada, 142,8 kv.metr ümumi, 85,8 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 248 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 222000 manat dəyərində qiymətləndirilməsi və açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi və əmlakın satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Cavabdeh2 08 iyul 2019-cu il tarixli məktubunun və 08 iyul 2019-cu il tarixli, 239967/4 saylı Hərracın keçirilməsi haqqında Sifarişin surətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı binanın 248 saylı mənzilin hərraca çıxarılması Respublika Xammal və X10 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş olunmuşdur. İş materiallarında olan Respublika Xammal və X10 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 sentyabr 2019-cu il tarixli, 01/2535 saylı təklifinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı binanın 248 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 06.09.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 141525 manat olmaqla Cavabdeh1 ASC-yə təklif olunmuşdur. İşdə olan Respublika Xammal və X10 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 aprel 2021-ci il tarixli, a/1983 saylı məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı evin 248 saylı mənzili Cavabdeh1 ASC tərəfindən əldə edilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC-nin Hərrac Mərkəzi "xxxx" MMC-yə ünvanladığı 23.09.2019-cu il tarixli məktubun və "xxxx" Məktub və bağlama daşınması xidməti MMC-nin kuryer xidmətləri üçün mədaxil qəbzinin seriya № 092367 nömrəli talonunun surətindən görünür ki, Cavabdeh1 ASC Hərrac Mərkəzi "xxxx" MMC-nin 06.09.2019-cu il tarixli, 01/2535 saylı təklifinə cavab olaraq ipoteka ilə yüklü edilmiş və məhkəmə qərarına əsasən keçirilmiş hərraclarda satılmamış Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı evin 248 saylı mənzilini 141525 manata alınmasına razılıq vermiş, qeyd olunan təklifə əsasən hərrac protokollarının Cavabdeh1 ASC-nin elektron ünvanına göndərilməsini xahiş etmişdir. Həmin məktub 25.09.2019-cu il tarixdə Hərrac Mərkəzi "xxxx" MMC-də qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-cu maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunun 48.1.1- 48.1.5-ci maddələrində ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Cavabdeh1 ASC-nin Hərrac Mərkəzi "xxxx" MMC-yə ünvanladığı 23.09.2019-cu il tarixli məktubla müəyyən edilir ki, Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və məhkəmə qərarına əsasən keçirilmiş hərraclardan satılmamış Bakı şəhəri, H.Zərdabi prospekti, 3153, 7 saylı evin 248 saylı mənzilinin 141525 manata alınmasına razılıq verilmiş, həmin məktub 25.09.2019-cu il tarixdə sürətli poçt xidməti vasitəsi ilə "xxxx" MMC-yə çatdırılmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı bank tərəfindən qanunvericiliklə nəzərə tutulmuş müddət ötürülmədən hərracı həyata keçirən müəssisəyə vaxtında məlumat verilməsini nəzərə almadan, hazırkı iddia tələbi üzrə əsassız olaraq ipotekaya xitam vermişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ipoteka predmetinə xitam verilməsi üçün qeyd olunan maddədə nəzərdə tutulan əsasın əmələ gəlməsi mülki iş materialları ilə istisna edildiyindən, iddiaçının hazırkı tələbi açıq-aşkar əsaslı deyildir və iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə, yerləşən 248 nömrəli mənzilin ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməklə, həmçinin həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilməklə, əslində borclu İddiaçı "xxxx" ASC-yə olan kredit borcu təminatsız qoyulmuş olar. Beləliklə, qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi mübahisələndirilən iddianın təmin olunmuş hissəsində ləğv edilməli və iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ləğv prosesində olan “AtaBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1511/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi-mübahisələndirilən iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən ona məxsus 248 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qaytarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6208/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6208/2021
31.08.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver