Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6215/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilə öhdəliyinin icrası) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil1, Cavabdeh1 MTK-nın nümayəndəsi eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı «müqavilə öhdəliyinin icrası» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2(006)-1344/2022 nömrəli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş apelyasiya şikayətinə 02 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 08 noyabr 2017-ci il tarixli 1/56 saylı müqavilədən görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqavilə imzalanmışdır.
2. 26 fevral 2020-ci il tarixli bildiriş-xəbərdarlıqda qeyd olunmuşdur ki, "xxxx" MTK ilə İddiaçı arasında 1/56 saylı, xx.xx.2017-ci il tarixli «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqavilə imzalanmışdır. Yuxarıda göstərilən müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 7 saylı girişinin 7-ci mərtəbəsində, 4 otaqlı, 246,0 m2 -dən ibarət, 319.800 manat dəyərində olan mənzil sahəsinin İddiaçı mülkiyyətinə verilməsi, mənzilin dəyərinin 31 % həcmində hissənin ilkin ödənişi olaraq, dəyərin qalan hissəsinin də növbəti aydan başlayaraq, 36 ay ərzində, hər ay 6.100 manat olmaqla xx.xx.2017-ci il tarixdən başlayaraq ödənilməli idi. Lakin, İddiaçı tərəfindən müqavilə öhdəlikləri vaxtında və tam şəkildə icra edilməmişdir. Müqavilə şərtləri dəfələrlə pozulmuşdur. Xahiş olunmuşdur ki, 3 gün ərzində qalıq borcu ödənilsin. Əks təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəkdir.
3. İddiaçıya göndərilməsi qeyd olunan bildirişin rəsmi qaydada göndərilərək, iddiaçı tərəfindən qəbul edilməsinə dair xəbərnamə təqdim olunmamışdır.
4. 14 sentyabr 2020-ci il tarixli 262 saylı bildiriş-xəbərdarlıqda qeyd olunmuşdur ki, İddiaçı onunla bağlanmış 1/56 saylı, xx.xx.2017-ci il tarixli «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir.
5. 01 iyun 2021-ci il tarixli GDĞ seriyalı 708158 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən cavabdeh "xxxx" MTK-ya 6.000 manat ödəniş edilmişdir.
6. 09 sentyabr 2021-ci il tarixli 197 saylı bildiriş-xəbərdarlıqda tərəflər arasında bağlanmış müqavilənin bəndlərinə istinad edilməklə qeyd olunmuşdur ki, İddiaçı aylıq ödənişləri vaxtında və tam şəkildə həyata keçirməmişdir. İddiaçı göstərilən aylar üzrə pul ödənişini 3 gün ərzində qeyd-şərtsiz tam ödənilməsi tələb olunmuş, əks halda onunla bağlanmış müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçıya göndərilməsi qeyd olunan bildiriş N.C.Vəliyev soyadlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. N.C.Vəliyev soyadlı şəxsin iddiaçı ilə qohumluq və yaxud digər şəkildə əlaqəsinin olub-olmamasına dair hər hansı qeyd edilməmişdir.
8. Cavabdeh1 MTK-nın 01 oktyabr 2021-ci il tarixli 14/X nömrəli əmrində qeyd olunmuşdur ki, Cavabdeh1 MMC (hazırda MTK) ilə İddiaçı arasında bağlanmış 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqaviləyə xitam verilmiş; müqavilənin 4.1.6-cı bəndi rəhbər tutulmaqla əmrdən irəli gələn vəzifələr icra edildikdən sonra artıq qalmış pul müqavilə şərtlərinə uyğun olaraq İddiaçı geri qaytarılması; İddiaçı əmrlə tanış edilməsi əmr edilmişdir.
9. 04 oktyabr 2021-ci il tarixli 204 saylı bildiriş-xəbərdarlıqda qeyd edilmişdir ki, Cavabdeh1 MTK-nın 14/X saylı, xx.xx.2021-ci il tarixli, İddiaçı ilə bağlanmış 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli müqaviləyə xitam verilməsi barədə əmrin surəti məlumat üçün İddiaçı göndərilir.
10. İddiaçıya göndərilməsi qeyd olunan bildiriş İbrahimov soyadlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İbrahimov soyadlı şəxsin iddiaçı ilə qohumluq və yaxud digər şəkildə əlaqəsinin olub-olmamasına dair hər hansı qeyd edilməmişdir.
11. 27 oktyabr 2021-ci il tarixli 290 saylı bildiriş-xəbərdarlıqda qeyd olunmuşdur ki, Cavabdeh1 MTK-nın 14/X saylı, xx.xx.2021-ci il tarixli əmrlə İddiaçı ilə bağlanmış 1/56 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə xitam verilmişdir. Hal-hazırda həmin mənzil özgəninkiləşdirilmiş və İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya ödənilmiş 269.800 manat məbləğində pul tam şəkildə geri götürülə bilər. 3 gün ərzində Cavabdeh1 MTK-nın ofisinə yaxınlaşması xahiş edilmişdir.
12. İddiaçıya göndərilməsi qeyd olunan bildiriş N.C.Vəliyev soyadlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. N.C.Vəliyev soyadlı şəxsin iddiaçı ilə qohumluq və yaxud digər şəkildə əlaqəsinin olub-olmamasına dair hər hansı qeyd edilməmişdir.
13. İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən Cavabdeh1 MTK-ya ünvanlanmış ərizədən görünür ki, müqavilənin 4.1.3-cü bəndinə istinad edərək, mənzilin tikinti-quraşdırma işləri, təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində, 2019-cu ildə yerinə yetirilməli olmasını göstərmiş, lakin hazıradək mənzilin İddiaçı təhvil verilməmişdir. Həmin mənzilin İddiaçı təhvil verilməsi xahiş edilərək, əks təqdirdə mübahisənin məhkəmə qaydasında həlli imkanlarından istifadə olunacağı qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin ona təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 MTK (əvvəlki MMC, VÖEN **********) arasında «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqavilə bağlanılmışdır. Qeyd edilən müqaviləyə əsasən tərəflər, «Satıcı» Cavabdeh1 MTK (əvvəlki MMC) Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzili tikib Alıcının mülkiyyətinə verməyi, «Alıcı» İddiaçı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 4.1.3-cü bəndinin tələbinə əsasən Cavabdeh1 MTK (əvvəlki MMC) tikintiquraşdırma işlərini təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamaq və «...«Alıcı»ya mənzili təmirsiz şəkildə təhvil vermək» öhdəliyini 2019-cu il tarixdə yerinə yetirməli olduğu halda, bu günə qədər mənzil ...«Alıcı» - İddiaçı təhvil verilməmişdir. Cavabdeh1 MTK (əvvəlki MMC) yazılı müraciət edilərək, mənzilin vaxtında təhvil verilməməsinin səbəbləri barədə maraqlı şəxsə rəsmi olaraq məlumat verilməsi və Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqavilənin 4.1.3-cü bəndinin tələbinə əsasən «Alıcı» - İddiaçı təhvil verilməsi xahiş olunmuşdur. Lakin, Cavabdeh1 MMC (hazırda MTK) bu müraciətə cavab verməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməli və Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməlidir. Eyni zamanda, bildirirlər ki, iddianın predmeti olan mənzilin qiyməti, yəni iddianın qiyməti «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə əsasən 319.800 manat təşkil edir.
16. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi, onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmrin və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilənin etibarsız hesab edilməsi; Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Həmçinin, iddiaçı tərəfin vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilmişdir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2(006)- 1344/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 Mənzil- Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğısatqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmr və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi və ödənilmiş 220 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, MTK tərəfindən iddiaçıya bildiriş göndərilməsi, yalnız bundan sonra müqaviləyə xitam verilməsi bildirilsə də, bildirişin rəsmi şəkildə iddiaçıya təqdim edilməsi barədə mötəbər sübut təqdim edilməmişdir. Bildirişin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun olaraq çatdırılması barədə, habelə qəbzdə soyadı və adı qeyd edilmiş şəxsin iddiaçı ilə yaxın qohumluq münasibətində olmasına və ya poçt göndərişini almaq səlahiyyəti ünvançı tərəfindən verilmiş şəxs olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə, bildiriş iddiaçıya rəsmi qaydada təqdim edilmiş hesab oluna bilməz. Həmçinin, vurğulanması zəruridir ki, MTK-nın istinad etdiyi ödəniş qrafiki aktuallığını itirmişdir, həmçinin müqavilənin ödənişlərlə bağlı bəndi də tərəflər arasında olan münasibətlərlə bağlı aktual deyildir. Çünki, hər iki tərəf bir-birinin cari qayğılarını və maddi durumlarına təsir edən, özlərindən asılı olmayan məsələləri nəzərə almışlar, ödənişlər sırf qrafik üzrə deyil, tərəflər arasında yaranmış münasibətlər əsasında icra edilmişdir. Bunu iddiaçının MTK-ya etdiyi ödənişlərin həcmi, mənzilin dəyərinin əhəmiyyətli hissəsinin MTK-ya ödənilməsi, cəmi 50.000 manat borcun qalması təsdiq edir. Məhkəmə həmçinin vurğulayır ki, MTK faktiki olaraq, iddiaçının 50.000 manat ödənişləri etməsini gözləmək imkanına malik olduğu halda, uzun müddət ərzində tərəflər arasında olan münasibətlərin xarakterinə zidd olaraq, daha artıq məbləğdə gəlir əldə etmək üçün müqavilənin və ödəniş cədvəlinin (qrafikinin) aktual olmayan tələblərinə istinad edərək, iddiaçıya rəsmi şəkildə bildiriş təqdim etmədən, iddiaçı ilə bağlanmış müqaviləyə xitam vermiş, iş üzrə ikinci cavabdeh olan Cavabdeh2 ilə eyni mənzilə dair 390.000 manat qiyməti olan yeni müqavilə bağlamışdır. Qeyd olunnmalıdır ki, müqavilələrdə mənzilin sahəsi fərqli (ilkin müqavilədə 246,0 kv.m, sonrakı müqavilədə 256.0 kv.m) müəyyən edilmişdir. Müqavilələrdəki mənzilin eyni mənzil olması mütəxəssis rəyi əsasında müəyyən edilmişdir. Qeyd olunduğu kimi, MTK iddiaçının cəmi 50.000 manat vəsait ödəməli olduğunu, müqaviləyə xitam verilməsi barədə əmr verərkən pandemiyanın davam etdiyini, qapanma ilə bağlı Ölkədə olan fiziki və hüquqi şəxslərin ödəniş qabiliyyətinin pandemiyadan öncəki dönəmlə müqayisədə ciddi şəkildə aşağı düşməsini, bunun Dövlət tərəfindən nəzərə alınaraq, fiziki və hüquqi şəxslərin pandemiya dövründə düşdükləri vəziyyətin az da olsa yüngülləşdirilməsi üçün müvafiq tədbirlər gördüyünü, iddiaçının həmin dövrədək mənzilin təhvil verilməsini tələb etmədiyini və MTK-nın qayğılarını və maraqlarını nəzərə aldığına əhəmiyyət verməmiş, mahiyyət etibarı ilə öncəki müqavilədə qeyd olunan məbləğdən daha artıq gəlir əldə etmək üçün müqavilənin və ödəniş cədvəlinin (qrafikinin) aktual olmayan tələblərinə istinad edərək, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə xitam vermişdir. İddiaçı yalnız bundan sonra cavabdeh MTK-ya ərizə ilə müraciət edərək, mənzilin vaxtında təhvil verilmədiyini qeyd etmiş, mənzilin təhvil verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə MTK-nı xəbərdar etmişdir. Göründüyü kimi, MTK tərəfindən müqaviləyə xitam verilməsi qaydalarını tənzimləyən maddi hüquq normalarının tələblərini pozmuş, iddiaçıya rəsmi bildiriş təqdim etmədən, tərəflər arasında bağlanmış müqaviləyə xitam vermişdir. Məhkəmə hesab etmişdir ki, MTK-nın xx.xx.2021-ci il tarixli, 14/X saylı əmri və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iddiaçının nəzərinə çatdırmışdır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra, onu MTKya borclu olduğu 50.000 manat pul vəsaitini ödəməkdən azad etmir və o, qeyd olunan məbləği MTK-ya ödəməyə borcludur. Bununla bağlı o, MTK qarşısında müqavilə öhdəliyi götürmüşdür və icra etməlidir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 324.1-ci, 324.4-cü, 331.1-ci, 337.1-ci, 337.2-ci, 337.4-cü, 385.1-ci, 386.1-ci, 421-ci, 423cü, 442-ci, 430-cu, 441-ci maddələrinə, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.13-cü yarımbəndinə, 1.4.14-cü yarımbəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
22. Qətnamədən Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
23. Apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının müqavilə bağlayarkən “X1”-ndə göstərilən qaydada ödənilməsi barədə öhdəlik götürməsinə, bu barədə öhdəçilik yazmasına baxmayaraq ödəmədiyini və üzərinə düşən öhdəliyi pozduğunu, cavabdeh tərəfindən dəfələrlə iddiaçıya rəsmi bildirişlər göndərməyini və uzun müddət gözləməyini nəzərə almamışdır. Bundan əlavə, məhkəmə mənzilin başqa şəxsə satılmasını, onun vicdanlı əldə edən olmasını, mənzilin dəyərini tamamilə ödəməsini və mənzilin mülkiyyətçisi olmasını da araşdırmayaraq həmin məsələlərə də düzgün qiymət verməmişdir. İddiaçı ilə cavabeh arasında 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqavilənin 3.2-ci bəndinə əsasən ilkin ödəniş edildikdən sonra, ümumi dəyərin qalan hissəsi növbəti aydan başlayaraq 36 ay ərzində, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”-ndə göstərilən qaydada ödənilməli olduğu halda iddiaçı həmin pul vəsaitini ödəməmiş və bununla da üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı həm müqavilə ilə, həm də imzaladığı öhdəçilik ilə üzərinə götürdüyü öhdəlyini pozmuşdur. Məhkəmə alqı-satqı müqaviləsini etibarsız hesab etməklə Cavabdeh2 həmin mənzilə dair sahiblik hüquqlarını pozmuşdur. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.14-cü yarımbəndinə əsasən alıcı – ünvançı və ya poçt göndərişini almaq səlahiyyəti ünvançı tərəfindən verilmiş şəxsdir. Məhkəmə qeyd olunan qaydaların bəndlərini düzgün tətbiq etməmişdir və ya ümumiyyətlə tətbiq etməli deyildi. Belə ki, iddiaçının öhdəliyi vardır ki, ödənişləri hər ay vaxtında ödəsin. İddiaçının həmin öhdəliyi həm Mülki Məcəllənin normalarından həm müqavilədən irəli gəlir, həm də xüsusi olaraq öhdəçilik yazaraq imzalamışdır. Lakin, bütün bunlara baxmayaraq iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən bu günə kimi heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının həmin vaxtdan cavabdehə 50 000 manat borcu vardır və iddiaçı borcunun, öhdəliyinin olduğunu yaxşı bilirdi, öhdəliyini yerinə yetirməyə borclu idi. Ona görə də, iddiaçıya ödəniş üçün göndərilən bildirişlərin çatıb-çatmaması məsələsinin əsas gətirərək məhkəmənin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın bəndlərini tətbiq etməsinə heç bir ehtiyac yox idi. Əgər məhkəmə qeyd olunan Qaydaların bəndlərini tətbiq edirdisə onda Cavabdeh1 MTK tərəfindən iddiaçıya göndərilən bildirişləri alan N.C.Vəliyevin və İbrahimovun kimliyini, iddiaçı ilə qohumluq münasibətlərində olub-olmamalarını, bildirişləri iddiaçıya çatdırıb-çatdırmamalarını da araşdırmalı idi. Halbuki, bildirişlərdə N.C.Vəliyev kimi göstərilən şəxs iddiaçının həyat yoldaşı Nigar Vəliyevadır, hətta bildirişlərdə onun telefon nömrəsi də (*** *** ** **) göstərilmiş, həmin nömrə ilə cavabdeh tərəfindən dəfələrlə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, iddiaçı bununla bağlı dəfələrlə cavabdehin ofisində olmuşdur. Bundan əlavə, göndərilən bildirişlərin bəzilərini isə İddiaçı şəxsən imzalamışdır, lakin məhkəmə nədənsə həmin bildirişlərə istinad etməmişdir. İddiaçı 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən yaranmış öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşımışdır. Bütün bu öhdəliklərlə bağlı risk dairəsi də iddiaçıya aid olmuşdur. Həmin müqaviləyə əsasən pul vəsaitlərinin ödənilməsi riski digər şəxslərə aid deyil, konkret olaraq iddiaçıya aid olmuş və bütün bu ödənişlər üçün də o cavabdehlik daşımışdır. Çünki, müqaviləyə əsasən pul vəsaitlərinin vaxtında ödənilməsini riskini və öhdəliyini iddiaçı üzərinə götürmüşdür. Buna görə də, həmin ödənişlərin vaxtında ödənilməməsi riskini iddiaçı daşımış və ödənişlərin icra edilməməsinə görə iddiaçı cavabdehdir. İdiaçı İddiaçı ilə cavabeh arasında 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli Müqavilənin 3.2-ci bəndinə əsasən ilkin ödəniş edildikdən sonra, ümumi dəyərin qalan hissəsi növbəti aydan başlayaraq 36 ay ərzində, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı əlavədəki “X1”-ndə göstərilən qaydada, yəni xx.xx.2017-ci il tarixindən başlayaraq hər ay 6100 manat iddiaçı tərəfindən ödənilməli idi. İddiaçı xüsusi olaraq öhdəçilik yazaraq imzalamışdır ki həmin pul vəsaitini hər ay bərabər hissələrlə ödəməyi üzərinə götürür. Yəni, iddiaçı ilə cavabdeh arasında iddiaçının öhdəliyinin icrası üçün təqvim günləri təyin edilmiş, lakin iddiaçı təyin edilmiş vaxtadək öhdəliyini icra etməmişdir. Buna görə də, həmin icra xatırlatmasız gecikdirilmiş sayıldığı üçün Cavabdeh1 MTK-nın iddiaçıya öhdəliyin icrası ilə bağlı xatırlatmasına ehtiyac olmadan müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ yaranmışdır. Lakin, buna baxmayaraq cavabdeh iddiaçıya dəfələrlə bildiriş göndərərək ödənişi tələb etsə də iddiaçı öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya bildirişlər göndərməsəydi belə onun həmin hüququndan istifadə edərək müqaviləyə xitam verməsi yenə də tam qanuni və əsaslı olacaqdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, iddiaçı ilə müqavilə bağlanan ərəfədə binanın təməli qoyulmuşdur. Lakin iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişdir. Bununla bağlı iddiaçıya müvafiq bildirişlər göndərilmiş, həmçinin zəng edilərək ofisə yaxınlaşması təklif edilmiş, əks halda mənzilin satılacağı bildirilmişdir. İddiaçı isə xəbərdarlıqlara məhəl qoymararaq mənzilin dəyərini müqavilədə göstərilən qaydada ödəməmişdir. Hal-hazırki vəziyyətdə iddiaçının müqavilə üzrə 50000 manat borcu qalmışdır.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, cavabdehin göndərdiyi bildirişlər iddiaçıya çatdırılmamışdır. Həmçinin xəbərnaməyə qol çəkən şəxslə iddiaçının hər hansı bir qohumluq münasibətləri olmamışdır. Cavabdehlə bağlanmış müqavilədə mənzilin 24 aya təhvil verilməsi göstərilsə də, bu baş verməmişdir. Bunun müqabilində isə iddiaçı mənzilin dəyərini ödəməyi dayandırmışdır. İddiaçının müqavilə üzrə cəmi 50000 manat borcu qalmışdır.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
29. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir.
30. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
31. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
32. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
34. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
38. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
39. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Həmin Məcəllənin 430-cu maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir.
41. Həmin Məcəllənin 441-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.
Apelyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Qətnamədən Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Eyni zamanda digər cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə münasibətdə yoxlanılmalıdır.
45. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənzilin təhvil verilməsi hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
47. Belə ki, İddiaçı ilə Cavabdeh1 MTK (müqavilə bağlanan dövrdə təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdur) arasında 08 noyabr 2017-ci il tarixli 1/56 saylı müqavilə bağlanmışdır. Cavabdeh1 MTK üzərinə tikinti-quraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamağı; İddiaçı isə ilkin ödəniş edildikdən sonra, ümumi dəyərin qalan hissəsini növbəti aydan başlayaraq 36 ay ərzində, hər ayın 25-dək müqavilənin ayrılmaz tərkib hissəsi olan X1ndə şərtləndirilmiş qaydada ödənilməsi öhdəliyini götürmüşlər. MTK müqavilədə qeyd etdiyi müddət çərçivəsində binanın tikintisini başa çatdırıb mənzili alıcıya 24 ay müddətində təhvil verməmiş, iddiaçı da bu günədək MTK-ya ödəməli olduğu 319.800 manat pul vəsaitinin əhəmiyyətli hissəsi olan 269.800 manat pul vəsaitini MTK-ya ödəmişdir və iddiaçının cavabdehə ödəməli olduğu qalıq borcu cəmi 50.000 manat təşkil etmişdir.
48. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya rəsmi şəkildə bildiriş təqdim etmədən, iddiaçı ilə bağlanmış müqaviləyə xitam vermiş, iş üzrə ikinci cavabdeh olan Cavabdeh2 ilə eyni mənzilə dair 390.000 manat qiyməti olan yeni müqavilə bağlamışdır.
49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, MTK tərəfindən müqaviləyə xitam verilməsi qaydalarını tənzimləyən maddi hüquq normalarının tələblərini pozulmuş, iddiaçıya rəsmi bildiriş təqdim etmədən, tərəflər arasında bağlanmış müqaviləyə xitam vermişdir.
50. Apellyasiya şikayətinin dəlilləri isə həmin hissədə əsassız olmuşdur. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi hər iki tərəf, yəni iddiaçı ilə Cavabdeh1 MTK, tərəflər arasında bağlanmış müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri - müəyyən edilmiş müddət ərzində yerinə yetirməmişlər, lakin Cavabdeh1 MTK müqaviləyə xitam verilməsi qaydalarını pozaraq tərəflər arasında bağlanmış müqaviləyə xitam vermişdir.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan hissədə gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, qətnamə mənzilin təhvil verilməsi hissəsində dəyişdirilməlidir.
52. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı da Cavabdeh1 MTK ilə bağlanmış 08 noyabr 2017-ci il tarixli 1/56 saylı müqavilənin tələblərini pozaraq, ödənişləri vaxtında həyata keçirtməmişdir və müqavilə üzrə ödənilməmiş 50000 manat borcu qalmışdır.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il 8 iyun tarixli qərarında vurğulamışdır ki, məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir.
55. Məhkəmə kollegiyası məhz həmin mövqedən çıxış edərək hesab edir ki, nə qədər ki, İddiaçı ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmr və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilə etibarsız hesab edilmiş və Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilmişdir, İddiaçı da müqavilə üzrə ödəməli olduğu 50000 manat vəsaiti Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə ödəməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
57. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənzilin təhvil verilməsi hissəsində dəyişdirilməli, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməli, İddiaçı 50000 (əlli min) manat vəsait alınaraq Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə verilməli, həmçinin mənzilin təhvil verilməsi ilə pul vəsaitinin ödənilməsi eyni vaxtda icra edilməli və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
61. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2(006)-1344/2022 nömrəli qətnaməsi mənzilin təhvil verilməsi hissəsində dəyişdirilsin. Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilsin. İddiaçı 50000 (əlli min) manat vəsait alınaraq Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə verilsin. Mənzilin təhvil verilməsi ilə pul vəsaitinin ödənilməsi eyni vaxtda icra edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov