Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6228/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 3 və 4.1-ci bəndlərinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə QƏTNAMƏSİ (Açar sözlər: “barışıq sazişinin təsdiq edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Məmmədova Lalə Elxan qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4575/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 3 və 4.1-ci bəndlərinin təsdiq edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, 18 iyun 2025-ci il tarixdə, MŞB/13/2025-00679 saylı Barışıq Sazişinə əsasən maraqlı tərəf Maraqlı şəxs ilə aralarında 23 noyabr 2014-cü ildə 3 saylı Bakı “Asan Xidmət” X1 bağlanmış 2351 saylı nikah qeydi 3 ay barışıq möhləti verilmədən pozulmasını, birgə nikahlarından 12 dekabr 2015-ci ildə anadan olmuş X3 və 05 yanvar 2017-ci ildə anadan olmuş X2 onun (analarının) himayəsində saxlanmaları şərti ilə yetkinlik yaşlarına çatana kimi 20 iyul 2025ci il tarixindən başlayaraq saxlanmaları üçün hər ay, hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumilikdə iki uşağa görə 492 (dör yüz doxsan iki) manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməsi razılığı olmuşdur. Maraqlı şəxslə aralarında əldə edilmiş razılığa əsasən ikinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi qızma 150000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində ev almasını öhdəsinə götürür. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs tərəfindən 50000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində alman evi qəbul etdikdə və ev birinci tərəfin adına rəsmiləşdikdən sonra barışıq sazişinin 4-cü bəndi qüvvədən düşür və birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs qarşı daşınar və daşınmaz əmlak tələbləri üzrə hər hansı iddiası olmur və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsinin 244 saylı, 2 mərtəbəli, 4 otaqlı sənədsiz evə istifadə hüququnun itirməklə evdən qeydiyyatdan çıxır.” hissəsində təsdiq edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı tərəf Maraqlı şəxs 18 iyun 2025-ci il tarixdə, MŞB/13/2025-00679 saylı Barışıq Sazişini icra etmir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi zərurəti yaranmışdır.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-4575/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə ərizə təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 18 iyun 2025-ci il tarixdə, MŞB/13/2025-00679 saylı Barışıq Sazişi “3. Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs aliment tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən ikinci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan uşaqları 12 dekabr 2015-ci ildə anadan olmuş X3 və 05 yanvar 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi 20 iyul 2025-ci il tarixindən başlayaraq saxlanması üçün hər ay, hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumi iki uşağa görə 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi ödəyir. 4.1. Razılığa əsasən ikinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi qızma 150000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində ev almasını öhdəsinə götürür. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs tərəfindən 150000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində alınan evi qəbul etdikdə və ev birinci tərəfin adına rəsmiləşdikdən sonra barışıq sazişinin 4-cü bəndi qüvvədən düşür və birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs qarşı daşınar və daşınmaz əmlak tələbləri üzrə hər hansı iddiası olmur və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsinin 244 saylı, 2 mərtəbəli, 4 otaqlı sənədsiz evə istifadə hüququnun itirməklə evdən qeydiyyatdan çıxır” hissəsində təsdiq edilmişdir.
4. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmiş, onun 150000 manatlıq mənzil almağa maddi imkanı yoxdur, barışıq sazişinin 4-cü bəndi qanuna ziddir, çünki mövcud olmayan əmlak barəsində əqd bağlamaq qanuna ziddir, ona görə də şikayətin təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini, barışıq sazişinin yalnız üçüncü bəndinin təsdiq edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:
8. Mülki işdə olan 18 iyun 2025-ci il tarixdə, MŞB/13/2025-00679 saylı barışıq sazişinin 3-cü bəndinə əsasən, birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs aliment tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən ikinci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan uşaqları 12 dekabr 2015-ci ildə anadan olmuş X3 və 05 yanvar 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi 20 iyul 2025-ci il tarixindən başlayaraq saxlanması üçün hər ay, hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumi iki uşağa görə 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi ödəyir.
9. 4.1-ci bəndə görə, razılığa əsasən ikinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi 150000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində ev almasını öhdəsinə götürür. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs tərəfindən 150000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində alınan evi qəbul etdikdə və ev birinci tərəfin adına rəsmiləşdikdən sonra barışıq sazişinin 4-cü bəndi qüvvədən düşür və birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs qarşı daşınar və daşınmaz əmlak tələbləri üzrə hər hansı iddiası olmur və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsinin 244 saylı, 2 mərtəbəli, 4 otaqlı sənədsiz evə istifadə hüququ itirməklə evdən qeydiyyatdan çıxır.” Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır:
13. 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında.
14. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
15. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.
16. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
17. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.
18. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması
19. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:
20. 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;
21. 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
22. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
27. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
31. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxsin apellyasiya şikayətinə əsasən qismən, yəni barışıq sazişinin 4.1-ci bəndi hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə qeyd edir ki, maraqlı şəxs apellyasiya şikayətində barışıq sazişinin 4.1-ci bəndi ilə bağlı iki dəlil irəli sürür. Birincisi, onun mövcud olmayan əmlak barəsində bağlanması və bunun qanuna zidd olması ilə bağlıdır. Bununla əlaqədar maraqlı şəxs MMin 391-ci maddəsinə istinad edir.
37. Məhkəmə qeyd edir ki, tərəflər mediasiyada bağladıqları barışıq sazişində ərizəçinin özbaşına tikilidən istifadə hüququndan imtinası qarşılığında maraqlı şəxsin ərizəçiyə 150.000 manatlıq mənzil almağı ilə bağlı razılığa gəlmişlər, bu da heç bir halda gələcək əmlak barədə MM-in 391-ci maddəsində nəzərdə tutulmuş müqavilə hesab edilə bilməz. Həmin maddənin tələbinə görə tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, hazırkı barışıq sazişinin 4.1-ci bəndi isə maraqlı şəxsin öz gələcək əmlakı barədə olmayıb, qarşı tərəfin özbaşına tikilidən istifadə hüququndan imtinası müqabilində ona mənzil almağı üzərinə götürdüyü öhdəliklə bağlıdır.
38. Bununla da müəyyən olunur ki, maraqlı şəxsin qeyd edilən dəlili əsassızdır. Həmçinin maraqlı şəxs belə hüququ və imkanı olsa da, barışıq sazişinin həmin bəndini mübahisələndirməmişdir.
39. İkinci dəlil isə, maraqlı şəxsin müqavilənin həmin şərtini icra etmək üçün maddi imkanının olmaması ilə bağlıdır.
40. Bununla bağlı Məhkəmə qeyd edir ki, maraqlı şəxsin maddi imkanının olmaması barışıq sazişinin məhkəmə qaydasında təsdiqinə mane deyil.
41. Belə ki, MPM-in 355-26.1-ci maddəsinə görə, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
42. Hazırkı barışıq sazişinin 4.1-ci bəndində qeyd edilən həmin hallar müəyyən edilmir.
43. Beləliklə, maraqlı şəxsin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:
44. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ərizəni təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş maraqlı şəxsin özünə aid edilməlidir.
46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Maraqlı şəxs qismində Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4575/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi maraqlı şəxsin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.