Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6252/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə İddiaçı “xxxx” İKB ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” İKB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02.03.2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçının xeyrinə 25.352,24 manat əsas borcun, 285,7 manat faiz borcunun, 36,63 manat cərimə borcu olmaqla cəmi 25.674,63 manat borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58.3 kv.m ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlakın hərracda satıldıqdan bir ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 02.03.2007-ci il tarixli Kredit Müqaviləsinə əsasən, cavabdehə 300 ay müddətinə, illik 5% hesablanmaqla 35.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58.3 kv.m ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilinə dair İpoteka Müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka 05.02.2018-ci il tarixinə 25.674,63 manat borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, Cavabdeh 02 mart 2007-ci il tarixli, 027 saylı kredit müqaviləsinə əsasən 25.352,24 manat əsas borc, 285,7 manat faiz borcu, 36,69 manat cərimə borcu olmaqla, cəmi 25.674,63 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” İKB ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58.3 kv.m ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 79.000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçı “xxxx” İKB ASC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58.3 kv.m ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə “xxxx” İKB ASC-yə təhvil verilməsi, qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun əsas borcun tutulması və ipoteka predmetinin ikin satış qiymətinin təyin edilməsi hissəsində ləğv edilməsini və işin faktiki hallarına uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmiş, əsas borcunun düzgün hesablanmadığı, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehdən yalnız əsas borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissələrlə əlaqədar apellyasiya şikayəti vermişdir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış 02 mart 2007-ci il tarixli, 027 saylı İstehlak krediti müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 300 ay müddətinə illik 5% olmaqla, 35.000 manat kredit verilmişdir. İş materiallarında olan 02 mart 2007-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58.3 kv.m ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzil 42000 manat məbləğində qiymətləndirilərək, “xxxx” ASC-də mülkiyyətçi tərəfindən ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş AR ƏMDK DƏDRX-in 17.04.2007-ci il tarixli, MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində olan (30.03.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarış) Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58.3 kv.m ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzil 300 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun əvəzi olaraq, könüllü şəkildə, notarial qaydada razılaşma əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi təklif edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin digər xəbərdarlıq məktubu ilə 5 gün müddətinə borcun ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2019-cu il tarixli, 12439 nömrəli ekspert rəyinə əsasən, 02 mart 2007-ci il tarixli, 027 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 05 fevral 2018-ci il tarixə “xxxx” İKB ASC-yə 28.725,26 manat əsas, 726,11 manat faiz borcu təşkil edir. İş materiallarında olan “xxxx” Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 18.01.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 58.3 kv.m ümumi sahədən ibarət 57 nömrəli evin 3 nömrəli mənzilin satış (likvid) qiyməti 105.000 manat təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorun əsas borcunun düzgün hesablanmadığı ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi borc məbləğlərini iş üzrə verilmiş ekspert rəyinə əsasən müəyyən etmiş, həmin ekspert rəyi ilə razılaşmamaq üçün isə əsas olmamışdır. Qətnamənin yoxlanılan digər hissəsi, yəni “ipoteka predmetinin ilkin satış qiymətinin 79.000 manat müəyyənləşdirilməsi” ilə bağlı hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmetinin bazar dəyəri 79.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6252/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6252/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver