Məhkəmə qərarları › İş №2(103)-6253/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6253/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6253/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allaverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı "ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(011)- 215/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 22 may 2019-cu il tarixli 017UG/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03 iyul 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə əsas məbləği 53.718,3 manat, faiz borcu üzrə 2.778,64 manat, cərimə borcu üzrə 114,52 manat olmaqla, cəmi 56.611,46 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (ümumi sahəsi 45.2 kv.m) yönəldilməsi, bu əmlakların hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 03 iyul 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsi üzrə 56.611,46 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinin ilkin satış qiymətinin 100.000 manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) ilkin satış qiymətinin 17.000 manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (ümumi sahəsi 45.2 kv.m) ilkin satış qiymətinin 19.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (ümumi sahəsi 45.2 kv.m) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 22 may 2019-cu il tarixli 017UG/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03 iyul 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 03 iyul 2022-ci il tarixədək illik 15 faiz ödəmək şərtilə 62.265 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2019-cu il tarixli 017UGİ/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzili, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2019-cu il tarixli 017UGİ-1/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 45.2 kv.m), "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2019-cu il tarixli 017UG-2/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri 07 iyun 2019-cu il tarixdə və 10 iyun 2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Əsas kredit müqaviləsinə Əlavələrdə nəzərdə tutulan ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 08 may 2020-ci il tarixli maliyyə arayışına əsasən 03 iyul 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsinə görə əsas məbləği üzrə 53.718,3 manat, faiz borcu üzrə 2.778,64 manat, cərimə borcu üzrə 114.52 manat olmaqla, cəmi 56.611,46 manat borcu təşkil edir. 22 may 2019-cu il tarixli 017UG/19 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə 23 may 2019-cu il tarixli 017UGİ/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzili banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 100.000 manat məbləğində 23 may 2019-cu il tarixli 017UGİ-1/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 45.2 kv.m) banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 17.000 manat məbləğində, 23 may 2019-cu il tarixli 017UG-2/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 19.000 manat məbləğində qiymətləndirilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(011)-215/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edlmiş, 03 iyul 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsi əsasında Cavabdeh1 53.718,3 (əlli üç min yeddi yüz on səkkiz manat otuz qəpik) manat əsas borc, 2.778,64 (iki min yeddi yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat faiz borcu, 114.52 (yüz on dörd manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 56.611,46 (əlli altı min altı yüz on bir manat qırx altı qəpik) manat pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat və ipotekaya tutma yönəldilməsinə dair ödənilmiş 90 (doxsan) manat pulun alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanda yerləşən qeyriyaşayış sahəsinə (ümumi sahəsi 45.2 kv.m) yönəldilməsi, bu əmlakların hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilin ilkin satış qiymətinin 105.500 (yüz beş min beş yüz) manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) ilkin satış qiymətinin 31.500 (otuz bir min beş yüz) manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 45.2 kv.m) ilkin satış qiymətinin 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(011)-215/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ədalətli deyildir. Qərar verilərkən işin faktiki halları nəzərə alınmayıb. Hesab edir ki, onun ailəsi ilə birlikdə yaşayış yerindən çıxarılmasına dair qərar düzgün olmamışdır, çünki götürdüyü kreditin bir hissəsini ödəmiş, sonradan gözlənilmədən yaranan problemlərlə əlaqədar ödəniş etməkdə problemi olmuşdur. Bu o demək deyil ki, o, evindən çıxarılıb küçəyə atılmalıdır. Bu onun yeganə yaşayış evidir. Həmçinin, girov predmeti olan əmlakların dəyəri qalıq borca nisbətdən daha yüksəkdir. Həmin əmlakların hər hansı formada özgəninkiləşdirilməsi, onun həmin əmlaklardan məhrum olmağı verilmiş borca, kreditə qətiyyən adekvat deyildir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin müəyyən edilmiş mübahisəsiz hallarındın görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 22 may 2019-cu il tarixli 017UG/19 saylı əsas kredit müqaviləsi, həmin müqavilə çərçivəsində 03 iyul 2019-cu il tarixli 017G/19 saylı əlavə kredit müqaviləsi bağlanmış, Cavabdeh1 tərəfindən həmin müqavilənin şərtləri pozulmuş və onun bank qarşısında borcu yaranmışdır. Həmçinin, iddia ərizəsində qeyd edilən Cavabdeh1 məxsus mənzil və qeyri-yaşayış sahələri ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetləri olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilin ilkin satış qiymətinin 105.500 (yüz beş min beş yüz) manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) ilkin satış qiymətinin 31.500 (otuz bir min beş yüz) manat, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 45.2 kv.m) ilkin satış qiymətinin 30.000 (otuz min) manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən ödənilməli olan borcun məbləği cəmi 56.611,46 manat, dövlət rüsumuna görə 30 manat və ipotekaya tutma yönəldilməsinə görə 90 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli rəylərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 81 saylı mənzilinin likvid dəyəri 105.500 manat; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (zirzəmi, ümumi sahəsi 48.2 kv.m) likvid dəyəri 31.500 manat; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 13 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (ümumi sahəsi 45.2 kv.m) likvid dəyəri 30.000 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə kollegiyası "xxxx" MMC tərəfindən verilmiş mənzilin və qeyri-yaşayış sahələrinin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəylərdə müəyyən edilmiş likvid qiymətlərin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar Maddənin dispozisiyasından aşkar şəkildə görünür ki, mənzildə yaşayan və ya qeydiyyatda olan şəxslər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş mənzili həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində tərk etməlidirlər. İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, iddia tələbi qismən əsaslı olmuş və birinci isntansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilməklə, iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası apellyasyai şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Belə ki, Cavabdeh1 şikayətində ipoteka predmeti olan mənzildən onun ailəsi ilə birlikdə çıxarılmasının düzgün olmadığını bildirsə də, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi cavabdehlərin mənzildən çıxarılmasına dair iddia tələbi təmin edilməmişdir. Bundan başqa, apellyasiya şikayətində cavabdeh ipoteka predmeti olan əmlakların ümumi dəyərinin ondan tutulmalı olan borc məbləğindən daha yüksək olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin əmlaklar cavabdeh tərəfindən bank qarşısında sərbəst iradə ifadəsi əsasında yüklü edilmişdir. Qeyd edilən əmlaklar kredit borcunun ödənilməsinin təminatı kimi çıxış etməsi özündə bu əmlakların hərrac vasitəsilə özgəninkiləşdirilməsini və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini ehtiva edir. Əmlakın hərrac vasitəsilə satılması əmlakın özgəninkiləşdirilməsinin üsullarından biri kimi çıxış etməklə, tələb və təklif əsasında formalaşan qiymətlərlə həyata keçirilir. Bu mənada məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiymətləri həmin əmlakların satışa çıxarılacacı qiyməti əks etdirməklə onların məhz həmin qiymətə satılacağı anlamına gəlmir. Bu səbəbdən, cavabdehə məxsus olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlakların qiymətlərinin tutulmalı olan borc məbləğindən yüksək olması həmin əmlaklara tutmanın yönəldilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(011)-215/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar