Məhkəmə qərarları › İş №2(103)-6264/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6264/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6264/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-423/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-423/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7.835,54 (yeddi min səkkiz yüz otuz beş manat əlli dörd qəpik) manat məbləğində kredit borcu, 1.495,63 (min dörd yüz doxsan beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 300 (üç yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9.631,17 (doqquz min altı yüz otuz bir manat on yeddi qəpik) manat pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat və ipotekaya tutma yönəldilməsinə dair ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" QSCyə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" QSC-yə olan borcunun ödənilməsi qərara alınmış, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 50.000 (əlli min) manat məbləğində müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, “İpotek haqqında” qanunun tələbləri baxımından, həmçinin ipoteka müqaviləsi bağlanan zaman cavabdehlər tutmanın ipoteka predmetinə yönəldilməsi zamanı qeyd şərtsiz onu tərk etmək öhdəliyi götürmüşlər. Bu səbəbdən birinci instansiya məhkəməsinin ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində əsassızdır. Həmin hissədə qətnamənin ləğv edilməsi və iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Hüseynova apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 002L**********28 saylı, 20.02.2018-ci il tarixli kredit müqaləsinə əsasən 120 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 20 fevral 2018-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat məbləğində kredit götürmüşdür. "xxxx" QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında ayrılıqda bağlanmış 20.02.2018ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 borcverən qarşısında götürdüyü öhdəliyi tam şəkildə icra etməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərlərinə götürmüşlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 20 fevral 2018-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq "xxxx" QSC ilə ipoteka qoyan Cavabdeh3 və borc alan Cavabdeh1 arasında bağlanmış 20.02.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Mülki işdə olan Cavabdeh1 tərəfindən Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 arvadı Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinin ipoteka qoyulmasına razıdır və ipoteka predmetinə ödəniş yönəldikdə qeyd-şərtsiz əmlakı tərk etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 05 yanvar 2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinin likvid dəyəri 50.000 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Kollegiya qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnaməni “ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində” mübahisləndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən- “ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində” ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsini açıq hərracdan satın almış şəxsin mülkiyyət hüququ rəsmi şəkildə qeydə alınmamış, həmçinin cavabdehlər qeyri-yaşayış sahəsini könüllü şəkildə boşaltmaqdan imtina etməmiş qeyri-yaşayış sahəsindən cavabdehlərin istifadə hüquqlarının itirilməsi və qeyri-yaşayış sahəsinin boşaldılmasının qət edilməsi düzgün deyildir və bu hal “İpoteka haqqında” Qanuna ziddir. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, "xxxx" QSC ilə ipoteka qoyan Cavabdeh3 və borc alan Cavabdeh1 arasında bağlanmış 20.02.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Mülki işdə olan Cavabdeh1 tərəfindən Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 arvadı Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinin ipoteka qoyulmasına razıdır və ipoteka predmetinə ödəniş yönəldikdə qeyd-şərtsiz əmlakı tərk etməyi öhdəsinə götürmüşdür. Hazırkı işdə Cavabdeh1 "xxxx" QSC ilə arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə zaminlik müqavilələri əsasında Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 269.5- ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Məcəllənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (319.1-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, eyni zamanda oturuşmuş məhkəmə praktikasına əsasən ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə həmin əmlak bir ay ərzində boşaldılmalıdır. Bu səbəbdən də, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə iş üzrə yalnış qənaətə gəldiyindən, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən-iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində” ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən-iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində” ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, tutma ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinə yönəldikdən və əmlak satıldıqdan sonra ən gec bir ay ərzində Cavabdeh1 və Cavabdeh3 həmin qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-423/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi qismən-iddia tələbinin “ipoteka qoyanın yaşayış sahəsindən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə qismən təmin edilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.00448 ha torpaq sahəsində yerləşən 64.06 kv.m. ümumi sahədən ibarət 135C nömrəli qeyri-yaşayış sahəsinə yönəldikdən və əmlak satıldıqdan sonra ən gec bir ay ərzində Cavabdeh1 və Cavabdeh3 həmin qeyri-yaşayış sahəsindən çıxarılsın. Apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar