Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6285/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşov Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh – ləğv prosesindəki “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə İddiaçı ləğv prosesindəki “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsindən Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli qətnaməsi ilə ondan ümumilikdə 59 317 manat məbləğində pulun tutulmasının, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsbəsi, şəhər şossesi döngə 5, 17 saylı fərdi yaşayış evinə yönəldilməsinin, ipoteka predmetinin ilkin satış qiymətinin 110 000 manat müəyyən edilməsinin qət olunduğunu, qətnamənin icrası ilə əlaqədar 23 sentyabr 2015-ci il tarixdə keçirilmiş birinci hərracın baş tutmadığını və ikinci hərracın keçirilməsinin 28 oktyabr 2015-ci il tarixə təyin edildiyini, ikinci hərracın da baş tutmadığını və nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka predmetinin banka təklif olunduğunu, lakin həmin vaxtdan 4 il keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmetinin əldə edilmədiyini bildirmiş, buna görə də sözügedən fərdi yaşayış evinin ipotekasına xitam verilməsi və həmin evin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən Fondun nümayəndəsi onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin, əmlakla bağlı keçirilən hərraclar baş tutmadıqdan sonra bankın xahişi əsasında icra sənədinin məhkəməyə qaytarılmış olduğunu nəzərə almadığı, sübutlara düzgün qiymət vermədiyi, qanunvericiliyi düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını; iddiaçının nümayəndəsi (vəkili) isə iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək və apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, iddiaçının üçüncü şəxslər kimi göstərdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və “xxxx” MMC nümayəndələrini məhkəməyə göndərməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 20 aprel 2021-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı 48 246 manat əsas, 6571 manat faiz borcu, 4500 manat dəbbə pulu olmaqla cəmi 59 317 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsbəsi, şəhər şossesi döngə 5, 17 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110 000 manat müəyyən edilməsi qət olunmuş, qətnamənin icrası ilə əlaqədar qanunla müəyyən edilən qaydada iki dəfə hərrac keçirilsə də, alıcı olmaması səbəbindən hərrac baş tutmamış, qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuş, bank əmlakı mülkiyyətinə götürməmişdir. Bundan sonra bank icra qrumuna məktubla müraciət edərək icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmiş, həmin müraciət təmin edilərək icra sənədi tələbkarın tələbi ilə məhkəməyə qaytarılmışdır. Apelyasiya Məhkəməsi iddianı rədd edərkən əsaslanması belə olmuşdur: “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli icra vərəqəsi üzrə ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evinə dair 28 oktyabr 2015-ci il tarixdə keçirilmiş ikinci hərrac baş tutmamış, “xxxx” ASC tərəfindən Nəsimi rayon icra şöbəsinə ünvanlanan 30.12.2015-ci il tarixli məktubla həmin icra vərəqəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Nəsimi Rayon icra şöbəsinin 28.03.2016-cı il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin icra vərəqəsi həmin məhkəməyə qaytarılmış, bundan sonra qeyd edilən icra sənədi yenidən icraya yönəldilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli ipoteka predmetinin tələbkara təklif edildikdən sonra 1 ay müddətində icra sənədinin məhkəməyə geri qaytarılması barədə “xxxx” ASC-nin icra qurumuna müraciət etməsini, Bakı şəhəri Nəsimi Rayon icra şöbəsinin 28.03.2016-cı il tarixli qərarı ilə həmin icra vərəqəsinin məhkəməyə geri qaytarılmasını nəzərə almadan, İddiaçı 4 ilə yaxın müddət keçdikdən sonra 13.12.2019-cu il tarixdə məhkəməyə daxil olmuş hazırkı iddia tələbi üzrə əsassız olaraq ipotekaya xitam vermişdir. Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Əvvəla, məhkəmənin gəldiyi nəticə özünün müəyyən etdiyi faktiki hallarla ziddiyyət təşkil edir. Belə ki, bank ikinci hərracdan sonra keçən bir ay ərzində deyil, ikinci hərracdan 2 ay 02 gün sonra icra sənədinin məhkəməyə qaytarılması barədə müraciətlə icra qrumuna müraciət etmişdir. Hansı ki, qanunvericiliyin tələbinə əsasən artıq 30 gün ərzində bank əmlakı öz mülkiyyətinə qəbul etmirsə ipotekaya xitam verilir. Eyni zamanda, 2-ci hərracdan sonra əmlakın banka təklif olunmasını bank özü etiraf etmişdir. Belə ki, bank qətnamədən verdiyi apellyasiya şikayətində 2-ci hərracdan sonra əmlakın ona təklif edilməsini təsdiq etmişdir (mülki iş, 79-cu səhifə). Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-cu maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunun 48.1.1-48.1.5-ci maddələrində ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” qərarında əks olunan mövqeyinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər”. Göründüyü kimi qanunvericinin bu sahədə göstərişi birmənalıdır. Hazırkı işdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsi düzgün tətbiq edilməmişdir. Həmin norma icra edilməyən və ya qismən icra edilən icra sənədinin tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılmasını tənzimləyir. Tərəflər arasında qanuni qüvvəsini almış məhkəmə qətnaməsi tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində icra edilmişdir. Həmin əmlak qanunvericiliyə uyğun olaraq iki dəfə hərraca çıxarılmış və satılmadığı üçün tələbkara təklif edilmişdir. Qanunverici tutmanın ipotekaya yönəldilməsinin fərqli qaydasını müəyyənləşdirmədiyindən həmin prorsedurlardan sonra ipotekaya xitam verilmsini nəzərdə tutur. Qətnamə əmlakın hərracda satılması hissəsində artıq icra olunduğundan, icra sənədi təkrar olaraq həmin hissədə icra oluna bilməz. Ona görə Apelyasiya Məhkəməsinin icra sənədinin təkrar icraya yönəldilməsi imkanları və hazıradək bank tərəfindən belə bir təşəbbüsün göstərilməməsi ilə bağlı əsaslandırması qəbul edilən deyil. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsi icra sənədinin qaytarılmasının beş qaydasını nəzərdə tutmuşdur. Onlardan dördü - 23.1.2-23.1.5-ci maddələrdə nəzərdə tutulan hallar o hallara aiddir ki, qətnamənin icrası mümkün olmur. Yəni, borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmur və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmur, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmur və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermir, tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina edir, tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olur. Tək bir halda icra sənədi tələbkarın ərizəsi əsasında (23.1.1-ci maddə) qaytarılır. Lakin tələbkara belə bir səlahiyyətin verilməsi o anlama gəlməyə əsas vermir ki, ipotekaya xitam verilməsi halı baş verdikdən sonra tələbkar icra sənədini geri qaytarmaqla sonradan onu təkrar olaraq icraya yönəldə bilər. Çünki hüquqa xitam verilməsi həmin hüququn artıq mövcud olmaması deməkdir. İpotekaya xitam verilirsə ipotekaya yönəltmə hüququna da xitam verilir”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1464/2020 saylı iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6285/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6285/2021
08.07.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver