Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6335/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması, evin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(001)-3175/2021 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, 11V nömrəli yaşayış evinə dair bağlanmış 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılması və həmin evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 03 fevral 2020-ci il tarixdə 26 saylı notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Aralarında olan razılığa əsasən ona məxsus olan və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 45000 manata satmağa dair razılaşmışlar. 03 fevral 2020-ci il tarixdə cavabdeh ona zəng edərək evi satmağa dair pulun hazır olduğunu bildirmiş və onu notariat ofisinə aparmışdır. Cavabdeh Notariat ofsinə çatanda bildirmişdir ki, üstündə 15000 manat pul var yerdə qalan 30000 manatı isə qısa zamanda verəcəkdir. O, artıq bu qədər yolu gəldiyini görüb razılaşmışdır. Cavabdeh hər şeyi tez-tələsik edir və ona göstəriş verirdi. Cavabdeh bildirmişdir ki, o, sənədləri tez-tez imzalasın. Cavabdeh təcili işinin olduğunu bildirmişdir. O, görmüşdür ki, müqavilədə 16000 manat pul yazılıb. Cavabdehə sual verəndə ki, bəs burda niyə 45000 manat yazılmayıb. O, isə cavabında ona bildirmişdir ki, müqavilədə pul çox yazılanda verginin rüsumu çox baha olur və çox pul çıxır. Cavabdeh ona belə işlərə çox əhəmiyyət verməməsini bildirmişdir. Üstündən bir müddət keçəndən sonra o, cavabdehdən pulunu tələb eləmişdir. Cavabdeh isə ondan qaçır və pulunu ödəməyəcəyini, evi guya 15000 manata aldığını bildirmişdir. İlkin alqı-satqı müqaviləsində göstərilən 1000 manatı ödəyəcəyinə dair razılaşsa da o, həmin məbləği belə ödəməmişdir. Ona məxsus evin bazar qiyməti hal-hazırda 45000-55000 manat təşkil edir və o, özünə məxsus fərdi yaşayış evini heç bir zaman bu qiymətə satmaz. Cavabdehin niyyəti onu aldadaraq mülkiyyətini ələ keçirtmək olmuşdur. Hal-hazırda o, evsiz-eşiksiz qalmışdır. 15000 manata heç kim ev satmır. Cavabdehin 15000 manat pulunu ödəməyə belə hazırdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh və onun vəkili apellyasiya şikayətini qəbul etməyərək, təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş 21 yanvar 2020-ci il tarixli evlərin alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evi 21000 manata Cavabdeh satılmışdır. Müqavilə İddiaçı, Cavabdeh və vasitəçi X1 tərəfindən imzalanmışdır. Həmin müqaviləyə əlavə edilmiş iltizamlara əsasən evdə qalan 1 ədəd kondisioner, 1 ədəd pitiminutka, 1 ədəd peç və peçaltı, 1 ədəd moyka, 1 ədəd ceyran peçi, 2 ədəd karniz Cavabdeh tərəfindən İddiaçı təhvil verilmiş, qeyd olunan iltizam onlar və vasitəçi Rüstəmov Məhəddin tərəfindən imzalanmışdır. 21 yanvar 2020-ci il tarixdə İddiaçı tərəfindən yazılmış iltizama əsasən o, özünə məxsus 2 otaqlı fərdi yaşayış evinin 21000 manata satılmasına razıdır, evə görə 3000 manat beh alınmış, 03 fevral 2020-ci il tarixdə əlavə olaraq 1000 manat da beh alınmışdır. Cəmi 4000 manat beh olmuşdur. 21 yanvar 2020-ci il tarixdə X3 tərəfindən yazılmış iltizama əsasən o, anasına məxsus 2 otaqlı fərdi yaşayış evinin 21000 manata satılmasına razıdır, evə görə 3000 manat beh alınmış, 03 fevral 2020-ci il tarixdə əlavə olaraq 1000 manat da beh alınmışdır. Cəmi 4000 manat beh olmuşdur. 21 yanvar 2020-ci il tarixdə X6 tərəfindən yazılmış iltizama əsasən o, anasına məxsus 2 otaqlı fərdi yaşayış evinin 21000 manata satılmasına razıdır, evə görə 3000 manat beh alınmış, 03 fevral 2020-ci il tarixdə əlavə olaraq 1000 manat da beh alınmışdır. Cəmi 4000 manat beh olmuşdur. 02 mart 2020-ci il tarixli akta əsasən İddiaçı tərəfindən həmin tarixdə, saat 18:30-da fərdi yaşayış evi Cavabdeh təhvil verilmişdir. Qeydiyyat üçün qalıq pulun 2000 manatının İddiaçı və qızı X6 may ayının 30-na kimi qeydiyyatda qaldığına görə 1000 manat verilmişdir. Həmin akt İddiaçı, X6, Cavabdeh və X1 tərəfindən imzalanmışdır. 24 iyul 2020-ci il tarixli iltizama əsasən İddiaçı satdığı evdən qeydiyyatdan çıxdığına görə 1000 manat qalıq pulu Cavabdeh qəbul etmiş və bildirmişdir ki, əlavə heç bir iddiası və tələbi yoxdur. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıbdır. Bakı şəhəri 26 saylı notariat ofisində İddiaçı və Cavabdeh arasında bağlanmış 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı istifadəsində və sahibliyində olan ünvan 2 ünvanında yerləşən yaşayış evinin ümumi dəyəri 16000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər həmin əmlak ilə əlaqədar hesablaşma qaydasını bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətə, yəni 16000 manata dəyərləndirirlər. 15000 manatı hal-hazırda notariusun bankdakı depozit hesabı vasitəsilə ödəyir, qalan 1000 manatı isə nağd şəkildə ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilə reyestrdə 3M-49 nömrə ilə qeyd edilmişdir. 03 fevral 2020-ci il tarixli xəzinə mədaxil orderlərinin surətindən görünür ki, Cavabdeh tərəfindən 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X2 hesabına 15000 manat məbləğində vəsait ödənilmişdir. Bakı şəhəri 26 saylı notariat ofisində, 03 fevral 2020-ci il tarixdə İddiaçı tərəfindən verilmiş ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu və istifadəsində olan ünvan 2 ünvanında yerləşən yaşayış evini Cavabdeh 16000 manata satılması barədə razılığa gəlmişdir. Onun həmin fərdi yaşayış evinə dair hər hansı bir tələbi, iddiası yoxdur və gələcəkdə olmayacaqdır. Çıxarış alındıqdan sonra qarşı tərəfin adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 26 saylı notariat ofisində, 03 fevral 2020-ci il tarixdə X4 və X5 tərəfindən verilmiş ərizələrin surətindən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən yaşayış evinin satılmasına etiraz etmirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında mübahisəli evin alqı-satqısına dair razılıq əldə edilmiş və yazılı formada rəsmiləşdirilmiş, həmin razılığa əsasən tərəflərin öhdəlik münasibətləri yaranmış, cavabdeh öz üzərinə düşən öndəliyi icra edərək evin dəyərini iddiaçıya ödəmişdir. Ona görə də iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Kollegiya ilkin olaraq iddia tələbinin ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə dair qeyd edir ki, tərəflər arasında ilkin müqavilənin bağlanması şərtlərini tənzim edən mülki qanunvericiliyin tələbləri pozularaq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan tikilinin dəyəri ödənilməklə faktiki alqı-satqısı həyata keçirilmişdir. Bu isə ilkin müqavilənin mahiyyətinə ziddir. Belə ki, ilkin müqavilə tərəflərin həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilənin bağlanması məqsədi ilə bağlanır. Hazırkı ilkin müqavilənin məzmunundan görünür ki, tərəflər mübahisəli tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra həmin tikiliyə dair alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər. 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsində Mülki Məcəllənin 402.4-cü maddəsində nəzərdə tutulmuş əsas müqavilənin hansı müddətdə bağlanmalı olduğu tarix göstərilməmişdir. Həmin maddənin tələbindən göründüyü kimi əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Lakin bir ildən çox müddət keçməsinə baxmayaraq tərəflər arasında əsas müqavilə bağlanmamışdır. Ona görə ki, tərəflər 03 fevral 2020-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi adı ilə dəyəri ödənilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan əmlakın özgəninkiləşdirilməsini həyata keçirmişlər. Bu isə həmin özgəninkiləşdirmənin əhəmiyyətsiz əqd olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 351.1-ci maddəsində təsbit olunmuşdur ki, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Qeyd olunan maddələrin təfsirindən müəyyən olunur ki, etibarsız əqdlərin 2 növü vardır: mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Mübahisə edilən əqdin etibarsızlığını məhkəmə müəyyən edir. Əhəmiyyətsiz əqdlərin isə məhkəmə qaydasında etibarsızlığının müəyyən edilməsinə zərurət yoxdur. Yəni əgər əqd özü-özlüyündə əhəmiyyətsizdisə (məsələn, yalan və uydurma əqdlər) və bunun üçün əsaslar mövcuddursa, bu zaman həmin əqdin etibarsız hesab edilməsi ilə bağlı deyil, etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia qaldırılmalıdır. Çünki, həmin əqd özü-özlüyündə etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konctitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən edilməsidir. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olmasını nəzərə alaraq hesab edir ki, həmin müqavilə etibarsız sayılmalı və onun nəticələrinə dair restitusiya tətbiq edilərək cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, 11V nömrəli yaşayış evindən çıxarılmalı, həmin evi iddiaçıya təhvil verməlidir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 21000 manat məbləğində pul Cavabdeh qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(001)-3175/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, 11V nömrəli yaşayış evindən çıxarılsın və həmin ev İddiaçı təhvil verilsin. İddiaçı həmin evə görə ödənilmiş 21000 (iyirmi bir min) manat məbləğində pul alınıb Cavabdeh ödənilsin. Həmin pul məbləğinin ödənilməsi ilə cavabdehin evdən çıxarılması və evin təhvil verilməsi eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6335/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6335/2021
12.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver