Məhkəmə qərarları › İş №2(103)-6339/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6339/2025

24.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6339/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi, mənzilə köçürülməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara uyğun şəkildə bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin hərraca çıxarılmaqla satılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1636/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti olan ünvan 1, 7 saylı mənzil əvvəllər xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 mülkiyyətində olmuş, axırıncının həmin mənzilə dair mülkiyyət hüquqları xx.xx.2009-cu il tarixli, **********19- 05101-093004 reyestr nömrəli çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilmiş mənzil atasının mülkiyyətinə verilməsinə əsas order əsasında istifadəsində olmuş mənzilin ailə üzvlərinin yoldaşı və uşaqlarının razılığı ilə onun adına özəlləşdirilməsi olmuşdur. xx.xx.2021-ci il tarixdə atası X6 vəfat edən günədək həmin mənzil atasından başqa onun və anası X4 istifadəsində olmuş, onlardan başqa qeyd edilmiş mənzildə qeydiyyatda olan cavabdeh qardaşı Cavabdeh ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və uşaqları) kirayə evdə yaşamış, həmin mənzildə yaşamamışdır. xx.xx.2021-ci il tarixdə atasının vəfatından sonra Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmış, vərəsəliyin qəbulu ilə bağlı notariat ofisinə o, və anası X7 müraciət etmiş, digər vərəsə Cavabdeh miras əmlakdakı payını qəbul etmədiyindən, onun miras əmlakdakı 1/3 payı açıq qalmış, digər baçısı X8 atasından əvvəl vəfat etməsi və onun vəfatından sonra birinci növbəli vərəsələri olmadığından, miras qalmış əmlaka qanun üzrə 3 vərəsə müəyyən olunmuşdur. Bu əsasla da notarius AR MM-nin 1150.1.1-ci maddənin tələblərinə uyğun olaraq atasından miras qalmış əmlakın 1/3 hissəsinə onun, 1/3 hissəsinə anası X4 vərəsəlik paylarını müəyyən edərək adlarına xx.xx.2022-ci il tarixli 2V/15 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, digər vərəsə Cavabdeh miras əmlakdakı payını qəbul etmədiyindən, onun 1/3 hissəsinə olan payı açıq saxlamışdır. Daha sonra isə anası X4 miras əmlakdakı payını ona bağışlamaq istəyini nəzərə alaraq anası ilə onun arasında xx.xx.2022-ci il tarixli 3M-55 saylı miras payın bağışlanması haqda müqavilə bağlanmışdır. Nəticədə DƏDRX tərəfindən onun adına verilmiş xx.xx.2022-ci il tarixli ********** reyestr nömrəli çıxarışdan göründüyü kimi hazırda xx.xx.2021-ci il tarixdə atası X2 miras qalmış ünvan 1, 7 saylı ümumi sahəsi 62,62 kv.m. olan 3 otaqlı mənzilin 2/3 hissəsi onun adına dövlət reyestrində qeydə alınmış, 1/3 hissəsi isə açıq qalmışdır. X1 vəfatından 1 il sonra cavabdeh qardaşı Cavabdeh atasının aldığı yüksək məbləğdə (1400 manat) pensiyası atasının adına rəsmiləşdirdiyini öyrəndiyi andan ailəsi ilə birlikdə mübahisə predmeti olan mənzilə qayıtmış, anasının aldığı pensiyasına sahibləmək məqsədi ilə onu mənzildən qovmuş, paylı mülkiyyətində olan mənzilin girişçıxış qapısının açarlarını dəyişərək mənzildən istifadəsinə maneələr yaratmış, bu məqsədlə də 88 yaşlı anası X4 adından etibarnamə üzrə vəkil tutaraq ona, özünə və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı Bakı şəhəri Səbail rayon Məhkəməsində “xx.xx.2022ci il tarixli 2V/15-reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2022ci il tarixli 3M-55 saylı miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ½ hissədə iddiaçının vərəsəlik payının müəyyən edilməsinə” dair iddia irəli sürmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-560/2024 nömrəli qətnaməsi ilə iddiaçı X4 ona, Cavabdeh və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı qaldırdığı xx.xx.2022-ci il tarixli 2V/15 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2022-ci il tarixli 3M-55 saylı miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ½ hissədə iddiaçının vərəsəlik payının müəyyən edilməsinə dair iddiası təmin edilməmişdir. İstinad edilmiş qətnamədən X4 nümayəndəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4686/2024 nömrəli qətnaməsi ilə təmin edilməmiş, mübahisə ilə bağlı çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-560/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda apellyasiya instansiya məhkəməsinin qeyd edilmiş qətnaməsi qanuni qüvvəsini almış, lakin cavabdeh israrla onu paylı mülkiyyətində olan mənzilinə buraxmır. Bununla da, mülkiyyət, sahiblik və əmlakdan istifadə hüquqlarını kobud surətdə pozmağa davam edir. Artıq 4-cü ildir ki, paylı mülkiyyətində mənzil olduğu halda kürəkəninin mənzilində yaşamağa məcbur qalmışdır. Məhkəməyə təqdim edilmiş rəsmi paylı mülkiyyətlərində olan ünvan 1, 7 saylı mənzilin texniki pasportundan görünür ki, 3 otaqlı ümumi sahəsi 62,62 kv.m., 39,64 (10.39-14.00-14.75) yaşayış, 22 kv.m. köməkçi sahələrindən ibarətdir. Hesab edir ki, Cavabdehlə paylı mülkiyyətlərində olan mənzildən axırıncının payına yaşayış sahəsindən düşən 1/3 hissəsinə münasibətdə (yaşayış sahəsindən 13,0 kv.m. düşür) mənzilin sahəsi 14,0 kv.m. olan otağın, onun isə paylı mülkiyyətdə olan 2/3 paya münasibətdə yaşayış sahəsindən 26,0 kv.m. düşür) mənzilin 10,89 kv.m. və 14,74 kv.m. sahəli otaqların köməkçi sahələrinin isə ümumi istifadədə saxlamaq və anası X4 da ona aid hissədə yaşamaq şərti ilə mənzilin paylı mülkiyyətçilər arasında naturada bölünməsi mümkündür. Eyni zamanda hesab edir ki, cavabdeh onu paylı mülkiyyətində olan mənzilə buraxmadığından onun həmin mənzilə köçürülməsi haqqında qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh qarşı qaldırdığı iddianın təmin edilməsi, axırıncı ilə paylı mülkiyyətlərində olan ünvan 1, 7 saylı 3 otaqlı mənzilin aralarında naturada bölünməsi, sahəsi 14,0 kv.m. olan yaşayış otağın cavabdehin və onun ailə üzvlərinin, sahəsi 10,89 kv.m. və 14,75 kv.m. olan yaşayış otaqların onun istifadəsinə verilməklə, köməkçi sahələrin tərəflərin ümumi istifadəsində saxlamaqla, anaları X4 da mənzilin ona aid hissədə yaşamaq şərti ilə mənzilin paylı mülkiyyətçilər arasında naturada bölünməsi və mənzilin ona aid olan hissəyə onu köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı qaldırdığı axırıncı ilə paylı mülkiyyətlərində olan ünvan 1, 7 saylı 3 otaqlı mənzilin aralarında naturada bölünməsi, sahəsi 14,0 kv.m. olan yaşayış otağın cavabdehin və onun ailə üzvlərinin sahəsi 10,89 kv.m. və 14,75 kv.m. olan yaşayış otaqların onun istifadəsinə verilməsi, köməkçi sahələrin tərəflərin ümumi istifadəsində saxlamaqla, anaları X4 da mənzilin ona aid hissədə yaşamaq şərti ilə mənzilin paylı mülkiyyətçilər arasında naturada bölünməsi və mənzilin ona aid olan hissəyə köçürülməsi, bu mümkün olmadığı halda məhkəmədən ünvan 1, 7 saylı 3 otaqlı mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylı mülkiyyətçilər arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1636/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsində yerləşən 19 saylı evin 7 saylı mənzilin ilkin satış qiymətinin 115.000 (bir yüz on beş min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 2/3 hissə, Cavabdeh 1/3 hissə) münasib olaraq bərabər bölüşdürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1636/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1636/2025 nömrəli qətnaməsinin nəticə hissəsində “münasib olaraq bərabər bölüşdürülməsi” ifadəsi yanlış sayılmış və “münasib olaraq bölüşdürülməsi” kimi hesab edilmişdir.

6. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadığından, iddia tələbi əmlakın hərracdan satılması hissəsində təmin edilməli, əmlak ilkin satış qiyməti 115.000 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

7. Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1636/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən yenidən ekspertiza keçirildikdən sonra yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsində yerləşən 19 saylı evin 7 saylı mənzilinin ilkin satış qiymətini müəyyən etmək məqsədi ilə iddiaçının tanışı olan güya müstəqil ekspert kimi dəvət olunmuş "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış və mənzilin dəyəri 115.000 (bir yüz on beş min) manat müəyyən etmişlər. Mübahisəli fərdi yaşayış evinin qiyməti 80.000-90.000 manat olar. Bunu məhkəmədə dəfələrlə desə də, buna məhəl qoyulmamış, həmçinin yerində evə baxış keçirilərkən yerində baxış zamanı hakimin iştirakını da xahiş etsə də o, yerində baxış keçirməmişdir. Qiymətləndirilmənin yüksək olmasından narazı qaldığını və AR ƏN-nin Ekspertiza İnstitutuna göndərilməsini xahiş etsə də, tez-tələsik qətnamə qəbul edilmişdir.

9. Bundan əlavə, cavabdeh şikayətində qeyd etmişdir ki, iddiaçı X4 Bakı şəhəri 28 saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər İddiaçı, Cavabdeh qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ½ hissədə vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-560/2024 saylı qətnaməsi ilə (hakim R.Qafarova) təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)- 4686/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 nümayəndəsi (vəkili) X9 apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən kassasiya şikayəti verdiyini bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraaat dayandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, paylı mülkiyyətçilərə məxsus mübahisəli mənzilin real bazar qiymətinin 115.000 manat olması müəyyən edilmiş, cavabdeh isə mənzilin dəyərinin 80.000-90.000 manat olmasını təsdiq edən heç bir subut və dəlil məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, əgər cavabdeh paylı mülkiyyətində olan mənzilin həqiqi bazar qiymətinin 80.000-90.000 manat olmasını iddia edirsə, iddiaçı həmin vəsaitdən mənzilin hərraca çıxarılmadan cavabdehin 1/3 hissəsini ödəməyə razıdır. Belə ki, iddiaçı artıq cavabdehin qanunsuz hərəkətləri nəticəsində 4 ildir ki, kirayə evlərdə yaşamağa məcbur qalmışdır. Cavabdehin iddiaçını mənzilə buraxmamasının əsl səbəbi isə odur ki, o, atası vəfat edənədək həmin mənzildə yaşamamış, axırıncının vəfatından 1 il sonra isə atasının aldığı yüksək məbləğdə (1400 manat) pensiyanı anasının adına rəsmiləşdirdiyini öyrəndiyi andan ailəsi ilə birlikdə mübahisə predmeti olan mənzilə qayıtmış, ananın aldığı pensiyasına sahiblənmək məqsədi ilə iddiaçını mənzildən qovmuş, paylı mülkiyyətdə olan mənzilin giriş-çıxış qapısının açarlarını dəyişərək mənzildən birgə istifadələrinə maneələr yaratmış, bu məqsədlə də 88 yaşlı anası X5 adından etibarnamə üzrə vəkil tutaraq ona, özünə və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmiş, onun bu tələbi ilə bağlı iddiası təmin edilməmiş, bu haqda qəbul edilmiş qətnamələr qanuni qüvvəsini almışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

11. İşdə iştirak edən tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər;

14. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər;

15. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir;

16. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

17. 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

18. 220.6-ci maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

19. 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

21. 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır;

22. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır;

23. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin edilmiş və iddiaçı həmin qətnamənin iddianın təmin edilməyən hissəsindən şikayət verməmişdir. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan görünür ki, cavabdeh qətnamənin yalnız mübahisəli mənzilin məhkəmə tərəfindən təyin edilən real bazar qiyməti barədə olan hissəsini mübahisələndirir. Belə olan halda, qətnamə cavabdeh tərəfindən həmin hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı məhkəmə kollegiyası tərəfindən yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, ona qarşı verilən etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1636/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İş materillarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsində yerləşən 19 saylı evin 7 saylı mənzili tərəflərin atalarına məxsus olmuş, xx.xx.2021-ci il tarixdə ataları vəfat etdikdən sonra iddiaçı və onun anası X7, o cümlədən cavabdeh miras əmlakı qəbul etmiş və miras əmlaka dair hər biri 1/3 payı olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarını qeydiyyata almışlar. Bağışlama müqaviləsinə əsasən Qızbəs Zəkiyeva miras əmlakdan özünə məxsus 1/3 payını qızı İddiaçı bağışlamış, iddiaçının mübahisəli mənzilin üzərində 2/3 payı ilə mülkiyyət hüququ müəyyən edilmiş və bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Paylı mülkiyyətində olan mübahisəli mənzil texniki pasport üzrə 3 yaşayış otağından ibarətdir və cavabdeh iddiaçıya mübahisəli mənzildə istifadə etməyə imkan vermir.

28. İddiaçının irəli sürdüyü iddia tələblərinə əsasən cavabdeh mübahisəli mənzildən mülkiyyətçi kimi ona istifadə etməsinə maneçilik törədir və bu səbəbdən iddiaçı həmin mənzilin real bölgüsünün həyata keçirilməsini və mənzilə köçürülməsini, real bölgü mümkün olmadığı halda isə həmin mənzilin açıq hərracdan satılmasını və paylarına mütənasib surətdə bölüşdürülməsini xahiş etmişdir.

29. "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli mənzilin yaşayış sahələrinin payçılar arasında naturada bölgüsü mümkün olsa da, köməkçi sahələrin (ümumi istifadə sahələri) fiziki olaraq bölgüsü texniki baxımdan mümkün olmadığından mənzilin naturada bölgüsünün mümkün olmaması müəyyən edilmişdir.

30. "xxxx" MMC tərəfindən verilmiş MB-18/1185 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 7 saylı 3 otaqlı mənzilin xx.xx.2025-ci il tarixinə hesablanmış bazar dəyəri 115.000 manat təşkil etmişdir.

31. Belə olan halda, məhkəmə kollegiyası qətnamənin mübahisələndirilən hissəsinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəni yuxarıda göstərilən qaydada həll etməkdə haqlı olmuşdur.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi mübahisəli fərdi yaşayış evinin qiymətinin 80.000-90.000 manat olması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, qiymətləndirmə hesabatına əsasən həmin mənzilin bazar dəyəri 115.000 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən isə mübahisəli mənzilin dəyərinin 80.000-90.000 manat olmasını təsdiq edən heç bir subut və dəlil (alternativ qiymətləndirmə hesabatı) məhkəmə kollegiyasına təqdim edilməmişdir. Məhkəmə kollegiyası mübahisəli mənzilə dair verilmiş qiymətləndirmə hesabatını kifayət qədər obyektiv olduğunu nəzərə alaraq, iş üzrə ekspertiza rəyinin alınmasına lüzum görmür.

33. Bundan əlavə, məhkəmə kollegiyası hazırki dövrdə daşınmaz əmlak bazarında mövcud olan qiymətləri nəzərə alaraq, Bakı şəhərinin Səbail rayonunda yerləşən mənzilin dəyərinin 80.000-90.000 manat təşkil etməsi barədə cavabdehin dəlilini inandırıcı saymır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, qiymətləndirmə hesabatı əsasında məhkəmə tərəfindən müəyyən olunan mübahisəli mənzilin bazar dəyərinin 115.000 manat təşkil etməsi (ilkin satış qiyməti) o deməkdir ki, mənzil hərracda satıldığı halda, cavabdeh öz payına düşən 1/3 hissəyə görə özünün güman etdiyi məbləğdən daha da çox pul əldə edə bilər. Lakin, onun mənzilin yüksək qiymətləndirilməsi ilə razı olmaması onu göstərir ki, cavabdeh hazırki mübahisənin tezliklə həll edilməsində maraqlı deyil və müxtəlif vasitələrlə mübahisənin daha da uzadılmasına çalışır.

35. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-4686/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verməsi və bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə icraatın dayandırılmaması barədə dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, “Elektron Məhkəmə” Sistemində 2(103)-4686/2024 nömrəli iş üzrə kassasiya şikayəti əsasında kassasiya instansiyası məhkəməsinin icraatında baxılan iş müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir.

36. İddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə qarşı verilmiş etiraza münasibət bildirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən fərqli olaraq iddiaçı tərəf hazırki mübahisənin tezliklə həllində maraqlıdır. Belə ki, həm iddiaçı tərəfin iddiasının təmin olunmamış hissəsindən apellyasiya şikayəti verməməsi, həmçinin də apellyasiya şikayətinə etirazda göstərdiyi kimi - cavabdehin iddia etdiyi mübahisəli mənzilin qiymətinin 80.000-90.000 manatının 1/3 hissəsini, mənzilin hərraca çıxarılmadan iddiaçının cavabdehə ödəməyə razı olması buna bir sübutdur. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinə qarşı verdiyi etirazı əsaslı hesab edir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1636/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar