Məhkəmə qərarları › İş №2(103)-6348/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6348/2023

19.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6348/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(001)-3170/2023 nömrəli qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ərizəçi ilə Maraqlı şəxs 03 aprel 2023-cü il tarixdə Bakı 3 saylı Mediasiya təşkilatının mediatoru X1 iştirakı ilə aşağıdakı məzmunda barışıq sazişi bağlamışlar: 1) Maraqlı şəxs Ərizəçi ilə aralarında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına razıdır və buna etiraz etmir. 2) Maraqlı şəxs övladları – 02 noyabr 2012-ci il təvəllüdlü X3 və 08 yanvar 2017-ci il təvəllüdlü X4 Ərizəçi yanında qalmasına razıdır və etiraz etmir. 3) Maraqlı şəxs Ərizəçi – övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq əmək haqqısının 1/3 (üçdə-bir) hissəsi miqdarında aliment ödəyəcəkdir.

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə aralarında bağlanmış 03 aprel 2023-cü il tarixli barışıq sazişinin uşaqların ananın himayəsinə verilməsi və aliment hissəsində təsdiq edilməsi, həmçinin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın maraqlı şəxsdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizənin əsaslarına görə, tərəflər rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından 02 noyabr 2012-ci il təvəllüdlü X7 və 08 yanvar 2017-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Hazırda ayrı yaşayırlar və aralarında faktiki nikah münasibəti yoxdur. Birgə nikahdan olan uşaqlar ərizəçinin himayəsindədir. Ərizəçi maraqlı şəxslə olan ailə münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş və onlar arasında 03 aprel 2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən 02 noyabr 2012-ci il təvəllüdlü X7 və 08 yanvar 2017-ci il təvəllüdlü X9 adlı uşaqların ərizəçinin himayəsinə verilmələri və uşaqların saxlanılması üçün maraqlı şəxsin ərizəçiyə hər ay aylıq əmək haqqının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin ödəməsi ilə bağlı razılığa gəlinmişdir. Həmin barışıq sazişinin 6-cı bəndinə görə isə saziş imzalandığı gündən 10 gün müddətində könüllü icra edilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə könüllü qaydada əməl etməkdən yayınmış və aliment ödəməmişdir. Bununla əlaqədar olaraq ərizəçi Maraqlı şəxs “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə alimentin könüllü qaydada ödənilməsini tələb edərkən sonuncu məhkəmə qərarı olmasa hər hansı aliment məbləği ödəməyəcəyini bildirmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(001)- 3170/2023 nömrəli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 03 aprel 2023-cü il tarixli barışıq sazişinin bir hissəsinin təsdiq edilməsindən imtina edilmişdir.

5. Qətnamənin əsaslarına görə, tərəflər arasındakı nikahın pozulmadığı müəyyən edilir, belə olan halda birgə nikahdan olan uşağın anasının yanında saxlanması ilə bağlı barışıq sazişinin təsdiq edilməsi yolverilməzdir. Habelə, uşağın yaşayış yerini müəyyənləşdirmədən onun saxlanması üçün alimentin də tutulması əsaslı deyildir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-26.1, 355-26.1.1, 355-26.2, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyaysia şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamə ilə razılaşmayan ərizəçi apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şikayətin dəlillərinə görə, məhkəmənin nikahın pozulmadığı halda birgə nikahdan olan uşağın anasının yanında saxlanması ilə bağlı barışıq sazişinin təsdiq edilməsinin yolverilməz hesab etməsi, həmçinin uşağın yaşayış yerini müəyyənləşdirmədən onun saxlanması üçün alimentin tutulmasının əsaslı hesab edilməməsi barədə gəldiyi qənaət ərizəçi tərəfindən istinad edilən maddi hüquq normalarının mahiyyətinə uyğun deyil. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.2. 26.1.3 və 26.1.4-cü maddələrindən görünür ki, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi və uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası ilə bağlı mübahisələr tərəflər arasında mediasiya qaydasında həll edilə bilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi qeyd olunan hüquq normalarının tələbindən irəli gələrək təsdiq edilmişdir və həmin hüquq normalarına uyğun olmuşdur. İşdə uşaqların böyüməsinə, inkişafına və digər maraqlarına toxunan hər hansı hal mövcur deyildir və bu barədə mübahisə olmamışdır. Qeyd olunanlara əsasən hesab edirik ki, məhkəmənin nikahın pozulmadığı halda birgə nikahdan olan uşağın anasının yanında saxlanması ilə bağlı barışıq sazişinin təsdiq edilməsinin yolverilməz hesab etməsi, həmçinin uşağın yaşayış yerinimüəyyənləşdirmədən onun saxlanması üçün alimentin də tutulmasının əsaslı hesab edilməməsi barədə gəldiyi qənaət tərəfimizdən istinad edilən maddi hüquq normlarının mahiyyətinə uyğun deyil. Məhkəmə tərəflər arasındakı nikahın pozulmadığı əsas gətirərək birgə nikahdan olan uşaqların anasının yanındasaxlanması iləbağlı barışıqsazişinin təsdiq edilməsi yolverilməz hesab etmişdir. Məhkəmə həmçinin, uşağın yaşayış yerini müəyyənləşdirmədən onun saxlanması üçün alimentin də tutulmasını əsaslı hesab etməmişdir. Məhkəmənin yuxarıda qeyd edilən nəticəsi səhvdir və bu yanaşma mediasiya institunun mahiyyətinə və bununla bağlı maddi və prosessual qanunvericilikdə aparılmış əlavə və dəyişiklərin məqsədlərinə tamamilə zidd olmuşdur.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

12. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 9.3. Tərəflərin aşağıdakı vəzifələri vardır: 9.3.1. barışıq sazişinin icrasını təmin etmək; Maddə 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Maddə 32.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: 32.1.1. tərəflər arasında barışıq sazişi bağlandıqda; Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

13. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayəti ilə qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı sikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia qismən təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qətnamənin nəticəvi hissəsində aşağıdakı kimi qeyd olunmuşdur: “Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 03 aprel 2023-cü il tarixli barışıq sazişinin bir hissəsinin təsdiq edilməsindən imtina edilsin.”

17. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, qətnamənin nəinki nəticəvi, əsaslandırıcı hissəsindən də məhkəmənin hansı qənaətə gəldiyi, ərizənin hansı hissədə təmin və ya rədd olunmasını müəyyən etmək mümkün deyildir.

18. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “Hazırki halda tərəflər arasındakı nikahın pozulmadığı müəyyən edilir, belə olan halda birgə nikahdan olan uşağın anasının yanında saxlanması ilə bağlı barışıq sazişinin təsdiq edilməsi yolverilməzdir. Habelə, uşağın yaşayış yerini müəyyənləşdirmədən onun saxlanması üçün alimentin də tutulması əsaslı deyildir.”

19. Birinci instansiya məhkəməsinin bu əsaslandırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1, 26.1.3 və 26.1.4-cü maddələri ilə ziddiyyət təşkil edir. Həmin normanın məzmununa əsasən uşağın yaşayış yerinin müəyyən edilməsi, həmçinin, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər.

20. Tərəflər də məhz yuxarıda qeyd olunan normanın tələbinə əsasən barışıq sazişi ilə göstərilən məsələlər barədə razılığa gəlmişlər.

21. Digər tərəfdən mülki prosessual qanunvericilik barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün 2 əsas müəyyən etmişdir: barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması, barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.

22. Lakin işin hallarından görünür ki, barışıq sazişində razılığa gəlinən məsələlər mediasiya vasitəsilə həll olunmalı məsələlərdir, könüllü icra olunmamışdır və barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və ərizə təmin edilməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(001)- 3170/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(001)- 3170/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs ilə arasında 03 aprel 2023-cü il tarixdə mediator X1 iştirakı ilə bağlanmış barışıq sazişi 02 noyabr 2012-ci il təvəllüdlü X7 və 08 yanvar 2017-ci il təvəllüdlü X4 anasının himayəsinə verilməsi və uşaqların saxlanılması üçün 2023-cü ilin aprel ayında alınan əmək haqqı da daxil olmaqla hər ay Maraqlı şəxs aylıq əmək haqqının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq Ərizəçi ödənilməsi hissəsində təsdiq edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar