Məhkəmə qərarları › İş №2(103)-6352/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6352/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6352/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5633/2023 saylı qərardadından ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ana nənəsi X1 xx.xx.1990-cı ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 5633/2023 saylı qərardadı ilə Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi ölüm haqqında tibbi şəhadətnamənin alınmasının mümkün olmaması barədə sübutlar əlavə edilmədiyinə görə MPM-nin 152.1.1-ci maddəsinin tələbi baxımından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin qərardaddan ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə şikayət verərək ləğv edilməsini və ərizənin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianı geri qaytaran məhkəmə göstərmişdir ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cuil tarixli Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin bənddə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölümünün müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi Qaydalarının 4-cü bəndinə istinad olunmuşdur. Həmin bənddə isə nəzərdə tutulmuşdur ki: ““Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.” Nənəsi isə 1990-cı ildə evdə öz əcəli ilə rəhmətə getmiş və el adəti ilə dəfn edilmiş, bunu ərizəyə əlavə etdiyi fotoşəkillər də təsdiq edir. Məlum olduğu kimi həmin illər qarışıqlıq olduğundan valideynləri səhlənkarlıq göstərərək nənəsinin ölümünə dair müvafiq sənəd almaq üçün hər hansı müvafiq orqana müraciət etməmişlər. Buna görə də, o, olmayan şeyi “tibbi şəhadətnamə alınması üçün müraciət edilməməsini” sübut edə bilməz. Və aydın məsələdir ki, onun 1990-cı ilin fevral ayında evdə rəhmətə getmiş nənəsi üçün hazırda ölüm haqqında tibbi şəhadətnamə almaq üçün hansısa tibb müəssisəsinə müraciət etməyi məntiqsiz və gülüncdür. Buna görə də o, işin hallarını ərizəsində ətraflı məhkəmənin diqqətinə çatdıraraq, məhz hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olduğunu göstərmişdir. Məhkəmə isə bu halları nəzərə almayaraq, ərizəsinə formal yanaşaraq, ona geri qaytarmışdır. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmə tərəfindən qeyd edilən hüquq norması düzgün tətbiq edilməmişdir. Məhkəmə ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5633/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair xüsusi icraat qaydasında daxil olmuş ərizənin məhkəmə icraatına qəbul edilməsini yalnız o halda mümkün saya bilər ki, bu faktları təsdiq edən sənədlərin məhkəmədənkənar qaydada alınması mümkün olmasın. Lakin ərizəyə əlavə edilmiş materiallardan göründüyü kimi, ərizəçi müvafiq sənədləri əldə etməyin mümkün olmamasına istinad etsə də, tərəfindən ərizənin məhkəməyə verilməsindən əvvəl “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq tibb müəssisəsinə (qeydiyyat yeri üzrə poliklinikaya) müraciət edildiyini və imtina cavabının alındığını təsdiq edən hər hansı bir sübut ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 310.1-ci maddələrinin tələblərinə uyğun geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5633/2023 saylı 07 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar