Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6375/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 aprel 2021-ci il tarixli qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən iş üzrə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, üçüncü şəxs olan "xxxx" ASC-nin nümayəndəsi X4, apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş X5 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə (bundan sonra – MMC) qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2 saylı binada yerləşən 177 saylı mənzilin açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi "xxxx" ASC (bundan sonra – Bank) göstərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş icra sənədinə əsasən hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə üçüncü şəxs olan Bankın xeyrinə pul tutulmalı, tutuma ipoteka predmeti olan və iddiaçıya məxsus mənzilə yönəldilməlidir. Həmin icra sənədi icra edilməsi üçün Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və İcra Şöbəsi tərəfindən icra icraatına başlanmışdır. İpoteka predmeti olan mənzilin açıq hərracdan satılması ilə bağlı ilk hərrac xx.xx.2020-ci il tarixə təyin edilmiş, lakin alıcı olmadığından ikinci hərrac xx.xx.2020-ci il tarixə təyin edilmiş və həmin hərracda da alıcı olmamışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş hərracdan sonra, Bank, qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddətində mənzili əldə etməmişdir. Bu səbəbdən də, iddiaçı, “ipoteka yüklülüyünə xitam verilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. O, Səbail Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayətinin təmin edilməməsini, Səbail Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Qeyd edilən iddiaya məhkəmələr tərəfindən baxılan zaman Bankın nümayəndəsi izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə ölkə ərazisində tətbiq edilmiş tətbiqlərə görə xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərə təyin edilmiş hərraclar keçirlmədiyindən baş tutmamış, mənzilin satılması ilə bağlı hərraclar xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş, lakin mənzili alan olmadığından, Bank borcun ödənilməsi məqsədi ilə mənzili mülkiyyətinə qəbul etmişdir. İddiaçı bildirir ki, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərə təyin edilmiş hərracların ölkədə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə tədbirlərə görə baş tutmaması əsassızıdır, çünki həmin vaxt bu kimi tədbirlər tətbiq edilməmişdir. Əslində bu kimi mövqeyin Bank və cavabdeh MMC tərəfindən ortaya çıxarılmasına səbəb xx.xx.2020ci il tarixdə keçirilmiş ikinci hərracdan 6 ay sonra Bankın qanunvericilikdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddətin ötürülməsinin qarşısını almaq olmuşdur. Hadisələrin məntiqi ardıcıllığından görünür ki, hazırda mübahisələndirilən hərraclar iddiaçının “ipotekaya xitam verilməsi barədə” iddia ilə Səbail Rayon Məhkəməsinə müraciət etdikdən sonra təşkil edilmişdir. İddiaçı onu da xüsusi vurğulayır ki, o, 2020-ci ilin iyun ayında cavabdeh MMC-yə müraciət edilmiş və hərracla bağlı məlumat verilməsi xahiş etmişdir. MMC-nin xx.xx.2020ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, mübahisəli mənzilin satılması ilə əlaqədar hərraclar xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərə təyin edilmişdir. İddiaçı bildirir ki, əgər sözügedən hərraclar keçirilməmişdirsə, o zaman MMC-nin məktubunda qeyd edilməli idi həmin hərracların keçirilməmişdir. Həmçinin hazırkı iddia ərizəsinə əlavə edilmiş SMS bildirişin surətindən də görünür ki, mübahisəli mənzilin satılması ilə əlaqədar xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə hərrac keçirilmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması ilə əlaqədar qanunsuz olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixilərdə keçirilmiş hərracların nəticələri etibarsız hesab edilməlidir. b) iş üzrə üçüncü şəxs olan Bankın iddiaya qarşı etirazı barədə məlumat
4. Bankın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd edilən məsələlərə başqa mülki iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq hüquqi qiymət verilmişdir. Bu səbəbdən də hazırki mülki iş üzrə icraata xitam verilməlidir.
c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi “İpoteka haqqında” Qanunun 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, “İcra haqqında” Qanun 53.1, 53.3, 62.2, Mülki Məcəllənin 317, 319.5, 416.1, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 107, 119.1, 213.3, 217.4-cü maddələrinə istinadən iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC, mübahisəli mənzilin satılması ilə əlaqədar iki dəfədən çox hərrac keçirməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ipoteka predmeti olan mənzilin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə satılmasına dair təyin edilmiş hərraclar keçirilməmiş, həmin hərracların keçirilməməsi isə pandemiya ilə əlaqələndirilmişdir. Lakin karantin rejiminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarları həmin tarixlərdə mövcud olmamışdır.
d) apellyasiya şikayəti barədə məlumat
7. İş üzrə üçüncü şəxs olan Bankın buna səlahiyyətli olan nümayəndəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mənzilin satılması ilə əlaqədar xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərə təyin edilmiş hərracların keçirilməməsinə əsas olmuş səbəblər “İpoteka haqqında” Qanunun 43.1-ci və 43.7-ci maddələrində nəzərdə tutulmuş hallara aid deyil. Çünki həmin ərəfədə, Səbail Rayon Məhkəməsinin qətnaməsində də əks olunduğu kimi Nazirlər Kabinetinin yanında Operativ Qərargahın ölkədə xüsusi rejim tətbiq edilməsinə dair qərarına əsasən dövlət və özəl sektora aid qurumlardan kütləvi tədbirlərin təxirə salınması tələb olunmuşdur. Həmçinin hərracların baş tutmaması barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və hərrac təşkilatının internet saytında heç bir məlumat dərc etdirilməmişdir. Rayon Məhkəməsi isə Bank tərəfindən təqdim edilmiş iş üçün əhəmiyyət kəsb edən sübut və dəlillərə əhəmiyyət verməmiş, qərəzli və ədalətsiz qətnamə qəbul etmişdir. e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat
9. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-7419/2021) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini qət etmişdir. f) kassasiya instansiyasında icraat barədə məlumat
10. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-3754/2022) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
11. Kassasiya instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı hərracın nəticələrinin etibarsızlığı barədə iddia qaldırsa da Bankı cavabdeh kimi deyil, üçüncü şəxs qismində işə cəlb etmiş, faktiki olaraq Banka qarşı tələb irəli sürməmişdir. Əgər Bank ipoteka predmetini əldə etməyibsə, onda Bank cavabdeh kimi cəlb olunmadan da həmin tələbə mahiyyəti üzrə baxıla bilər. Amma əgər Bank hərracın nəticəsində ipoteka predmetini əldə etmişdirsə, onda həmin hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələbə cavab verməli olan şəxslərdən biri də Bankdır və Bank cavabdeh qismində cəlb olunmadan iddiaya mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verilməsi prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş olur. Lakin işə baxmış birinci və apellyasiya instansiya məhkəmələri bu halları araşdırmamış, tələbin ona cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik şəxsə qarşı verilib-verilməməsinə qiymət verməmişlər. g) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
12. Təkrar apellyasiya baxışı iclasında iştirak edən cavabdeh Bankın nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin dəlillərini müdafiə etdi. O, əlavə olaraq bildirdi ki, Bank mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıqdan sonra mənzili X1.
13. Məhkəmənin tapşırığına əsasən Bankın nümayəndəsi X9 arasında mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsini” Məhkəməyə təqdim etdi.
14. Həmin müqaviləni nəzərə almış Məhkəmə, mənzili Bankdan almış Ədalət Məmmədovu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir.
15. Üçüncü şəxs qismində cəlb olunmuş Ədalət Məmmədov Məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mənzilin Bank tərəfindən satılması barədə məlumatı daşınmaz əmlakların alğı-satqı ilə məşğul olan agentdən almışdır. O, mənzili Bankdan alan zaman anlayırdı ki, həmin mənzil kiminsə Banka olan borcunun ödənilməsi məqsədi ilə Banka verilmişdir. Lakin hazırki iş üzrə iddiaçı ilə Bank və cavabdeh MMC arasında mülki mübahisənin olmasından məlumatı olmamışdır.
16. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına və məzmununa uyğun izahat verdi. h) hazırki işin faktiki halları barədə məlumat
17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə cəmi 38.502,36 ABŞ dolları məbləğində pulun, qətnamənin icra olunacağı tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə İddiaçı Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş (hazırki iş üzrə mübahisə predmeti olan) mənzilə yönəldilməsini, mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən kredit borcunun ödənilməsini, bundan sonra artıq qala biləcək pul vəsaitinin İddiaçı ödənilməsini qət etmişdir.
18. Həmin qətnamə qanuni qüvvəyə mindiyi üçün onun əsasında icra vərəqəsi tərtib edilmiş və icra edilməsi üçün Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və İcra Şöbəsi tərəfindən icra icraatına başlanmışdır. İpoteka predmeti olan mənzilin açıq hərracdan satılması ilə bağlı birinci hərrac xx.xx.2020-ci il tarixə, ikinci hərrac isə xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin hərracların keçirilməsi tarixləri ilə bağlı bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində elanlar verilmişdir.
19. Hazırki iş üzrə iddiaçı olan İddiaçı Banka qarşı “ipotekaya xitam verilməsi və mübahisəli mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(009)-1706/2020) iddianın rədd edilməsini qət etmişdir.
20. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya və kassasiya instansiya məhkəmələrinin baxışı predmeti olmuş və dəyişdirilmədən saxlanılmışdır.
21. Hazırki iş üzrə cavabdeh olan MMC tərəfindən iddiaçıya, o cümlədən X2, X3, Xətai Rayon İcra və Probasiya Şöbəsinə və Banka ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişlərdə kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə İcra Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı iş üzrə verdiyi icra sənədi üzrə ipoteka qoyulan mübahisəli mənzilə yönəldilməsi, mənzilin 95.000 manat ilkin manat satış qiyməti ilə satılması ilə əlaqədar hərracın xx.xx.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir.
22. Cavabdeh MMC tərəfindən Səbail Rayon Məhkəməsinin sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilir ki, mübahisəli mənzilin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. Hazırda ilkin hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir.
23. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 436 saylı məktubda qeyd olunmuşdur ki, Xətai Rayon İcra Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən mübahisəli mənzilin icra sənədi icraata daxil olmuşdur. Qeyd olunan mənzil ilə bağlı xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə hərraclar təyin olunmuşdur.
24. MMC tərəfindən iddiaçıya, X2, X3, Xətai Rayon İcra Şöbəsinə və Banka ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli bildirişlərdə kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon İcra Şöbəsinin 17/74- 19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin 2(011)- 327/2017 saylı icra sənədi üzrə ipoteka qoyulan mübahisəli mənzilinə yönəldilməsi, hərracda 95.000 manat ilkin, təkrar hərracda 80.750 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixdə keçiriləcəyi bildirilmiş, “Birja Yenilikləri” qəzetlərində mübahisəli mənzillə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə hərraclar təyin edilmiş və mübahisəli mənzilin həmin hərracda satılması baş tutmadığından xx.xx.2020-ci il tarixdə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 60.562,5 manat olmaqla Banka təklif olunmuşdur.
25. “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, mənzil 60.562,20 manat qiymətə Bank tərəfindən alınmışdır.
26. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli “Çıxarışdan” görünür ki, mənzil üzərində Bankın mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır.
27. Bank ilə Ədalət Məmmədov arasında mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsindən” görünür ki, Bank mübahisəli mənzili Ədalət Məmmədova 90.000 manata satmışdır. i) apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Ali Məhkəmənin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, baxılan iş üzrə etibarsızlığı tələb olunan hərrac üzrə əgər Bank ipoteka predmetini əldə etməyibsə, onda Bank cavabdeh kimi cəlb olunmadan da həmin tələbə mahiyyəti üzrə baxıla bilər. Amma əgər Bank hərracın nəticəsində ipoteka predmetini əldə etmişdirsə, onda həmin hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələbə cavab verməli olan şəxslərdən biri də Bankdır və Bank cavabdeh qismində cəlb olunmadan iddiaya mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verilməsi prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş olur.
29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 420-ci maddəsinin tələbinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
30. Qeyd edilən normanın tələbini, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit edilmiş mövqeyi nəzərə alan Məhkəmə bildirir ki, təqdim olunmuş və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 60.562,5 manat olmaqla Banka təklif olunmuşdur. xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən Bank mənzili almış və mənzil üzərində Bankın mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır.
31. İddia ərizəsindən görünür ki, iddiaçı, “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddianı yalnız "xxxx" MMC-yə qarşı irəli sürmüş, iddianı mənzili hərracdan almış Banka, hərracın keçirilməsinə dair MMC-yə sifariş vermiş Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı yönəltməmişdir.
32. Məhkəmə, yuxarıda göstərilənləri, MPM-nin 54-cü maddəsinin tələblərini və birinci instansiya məhkəməsində aparılmış icraata zamanı cavabdeh qismində cəlb edilməyən şəxslərin apellyasiya icraatı zamanı cavabdeh qismində cəlb edilməsinin qeyrimümkün olduğunu nəzərə alaraq qeyd edir ki, iddiaçı, onun irəli sürdüyü tələblərə cavab verməli olan şəxslərin dairəsini düzgün müəyyən etmədiyinə görə hesab edilməlidir ki, hazırki apellyasiya baxışının predmeti olan iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. İşə baxmış Rayon Məhkəməsi isə göstərilənləri nəzərə almamış, qeyd edilənlərin MPM-nin 51.3 və 53-cü maddələrinin tələblərinə uyğun olaraq aradan qaldırılmasını iddiaçıya təklif etməmiş, iddiaya baxaraq iddianı təmin etmişdir. j) apellyasiya baxışının nəticəsi
33. Beləliklə qeyd edilənləri və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddia iddiaya cavab verməli olan şəxslərə qarşı irəli sürülmədindən təmin edilə bilməz, iddia rədd edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi prosessual normaların tələblərini pozaraq iddianı təmin etmişdir. Buna görə də, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Göstərilən səbəbdən Bankın apellyasiya şikayəti qismən təmin edilmiş kimi qiymətləndirilməlidir.
34. Bu nəticəyə gələn Məhkəmə iddiaçıya izah edir ki, o, hazırki qətnamədə göstərilənləri nəzərə almaqla, onun hüquqlarını pozan şəxslərin dairəsini müəyyən edərək, həmin şəxslərə, o cümlədən hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə qarşı müvafiq iddia qaldırmağa haqlıdır. Hazırki qətnamənin mövcudluğu, bu qətnamənin 28-32-ci bəndlərində göstərilənlərə əsasən iddiaçı tərəfindən digər şəxslər ilə yanaşı "xxxx" MMC-yə qarşı da iddianın irəli sürülməsinin qarşısını almır.
35. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən iş üzrə üçüncü şəxs olan "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 20 aprel 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürdüyü “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.